“Elə oğlanların ölümünü görmüşəm... elə bilirəm özüm ölüb getmişəm...” – QADIN DÖYÜŞÇÜNÜN DƏHŞƏTLİ XATİRƏLƏRİ

 

 

 

Rubrika: “ZƏRİFLƏRİN SAVAŞI”

 

Lent.az “Zəriflərin savaşı” layihəsini davam etdirir. Bu silsilədə müsahiblərimiz Qarabağ müharibəsində iştirak etmiş qadınlardır. O qadınlar ki, mənsub olduqları cins üçün xarakterik olmayan, o zərifliyə xas olmayan həyat yolu keçiblər. O qadınlar ki, cəsarət, şücaət göstərərək, qorxu bilmədən döyüş bölgəsində xidmət ediblər, silahla və ya silahsız, əllərindən gələn, bacardıqları işi görərək yardımlarını əsirgəməyiblər. O qadınlar ki, adları, xidmətləri, müharibə xatirələri unudulmamalı, tarixdə qalmalıdır.

 

 

 

Layihəmizin növbəti qəhrəmanı Qarabağ müharibəsi veteranı Elmira Hüseynovadır.

 

...”Könlümün sevgili məhbubu mənim – vətənimdir, vətənimdir, vətənim...” Vətənə həsr olunmuş şeirlər arasında ən çox sevdiyi bu idi. Şagirdlərinə də bu şeiri mütləq əzbərlədirdi. Əzbərləməyənə “iki” yazırdı. Onda hələ Ağdamın sakit, firavan, çəmənlərini, meşələrini qan əvəzinə qırmızı çiçəklər bəzəyən, səmasından güllə əvəzinə yağış, qar yağan vaxtlarıydı. Onda hələ şagirdlər də məktəbə qorxa-qorxa, hürkə-hürkə getmirdilər. Sinif otaqlarına bomba, qrad atmırdılar. Amma çox keçmir ki, fələyin çərxi dönür. Ağdamın başını qara buludlar alır. Sinif otaqlarını bombalar, qradlar dağıdır. Şagirdlər məktəbə yox, cəbhəyə yollanır. Elə ədəbiyyat müəllimi də məktəbi döyüş bölgəsinə dəyişir - sevgili məhbubunu düşmən təcavüzündən qorumaq üçün. Döyüş bölgəsi isə tamam başqa məktəb imiş demə – həyat, savaş, mübarizə, ölüm-dirim məktəbi...   

 

“Şagirdlər kütləvi şəkildə dərsə gəlmirdilər, atılırdılar cəbhəyə”

 

- Əslimiz Şuşadan idi, amma Ağdamda yaşayırdıq. Tez-tez Şuşaya gedirdik. Yadımdadı, mən hələ uşaq olanda babamla Şuşaya - baba evlərinə gedirdik. Hər dəfə də yol boyu babam mənə 1918-20-ci illərdə Əsgəranda, Şuşada döyüşdüyü yerləri göstərirdi. Ermənilərin vəhşiliklərindən, gördüyü hadisələrdən danışırdı. Deyirdi, ermənilər qaynar samovarı qadınların, kişilərin belinə bağlayırdılar. Hamilə qadınların qarnını yarıb uşağı çıxarırdılar ki, türk doğulmasın. Mən də qulaq asırdım, deyirdim, baba, yenə müharibə olsa, mən də gedib ermənilərlə döyüşəcəm. Nə biləydim ki, uşaq ağlıyla, qavramadan dediyim bu sözlər illər sonra gerçəyə çevriləcək. Və döyüş bölgəsində olduğum illər ərzində babam gözümün qabağından getmədi...

 

Atam nəqliyyat sahəsində işləyirdi. Anam isə ədəbiyyatçıydı. Həm də məktəb direktoru idi. Düzdü, uşaq vaxtı polis olmaq istəyirdim. Geyimlərindən xoşum gəlirdi. Amma böyüdükcə ədəbiyyata marağım artdı. Mən də anamın yolunu davam etdirmək qərarı verdim. Özüm də şeirlər yazırdım. “Ağdam yolu” qəzetində çap olunurdu. İnstitutu bitirəndən sonra 1 nömrəli məktəbdə Azərbaycan dili, ədəbiyyat müəllimi və direktor müavini işləyirdim. Rayonda 4 min müəllim vardı. Şəhərin ən öndə gedən müəllimlərindən biri mən idim. O vaxt təhsil naziri Kamran Rəhimov Ağdama gələndə mənim sinfimə gətirirdilər. Bütün tədbirlərdə çıxışçı kimi məni qeyd edirdilər. Savadlı şagirdlərim vardı. Müəllim kimi sevib-sevilirdim. Müharibənin başlaması hər şeyi darmadağın elədi. Məktəbi hərbi hissəyə, qələmi silaha dəyişməyə məcbur oldum. Ağdamda 3 yerdə evimiz vardı. Biri mərkəzdə, “raykom”un yanında idi. Bütün nümayişlər orda keçirilirdi. Mən də nümayişlərdə iştirak edirdim, hadisələri yaxından izləyirdim. Bir də görürdün, atamın maşınını götürüb, sürüb gedirdim postlara. Maraqlıydı ki, görüm əsgərlərimiz necə keşik çəkir, necə vuruşur. Getdikcə rayonda vəziyyət dəyişməyə başlayırdı, gərginlik artırdı. 1991-ci ildə məktəblərə qrad atırdılar, sinif otaqları partlayırdı. Yaxud evə bomba düşürdü, bütün ailə məhv olurdu. Artıq 10-cu sinif şagirdlərini məktəbdə saxlaya bilmirdik. Kütləvi şəkildə dərsə gəlmirdilər, atılırdılar cəbhəyə. Cəbhədən də onları geri qaytarırdılar ki, yaşınız çatmır. Mən də dözmədim. Vətən sevgisindən şagirdlərinə danışan müəllim döyüşə getməyə bilərdimi? Deyəcəkdilər müəllim millət, vətən sevgisindən danışır, amma qaçıb getdi Bakıya. Axı o vaxt elə ailələr vardı ki, ev-eşiyini satıb Bakıya getmişdi. Bir də, atam Əşrəf Hüseynov da döyüş bölgəsində olurdu. Hər gün Ağdamdan tələbə qızları avtobusla Şuşaya dərsə aparıb-gətirirdi. Atama daha yaxın olum deyə mən də döyüş bölgəsinə getmək qərarına gəldim. Düzdü, əvvəl atam qərarıma qarşı çıxdı. Dedi, ora qadın-qız yeri deyil, ermənilər tutub apara bilər. Amma atamdan gizli getdim. 10 gün sonra atam bildi, daha heç nə demədi.

 

“O səsi eşidəndə bir əsgərimizin ürəyi partladı”

 

Elmira Hüseynova ilk dəfə Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun qərargahında xidmətə başlayıb. 100-dən çox erməni əsirinin qaytarılması əməliyyatında iştirak edib.

 

- Ağdam Pionerlər Evi Allahverdi Bağırovun qərargahı idi. Mən də ora gedirdim. Mənə silahdan istifadə etməyi, söküb-yığmağı, atəş açmağı onun oğlu Elşən öyrətdi. 1992-ci il fevralın 24-ü, ya 25-i xocalılar ratsiyayla xəbər verdilər ki, “bura ermənilər yığışır, tank, BMP texnika toplayırlar, bizi mühasirəyə alırlar, vəziyyətimiz yaxşı olmayacaq. Bakıya xəbər vermişik, deyiblər, vertolyot, texnika göndərəcəyik, amma heç nə göndərməyiblər”. 25-i gecə Allahverdi bəy xəbər verdi ki, ermənilər Xocalıya hücum edib. Hücum başladıqdan dərhal sonra əhalinin bir hissəsi Ağdam istiqamətinə hərəkət edərək, xilas olmağa çalışmışdı. Onlara kömək üçün Ağdamdan dəstələr göndərildi. Xocalılar Ağdama yaxınlaşmağa az qalmış onların salamat qalanlarını qarşılayıb, gətirdilər. Camaat gecə elə yataqdan çıxıb qaçmışdı, ayaqyalın, başıaçıq idi. Gəlib çıxa bilənlərin əksəriyyətinin ayaqlarının altının dərisi soyulmuşdu, don vurmuşdu. Çoxu arxadan güllələnmişdi, yaralı idi. Onların bəziləri Ağdam xəstəxanasında, bəziləri isə vaqonlarda yaradılmış hospitallara yerləşdirildi. Çünki xəstəxanada yer yox idi. Meyitlər isə Ağdam məscidinə yığıldı. 20 Xocalı sakinini biz öz evimizdə yerləşdirmişdik. Amma şəhər işğal olunanda bilmədim hara getdilər. O günlər çox dəhşətli günlər idi. Ermənilər xocalıların başına müsibət gətirmişdilər. Allahverdi Bağırov erməni polkovnik Vitali Balasyanla danışığa girərək, 3 gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas etmişdi. Onlar hələ müharibədən qabaq tanış idilər. O vaxt Ağdamın “Qarabağ” futbol komandasının kapitanı Allahverdi Bağırov idi. Vitali isə ermənilərin futbol komandasına rəhbərlik edirdi. Məhz bu tanışlıq sayəsində Allahverdi Bağırov əsirləri geri alırdı. Elə olurdu, deyirdlər ki, məsələn, filan əsgərin meyitini versəz, 30 əsirinizi sizə təhvil verəcəyik. Ona görə də bizim döyüşçülər çalışırdılar erməni hərbçiləri sağ ələ keçirsinlər.

 

O ərəfələrdə bizimkilər 3 qaradərili muzdlu tutmuşdular. Böyük “Zil” maşınının arxasına qoymuşdular. Boyları 2 metrdən uzun olardı. Çox iri cüssəli idilər, vəhşiyə oxşayırdılar. Ermənilər əsirlikdə olan 12-13 yaşlı qız uşaqlarını zəncilərə peşkəş verirdilər. Heç yadımdan çıxmaz, Xocalı hadisəsindən 3 gün keçmişdi. Ermənilər ratsiyayla əlaqə yaradıb dedilər ki, siz tərəflərdə adət var, gəlin köçən qıza üç günlük eliyirsiz. Bu gün əsir götürdüyümüz qızların üç günlüyüdü. Alçaqlar ratsiyayla qızların çığırtısına, bağırtısına, fəryad səslərinə qədər dinlədirdilər. Hətta o səsi eşidəndən sonra ratsiyada oturan bir əsgərimizin ürəyi partlamışdı.

 

“32 dişini çəkib çıxarmışdılar, çənə əti üstündə”

 

3 dəfə, ümumilikdə təxminən 100-dən artıq əsirimizin gətirilməsi əməliyyatında mən də iştirak eləmişəm. Biz iki maşın gedirdik - ən çoxu 6 nəfər. Onlar isə tankla, BMP ilə gəlirdilər. Bir dəfə Allahverdi Bağırovla Əsgərana getdik. 13 kişi əsir gətirdik. Onları o qədər döymüşdülər ki, dərilərinin rəngi bilinmirdi – tuluğa dönmüşdülər, qapqara, gömgöy idilər. 90 yaşında Umudvar kişi vardı. Qocanı da elə döyərlər, ilahi?! Xocalıdan olan cavan oğlanın 32 dişini də çəkib çıxarmışdılar, çənə əti üstündə. Dəhşətli işgəncələr vermişdilər əsirlərə. Onları görəndə ağlım başımdan getdi. Allahverdi bəyə dedim, niyə etiraz eləmirsiz bunlara? Camaatı nə hala salıblar. Amma erməni əsirlər gülə-gülə keçirlər o tərəfə. Erməni hiss elədi etiraz edirəm. Çaxnaşma düşdü, silahla üstümüzə gəldilər. Komandir dedi, etiraz eləməyin mənası yoxdu, dinməyin, bunların içindəyik, burda bizi hər şey gözləyir. Başqa çarəmiz yoxdu. Bir dəfə də 35 qız-uşaq gətirdik. Yaman gündəydilər. Qız-gəlinlərin başlarına elə dəhşətli oyunlar açırdılar ki, əsirlikdən qayıdanda yalvarırdılar, bizi burda öldürün. Bundan sonra atamızın, qardaşımızın yanına necə gedək? Çoxu deyirdi, başımıza açılan oyunu heç kimə deyə bilmərik. Onların durumu, gördüklərim gözümün qabağından getmir. Elə o vaxtdan yuxumu itirdim.

 

Elmira Hüseynova 1992-ci ilin yazından Şirin Mirzəyevin 836 saylı hərbi hissəsinin 5-ci batalyonunda döyüşçü, jurnalist, həmin ilin payızından isə 6-cı batalyonda döyüşçü, tibb xidməti rəisi kimi xidmət edib.

 

Xəyalə Muradlı

Hərbi And.- 2019.- 3 may.- S.19.