Fotoqrafiyanın kəşfi: texnologiyadan müasir incəsənətə qədər

 

Fotoqrafiyanın tarixi gözün gördüyünü birbaşa həkk eləmək arzusundan başlayır.

 

Bu arzu çoxlu inkişaf mərhələlərindən keçib: paleolit dövrünə aid mağaralarda rast gəlinən əl izlərindən tutmuş kölgənin konturlarını çəkmək vasitəsilə profil portreti yaratmaq texnikasına qədər. Ancaq fotoqrafiyanın ən əhəmiyyətli xəbərçisi qaranlıq otağın (camera obscūra) meydana çıxması oldu. Bu, tamamilə qaranlıqlaşdırılmış otaq, ya da qutu (konstruksiyadan asılı olaraq) ola bilər. Ora kiçik yarıqdan işıq düşür və yarığın əks tərəfində olan səthdə bayırda olan şeyin proyeksiyası əmələ gəlir. Bu cür qurğular hələ bizim eradan əvvəl məlum idi, onlardan ərəb dünyasının alimləri və yunanlar istifadə edirdilər. Tədricən, otağın ölçüləri daralır və XVII əsrdə artıq kiçik bir boksdan ibarət olur, lakin “kamera” sözü (yəni “otaq”) qalır və gördüyümüz kimi, indiyə qədər mövcuddur. Barokko dövrünün rəssamları, o vaxt artıq əhəmiyyətli texniki əlavələr edilmiş bu qurğudan aktiv şəkildə istifadə edirdilər. Yarığa linza əlavə olunmuşdu, onun arxasında isə güzgü və mat şüşə yerləşirdi. Bu əlavələr rəssama təsviri sadəcə görmək yox, həm də onun konturlarını asanlıqla birləşdirmək imkanı verirdi.

Klassik obeskura kamerası

Belə kamera istifadə üçün rahat idi və rəssamların gözlənilməz optik effektlər yaratmasına yardım edirdi. Bu günkü tamaşaçı, məsələn, Johannes Vermeer-in, ya da Canaletto-nun rəsmlərinə baxanda genişbucaqlı obyektiv üçün xarakterik olan vizual aberrasiyaları (təhrif) rahat qavrayır (biz belə təhrifləri smartfon vasitəsilə çəkdiyimiz şəkillərdə daima görürük). Rəssamların müasirləri isə sözügedən qurğular vasitəsilə yaradılan qeyri-adi kompozisiyalara maraqla baxırdılar və yalnız optikadan başı çıxanlar o effektlərin necə əldə olunduğunu anlayırdılar.

XVIII–XIX əsrlərdə qaranlıq kameradan kifayət qədər geniş istifadə olunurdu. İlk növbədə peyzaj işləyərkən vaxta qənaət etməyə məcbur qalan rəssamlar. Amma reallığı sona qədər dəqiq və avtomatik həkk eləmək arzusu hələ çin olmamışdı.

Niépce və ilk fotoqrafiya

Bu gün fotoqrafiyanın atalarından biri sayılan şəxs – Nicéphore Niépce bu arzunu gerçəkləşdirməyi qarşısına məqsəd qoydu. Niépce, həqiqətən, öz əsrinin övladı idi: bu gün çoxları startap təşkil etməyi və ondan milyonlar qazanmağı necə arzulayırsa, eləcə XIX əsrdə də çoxları nəsə ixtira eləməyə və patentlərdən gələn gəlirlərlə zənginləşməyə can atırdı. Niépce də öz həyatını, məhz, belə təsəvvür eləyirdi. Baxmayaraq ki, o, klassik anlamda alim deyildi, amma qardaşı ilə birlikdə bir neçə uğurlu ixtiranı patentləşdirməyə nail olmuşdu. Onların arasında daxili yanacaq mühərriyi də vardı. Qardaşlar kor-koranə, təcrübə yolu ilə irəliləyirdilər və bir çox hallarda uğur qazanırdılar. 1820-ci ildə Niépce diqqətini yeni bir hədəfə yönəldir və qaranlıq kameranın köməyilə əldə olunan təsviri mexaniki şəkildə həkk eləməyə çalışır.

Johannes Vermeer, Officer and Laughing Girl, 1655–1660

Burda onun düşüncə istiqamətini qeyd etmək vacibdir: başlanğıcda Niépce litoqrafiya texnikasını təkmilləşdirmək, daş üzərindəki qravüranı rəssamın müdaxiləsi olmadan əldə etmək, yəni hansısa avtomatik üsul və belə bir texnikanın köməyi ilə mis üzərindəki qravüraları – ofortları nüsxələmək istəyirdi.

Həmin dövrdə litoqrafiya nüsxələnən təsvirlərin yaradılması üçün tapılmış ən sərfəli və mütərəqqi texnika idi. Daş üzərində qravüra yaratmaqdan ötrü xüsusi yağlı litoqrafiya qələmi, ya da tuşla daşın cilalanmış səthində rəsm çəkmək lazım idi. Sonra həmin səth kimyəvi turşuların təsirinə məruz qoyulur, yandırılırdı. Bundan sonra qələmin dəydiyi hissələr rəngi hopdurur, toxunmadığı hissələr isə onu qəbul etmirdi. Beləliklə də izlərin yaradılması üçün vacib olan mikrorelyef əmələ gəlirdi.

Nicéphore Niépce bu prosesi təkmilləşdirmək, təsviri rəssamın müdaxiləsi olmadan daşa həkk eləməyin yollarını tapmaq istəyirdi. Və tezliklə bu istəyinə çatdı.

Fotoqradiyanın tarixindən bəhs edən istənilən kitabı açıb Niépce-in işləri ilə bağlı fəslə baxsanız, çox güman ki, ilk fotoqrafiyanın, asfaltın köməyi ilə əldə olunduğundan danışan passaja rast gələcəksiniz. Və bu, tamaşaçını çaşdırır. Fotoqrafiyanın asfaltla nə əlaqəsi ola bilər?

Müəlliflər, spesifik terminologiyada “asfalt” sözünün Ölü dənizdən çıxarılan xüsusi növ qatranı -bitumu (bitum of Judea) – ifadə etdiyini hər zaman yazmırlar. Niépce bilirdi ki, rəssamlar lavanda yağı ilə qarışdırılmış bu qatranı bir xüsusiyyətinə görə yüksək qiymətləndirirlər: asfalt işığın təsiri altında donur və rəsmin səthində qoruyucu qat əmələ gətirir.

Niépce iki vacib komponenti uzlaşdırır: təsvirin bələdçisi qismində işığı və onun təsirinə reaksiya verən maddəni.

Birinci məqsəd litoqrafik daşda ofortun surətini əldə etmək olduğuna görə, Niépce daşı bitum qatı ilə örtür, üzərinə yağlanmış və buna görə də, yarımşəffaf olmuş qravüralı lövhəni qoyur, sonra da onu işığa çıxardır. Gün işığının kağızdan keçib qatrana toxunduğu hissələrdə qatran bərkiyir, cizgilər olan, yəni kölgəli hissələr isə yumşaq qalır. Bundan sonra bərkiməmiş qatran qatını yumaq, daşı turşunun təsirinə məruz qoymaq və sonra da işi litoqrafiya texnologiyası ilə tamamlamaq lazım idi. Ofortların surətləri mükəmməl olmasa da, kifayət qədər yaxşı alınırdı.

Onda Niépce təcrübənin növbəti mərhələsinə keçmək qərarına gəlir və qarşısına yeni məqsəd qoyur: təbiətin obrazlarını əbədiləşdirmək, qaranlıq kameranın içindəki təsviri həkk eləmək. Bundan ötrü o, kameraya litoqrafik daşı yox, asfaltla örtülmüş qalaylı lövlə qoyur. Bizə ilk fotoqrafiyanı, daha doğrusu, helioqrafiyanı (Niépce onu belə adlandırırdı), məhz, həmin təcrübə verib.

Nicéphore Niépce, View from the Window at Le Gras, 1826

Bu, indiki sözlərlə desək, “dənli”, kompozisiyanın verdiyi zəriflikdən məhrum, hazırlanması əziyyət tələb eləyən (çünki aslfaltı bir neçə saat işığın təsirinə məruz qoymaq lazımdır), bulanıq təsvir idi -amma yenə də fotoqrafiya idi! Təbiətin, maşının köməyilə əldə olunan gerçək əksi.

Ümumiyyətlə, XIX əsr maşın əsri, tərəqqiyə, texnologiyanın gələcəyi dəyişməyə qadir olduğuna inamın gücləndiyi dövr idi. Nicéphore Niépce tarixdəki ən əhəmiyyətli maşınlardan birini yaratmışdı, ancaq onun sağlığında bu kəşf, demək olar ki, diqqətlərdən kənarda qaldı. Buna səbəb olaraq göstərilən versiyalardan birinə görə, Niépce, öz ixtirasını ingilis həmkarlarına təqdim edərkən onlara helioqrafiyanın texniki sirlərinin hamısını açmaq istəməyib, buna görə də, alimlər ona patent verməkdən imtina ediblər. Digər bir versiyaya görə isə, kobud fakturaları ucbatından şəkillərin gözlənilən sarsıdıcı təəssüratı yaratmaması problem olub.

Daguerre və dagerotipiya

Niépce, fotoqrafiyanın hamı tərəfindən qəbul olunduğu zamana qədər yaşamadı, şöhrət onun işgüzar, özünü tanıtmaq məsələsində səriştəsi olan həmkarı Jak Louis Mandé Daguerre-ə qismət oldu. Daguerre onun ixtira etdiyi texnologiyaya öz adını verdi: Dagerotipiya.

Daguerre ixtisasca rəssam, teatr dekorasiyaları ustası idi. 1820-ci ildə Niépce asfalt və qaranlıq kamera ilə döyüşəndə Daguerre elə həmin kameranın köməyilə öz görsəl layihəsi üçün möhtəşəm rəsmlər yaradırdı. Diorama adlanan bu layihə vizual attraksiondan – tamaşaçılar səhnə arxasında yaradılan süni işıqlanmadan asılı olaraq dəyişən 20 metrlik rəsmlər görürdülər – ibarət idi.

Sözügedən nəhəng rəsmlərin yaradılmasında qaranlıq kamera ciddi dayaq rolunu oynayırdı, ancaq proses ağır zəhmət tələb eləyirdi. Daguerre isə arzulayırdı ki, kameranın ekranında alınan təsvir təkcə görünməsin, həm də həkk olunsun. Əgər danışılanlara inansaq, məhz, həmin vaxt o, optika üzrə bir mütəxəssisdən Niépce və onun axtarışları barədə eşidir. Daguerre ixtiraçı ilə tanış olmağa gedir, helioqrafiyaya valeh olur və təcrübələrə qoşulmaq qərarına gəlir.

Onların əməkdaşlığı bir neçə il çəkir. Həmin illər ərzində Daguerre ciddi şəkildə elmlə – işığın fizika və kimyası ilə maraqlanmağa başlayır – o dövrdə bu sahə nə qədər inkişaf etmişdisə, o qədər. Ancaq bir müddətdən sonra başa düşür ki, asfaltla bu iş xeyli bulanıq olan təsvirlərdən o yana keçməyəcək, əlavə nəsə lazımdır.

İxtiraçılar çoxlu təcrübələr aparırdılar, amma Niépce öz bitumuna həddindən artıq bağlıydı, Daguerre isə əksinə, yeni yollar axtarırdı. Nəticədə o, tədricən, Niépce-dən uzaqlaşmağa və müstəqil işləməyə başlayır.

Hadisələrin sonrakı gedişatı qalın mif dumanı ilə örtülüb. Ki, onları yaradanların arasında Daguerre-in özünün də adı çəkilir.

“Birinci əhvalat 1823-cü ilə təsadüf edir. Qızmar yay günlərində öz rəsmlərindən birini çəkən Daguerre naməlum səbəblərdən boyalara yod (cəmi 20 il əvvəl kəşf olunmuşdu) qatır. Rəsmin üzərinə gün işığı və onunla birlikdə pəncərənin arxasındakı həyətdə əkilmiş ağacların kölgəsi düşür. Daguerre növbəti dəfə kətana yaxınlaşanda orda rəngbərəng təsvirlərin üzərində yuxarıda adı çəkilən ağacların siluetlərini görür.

Louis Daguerre-in diaraması, XIX əsr

Digər bir əhvalat isə artıq 30-cu illərə aiddir. Daguerre kimyəvi maddələri saxladığı şkafa emal olunmuş gümüş-yodidli lövhələr qoyur. Həmin anda onların üzərində təsvir yox imiş, ancaq bir müddət sonra Daguerre lövhələrin üzərində təsvirlər olduğunu görür. O, gizli təsvirlərin aşkarlanmasına səbəb olan maddəni axtarmağa başlayır. Bundan ötrü hər dəfə şkafdakı maddələrdən birini götürür və sonra ora yeni emal olunmuş lövhələr qoyur. Maddələrin hamısı şkafdan çıxsa da, möcüzəvi dəyişiklik davam eləyir. Onun səbəbi yalnız ciddi axtarışdan sonra məlum olur: Daguerre şkafın döşəməsində çoxdan unutduğu içində civə olar fincan tapır. Sən demə, lövhələri civənin buxarı aşkarlayırmış.”

Biz prosesin kimyəvi tərəfləri üzərində çox dayanmayacağıq – bu barədə xüsusi ədəbiyyatı oxumaq, ya da müasir dagerotipistlərin videolarını izləmək daha yaxşı olar. Sadəcə prosesin mahiyyətini diqqətinizə çatdıracağıq: lövhə gümüş, yod və ya digər halogenlərin təsiri altında işığa qarşı həssaslaşır, çünki onun səthində gümüşün halogenidləri əmələ gəlir, bu birləşmə isə işığa reaksiya verir. Fotoqraf aşağıdakı kimi işləyir: mükəmməl şəkildə cilalanmış mis lövhəyə nazik gümüş qatı çəkilir, o, yod və brom cütlüyü ilə “həssaslaşdırılır”. Daha sonra səthində halogenidlərdən ibarət nanoqat əmələ gəlmiş lövhə qaranlıq kameraya yerləşdirilir və işığın təsirinə məruz qoyulur – emal edilir. Nəticədə lövhənin üzərində reaksiyaya girmiş bölgələr (işıq) və halogenidlərin işığın təsirinə məruz qalmadığı bölgələr (kölgələr) meydana çıxır. Başlangıcda kölgələr görünmür, latent təsviri civə buxarının köməyi ilə gücləndirmək lazımdır. Civə buxarı sayəsində lövhənin səthində amalqama – işıqda aydın nəzərə çarpan “civə + gümüş” yaranır.

Və sonuncu vacib əməliyyat – həkketmə və gümüşün reaksiya verməmiş halogenidlərinin yuyulması həyata keçirilir. Ki, emal prosesi dayansın və təsvir yoxa çıxmasın.

Daguerre sabit təsviri prosesə rəssam əllərinin müdaxiləsi olmadan, mexaniki yolla əldə etməyin üsulunu tapdı, həmçinin həmkarlarını bu nailiyyətin vacibliyinə inandırmağı bacardı. O, 1839-cu il yanvarın 7-də Paris Elmlər Akademiyasının iclasında alimlərə bir neçə şəkil göstərdi. Onların arasındakı “Tampl bulvarına açılan mənzərə” şəkli yüksək detalizasiyası sayəsində hər kəsi valeh elədi.

Qeyd eləyək ki, Niépce-in şəkilləri kimi “Tampl bulvarına açılan mənzərə” də peyzaj idi. İnkişafının erkən mərhələsində dagerotipi uzun müddət sabit saxlamaq lazım idi (məhz, buna görə, şəkillərdə insanları və ekipajları görmürük: onlar çox sürətlə hərəkət edirdilər), ancaq ekspozisiya saatlarla yox, dəqiqələrlə ölçülürdü.

Dagerotipi görən tamaşaçıda fotonu qravüra ilə müqayisə etmək istəyi yarandı: gümüşü lövhə üzərindəki bu ağ-qara təsvir vizual olaraq, həqiqətən, qravüraya öxşayırdı. Heç bir rəssamın naturanı bu qədər dəqiqliklə təqlid etməyə qadir olmadığı barədə müzakirələr başladı. İnsanlarda təbiətin, nəhayət ki, bizə ram olduğu, onu ən xırda detallarına qədər əhatə eləməyin mümkünlüyü ilə bağlı eyforik bir hiss yarandı.

 

Hərbi And.- 2019.- 20 sentyabr.- S.21.