Döyüş xatirələri:
Daxili Qoşunlar Laçının müdafiəsi uğrunda
gedən döyüşlərdə
Bədnam qonşularımız tərəfindən işğal edilmiş qədim yurd yerlərimizdən biri də Laçın rayonudur. Bu rayon dənizdən-dənizə “Böyük Ermənistan” xülyası ilə yaşayan erməni daşnaklarının təcavüzkar siyasətinin acı nəticəsi olaraq 1992-ci ilin may ayının 18-də işğal olunub...
İşğal nəticəsində rayon sakinlərindən
264 nəfəri şəhid olub, 65 nəfər girov
götürülüb, 103 nəfəri isə əlil olub. Erməni vəhşiliyi ilə bağlı doğma
ata-baba ocaqlarını tərk etmək məcburiyyətində
qalaraq respublikamızın müxtəlif şəhər və
rayonlarına pənah gətirən laçınlı
soydaşlarımızın Vətən həsrəti, iyirmi
ildən artıq vaxt keçməsinə baxmayaraq, bu
gün də hər birimizin, hər bir azərbaycanlının
qəlbini göynədir...
Laçın rayonunun bir sıra
yaşayış məntəqələrinin, eləcə də
yüksəkliklərin müdafiəsi uğrunda gedən
döyüşlər zamanı Daxili İşlər
Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyəti də
fəal iştirak edib, erməni daşnaklarına
sarsıdıcı zərbələr vuraraq, düşməni
geri çəkilməyə məcbur ediblər
Bu döyüşlər zamanı qoşunların onlarla hərbi qulluqçusu şəhid olub, 4 nəfəri itkin düşüb, 11 nəfəri isə yaralanıb.
Onu da qeyd etmək lazımdır
ki, Daxili Qoşunların döyüş yolu tarixində
özünəməxsus yeri olan və bu rayonun müdafiəsi
uğrunda gedən hərbi əməliyyatlarda şəxsi heyətin
göstərdiyi qəhrəmanlıqlar təəssüflər
olsun ki, bu gün çox az adama məlumdur.
Beləliklə, Daxili Qoşunların vaxtı
ilə Laçında yerləşən 15013 saylı hərbi
hissəsinin tərkibində xidmət etmiş hərbi
qulluqçularımızın – polkovnik Əhliman
İlmazovun, polkovnik-leytenant Aydın Zahidovun, baş gizir
Elşən Sadıqovun, eləcə də qoşunların
veteranları; ehtiyatda olan polkovnik-leytenant Namaz Qasımovun və
çavuş Rövşən Göyçəyevin burada gedən
döyüşlərlə bağlı xatirələrini sizlərə
təqdim edirik.
ƏSGƏRLƏRİMİZ
QƏHRƏMANCASINA VURUŞURDULAR…
İlk müsahibim vaxtı ilə
baş leytenant hərbi rütbəsində Daxili
Qoşunların Laçın rayonunun müdafiəsində
iştirak edən hərbi hissəsinin komandirinin tərbiyə
işləri üzrə müavini olmuş polkovnik Əhliman
İlmazovdur (hazırda Daxili Qoşunların “N” saylı hərbi
hissəsinin komandiri - A.Ə).
Aradan xeyli müddət keçməsinə
baxmayaraq, polkovnik Ə.İlmazov o günləri yaxşı
xatırladığını deyir: “1992-ci ilin noyabrın 7-də
taborumuz həyəcan siqnalı ilə qaldırılaraq, Mingəçevirə,
oradan da Ağdam-Ağdərə-Kəlbəcər yolu ilə
Laçına gətirildi. O vaxt tabora kapitan Akif Məmmədov
komandirlik edirdi. Biz burada bir gecədə postlarda mövqe tutan
könüllü döyüşçüləri dəyişməli
olduq. Bu döyüşçülərdən bəziləri
hətta postu təhvil verəndə, göz yaşını
saxlaya bilmirdilər. Bizim sıralarımızda gənc, təcrübəsiz
əsgərlər üstünlük təşkil edirdi. Onlar deyirdilər ki, ermənilər bizim postları gənc
əsgərlərə təhvil verdiyimizi bilsələr,
ürəklənib hücum edəcəklər. 500-dək
könüllü döyüşçünü 200 nəfərə
yaxın hərbi qulluqçu ilə dəyişərək
postlarda mövqe tutub Fingə kəndinin müdafiəsində
dayandıq. Bir həftədən sonra həqiqətən də
qızğın döyüşlər başladı.
Döyüşçülərimizin qəhrəmanlığı
sayəsində bu hücumların qarşısını ala
bildik.
Bizimlə Daxili Qoşunların Baş İdarəsi arasında demək olar ki, rabitə və ya digər hər hansı bir əlaqə yox idi. 1993-cü ilin yanvar ayında tərkibində o zaman qoşunların qərargah rəisinin müavini olmuş mayor Qabil Zamanovun, rəhmətlik polkovnik-leytenant Siyavuş Rüstəmovun, kapitan Bayram Xankişiyevin və leytenant Namiq Poladovun da olduğu Baş İdarənin bir qrup zabiti axtara-axtara gəlib bizi Laçında tapa bildilər. Bundan sonra taborumuz 15013 saylı hərbi hissə kimi yenidən formalaşmağa başladı. Bununla əlaqədar Təzəkənddə yerləşən qərargahımızda tədbir də təşkil olunmuşdu. Tədbirdə hərbi hissənin yaradılması barədə müvafiq əmr şəxsi heyətə elan olunduqdan sonra, Baş İdarədən gəlmiş nümayəndələr tərəfindən döyüşlərdə fərqlənən bir qrup hərbi qulluqçularımız Daxili Qoşunlar Komandanı adından qol saatı və digər qiymətli hədiyyələrlə mükafatlandırıldı.
Təminatımıza gəlincə, bu o qədər
də yaxşı deyildi. Bizim silahımız yalnız
avtomatdan ibarət idi. Lakin sonradan düşməndən qənimət
kimi əldə etdiyimiz bəzi silah növləri ilə
müdafiəmizi nisbətən gücləndirə
bilmişdik. Hərbi qulluqçuların qidalanmasının vəziyyəti
də yaxşı deyildi. Ərzaq sarıdan çətinliyimiz
daha çox idi.
Lakin bütün bunlara baxmayaraq, əsgərlərimiz
qəhrəmancasına vuruşurdular. Vətən yolunda
canından keçərək şəhid olmuş
silahdaşlarımız da oldu...
Mən 1993-cü ilin mart ayınadək
Laçında qaldım. Martın 8-də isə vəzifəmin
dəyişməsi ilə əlaqədar Bakıya
qayıtmalı oldum”.
ŞƏXSİ HEYƏTİN DÖYÜŞ
RUHU YÜKSƏK İDİ...
O zamanlar leytenant hərbi rütbəsində
bölük komandiri kimi xidmət etmiş polkovnik-leytenant
Aydın Zahidov şəxsi heyətin göstərdiyi qəhrəmanlıqları
unutmayacağını və Vətənimizin belə qeyrətli
oğulları ilə qürur duyduğunu bildirdi: “... Laçın rayonunun Fingə, Qozlu, Haqnəzər kəndlərinin
və Sarıbaba dağının müdafiəsi uğrunda
gedən döyüşlərdə Daxili qoşunların
şəxsi heyəti əsl qəhrəmanlıqlar
nümayiş etdirərək, erməni qaniçənlərinə
layiq olduqları cavabı veriblər.
Sarıbaba dağı bölüyümüz tərəfindən
müdafiə olunan və hərbi-strateji cəhətdən
mühüm əhəmiyyət kəsb edən məntəqələrdən
biri idi. Belə ki, burada yerləşən
postlarımızdan “Laçın dəhlizi” (Ermənistandan
Dağlıq Qarabağa gedən qısa və əsas magistral
yol Laçın rayonu ərazisindən keçdiyi
üçün belə adlanır. Bu dəhlizin
ermənilərin nəzarətinə keçməsi ilə ərazilərimizin
işğalı prosesi sürətlənmiş oldu - A.Ə.)
aydın görünürdü. Onu da qeyd edim ki, Sarıbaba
dağındakı postlarımıza gedən yol Təzəkənddə
yerləşən qərargahımızdan xeyli uzaqda və
relyef baxımından çətin keçilə bilən
məsafədə yerləşirdi. Bundan əlavə, şəxsi
heyətin sayı nisbətən az olduğundan, müdafiə
xəttini təşkil edən postlar arasındakı məsafə
də geniş idi. Təbii ki, məsafənin
xeyli uzaq olması və nəqliyyat vasitəsinin yoxluğu
şəxsi heyətin təminatında bir çox çətinliklərə
gətirib çıxarırdı. Ona görə də
sursatların və ərzağın postlara
daşınması əsgərlər tərəfindən
piyada yolla həyata keçirilirdi. Lakin, bu kimi çətinliklərə
baxmayaraq, şəxsi heyətin döyüş ruhu olduqca
yüksək idi. Düşmənin dəfələrlə
Sarıbaba dağındakı postlarımıza etdiyi
hücumların cəsur döyüşçülərimiz
tərəfindən qətiyyətlə alınması bunu deməyə
əsas verir. Bu baxımdan, qeyd etdiyim yaşayış məntəqələrinin,
həmçinin bir sıra yüksəkliklərin müdafiəsi
zamanı şəxsi heyətin göstərdiyi qəhrəmanlıqları
hərb tariximizin şanlı səhifələri kimi qiymətləndirmək
olar”.
HƏR QARIŞI ŞƏHİD QANI İLƏ YOĞRULAN VƏTƏN TORPAĞI...
Baş çavuş Elşən Sadıqov da
vaxtı ilə Laçının müdafiəsində
dayanan hərbi hissəmizin tərkibində sıravi hərbi
qulluqçu kimi xidmət edib (hazırda Daxili Qoşunlarda xidmətini
davam etdirir – A.Ə.). Rayon ərazisindəki Sarıbaba
dağının, eləcə də Ərikli, Qozlu, İpəkli
və Fingə kəndlərinin müdafiəsi uğrunda erməni
daşnaklarına qarşı döyüşüb. Baş çavuş E.Sadıqov Laçında
vuruşaraq qəhrəmancasına şəhid olmuş
döyüşçü yoldaşlarının xatirəsini
heç zaman unutmayacağını, onların
intiqamını erməni daşnaklarından almağa hər
zaman hazır olduğunu bildirdi: “...1992-ci ilin iyulunda müstəqil
ölkəmizin vətəndaşı kimi həqiqi hərbi
xidmətə çağırılmışam. Həmin ilin
noyabrın əvvəllərində isə Daxili
Qoşunların əsgəri kimi doğma
Laçınımızın müdafiəsinə
yollanmışa
Bir neçə gündən sonra, rayonun Fingə
kəndi yaxınlığında erməni təcavüzkarlarına
qarşı ağır döyüşümüz oldu. Baş vermiş bu döyüşdə şəxsi
heyətin qətiyyəti və güclü müqaviməti nəticəsində
düşmən çoxsaylı tələfat verərək
geri çəkilmək məcburiyyətində qaldı.
Sonralar Laçının digər yaşayış məntəqələri
və yüksəkliklərinin müdafiəsində iştirak
etdim.
İştirakçısı olduğum bu döyüşlərdən mənim həyatıma ən çox təsiri olan, Fingə kəndi yaxınlığındakı 10 nəfərlik postumuza düşmənin qəfil hücumu olub. Daşnakların bizdən qat-qat çox olmasına baxmayaraq, onlara qarşı güclü müqavimət göstərə bilirdik. Lakin, döyüşlərin gedişində mövqelərimizin minamyot atəşinə tutulması nəticəsində 8 nəfər şəhid verməklə, postu tərk etmək məcburiyyətində qaldıq... Döyüşdə bel nahiyəmdən yaralandığımdan, İlham adlı əsgər yoldaşımın köməkliyi ilə birtəhər Qozlu kəndinə gətirildim. O dövrdə hərbi hissəmizin ayrıca tibb məntəqəsi yox idi. Bu baxımdan tibb məntəqəmiz sakinləri tərəfindən tərk edilmiş kənddəki evlərdən birində yerləşirdi”.
Bu arada baş çavuş E.Sadıqov
Laçın döyüşlərindən tək xatirə
olaraq saxladığı və burada vuruşan konüllülərdən
ibarət Laçın taborunun döyüşçüləri
ilə birgə çəkdirdiyi fotoşəkili mənə
göstərir. Bir müddət fikirli halda şəkilə
baxdıqdan sonra, yenidən sözünə davam edir: “... Hərbi
qulluqçularımızın bir çoxu
Laçının müdafiəsi zamanı qəhrəmancasına
həlak oldu. Səngərlərdə şəhid olmuş
döyüşçü yoldaşlarımın səsləri
bu gün də qulaqlarımdan getmir... Bakıdan Ağabala
İbrahimov, İlham Məmmədov, Kürdəmirdən Rauf
Misirov, Hacıqabuldan Əzizağa Əsədov,
Naxçıvandan Babək (soyadını unudub – A.Ə.) və
Zaqataladan Samir Süleymanov məhz belə
döyüşçülərimizdəndir.
İnanıram ki, hər
qarışı şəhid oğullarımızın
qanı ilə yoğrulmuş müqəddəs Vətən
torpaqlarının azad ediləcəyi gün uzaqda deyil. Şəhidlərimizin
intiqamını mənfur düşmənlərimizdən
almağa, işğal olunmuş torpaqlarımızın azad
edilməsi uğrunda bu gün də döyüşməyə
hazıram...”.
ƏN AĞIR DÖYÜŞÜMÜZ TƏZƏKƏNDDƏ OLDU...
Daxili Qoşunların veteranı, Şamaxı
rayonunun Poladlı kənd sakini (hazırda bu kənd Qobustan
rayonunun tərkibindədir – A.Ə.) Rövşən
Göyçəyev o dövrdə çavuş rütbəsində
qoşunların Laçının müdafiəsində
dayanan 15013 saylı hərbi hissəsində taqım komandiri
kimi xidmət edib. Hərbi hissənin
yaranması ilə əlaqədar Təzəkənddəki qərargahda
təşkil edilmiş mərasimdə Daxili İşlər
Nazirinin müavini-Daxili Qoşunların Komandanı adından
qol saatı ilə mükafatlandırılmış cəsur
döyüşçülərimizdən biri də məhz
Rövşən oub.
R.Göyçəyev indiyədək qoruyub
saxladığı cibb dəftərçəsini
çıxarıb, Laçında xidmət etdiyi dövrdə
öz xətti ilə yazdığı qeydləri mənə
göstərir. Dəftərçədə tabeçiliyində
vuruşan əsgərlərin adlı siyahısı,
ünvanları, eləcə də xronoloji ardıcıllıqla
baş vermiş döyüşlər barədə qiymətli
məlumatlar qeyd olunub:
“... 07 noyabr 1992-ci il. Həyəcan siqnalı ilə
Mingəçevirə, oradan da Laçına yola
düşdük.
10 noyabr 1992-ci il. Axşam Fingə kəndinə
gəldik. Noyabrın 11-də bizi İpək-1 kəndinə,
oradan da Sarıbaba dağına gətirdilər.
19 noyabr 1992-ci il. Saat 10-00-da ermənilər
bizim mövqelərə hücum etdilər. Döyüş
axşam saatlarınadək davam etdi. Biz bu döyüşdə
dəqiq sayı yadımda deyil, təxminən 8-10 nəfərədək
şəhid verdik. Bir o qədər də
döyüşçü yoldaşımız müxtəlif
dərəcəli güllə yarası aldı. Həmin
axşam biz Qozlu kəndinə geri çəkilməli olduq.
23 noyabr 1992-ci il. Haqnəzər kəndi ətrafındakı
yüksəkliklərdə yerləşən
postlarımızda mövqe tutduq.
24 noyabr 1992-ci il. Mən və bir-neçə əsgər
yoldaşım baş leytenant Əhliman İlmazovun rəhbərliyi
ilə Haqnəzərdən Qozluya qayıtdıq. Məqsəd
buradakı postlarımızdan birini əldə saxlamaq idi. Lakin həmin vaxt ermənilər Qozlu kəndini
müxtəlif növ silahlardan, o cümlədən
minamyotlardan güclü atəşə tutduğundan, burada az
bir qüvvə ilə qalmaq mümkün olmadı.
Düşmənə nisbətən bizim silahımız
yalnız avtomatlardan ibarət idi. Ermənilər isə
silah və texnika sarıdan bizdən qat-qat üstün idi.
Bizim isə yaralı əsgərimizi qospitala aparmağa belə
maşınımız yox idi. Bu səbəbdən biz yenidən
Haqnəzər kəndinə qayıtmalı olduq. Lakin bir müddət sonra Haqnəzər kəndi də
düşmənin güclü hücumuna məruz qaldı. Təpədən-dırnağadək
silahlanmış düşmənin hücumu
qarşısında 25.11.1992-ci il tarixdə döyüşə-döyüşə
Təzəkənd istiqamətində geri çəkilməyə
məcbur olduq”.
Laçında iştirakçısı olduğu döyüşlərin içərisində ən ağırının məhz Təzəkənddə baş verdiyini deyən Rövşən, əsgərlərimizin qətiyyəti nəticəsində düşmənin xeyli itki verərək, geri çəkildiyini bildirdi: “... Təzəkənddə Daxili Qoşunlardan əlavə, könüllülərdən ibarət olan Laçın taboru da yerləşmişdi. Bizdən fərqli olaraq, Laçın taborunun döyüş əməliyyatlarını müvəffəqiyyətlə aparması üçün lazım olan silah və hərbi texnikası vardı. Bir sıra döyüşlərdə düşmənin məğlub edilərək geri çəkilməsində bu taborun bizə (Daxili Qoşunlara - A.Ə.) dəstəyi böyük olub. Yaxşı yadımdadır, 1992-ci ilin noyabrın 29-da ermənilər Təzəkənd istiqamətində bizim mövqelərə yenidən hücuma keçdi. Məhz bu taborun bizə dəstəyi nəticəsində daşnaklar bu dəfə də xeyli itki verərək geri çəkilmək məcburiyyətində qaldılar. Bu məğlubiyyətin əvəzini çıxmaq üçün qarşıdakı günlərdə düşmən dəfələrlə bizim mövqelərə hücum çəksə də, şəxsi heyətin qəhrəmanlığı sayəsində hər dəfə də burunları ovularaq geri çəkilməyə məcbur olurdu.
Təzəkənd istiqamətində
ən şiddətli döyüşlər isə 1993-cü
ilin yanvarın 5-də səhər saat 7-də başladı.
İki gün gecə-gündüz davam edən bu
döyüşlərdə düşmən qüvvə
baxımından bizdən xeyli üstün olsa da, Daxili
Qoşunların və Laçın taborunun
döyüşçülərinin birgə fəaliyyəti
nəticəsində ermənilər canlı qüvvə və
texnika sarıdan xeyli itki verdilər. Məğlub olmuş
düşmən geri çəkilərkən, Sarıbaba
dağının ətəyində bir tankı və xeyli
sayda canlı qüvvəsi məhv edildi. Onu da qeyd edim ki,
döyüşlər gedən müddətdə əsgərlərimiz
iki gün ac qalmalarına baxmayaraq, hər biri qəhrəmancasına
vuruşurdular.
Mənim taqımımın əsgəri,
snayper Saleh Hüseynov bu döyüşdə 9 erməni
yaraqlısını öldürmüş, 7-sini isə yaralamışdı.
Bu döyüşdən sonra, onun igidliyi və şücaəti
nəzərə alınaraq, manqa komandiri təyin edilmişdi.
Ümumiyyətlə, Laçında gedən bir sıra döyüşlərdə taqımımın fərqlənmiş əsgərlərindən Şamaxıdan Mübariz Əliyevin, rayonun Məlikçobanlı kəndindən Asimin, Çölbağırlı kəndindən Hafiz Allahverdiyevin, Quşçu kəndindən Misir Hüseynov, Balakənin Hənifə kəndindən Mübariz Şeyxovun, Şəkidən Arazın, bu rayonun Qoxmuq kəndindən Vüqar Qədirovun, Göyçay rayon Hacalı kəndindən Əhliman Salmanovun, Sabirabad rayon Şəhriyar kəndindən İlham Hüseynovun, həmin rayonun Minbaşı kəndindən Nizami Qəhrəmanovun, Tovuz rayonu Dondar-Quşçu kəndindən Bayram Paşayevin, Neftçala rayonu 2-ci Qaralı kəndindən Taleh Həsənovun, Biləsuvar rayonundan Saleh Hüseynov və Əhəd Bəyalıyevin, Bərdənin Məmmədli kəndindən Füzuli Əliyevin, həmin rayonun Yeni Əyrici kəndindən Ziya Hüseynovun, Lerikin Soru kəndindən Daşqın Abbasovun, Qusar rayon Urva kəndindən Polad Eyvazovun, Saatlının Smadakəndindən Gülalı Bədəlovun, Bakının Əmircan kəndindən Fəxrəddinin və Bakıxanov qəsəbəsindən Mehdi Xəlilovun adlarını qeyd edə bilərəm”.
Rövşənin cib dəftərçəsində diqqətimi çəkən ən maraqlı qeydlərdən biri də 1993-cü ilin martın 26-da Təzəkənddə taqımın hər bir döyüşçüsü üçün yazılmış 14 bəndlik şer oldu (Şerdə adları qeyd olunan, həmçinin Rövşənin döyüşlərdə hər zaman fərqlənmiş əsgərlər kimi xatırladığı Saleh Hüseynov və Əhəd Bəyalıyev sonralar Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olublar – A.Ə). Şerin iki – ilk və son bəndlərini sizə təqdim edirəm:
Biz Fingədə qardaş olduq,
Təzəkənddə qardaş olduq.
Ermənidir düşmənimiz,
Vuruşuruq ürəklə biz.
Bir-bir keçir günlərimiz,
Qardaş olduq beş ayda biz.
Biz möhkəmcə dostlaşmışıq,
Sanki bir anadanıq.
R.Göyçəyev martın
12-dən 25-dək on nəfər əsgər yoldaşı ilə
birgə məzuniyyətə buraxıldığını,
Laçına qayıtdıqdan sonra, burada qızğın
döyüşlərin getdiyini bildirdi: “... 1993-cü il
martın 24-də biz Yevlaxa, 25-də isə oradan helikopterlə
Laçına gəldik. Artıq Laçında
qızğın döyüşlər
başlamışdı. Martın 27-dən 31-dək Təzəkənd
uğrunda qanlı döyüşlər oldu. Bu
döyüşdə taqımımın əsgəri Taleh Həsənov
düşmən snayperinə tuş gələrək,
topuğundan yaralandı. Martın 31-i gecə saat 00:15-də
bizə ermənilərin Kəlbəcəri işğal etməklə,
“Tunel yolu” (Sıldırım qayaların altından keçən
və 180 metr uzunluğu olan bu tunel Kəlbəcərin
35 kəndini rayon mərkəzi ilə birləşdirən
yeganə avtomobil yolu idi – A.Ə.) deyilən ərazini
tutduqlarını və bununla da mühasirəyə
düşdüyümüzü bildirdilər. Bundan
sonra, gecəykən ayrı-ayrı qruplar şəklində ərazini
tərk etməli olduq. Onu da qeyd edim ki, hərbi hissəmizin qərargah
rəisi olmuş baş leytenant Namaz Qasımovun özü də
Laçını ən son tərk edən belə qruplardan
birinin tərkibində idi. Bizim 3 nəfərlik qrup Murov
dağı istiqamətində təxminən bir sutka yol qət
etdikdən sonra, Kəlbəcər rayonunun əhalisi tərk
edilmiş kəndlərindən birinin girəcəyinə
çatanda, yaxınlıqdakı evlərin birindən səs
eşitdik. Yaxınlaşıb, diqqətlə qulaq asanda, evdə
olanların azərbaycan dilində danışıqlarından
bildik ki, hərbi hissəmizin əsgərləridir.
Yaxınlaşanda gördük ki, baş leytenant N.Qasımov
7-8 nəfər hərbi qulluqçumuzla buradadır. O,
ayaqları şişdiyindən bizə artıq yeriməyə
taqətinin olmadığını və burada qalmaq istədiyini
bildirərək, göstərdiyi istiqamətdə getməyimizi
təkid etdi. Lakin, bizim ona: “Komandir, sizsiz heç yerə gedən
deyilik!”-deyə sözümüzdə israr etdiyimizi
görüb, hamımızın birlikdə gedəcəyimizə
razı sala bildik. Bundan sonra, baş leytenant N.Qasımovla birgə
6 sutka ac-susuz, şaxtalı havada, gecə-gündüz
qarlı-palçıqlı yollarla Murov dağına, oradan isə
Xanlar rayonuna (indiki Göygöl rayonu – A.Ə.) gəldik...”.
EŞİTDİKLƏRİMƏ İNANA
BİLMİRDİM...
O zamanlar baş leytenant hərbi rütbəsində 15013 saylı hərbi hissə komandirinin 1-ci müavini-Qərargah rəisi olmuş Namaz Qasımovun (hazırda Daxili Qoşunların veteranı, e.o. polkovnik-leytenant - A.Ə) fikirləri məhz Qoşunların döyüş yolu tarixində mühüm yeri olan Laçın döyüşləri barədə geniş təsəvvür yaradır.
Daxili İşlər Nazirinin müavini-Daxili
Qoşunlar Komandanının müvafiq əmri ilə
1993-cü ilin yanvar ayında bu vəzifəyə təyin
olunduğunu deyən N.Qasımov, həmin ilin aprel
ayının əvvəllərinədək, yəni hərbi
hissə ləğv edilənə qədər bu vəzifədə
xidmət etdiyini bildirdi: “... Düzdür, aradan xeyli müddət
keçsə də, Laçınla bağlı xatirələr
heç zaman yaddaşımdan silinməyib. Laçına
yola düşməyimiz, şəxsi heyətin erməni
silahlılarına qarşı fədakarcasına
vuruşması, nəhayət Kəlbəcər ərazisindən
keçən yolun daşnakların nəzarətinə
keçməsi nəticəsində düşmən əhatəsində
qalan bölmələrimizin mühasirəni yararaq oradan
çıxması və s. yaşadığımız
o ağrılı-acılı günlər indi də xatirimdədir...
Yaxşı yadımdadır, 1993-cü ilin
yanvar ayında Daxili Qoşunların Biləcəri qəsəbəsində
yerləşən hərbi hissəsindən 40 nəfər
sıravi döyüşçü ilə birgə
Hacıqabuldakı hərbi hissəyə gəldik. Oradan da 2
baş atı xizəklə birlikdə maşına yükləyib,
Ağdərə rayonunun Ortakənd kəndinə yola
düşdük. Bura çatdıqdan sonra, Ağdərə-Kəlbəcər
yolu ilə Laçın istiqamətində hərəkətimizi
davam etdirdik. Sumqayıtdakı hərbi hissədə xidmət
edən və əslən Kəlbəcər rayonunun
Mollabayramlı kəndindən olan sıravi İsmayıl
İsmayılovu gedəcəyimiz yola bələdçilik etməsi
üçün özümüzlə aparırdıq. Həmin
yolda maşın karvanımız iki dəfə düşmən
atəşinə məruz qalsa da, biz təkidlə yolumuza
davam edirdik. Nəhayət, gecə saat 02:00-da Kəlbəcər
rayonuna gəlib çatdıq. Güclü qar
yağdığından, maşın karvanının
Laçın rayonunun Təzəkənd istiqamətində irəliləməsi
çətinləşmişdi. Kəlbəcər rayon icra
nümayəndəsinin köməkliyi ilə ayrılmış
traktorla yol qardan təmizləndikdən sonra, maşın
karvanı təyin olunmuş yerə gəlib çatdı”.
Bu arada N.Qasımov indiyədək qoruyub saxladığı və Laçını xatırladan 3 ədəd fotoşəkli göstərib, sözünə davam edir: “Gördüyün bu fotolar 1993-cü ilin fevral ayının 3-də Təzəkənddə yerləşən qərargahımızın önündə hərbi hissəmizin yaranması münasibəti ilə təşkil olunmuş mərasimdə çəkilib...
Bu fotoşəkil, o zaman Daxili Qoşunların
Qərargah rəisinin müavini olmuş mayor Q.Zamanov tərəfindən
müstəqil Azərbaycan Respublikasının Dövlət
Bayrağını mənə təqdim edərkən çəkilib.
Tədbirdən öncə, onunla birgə səngərləri
yoxladıq, müdafiənin daha etibarlı təşkil
olunması ilə əlaqədar müvafiq
tapşırıqlarını verdi. Həmin müddətdə
Daxili Qoşunların tibb xidmətinin rəisi olmuş rəhmətlik
polkovnik S.Rüstəmov şəxsi heyəti müayinədən
keçirərək, ehtiyacı olanlara yerindəcə tibbi
yardım göstərirdi...
Bu fotoşəkildə isə, DQBİ-dən gələn
nümayəndə heyəti tərəfindən hissə
komandirimiz kapitan Akif Məmmədova qiymətli hədiyyə təqdim
olunur...
Sonuncunu isə qərargahımızın önündə hissənin döyüşçüləri ilə bigə, kollektiv olaraq çəkdirmişdik...”.
Çəkdirilən sonuncu bu fotoşəkilə
diqqətlə baxdıqda, qəhrəman
döyüşçülərimizin üzlərindəki təbəssümü
açıq-aydın görmək olur. Kollektiv arasında
yüksək döyüş və vətənpərvərlik
əhval-ruhiyyəsinin olduğundan xəbər verən bu təbəssümün
arxasında, həmçinin düşmən üzərində
qələbə çalacaqlarına inam hissi də duyulur...
Veteran silahdaşımız Kəlbəcərdən
keçən yolun tutulması ilə əlaqədar
düşmən mühasirəsində qalan bölmələrimizin
Laçındakı mövqeləri tərk etmək məcburiyyətində
qaldıqları o ağrılı-acılı günləri
heç zaman unutmayacağını bildirdi: “...1993-cü ilin
martın 28-də hərbçilərimiz Təzəkəndə
sursat və ərzaq təminatını gətirmək
üçün Kəlbəcərin Kürdhacılı kəndinə
getdilər. Həmin günün axşamı
idi, təqribən saat 22 olardı. Tabor komandirimiz kapitan Akif Məmmədov
mənimlə rabitə əlaqəsi saxlayaraq, Müdafiə
Nazirliyinin Kəlbəcərdə olan hissəsinin
Kürdhacılı kəndindən
çıxdığını və bu rayona köməyə
getdiyini bildirdi. Mən eşitdiklərimə inana
bilmirdim. Belə çıxırdı ki, bizim
Laçındakı mövqelərimiz düşmən
mühasirəsinə düşüb. Dərhal ikimizin
arasında olan parolu soruşdum. O, parolu dedikdən sonra, səngərləri
tərk etməyimiz barədə əmr verdi. Bununla
yanaşı, sağ və sol cinahlarımızın
boşalması barədə məni məlumatlandırdı.
Beləliklə, Kəlbəcərdən keçən yolun
ermənilərin nəzarətinə keçməsi ilə əlaqədar,
bizim Laçında müdafiə olunan bölmələrimiz
düşmənin mühasirəsinə düşmüş
oldu...
Hissə komandirinin əmrinə əsasən, mən bölük komandirlərinə müvafiq tapşırıqları verdim. Beləliklə, 29.03.1993-cü il tarixdə saat 03-də Vaqazin kəndi istiqamətində 4 dəstəyə bölünərək hərəkətə başladıq. Saat 12 radələrində Zavod kəndinə gəlib çatdıq. Bizim qərargahımız artıq bu kənddə yerləşirdi. Tam tərkibdə gəlməyimiz barədə hissə komandiri kapitan A.Məmmədova məruzə etdim. Növbəti duracaq yerimizin Laçının Kəlbəcər istiqamətində yerləşən Ərikli kəndi olacağı barədə tapşırıq verildi. Biz bir neçə saatdan sonra Ərikli kəndində mövqelərimizi tutduq. Düşmən bizi təqib edirdi. Piçənis kəndində Müdafiə Nazirliyinin Laçın alayının şəxsi heyəti onların qarşısını döyüşərək aldılar. Ərikli kəndindən gecə saat 04-də (30.03.1993-cü il tarixdə) Kəlbəcər istiqamətində hərəkətə başladıq və axşam tərəfi Kəlbəcər rayonunun Zülfüqarlı kəndinə gəldik. Martın 31-də bu kənddə olarkən bizə məlumat verdilər ki, “Tunel yolu” ermənilər tərəfindən tutulub. Axşam komandirimiz toplantı keçirtdi və yaylaq yolu ilə çıxmağımıza qərar verdi. Biz Qoçdaş deyilən dağın zirvəsinə çatanda, Kəlbəcər şəhərinin od-alova büründüyünü gördük. Mühasirədə olduğumuzu və getdikcə həlqənin daraldığını açıq-aydın hiss edirdik. Quzeyçirkin kəndində bir neçə saat dayanmağı qərara aldıq. Kəşfiyyat gözətçi qrupu Kəlbəcər-Ağdərə yolunu yoxlamaq üçün müşahidə aparmağa göndərildi. Müşahidənin nəticələri aydın olduqdan sonra, Qamışlı körpü düşmən tərəfindən nəzarətə götürüldüyünə görə, Çaylı və Qılınclı kəndini keçib, Nadirxanlı kəndindən Murovdağ tərəfə qalxmağa məcbur olduq. Nadirxanlı kəndi ətrafında iki dəstəyə bölündük. Daşkəsən istiqamətində gedən birinci dəstəyə kapitan A.Məmmədov, Murovdağ istiqamətində hərəkət edən digər dəstəyə isə mən rəhbərlik etməli oldum...
Biz aprelin 4-də Daxili Qoşunların Gəncə
şəhərində yerləşən “N” saylı hərbi
hissəsində görüşdük. Daxili
Qoşunlar Komandanının 15013 saylı hərbi hissəsinin
ləğv edilməsi barədə müvafiq əmri hərbi
hissəyə daxil olduqdan sonra, hissəmizin şəxsi heyətini
və silah sursatını qoşunların Gəncədə
yerləşən hərbi hissəsinə təhvil verdik...”.
Beləliklə, Daxili İşlər
Nazirliyinin Daxili Qoşunlarının Laçının
müdafiəsi uğrunda 1992-ci ilin noyabrın 7-dən etibarən
başlayan döyüş yolu, çox təəssüflər
olsun ki, 1993-cü il martın 31-də Kəlbəcər rayonu
ərazisindəki “Tunel yolu” deyilən ərazinin erməni
daşnaklarının əlinə keçməsi nəticəsində
Laçında döyüşən bölmələrimizin
düşmən mühasirəsini yarıb
çıxması ilə sona çatmış oldu...
Məlumat üçün qeyd edək
ki, Daxili Qoşunların Arxivində saxlanılan
“1992-1994-cü illərdə Daxili Qoşunlar üzrə şəhid
olmuş hərbi qulluqçuların siyahısı”nda 4 nəfər,
“1992-1994-cü illərdə döyüş əməliyyatları
zamanı itkin düşmüş hərbi
qulluqçuların siyahısı”nda 4 nəfər, həmçinin “1992-1994-cü illərdə gedən
döyüş əməliyyatları zamanı
yaralananların siyahısı”nda isə 13 nəfər hərbi
qulluqçumuzun Laçın rayonunun müdafiəsi
uğrunda gedən döyüşlərdə iştirak edərək
şəhid olması, itkin düşməsi və
yaralanması faktları öz təsdiqini tapıb.
İnanırıq ki, digər tarixi yurd yerlərimiz kimi, doğma Laçınımız da düşmən tapdağından azad ediləcək, laçınlı soydaşlarımız öz ata-baba torpaqlarına qayıdacaqlar...
Kapitan Anar Əhmədov
Daxili İşlər
Nazirliyi
Daxili
Qoşunların zabiti
Xüsusi olaraq
Ordu.az üçün
Hərbi And 2019.- 25 oktyabr.- S.10.