Müstəqil Azərbaycanın böyük memarı

 

 

Əgər 1993-cü ildə xalqın tələbi və təkidi ilə Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycan çox böyük bəlalarla üzləşə bilərdi. Ölkə parçalanma ərəfəsində idi. Vətəndaş müharibəsi, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində torpaqlarımızın itirilməsi, digər təhlükəli amillər ölkəni dağıdırdı. Azərbaycan böhran içində idi

Heydər Əliyevin bütün həyatı, bütün fəaliyyəti bir amala qulluq edirdi. Azərbaycançılıq, Azərbaycan dövlətinə, Azərbaycan xalqına xidmət, millətimizə xidmət etmək onun həyatının ən ümdə amalı idi.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi fəaliyyəti, əsasən, XX əsrin ikinci yarısı ilə bağlıdır. Dövrümüzün ictimai-siyasi reallıqları, geosiyasi məkanda baş verən dəyişikliklər bu təlatümlərin fövqündə dayanan müasir milli dövlətçiliyimizin mükəmməl bir məntiqdən – Heydər Əliyev zəkasından qaynaqlandığını bir daha sübut edir. Ötən hər il Heydər Əliyev dühasının böyüklüyünü, möhtəşəmliyini dönə-dönə təsdiqləyir. Zaman Heydər Əliyevin siyasi baxışlarına daha dərin məna qazandırır, onun Vətənimizin indisinə və gələcəyinə çox möhkəm tellərlə bağlı olduğunu aydın göstərir.

26 il əvvəl ümummilli ­lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdıb tarixi xilaskarlıq missiyasını böyük qətiyyət və məharətlə gerçəkləşdirməsi XX əsr siyasi tariximizin ən önəmli səhifələrindən biri oldu. 1993-cü ilin böhranlı yayında xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər həmin il oktyabrın 3-də seçicilərin böyük əksəriyyətinin səsi, ümumxalq etimadı ilə dövlət başçısı seçildi. Bununla onun adı  ən yeni tariximizə müstəqil Azərbaycanın meması və xilaskarı kimi daxil oldu.

O zaman ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı tamamilə təbii və qanunauyğun bir tarixi hadisə idi. Çünki bütün xalqların tarixində ən ağır sınaq qarşısında birləşmək və təhlükəyə qarşı özünün ən böyük gücünü ortaya qoymaq instinkti var. Dünya tarixində buna bənzər hadisələr az olmamışdır. I Dünya müharibəsində parçalanıb tamamilə məhv olmaq təhlükəsi qarşısında qalan Türkiyə böyük Mustafa Kamal Atatürkü ortaya çıxartdı. II Dünya müharibəsində ingilis xalqının alman faşizminə qarşı mübariz ruhu Çörçilin simasında təzahür etdi. O zaman işğal altında olan Fransada da fransız xalqının azadlıq mübarizəsi məhz Şarl de-Qoll şəxsiyyəti ətrafında formalaşdı.

1990-cı illərin əvvəllərində Azərbaycanda yaranmış vəziyyət xatırlatdığım hadisələrdən daha gərgin və təhlükəli idi. Belə bir mürəkkəb vəziyyətdə xalqın azadlığını və dövlətin müstəqilliyini qoruyub saxlamaq missiyasını da Heydər Əliyev öz üzərinə götürdü. Birincisi, bu dövrün mürəkkəbliyi ondan ibarət idi ki, dünyanın təşkil olunduğu ikiqütblü qlobal siyasi sistem özü dağılmışdı. Yeni  və mürəkkəb şəraitdə xalqların öz azadlığına qovuşmaq, dövlət müstəqilliyini əldə etmək arzuları ilə dünyada söz sahibi olan supergüclərin məqsədləri bir-birinə tərs mütənasib idi.

Doğrudan da,  güc sahibi olan hansısa dövlət üçün dünya siyasi xəritəsində çoxsaylı xırda dövlətlərin meydana gəlməsi və onlarla işbirliyi qurulması o qədər də maraqlı deyildi. Belə dövlətlər xalqların azadlıq ideallarını, müstəqilliyə qovuşmaq arzularını təqdir etsələr də, onların demokratik dünya birliyinə can atmasını sözdə alqışlasalar da gündən-günə sayı çoxalan milli dövlətləri öz təsir dairələrində saxlamağın çətin olacağını bilərək bu dövlətlərin müstəqilliyini o qədər də dəstəkləmirdilər.

Sovet imperiyası dağılma prosesinin qarşısını ala bilməyib özündən qopan milli dövlətləri yenidən hansı yolla itaət altına salma yollarını düşünürdü. Bu istiqamətdə öz məqsədlərini gələcəkdə həyata keçirmək üçün müstəqilliyə qovuşmaq arzusunda və ərəfəsində olan yerli dövlət sistemləri arasında ziddiyyətlər yaradırdı. Bu ziddiyyətlər SSRİ-nin müxtəlif regionlarında baş verən lokal müharibələr şəklində özünü göstərirdi. Moldovada, Gürcüstanda, Qazaxıstanda baş verən hadisələrdən fərqli olaraq, Azərbaycanda cərəyan edən hadisələr daha mürəkkəb, daha çoxgedişli və müstəqilliyə nail olmaq baxımından daha təhlükəli idi.

Təəssüf ki, Azərbaycan istisna olmaqla, sovet imperiyasının perifieriyasında yerləşən bütün milli dövlətlərdə bunu anlayacaq qədər siyasi düşüncə və siyasi iradə sahibləri yox idi. Azərbaycanın o dövrdəki  rəhbərlikləri isə məhz belə bir siyasi düşüncə sahibi olan dünya miqyaslı siyasətçi və dövlət xadimi Heydər Əliyevin hadisələrin lap başlanğıcında öz xalqına lazımi səviyyədə kömək etməsinə şərait yaratmadılar. Bu baxımdan 1993-cü ildə Heydər Əliyevin qayıdışı, əslində, gecikmiş qayıdış oldu.

İdeal vəziyyət o ola bilərdi ki, Heydər Əliyev sovet hökumətində tutduğu yüksək vəzifədən istefa etdiyi an Azərbaycan hakimiyyəti tərəfindən milli siyasətə cəlb olunaydı. Təəssüf ki, o zamankı və daha sonrakı hakimiyyət nəinki bunu etdi, əksinə, Heydər Əliyevin Azərbaycanda fəal siyasətə qayıtmasına bütün mümkün əngəlləri törətdi. Lakin hadisələrin sonrakı gedişi onu göstərdi ki, belə bir mürəkkəb hərbi siyasi şəraitdə hadisələri idarə etmək və ən başlıcası Azərbaycanın yenicə bərpa olunmuş müstəqilliyini qoruyub saxlamaq Heydər Əliyevsiz qətiyyən mümkün deyil.

Dağlıq Qarabağ ərazisinin tamamilə itirilməsi, ətraf rayonların mühasirə vəziyyətində hər cür kömək göstərilməkdən məhrum olduğu bir şəraitdə, xarici qüvvələr tərəfindən ölkənin müxtəlif hissələrində separatçılıq fəaliyyətinin qızışdırılması və dəstəklənməsi, qeyri-müəyyənlik məngənəsində imperiya casuslarının ölkəni vətəndaş müharibəsinə sürükləməsi Azərbaycan dövlətçiliyinin mövcudluğunu ciddi sual altına qoymuşdu. Belə bir təhlükə qarşısında bütün xalq və eləcə də bir-birinə kəskin müxalifətdə dayanan siyasi qüvvələr nəzərlərini xalqın yetişdirdiyi ən müdrik şəxsiyyətə -- Heydər Əliyevə yönəltdilər.

Məhz bu həqiqətin dərk olunduğu bir zamanda-- ölkənin müxtəlif hissələrə parçalanaraq öz dövlətçiliyini itirmək, cəbhədə düşmənin işğal dairəsini genişləndirmək təhlükəsi qarşısında Azərbaycan xalqı yekdil şəkildə Heydər Əliyev şəxsiyyəti ətrafında birləşdi. O zamankı hakimiyyətin isə Heydər Əliyevi Bakıya dəvət edib siyasi hakimiyyəti ona təhvil verməkdən başqa yolu qalmadı. Bu prosesin özürahat keçmədi. Xaosun miqyasından dəhşətə gələn və xalqın yekdil tələbi qarşısında başqa çıxış yolu qalmayan o zamankı iqtidar israrla Heydər Əliyevi hakimiyyətə dəvət edərək daşıya bilmədikləri yükün məsuliyyətindən yaxalarını qurtarmaq üçün vəzifələrini buraxıb qaçdılar.

Xalqına hədsiz xidmətləri ilə ümummilli lider səviyyəsinə yüksəlmiş Heydər Əliyevin siyasi təcrübəsi yeniçox mürəkkəb şəraitdə Azərbaycanın sonrakı inkişafını düzgün istiqamətləndirməyə əsaslar yaradırdı. Həmin dövrdə Azərbaycan xalqının və dövlətinin mövqeyini doğru-düzgün müəyyənləşdirib ortaya qoymaqbunu lazımi şəkildə dünya birliyinin diqqətinə təqdim etmək və dövlətlərin yaranmaqda olan Azərbaycan dövlətçiliyinə dəstəyini təmin etmək başlıca vəzifə idi. Belə bir vəzifənin öhdəsindən ancaq Heydər Əliyev gələ bilərdi. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan xalqı üçün məhz bu nadir şansı verdi. Bu imkandan məharətlə, zərgər dəqiqliyi ilə istifadə edən Heydər Əliyev həmin vəzifənin öhdəsindən layiqincə gəldi.

Heydər Əliyevin qayıdışından sonra onun hakimiyyətinə qarşı xaricidaxili qüvvələr tərəfindən törədilən təxribatlar, planlaşdırılan sui-qəsdlər ölkəni kritik vəziyyətə salan səbəblərin çözülməsinə ciddi maneə yaradırdı. Bütün bunlara baxmayaraq, Heydər Əliyev zəkası Azərbaycanın müstəqilliyinə qarşı yönəlmiş xaricidaxili təzyiqlərin qarşısını ala bildi. Xalq da bunu gözləyirdi və öz liderinə inanırdı.

Yeri gəlmişkən deyək ki, bu inamı yaradan Heydər Əliyevin Azərbaycan xalqının gözləri qarşısında keçən həyatı və fəaliyyəti olmuşdu. 1969-cu ildə Heydər Əliyev hakimiyyətə gələnə qədər Azərbaycan Sovet İttifaqının tənəzzül içində boğulan geridə qalmış əyalətlərindən biri idi. Həmin ildən başlayaraq Azərbaycana rəhbərlik edən Heydər Əliyevin fəaliyyəti nəticəsində cəmi on il ərzində ölkə iqtisadi, sosial və mədəni inkişafına görə İttifaqda ən yüksək pilləyə qalxa bilmişdi.

Hakimiyyətə qayıdandan sonrakı aylarda ulu öndər Heydər Əliyev qısa bir müddətdə atəşkəsin əldə olunmasına, qüvvələrin səfərbər edilməsi üçün zəruri olan təşkilatlanma fəaliyyətinin həyata keçirilməsinə, iqtisadi tənəzzülün dayandırılmasına və ölkənin davamlı inkişafına yol açan sabitliyin təmin edilməsinə nail oldu.

Yalnız Heydər Əliyevin güclü qətiyyəti, ölkəmizin maraqlarına xələl gətirə biləcək məsələlərdə tutduğu prinsipial mövqeyi Azərbaycana beynəlxalq miqyasda yanaşmanı dəyişdi. Məhz onun yorulmaz səyləri nəticəsində Azərbaycan konservativ, tipik post-sovet ölkəsi kimi deyil, beynəlxalq və regional müstəvidə sabit və davamlı inkişaf vəd edən bərabərhüquqlu tərəfdaş kimi tanınmağa başladı.

Belə bir məqamda erməni faşizminə qarşı ümummilli cəbhəni formalaşdıra bilməsi məhz Heydər Əliyev şəxsiyyətinin qüdrəti idi. Xüsusilə, ümummilli liderimizin 1994-cu ilin aprelində düşmən hücumlarının kəskinləşdiyi məqamda xalqa müraciətini xatırlamaq yerinə düşər. Beyləqan, Ağdam, Tərtər, Füzuli rayonları istiqamətində erməni qoşun birləşmələrinin aramsız hücumlarını dəf etmək ümummilli səfərbərliyin ən yüksək şəkildə təşkili zərurətini yaratmışdı.

O çətin günlərdə və aylarda Heydər Əliyevin soyuqqanlı və bir o qədər qətiyyətli, xalqın vətənpərvərlik hisslərini qığılcımlandıran müraciətindən sonra qısa zaman ərzində cəbhədə əhəmiyyətli dönüş yarandı, düşmən tapdağında olan bir neçə qəsəbə və kəndlərimiz işğaldan azad olundu. Cəbhədə yaranan dönüş tez bir zamanda düşməni atəşkəs sazişi imzalamağa məcbur etdi. Məhz bu tarixdən başlayaraq, Azərbaycanda daha sistemlivahid mərkəzdən idarə olunan ordu quruculuğuna start verildi.

Azərbaycan dövlətini tamamilə yeni əsaslar üzərində qurmaq siyasətini qarşısına məqsəd qoymuş ulu öndər, həm də bu tarixi prosesin böyük ideoloqu kimi, onun əsas istiqamətlərini müəyyənləşdirmişdi. Həmin istiqamətlərin bir-biri ilə bağlı iki mühüm cinahı-- müasirləşmə və demokratikləşmədir. Heydər Əliyevin siyasi kursuna uyğun olaraq bu vəzifənin yerinə yetirilməsi ölkənin müstəqil şəkildə addımlaya biləcəyinə zəmanət qazanmaq demək idi.

Bu, bir həqiqətdir ki, yalnız müasirləşmə və demokratikləşmə istiqamətində ciddi uğurlar əldə etməklə dünya birliyinin demokratik düşərgəsi tərəfindən etimadla qarşılanmaq, inkişaf layihələrini həyata keçirmək və məhz bu düşərgə tərəfindən dəstək qazanaraq, torpaqlarının iyirmi faizi işğal olunmuş gənc bir dövləti ayaq üstə qaldırmaq, irəlilətmək və dünya birliyinə inteqrasiya etmək olardı. Buna görə də ümummilli lider müasirdemokratik Azərbaycan dövlətini yaratmaq üçün ölkənin bütün maddi və mənəvi-intellektual potensialını hərəkətə gətirməyə başladı.

Buradaca qeyd edək ki, Azərbaycanın böyük müstəqilliyinin bünövrəsini, “demokratizmmüasirlik” düşüncəsinin təməlini Heydər Əliyev iyirminci əsrin yetmişinci illərindən tədricən, mərhələ-mərhələ, onun bütün perspektivlərini əvvəlcədən düşünə-düşünə, həmin gələcək üçün intellektual potensialı hazırlaya-hazırlaya qoymuşdu. Dünya proseslərinin mahiyyətini düzgün qiymətləndirən Heydər Əliyev 1993-cü ildən etibarən öncədən başladığı böyük yolunikinci nəfəsini” açdı, yeni, müstəqil Azərbaycan dövlətinin banisi olaraq, bu dövlətin strategiyasını həmin proseslərin ən aparıcı tendensiyalarını özündə ehtiva edən siyasi xəttin önəmli cinahına çevirdi.

Məhz bu dövrdən başlayaraq, milliqlobal mənafelərin harmoniyası Azərbaycan siyasətinin humanistdemokratik mahiyyətini təsdiq edən bir uğurlu istiqamət kimi müəyyənləşdi. Heydər Əliyevin siyasi fəaliyyəti elə başlanğıcdan ölkəmizin yerləşdiyi regionda beynəlxalq münasibətlər sisteminin yeni konfiqurasiyada qurulmasına – yəni Azərbaycanın müasirləşmə və demokratikləşmə kursu götürən, siyasi islahatlardan çəkinməyən bir dövlət kimi tanıdılmasına yönəldi. Qurucusu olduğu Azərbaycan dövlətinin müstəqillik uğrunda qətiyyətli mübarizəsi regionda qüvvələr balansını nizamladı, yenicə müstəqillik əldə etmiş dövlətlərin siyasi özünütəşkilinə, iqtisadiyyatını qurmasına, müharibə və konfliktlər zəncirinin halqasına yox, müasirləşmə və demokratikləşmə hərəkatının subyektinə çevrilməsinə şərait yaratdı.

Müstəqil Azərbaycanın Prezidenti Heydər Əliyev Xəzər və Cənubi Qafqaz regionunda sülhquruculuq missiyasının lideri oldu. Baxmayaraq ki, rəhbərlik etdiyi dövlətin bir parçası Ermənistan tərəfindən işğal olunmuşdu, Heydər Əliyev bunu etdi. Ona görə etdi ki, ölkəsinin nəfəs dərməsinə imkan yaratsın, qlobal güclərin marağını regionda balanslaşdırsın, Azərbaycan cəmiyyətini müstəqil dövlət quruculuğuna səfərbər etsin, ölkə iqtisadiyyatını müasir əsaslarda quraraq onu dünya iqtisadiyyatının ayrılmaz tərkib hissəsinə çevirsin. Bu məqsədlə müstəqilliyimizin ilk onilliyi ərzində ümummilli liderin rəhbərliyi altında həyata keçirilmiş quruculuqislahat tədbirləri nəticəsində Azərbaycanda bütün zəruri dövlətçilik təsisatları yaradıldı və hüquqi dövlət institutları formalaşdırıldı.

Ölkəmizin demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməsini qarşısına məqsəd qoymuş Heydər Əliyev hələ o vaxtlar dönə-dönə qeyd edirdi ki, müstəqil dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, Azərbaycan özünün zəngin tarixi ənənələrindən bəhrələnməklə yanaşı, sivil dünya demokratiyasından, universal ümumbəşəri dəyərlərdən, vətəndaş cəmiyyəti praktikasından istifadə edərək, demokratik dövlət quruculuğu yolu ilə getməlidir.

Heydər Əliyev keçid dövrünün reallıqları şəraitində böyük reformasiya hərəkatına başladı. Köhnə inzibati amirlik sisteminin ləğvindən sonra bazar iqtisadiyyatı prinsiplərinin bərqərar edilməsi, Azərbaycan iqtisadiyyatının qlobal iqtisadi sistemə inteqrasiya olunması istiqamətində önəmli addımların atılması, bütövlükdə ölkə iqtisadiyyatının yeni iqtisadi münasibətlər kontekstində inkişafına stimul verən səbəblər oldu. Əlbəttə, bu o qədər də asan məsələlər deyildi.

Uzun müddət sovet totalitar rejiminin despotik idarəçiliyi altında qalan dövlətin tədricən modernləşdirilməsi prosesində yeni iqtisadi modelin özünü  doğrultması, sərbəst bazar iqtisadiyyatının, azad sahibkarlığın və siyasi plüralizmin bərqərar edilməsi, insanlarda bazar iqtisadiyyatı, xüsusi mülkiyyət, sahibkarlıq anlayışları barədə formalaşmış mənfi rəyin aradan qaldırılması düzgün və mərhələli siyasətin həyata keçirilməsini tələb edirdi. Tarixin bütün dövrlərində olduğu kimi, bir iqtisadi - siyasi sistemdən digərinə keçilməsi hər zaman ağrılı bir prosesdir. Tarixin bu sınağından da Azərbaycanın üzüağ çıxması məhz ümummilli lider Heydər Əliyevin apardığı uğurlu və uzaqgörən siyasət nəticəsində mümkün oldu.

Respublika iqtisadiyyatının modernləşdirilməsi istiqamətində görülən tədbirlərin səmərəliliyini artırmaq istiqamətində ən mühüm addımlardan biribu sahədə beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə inkişaf etmiş dövlətlər və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq münasibətlərinin qurulması və birgə layihələrin həyata keçirilməsi oldu. Belə ki, Dünya Bankı və Beynəlxalq Valyuta Fondu kimi beynəlxalq təşkilatlar Azərbaycanda iqtisadi islahatların həyata keçirilməsinə maliyyə yardımı ayırdılar.

Beləliklə, iqtisadiyyatın bütün sahələrində həyata keçirilən radikal islahatlar nəticəsində ölkədə makroiqtisadi sabitlik təmin edilmiş oldu və getdikcə sürətlənən dinamik iqtisadi inkişafın təməli yaradıldı. Bununla yanaşı, xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb olunması istiqamətində həyata keçirilən tədbirlər iqtisadi dirçəlişə təkan verən amillərdən biri oldu. 1995-ci ildən etibarən bu günə qədər Azərbaycan iqtisadiyyatına  263 milyard dollar investisiya qoyulmuşdur. Bunun yarısının xarici sərmayələr olması dövlətimizin yatırımlar üçün çox məqbul və cəlbedici ölkəyə çevrildiyini göstərən önəmli göstəricidir.

Əlbəttə, cəmiyyətin maddi və mənəvi həyatında dəyişiklik bir-birini tamamlayan proseslərdir. Ona görə də Heydər Əliyev Azərbaycanda iqtisadi strukturu modernləşdirdikcə, sosial-mədəni strukturu da yeniləşdirmək vəzifələrinin dönmədən həyata keçirilməsi siyasətini davam etdirirdi. Heydər Əliyevin uzaqgörənliyi sayəsində Azərbaycan özünəməxsus bir təkamül məntiqi ilə milli siyasət və mədəniyyət platforması üzərində qərarlaşan dövlətə çevrilirdi. Artıq onu bu yoldan döndərməyə heç kimin gücü çatmazdı. Heydər Əliyevin müasirləşmə və demokratikləşmə konsepsiyası həm də milli humanitar siyasətin mahiyyətində özünü göstərməli və onun hərəkətverici qüvvəsinə çevrilməli idi.

Mədəniyyət, elm və təhsil sahəsində beynəlxalq əlaqələrin yaradılması və genişləndirilməsinin yenicə müstəqilliyini əldə edən gənc Azərbaycan Respublikası üçün necə önəm daşıdığını və həmin əlaqələrin ölkə vətəndaşlarının mənəviyyatının yüksəlişinə necə böyük təsir göstərəcəyini ümummilli lider vaxtında Azərbaycan ictimaiyyətinin diqqətinə çatdırmışdı.

Heydər Əliyevin siyasi fəlsəfəsi Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu ilə bağlı fikirlərlə nə qədər zəngindirsə, bir o qədər də dünya dövlətlərinin planetar birliyinin möhkəmləndirilməsi, beynəlxalq səviyyədə demokratiyanın gücləndirilməsi, müasirliyin etiket kimi qəbul edilməsi yox, həyat tərzinə çevrilməsi ideayaları və amalları ilə zəngindir. Böyük humanist dövlət xadimi Heydər Əliyev dünyanın tarixi inkişafına həmişə qlobal yanaşmış və demokratik ideallar uğrunda birləşmiş bəşəriyyətin necə böyük bir mənəvi güc yaratdığına inam bəsləmiş, ona doğru aparan yolda lideri olduğu ölkəni - Azərbaycanı öncül görməyə çalışmışdır.

Belə bir prinsipial mövqe bu gün də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyəti nəticəsində daha da dərinləşmiş və dönməz olmuşdur. Bu gün Avropaya inteqrasiya etmək, həyat normalarımızı, yaşayış standartlarımızı Qərbin keyfiyyətləri ilə zənginləşdirmək ölkəmizin strateji inkişaf yolu kimi qəbul olunmuşdur. Bu standartlar və ölçülər isə heç şübhəsiz ki, daha çox yüksək inkişaf etmiş demokratik cəmiyyət anlayışları ilə bağlıdır. Ölkəmizin siyasi, ideoloji və mənəvi həyatı dünyada müasirləşmə və demokratiya hərəkatının bəşəri dəyərlərindən bəhrələnərək inkişaf etməyin praktikasını uğurla mənimsəməkdədir.

Prezident İlham Əliyev daim bildirir ki, biz Heydər Əliyev siyasətinə sadiq olaraq bəşəriyyətin qlobal inteqrasiyaya-- moderndemokratik dünya dövlətlərinin birliyinə istiqamətlənən yoluna daha rasional yanaşmağa çalışmalı, milli demokratiyanı dərinləşdirməklə ölkəmizi öz müstəqil siyasəti, böyük mədəniyyəti, tükənməz quruculuq enerjisi ilə dünya inkişafının avanqard sıralarına çıxarmaq üçün səy göstərməliyik. Bu müqəddəs missiyanın layiqincə həyata keçirilməsi üçün Heydər Əliyev siyasətinin dönməz davamçısı Prezident İlham Əliyevin ətrafında sıx birləşmək ulu öndərin müasirlikdemokratiya ideallarının tam qələbəsinin zəmanətidir.

Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının rifahını, milli dövlətçiliyimizin daha da güclənməsini hər şeydən üstün tutan vətənpərvər lider idi. Xüsusilə, ömrünün son on ilində Heydər Əliyevin fəaliyyəti hətta bir insan ömrünə sığmayacaq qədər zəngin oldu. Xarici ölkələrə etdiyi davamlı səfərlərlə, daxilixarici siyasətimizin dayaqlarını yaratmaqla, ümumən, bütün ölkənin yenidən qurulmasına rəhbərlik etməklə, Heydər Əliyev yeni Azərbaycanın əsasını qoydu. İstənilən xarakterli böhrandan sabitliyə keçidin uzunmüddətli və ağrılı proses olduğu şübhəsizdir. Heydər Əliyevin siyasi dühasının böyüklüyüonda idi ki, uzaqgörən siyasi gedişləri ilə bugünkü sürətli inkişafımızın kökündə dayanan sabitliyi qısa zaman kəsiyində bərqərar etməyə nail oldu.

Son 26 il ərzində Azərbaycanın həm beynəlxalq siyasətdə və həm də ölkənin iqtisadi, mədəni, sosialhumanitar inkişafında əldə etdiyi nailiyyətlər həmin dövrdə Heydər Əliyev tərəfindən atılan addımların yeganə düzgün çıxış yolu və ən uğurlu yol olduğunu göstərir. Bu gün Azərbaycan qlobal siyasətdə öz müstəqil siyasətini yeridən, bütün istiqamətlərdə öz xalqının milli maraqlarını təmin edə bilən müasir tipli mükəmməl bir dövlətdir. Bu dövlətin izlədiyi siyasi kurs məhz 1993-cü ildə Heydər Əliyev tərəfindən təməli qoyulmuş siyasi kursun – dövlət müstəqilliyimizin əbədiliyi və dönməzliyi kursunun davamıdır.

Heydər Əliyevin adı qələbə simvoludur. O, bütün yaş dövrlərində öz zəkası və əməksevərliyi ilə içərisində olduğu cəmiyyətin ön sıralarında addımlayan, həmin cəmiyyətin qayğı və ehtiyaclarına həssaslıqla yanaşıb, cəmiyyət qarşısına çıxan problemlərin həllini öz üzərinə götürən fədakar bir lider idi. Bu fədakarlıq onun öz xalqına olan məhəbbətindən və öz dövlətini və xalqını həmişə qaliblər sırasında görmək arzusundan irəli gəlirdi. Onun həyat missiyası məhz bu qalibiyyəti təmin etməkdən ibarət idi.

 

Cavanşir FEYZİYEV,

Milli Məclisin deputatı, fəlsəfə doktoru

 

Hərbi And.- 2019.- 8 noyabr.- S.12-13.