“Əldə etdiyimiz
nailiyyətlər bizi qələbəyə
daha da
yaxınlaşdırır”
Xalqımızın ümummilli lideri Heydər
Əliyev idmanın inkişafına və onun
maddi-texniki bazasının genişləndirilməsinə,
idmançılara dövlət səviyyəsində
qayğı göstərilməsinə xüsusi
diqqət yetirmiş, fiziki
cəhətdən sağlam gənc nəslin
formalaşması məsələsini daim
nəzarətdə saxlamışdır. Bu
siyasəti Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev uğurla
davam etdirir.
İdmançılarımız ölkəmizi beynəlxalq turnirlərdə layiqincə təmsil edirlər. Oktyabrın 1-dən 9-dək Gürcüstan Respublikasının Tbilisi şəhərində keçirilən pauerliftinq idman növünün sinədən ağırlıq qaldırma üzrə (Bencpress) dünya çempionatında idmançılarımız birinciliyi qazanaraq, üçrəngli bayrağımızı dalğalandırdılar.
Yarışın iştirakçısı və
çempionu olan kapitan Tural Babayev
1990-cı ildən idmanın ağır atletika
növü ilə məşğul olur. Ölkə üzrə bir
neçə nailiyyətlər əldə edən
idmançı hazırda 6 qat respublika çempionudur. O
həmçinin gir qaldırma, kounkşin karate, qol güləşi yarışlarında da ordumuzu layiqincə təmsil
edib.
"Tbilisi şəhərində keçirilən pauerliftinq üzrə dünya çempionatında üzərimə böyük məsuliyyət düşürdü, - deyə zabit söhbətə başladı. - Mənim çəkimdə - 125 kiloqramda yarışa iki erməni idmançısı da qatılmışdı. Məğlub ola bilməzdim. Bu yarışın birincisi olmağı qarşıma məqsəd qoymuşdum. Polkovnik Sadiq Paşayev və polkovnik-leytenant Zal Nəbiyev mənə öz dəstəklərini əsirgəmirdilər. Onlar öz tövsiyələri ilə ruh yüksəkliyimi və özümə inamı artırdılar. 330 kq-lıq ağırlığı qaldıraraq, pauerliftinq üzrə dünya çempionatının birincisi oldum. Qələbəmə görə üçrəngli bayrağımız dalğalandırıldı, Dövlət himnimiz səsləndirildi. Onu da bildirim ki, erməni idmançısının biri himnimiz səsləndiyi anda pyedestalı tərk etdi. Onun bu hərəkəti təkcə idmançıya yaraşmayan hərəkət kimi deyil, həm də etik normaları pozmaq kimi qiymətləndirildi. Həmin idmançının simasında bütün dünya erməni millətinin nə qədər pis niyyətli, xain olduğunu bir daha gördü".
Kapitan Tural
Babayev onu da qeyd etdi
ki, idmanın bütün
növlərində travma almaq
mümkündür. “Ancaq
pauerliftinqdə, başlanğıcında travma
alaraq, karyeranı başa
vura bilərsən. Bu
səbəbdən hər an ehtiyatlı
olmalısan. Çünki ştanqın əlindən
düşməsi arzuolunmaz nəticəyə
gətirib çıxarda bilər.”
İdmançılarımız alpinizm üzrə də Azərbaycan Ordusunu beynəlxalq arenada
layiqincə təmsil edərək, dünyanın ən uca zirvələrinə ekspedisiyalar
təşkil edirlər. Bu yaxınlarda
Müdafiə nazirinin müvafiq
əmrinə əsasən, sentyabrın 2-dən 18-dək
Gürcüstanın Svanetiya rayonuna yollanan bir qrup hərbçi alpinistimiz müvəffəqiyyətlə geri dönüblər. Ekspedisiya
zamanı qarşılaşdıqları çətinliklər
və keçirdikləri hissləri öyrənmək məqsədi
ilə idmançılarımızla həmsöhbət olduq.
- Yuxarı komandanlığın
müvafiq əmrinə əsasən, Gürcüstan Respublikasının ərazisində
yerləşən Kazbek (5054 m) və Uşba (4710 m) zirvələrini fəth etmək üçün "Azərbaycan Ordusu Hərbi Hava Qüvvələri"
adlı beş nəfərlik ekspedisiya təşkil olundu,
- deyə polkovnik-leytenant Zal
Nəbiyev söhbətə başladı. - Azərbaycan
Alpinizm Federasiyası psixoloji
və fiziki dəstəyini bizdən əsirgəmədi.
Azərbaycan Ordusundan iki zabit - polkovnik-leytenant
Zal Nəbiyev, baş leytenant Ülvi Məmmədli,
Azərbaycan Alpinizm Federasiyasından iki alpinist - Qərib
Tağızadə, Firuz Dadaşov
və bir nəfər həvəskar alpinist - Fərid Novruzi
Gürcüstanın ikinci ən uca zirvəsini fəth etmək üçün
yola düşdük.
16 günlük ekspedisiya
zamanı hava şəraiti kəskin soyuq, marşrut isə
çətin idi. Buna
baxmayaraq, hər birimiz
məqsədə doğru əzmkarlıqla
irəlilədik. Azərbaycan Respublikasının və Azərbaycan
Ordusunun bayraqlarını şərəflə
Kazbek və Uşba
zirvələrində dalğalandırdıq. Ekspedisiya
zamanı anladım ki, dağlar,
həqiqətən də əzəmətlidir və dağlar cəsurluğu sevmir.
Çünki ani
düşünülməz addım nəinki özünü,
ətrafındakıları da
çıxılmaz vəziyyətə sala
bilər. Alpinizm yeganə idman
növlərindəndir ki, burada
insan özü-özünə qalib gəlir. Ekspedisiyanı təşkil
etdiklərinə görə Müdafiə Nazirliyinin
rəhbərliyinə minnətdarlığımı bildirirəm.
Söhbətimizə qoşulan baş leytenant Ülvi Məmmədli
bildirdi ki, alpinizmdə
üç cür
hazırlıq vardır: ekspedisiyaya qabaqcadan hazırlıq, ekspedisiyaqabağı
hazırlıq və ekspedisiyanın ümumi
hazırlığı. “Ekspedisiyaya qabaqcadan hazırlıq zamanı ekspedisiyada iştirak edən
təlimatçıların, tələbələrin və
xilasedicilərin bütün
təchizatları, nəzəri və praktiki
bilikləri yoxlanılır. Ekspedisiyaqabağı
hazırlıq zirvə yürüşünə və ya digər düşərgəyə yollanmazdan 40 dəqiqə əvvəl
aparılır. Ekspedisiyanın ümumi
hazırlığı ayda bir dəfə klub rəhbərləri
və təlimatçılar tərəfindən konfrans şəklində keçirilir.
Burada bütün səhvlər
təhlil edilir. Bu zaman əvvəllər keçilən
marşrutların bəzi tərəfləri təhlil olunur. Növbəti ekspedisiya
zamanı bənzər səhvlərin təkrar olunmaması üçün lazımi tədbirlər görülür.”
- Ekspedisiyaya yollandıqdan sonra, ilk növbədə,
yüksəklik adaptasiyası məqsədi ilə dəniz səviyyəsindən
5054 metr yüksəklikdə yerləşən
Kazbek zirvəsinə qalxdıq, - baş leytenant Ülvi Məmmədli söhbətini davam etdirdi. - Kazbek zirvəsini fəth etdikdən sonra qarşıda daha
çətin və ağır tapşırıq
dayanırdı. Qafqazın ən təhlükəli və
gözəl zirvələrindən biri olan Uşba zirvəsinə
qalxmalı idik. Adaptasiya
müddətindən sonra geri
- Tbilisi şəhərinə
yollandıq. Burada bizi
üçgünlük 4100 metrlik yol gözləyirdi.
İlk olaraq yolumuz meşə massivindən, sonra isə böyük çatlardan ibarət, həyat təhlükəsi
ilə dolu buzlaqlardan keçdi. Bütün
çətinliklərin öhdəsindən gələrək,
zirvəyə doğru yola
düşdük və üçrəngli
bayrağımızı burada da dalğalandırdıq. Uşba
zirvəsinin ətəyi buzlu olduğundan enəndə çətin vəziyyətlə
üzləşdik. İllərdir alpinizm
ilə məşğul olmağıma baxmayaraq,
təxminən 30 metr sürüşdüm.
Köməyimə buza qoyulan
dayaq yetişdi. Bir daha idmanın bu növündə təchizatın nə qədər
önəmli olduğunu dərk etdim. Hər bir şəxs
alpinizmə başlayanda ilk
olaraq ləvazimatlara inamsız
yanaşır. Özündən asılı olmayaraq
təchizatların təhlükəsizliyini təmin edəcəyi
şübhə altında olur. Ancaq təlimlər zamanı bu
hiss keçir.
Alpinizmlə məşğul olmağa
başladığım vaxtdan instruktorumun sözləri heç
vaxt yadımdan çıxmaz. O deyərdi
ki, alpinist bir qoca olur, bir
də cəsur. Cəsur
alpinist isə qoca olmur. İllərdir dünyanın ən
hündür zirvələrini
fəth edərək bu cümlənin mənasını anladım.
Başa düşdüm ki, dağlarda cəsurluqla deyil, ağıl və illərin təcrübəsinə əsaslanaraq
hərəkət etməlisən.
Bəzən düzünə bir metr yol
qət etmək üçün on metr dolayı yolla getməyi seçməlisən.
Alpinizmdə qazandığım təcrübə ve biliklərimə görə
təlimatçım Mixayl
Zərbaylova, Rüfət
Qocayevə, Firuz Dadaşova, Şamil Xuda minnətdarlığımı
və təşəkkürümü
bildirirəm.
Növbəti il üçün planlarından
danışan zabitlər
Z.Nəbiyev və Ü.Məmmədli bildirdilər
ki, qarşıda onları Lenin (indiki İbn Sina zirvəsi),
Pobeda, Kommunizm (indiki İsmayıl Samani zirvəsi), Korjenevskiy və Xan-Tenqri kimi zirvələr gözləyir. "2020-ci ildə ümummilli lider Heydər Əliyevin doğum günü münasibəti
ilə Nepal Federativ Demokratik Respublikasının
ərazisində yerləşən
Himalay dağlarının
6000-7000 metrlik zirvələrini
fəth etməyi, Azərbaycan Ordusunun yaranması ilə əlaqədar olaraq, Pamir dağ sistemində yerləşən Lenin zirvəsinə
Lipkin marşrutu ilə getməyi planlaşdırırıq. Niyə məhz Lipkin marşrutu? sualı
ortaya çıxa bilər. Lipkin SSRİ-nin ən
güclü təyyarəçisi
olub və həmin dağlarda qəzaya uğrayıb.
Bu səbəbdən zirvəyə Lipkin marşrutu ilə qalxaraq, Razdelni marşrutu ilə geri qayıtmağı nəzərdə tutmuşuq."
- Azərbaycan Respublikasının
üçrəngli bayrağını
dalğalandırmaq, Dövlət
himnini səsləndirmək,
ordumuzun şan-şöhrətini
bundan sonra da dünyaya yaymaq hər birimiz üçün müqəddəs və şərəfli vəzifədir,
- polkovnik-leytenant Zal Nəbiyev sözünə
davam etdi. - Bilirik
ki, istənilən sahədə əldə etdiyimiz nailiyyətlər bizi qələbəyə
daha da yaxınlaşdırır.
İnanırıq ki, illərlə
qazandığımız bilik
və təcrübələrimizi
tezliklə işğal
altında olan torpaqlarımızı azad
edəcəyimiz döyüşdə
tətbiq edəcəyik.
Ruslan Həsənzadə
Hərbi And 2019.- 25 oktyabr.- S.18.