Ulu öndər Heydər Əliyevin
xarıci sıyasət kursu və Azərbaycanın diplomatik
uğurları
Otuz beş ilə yaxın bir müddətdə Azərbaycanın
taleyi dahi şəxsiyyət, təcrübəli dövlət
xadimi, ulu öndər Heydər Əliyevlə bağlı
olub. Ümummilli lider Heydər Əliyevin zəngin
irsi müstəqil Azərbaycan dövlətinin inkişaf və
tərəqqisi yolunda, indiki və gələcək nəsillər
üçün əvəzsiz sərvət, böyük
qürur və iftixar mənbəyidir. Bu
irsi öyrənmək və təbliğ etmək bizim hər
birimizin məsul və şərəfli borcudur.
Ümummilli lider Heydər Əliyevin müdrik rəhbərliyi,
həyata keçirdiyi düşünülmüş, məqsədyönlü
tədbirləri hesabına 1969-1982-ci illər Azərbaycanın
intibah dövrü kimi tarixə çevrilib. XX əsrin
70-80-ci illəri Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və
mədəni inkişafında özünəməxsus və
spesifik xüsusiyyətləri ilə səciyyələnən
mühüm bir tarixi zaman kəsiyidir. Bu
dövrdə həyata keçirilən tədbirlər məhz
Ümummilli Liderin adı və fəaliyyəti ilə
bağlıdır. Ümummilli Lider
çox bacarıqlı, son dərəcə təcrübəli
dövlət başçısı və yetkin siyasi xadim kimi
bir sıra çətin və mürəkkəb vəzifələrin
öhdəsindən müvəffəqiyyətlə gəlmək
bacarığı nümayiş etdirib. Onun
Azərbaycana rəhbərliyi dövründə bütün
sahələrdə ölkəmizin milli mənafelərinin
qorunmasına yönəlmiş bir sıra mühüm
addımlar atılıb. Bu nailiyyətlər
o vaxt hakimiyyətdə olan Ümummilli Liderin rəhbərliyi
və prinsipiallığı nəticəsində
mümkün olub.
AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasının professoru, siyasi elmlər
doktoru Elçin Əhmədovun “Heydər Əliyevin xarıci
sıyasət kursu və Azərbaycanın diplomatik
uğurları” adlı məqaləsini təqdim edir.
Azərbaycan
Respublikası 1991-ci il oktyabrın 18-də
dövlət müstəqilliyini bərpa etdikdən sonra
dövlətçiliyini inkişaf etdirərək möhkəmləndirmək
üçün tarixi fürsət əldə etmiş oldu. Belə bir şəraitdə milli dövlətçilik
prinsiplərinə uyğun olaraq yeni xarici siyasət kursunun
formalaşdırılması və həyata keçirilməsi
ən vacib məsələ kimi qarşıda dururdu. Ermənistanın
Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə
Dağlıq Qarabağda başlayan erməni separatizmi, eləcə
də hərbi təcavüzün genişlənməsi
ölkəmizi ciddi siyasi və iqtisadi problemlərlə
üz-üzə qoymaqla yanaşı, dövlətimizin xarici
siyasət fəaliyyətində də mühüm vəzifələrin
yerinə yetirilməsini ön plana çəkdi. Ermənistanın ölkəmizə qarşı hərbi
təcavüzünün qarşısını almaq, onun
ağır nəticələrini aradan qaldırmaq, dövlətimizin
ərazi bütövlüyünü və təhlükəsizliyini
təmin etmək, dünyaya siyasi və iqtisadi inteqrasiya olunmaq
zərurəti düşünülmüş, ardıcıl
və fəal xarici siyasət tələb edirdi.
1993-cü ilin ikinci yarısında ümummilli lider Heydər
Əliyevin yenidən hakimiyyətə qayıdışı
Azərbaycanda müstəqil dövlətçilik
ideyalarının bərqərar olmasına şərait
yaratdı.
Bundan sonra Azərbaycanın xarici siyasət kursunda mövcud
reallıqları nəzərə alan və
ölkəmizin milli mənafelərinin qorunmasına yönəlmiş
əməli dəyişikliklər edildi. Bu
dövrdən başlayaraq həyata keçirilən xarici
siyasətimiz məhz Ümummilli Liderin adı və fəaliyyəti
ilə bağlıdır. Özünün
zəngin dövlətçilik təcrübəsinə əsaslanaraq
dövlətimizin yeni xarici siyasət kursunun əsas istiqamətlərini
müəyyənləşdirən Prezident Heydər
Əliyevin bu yeniləşmiş xarici siyasət xəttində,
ilk növbədə, bir sıra ən mühüm və təxirəsalınmaz
vəzifələrin yerinə yetirilməsi qarşıya
qoyulmuşdu.
Həmin vəzifələrdən biri və ən əsası
Azərbaycanı beynəlxalq aləmdəki təcrid vəziyyətindən
çıxarmaq, ölkəmiz haqqında yaradılmış
mənfi ictimai rəyi dağıtmaq, xalqımızın haqq
işini dünya ictimaiyyətinə olduğu kimi
çatdıraraq, respublikamız ətrafındakı
informasiya blokadasını yarmaqdan ibarət idi. Ona görə
də yeni xarici siyasət xətti üçün hər
şeydən əvvəl müharibə
dayandırılmalı və dinc şərait təmin edilməli
idi. Bu məqsədlə 1994-cü ilin
mayında Ermənistanla atəşkəsə nail olunması,
qanunsuz hərbi birləşmələrin buraxılması və
ölkə daxilində sabitlik yaradılması yolunda
atılan addımlar sayəsində yeni xarici siyasət xəttinin
ardıcıllıqla həyata keçirilməsi
üçün lazım olan əlverişli dinc şərait
yarandı.
Müstəqilliyini bərpa etdikdən sonra demokratik
dövlət quruculuğu yoluna qədəm qoymuş Azərbaycan
Respublikasının üzləşdiyi sosial-iqtisadi və
siyasi problemlərin müvəffəqiyyətlə həll
olunması ölkəmizin beynəlxalq aləmdəki
mövqeyi və ayrı-ayrı ölkələrlə milli
dövlət maraqlarına cavab verən
qarşılıqlı faydalı əlaqələri və
dünya birliyinə inteqrasiyası prosesinin intensivliyi ilə
sıx bağlı idi. Bu mənada Azərbaycanın beynəlxalq
münasibətlər sistemində layiqli yer tutması
üçün dünya siyasətinin formalaşmasında
aparıcı rol oynayan dövlətlərlə və beynəlxalq
təşkilatlarla qarşılıqlı münasibətlərin
tənzimlənməsi və inkişaf etdirilməsi
mühüm əhəmiyyət kəsb edirdi.
Məhz
buna görə də dünya birliyinə bərabərhüquqlu
üzv kimi daxil olmağa çalışan və müstəqilliyinin
ilk addımlarını atan, eləcə də Ermənistanın
hərbi təcavüzü nəticəsində ərazi
bütövlüyü pozulmuş Azərbaycan
Respublikasının xarici siyasətində dünya birliyinə
inteqrasiya, ikitərəfli və çoxtərəfli
münasibətlər, o cümlədən beynəlxalq və
regional təşkilatlarla əlaqələrin
yaradılması və inkişaf etdirilməsi ümummilli
lider Heydər Əliyevin fəaliyyətinin başlıca
istiqamətlərindən birini təşkil edib.
Ümummilli Lider çox bacarıqlı, son dərəcə
təcrübəli dövlət başçısı və
yetkin siyasi xadim kimi bu çətin və mürəkkəb vəzifələrin
öhdəsindən müvəffəqiyyətlə və
böyük ustalıqla gəlmək bacarığı
nümayiş etdirdi. Ölkəmizin sistemli şəkildə
dünya birliyinə inteqrasiya olunmasında ikitərəfli və
çoxtərəfli siyasi münasibətlərin genişlənməsi
istiqamətində atılan addımlar mühüm əhəmiyyət
kəsb edir. Bu baxımdan Xəzər dənizinin Azərbaycan
sektorundakı neft yataqlarının istismarına dair
1994-cü il sentyabrın 20-də
imzalanmış “Əsrin müqaviləsi” ölkəmizin
dünya dövlətləri ilə qarşılıqlı əlaqələrinin
dərinləşməsi və beynəlxalq mövqelərinin
möhkəmləndirilməsinə güclü təkan verdi.
“Əsrin müqaviləsi” və sonrakı illərdə
imzalanmış çoxsaylı neft müqavilələri Azərbaycanın
dünya birliyinə inteqrasiyasını sürətləndirdi.
1998-ci il sentyabrın 7-8-də 32 dövlətin və 13 beynəlxalq
təşkilatın nümayəndələrinin
iştirakı ilə tarixi Böyük İpək Yolunun bərpası
üzrə keçirilmiş Bakı beynəlxalq konfransı
və onun nəticələri Azərbaycanın xarici siyasətinin
qazandığı ən mühüm nailiyyətlərindən
biridir.
Ümummilli lider Heylər Əliyev xarici siyasət xəttində
beynəlxalq təşkilatlarla əməkdaşlığın
genişləndirilməsi məsələlərinə
çox böyük diqqət yetirirdi. Azərbaycanın
beynəlxalq təşkilatlara üzv olması ilə
yanaşı, onların işlərində fəal surətdə
iştirak etməsi və səmərəli əməkdaşlıq
ölkəmizin problemlərini dünya ictimaiyyətinə
çatdırmaq üçün mühüm əhəmiyyət
kəsb edirdi. Bu baxımdan 1994-cü il
mayın 4-də Prezident Heydər Əliyevin “Sülh naminə
tərəfdaşlıq” proqramının çərçivə
sənədini imzalaması Azərbaycanın beynəlxalq
mövqelərinin möhkəmlənməsi istiqamətində
atılan mühüm addımlardan biri oldu. Bu
proqramın Azərbaycan üçün əhəmiyyəti
ondan ibarətdir ki, ölkəmiz NATO-ya daxil olan Avropa ölkələri
və ABŞ ilə dünya təhlükəsizlik sisteminin,
eləcə də beynəlxalq münasibətlərin sivil
qaydaları çərçivəsində hər cür əməkdaşlıq
etmək imkanı qazandı. Bu, öz növbəsində,
NATO-nun hərbi strukturları ilə Azərbaycan Ordusunun
sülh naminə əməkdaşlıq etmək, birgə təlim
və manevrlər keçirmək, onların ordu quruculuğu
təcrübəsindən bəhrələnmək, kadr
hazırlığı və s. sahələrdə birgə hərəkət
etmək imkanı verirdi. Bununla yanaşı,
ölkəmizin bu proqramda iştirakı qarşıya qoyulan məqsədlərin
həyata keçirilməsi üçün də əlverişli
şərait yaratdı.
Avratlantik strukturlara inteqrasiya istiqamətində Azərbaycan
çoxtərəfli Trans-Atlantik təhlükəsizlik əməkdaşlığı
proqramlarını inkişaf etdirən Avropa qitəsində və
onun sərhədlərindən kənarda təhlükəsizlik
və sabitliyə töhfə verir. Belə ki, ölkəmiz
1994-cü ildə NATO-nun “Sülh naminə tərəfdaşlıq”
proqramına qoşulan ilk dövlətlərdən olub və
bu təşkilatın əksər qurumlarının işində
fəal iştirak edərək NATO ilə mümkün tərəfdaşlıq
mexanizmlərindən tam şəkildə bəhrələnir.
Azərbaycanın NATO ilə əməkdaşlığı
respublikamızın xarici siyasət strategiyasının bir
neçə əsas amili baxımından qiymətləndirilməlidir. Birincisi, gənc
Azərbaycan dövləti öz xarici siyasətində beynəlxalq
təşkilatlarla əməkdaşlığa xüsusi əhəmiyyət
verir. İkincisi, Azərbaycan beynəlxalq
təşkilatların üzvü olan bütün dünya
dövlətləri ilə əməkdaşlıqda
maraqlıdır və çoxtərəfli diplomatiya siyasəti
yeridir. Üçüncüsü, Azərbaycanın
müharibə vəziyyətində olması tələb edir
ki, bütün vasitə və yollarla beynəlxalq aləmlə
təmasda olsun və onu problemlərimizin həllinə daha
çox cəlb etsin. Bu üç amil Azərbaycanın
NATO proqramına qoşulmasında əsas rol oynayıb. Bu gün NATO ilə əlaqələrin genişləndirilməsi
və dərinləşdirilməsi Azərbaycanın dünya
birliyinə inteqrasiya olunması, öz maraqlarını
bilavasitə təmsil etməsi baxımından xüsusi əhəmiyyət
kəsb etdiyindən bu sahədə fəaliyyət müstəqil
Azərbaycan dövlətinin xarici siyasətinin prioritet istiqamətlərindən
birini təşkil edir.
1996-cı
il aprelin 22-də Lüksemburqda Avropa İttifaqı və Azərbaycan
Respublikası arasında ticarət, sərmayə, iqtisadiyyat,
qanunvericilik, mədəniyyət, immiqrasiya və qeyri-qanuni
ticarətin qarşısının alınması sahəsində
əməkdaşlığı nəzərdə tutan “Tərəfdaşlıq
və Əməkdaşlıq Sazişi” imzalanıb. Bu müqavilənin imzalanması Azərbaycanın
xarici siyasətinin ən uğurlu səhifələrindən
biri kimi qiymətləndirilir. Dövlətimiz
və xalqımız üçün mühüm tarixi əhəmiyyət
kəsb edən bu müqavilə Azərbaycanın Avropa
strukturları və institutları ilə əlaqələrinin
genişlənməsi, xüsusilə inteqrasiya istiqamətində
hüququ baza rolunu oynayır.
Azərbaycanın Avropa institutlarına inteqrasiyası
istiqamətində Avropa Şurasının bərabərhüquqlu
üzvü olması respublikamızın mühüm problemlərinin
dünya ictimaiyyətinin diqqətinə obyektiv
çatdırılması üçün yeni və
çox mötəbər tribuna vermiş oldu. Belə ki, Avropa Şurası
Nazirlər Komitəsinin 2001-ci il
yanvarın 17-də nümayəndələr səviyyəsində
keçirilmiş iclasında Azərbaycan Respublikasının
Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə
dair qərar qəbul edildi. Bu qərar
Ümummilli Liderin uzaqgörən, daxili və xarici siyasətinin
və bu istiqamətdə məqsədyönlü fəaliyyətinin
nəticəsi idi. Yanvarın 25-də Azərbaycan
Prezidenti Heydər Əliyevin iştirakı ilə Strasburqda
ölkəmizin bu təşkilata üzv qəbul edilməsi
münasibətilə rəsmi mərasim keçirilib və
dövlətimizin üçrəngli bayrağı
ucaldılıb. Bu hadisəni ümummilli lider Heydər
Əliyev yüksək qiymətləndirərək demişdi:
“Azərbaycanın Avropa Şurasına qəbul edilməsi nəinki
müstəqil, suveren, demokratik, dünyəvi dövlət
kimi tanınmasıdır, həm də Avropa ailəsinin bərabərhüquqlu
üzvü kimi Azərbaycan dövlətinin inkişafında
yeni mərhələnin başlanğıcıdır”.
Qazanılan bu uğurlarla yanaşı, Azərbaycanın
ən ağrılı problemi olan Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin nizama
salınması ümummilli lider Heydər Əliyevin xarici siyasət
fəaliyyətində başlıca yer tutub. Bu məqsədlə
1993-cü ilin ikinci yarısından başlayaraq Prezident Heydər
Əliyev respublikamızın təhlükəsizlik problemlərini,
xüsusilə Ermənistanın ölkəmizə
qarşı əsassız ərazi iddiaları və hərbi
təcavüzü məsələlərini beynəlxalq aləmə
çıxararaq regionda sülhün bərqərar olması
üçün beynəlxalq təşkilatların təsirini
artırmağa çalışıb. Prezident Heydər
Əliyevin ən yüksək səviyyədə dövlət
başçıları və nümayəndə heyətləri
ilə ikitərəfli, eləcə də çoxtərəfli
görüşlərində, ATƏT-in zirvə toplantılarında,
Minsk qrupunun həmsədrləri ilə aparılan müzakirələrdə,
eyni zamanda, Ermənistan prezidenti ilə danışıqlarda
göstərdiyi səylər onun apardığı məqsədyönlü
siyasətin mühüm tərkib hissəsini təşkil
edib. Belə ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsinin dinc vasitələrlə nizama
salınması istiqamətində məhz Prezident Heydər
Əliyevin qətiyyətli və gərgin fəaliyyəti nəticəsində
1994-cü il mayın 12-də atəşkəs
haqqında razılıq əldə edildi və bundan sonra
ATƏT-in Minsk qrupu çərçivəsində müntəzəm
olaraq danışıqlar aparılmağa başlandı. Daha
sonra 1994-cü il dekabrın 5-6-da ATƏT-in Budapeştdə
keçirilən Zirvə toplantısında Prezident Heydər
Əliyevin çevik diplomatiyasının təsiri ilə
“Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar
ATƏT-in fəaliyyətinin intensivləşdirilməsi” barədə
qərar qəbul olundu.
1996-cı
il dekabrın 2-3-də ATƏT-in Lissabonda keçirilən Zirvə
toplantısında qəbul edilən və münaqişənin
nizama salınmasının beynəlxalq-hüquqi
bazasını təşkil etmiş olan sənəd Ermənistan-Azərbaycan
münaqişəsini ədalətlə aradan qaldırmaq
yolunda böyük siyasi nailiyyət sayıla bilər. Zirvə toplantısı zamanı Ümummilli Liderin
siyasi iradəsi və diplomatik fəaliyyəti sayəsində
münaqişənin həllinin siyasi-hüquqi çərçivəsini
müəyyənləşdirən xüsusi bir sənəd qəbul
edildi. Ermənistan-Azərbaycan münaqişəsinin həllinə
dair 3 əsas prinsipi özündə əks etdirən və
ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənin
xarici işlər naziri Flavio Kottinin adından verilən bu bəyanat
Ermənistan istisna olmaqla, dünyanın 53 dövləti tərəfindən
müdafiə olundu və Lissabon sammitinin yekun sənədlərinə
əlavə edildi.
Ümumiyyətlə, Ermənistan-Azərbaycan
münaqişəsi və Dağlıq Qarabağ probleminin
dinc vasitələrlə nizama salınması ümummilli
liderimiz Heydər Əliyevin xarici siyasət fəaliyyətində
mühüm yer tutub. Yalnız onu qeyd etmək kifayətdir ki, 1993-2003-cü
illər ərzində Azərbaycanın dövlət
başçısı Heydər Əliyev Ermənistan
prezidenti ilə 23, ATƏT-in rəhbərliyi və Minsk
qrupunun nümayəndələri ilə 150-yə qədər
görüş keçirib. Azərbaycan Prezidentinin bu
dövrdə 80-dək ölkənin dövlət
başçıları ilə keçirdiyi 500-dən
çox görüşdə, eləcə də nüfuzlu
beynəlxalq təşkilatların ən yüksək səviyyəli
nümayəndələri ilə, ATƏT-in, NATO-nun, Avropa
Şurasının, İslam Konfransı Təşkilatının,
MDB-nin, GUAM-ın, İqtisadi Əməkdaşlıq Təşkilatının,
Türkdilli Ölkələrin Dövlət
Başçılarının zirvə görüşlərində
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin
həlli məsələsi müzakirə olunub.
Ümumiyyətlə, Heydər Əliyevin ölkəmizə
rəhbərlik etdiyi 1993-2003-cü illərdə
respublikamız üçün həlledici illər olub. Məhz həmin
illərdə dövlətçiliyimizin möhkəm təməli
qoyulub. O illərdə Azərbaycanın istər daxili,
istərsə də xarici siyasətlə bağlı strateji xətti
müəyyən edilib, Azərbaycan dünya birliyinə
qovuşub.
Əsasını
Ümummilli Liderin qoyduğu və bu gün Prezident İlham
Əliyev tərəfindən uğurla həyata keçirilən
xarici siyasət strategiyası dövlətlərarası
regional və beynəlxalq əlaqələrə daha
yaxından qatılaraq, Şərq və Qərb dəyərlərinin
sintezindən yaranmış cəhətləri özündə
əxz edərək dünya birliyinə sıx inteqrasiya
olunmaq xəttini seçib. Bu seçimi
reallaşdırmaq üçün Azərbaycan dövləti
bir tərəfdən dünya təcrübəsini öyrənərək
özünün iqtisadi və siyasi inkişaf modelini müəyyənləşdirir,
digər tərəfdən isə beynəlxalq aləmdə qəbul
edilmiş prinsiplərə uyğun olaraq öz milli
maraqlarını qoruyaraq dövlətlərarası əlaqələrə
girir.
Hazırda regionda və dünyada baş verən əsas
iqtisadi siyasi və mədəni proseslərdə Azərbaycan
dövləti layiqincə təmsil olunur, öz mövqeyini
bildirir və mənafelərini qoruyur. Ölkə daxilində
gedən demokratik proseslər və iqtisadi yüksəlişlə
yanaşı, uğurlu xarici siyasət bu gün
dünyanın aparıcı dövlətlərinin, nüfuzlu
beynəlxalq təşkilatların diqqətini Azərbaycana
yönəldib və bu da beynəlxalq hüquq normalarına
uyğun qarşılıqlı faydalı əməkdaşlığın
yaranmasına və inkişafına əlverişli zəmin
yaradıb.
Müasir dövrdə Azərbaycanın hüquqi
dövlət quruculuğu və insan hüquqlarının
müdafiəsi sahəsində səylərin gücləndirilməsi
dövlət siyasətinin əsas istiqamətlərindən
biridir. Belə ki, keçən illər ərzində Azərbaycan
Respublikası insan hüquqları sahəsində fəaliyyət
göstərən nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığı
inkişaf etdirib, insan hüquqlarının müdafiəsi sahəsində
beynəlxalq sənədlərə imza atıb və bu sahədə
beynəlxalq öhdəliklərin həyata keçirilməsində
mühüm nailiyyətlər əldə edib.
Bu gün dövlət başçısı İlham
Əliyevin yürütdüyü siyasət Azərbaycanın
regionda və dünyada müttəfiqlərinin sayını
xeyli dərəcədə artırıb. Ümummilli
lider Heydər Əliyevin xarici siyasət kursunu novatorcasına
və dinamik şəkildə davam etdirən Prezident İlham
Əliyevin yüksək diplomatik istedadı sayəsində
ölkəmizin dünyanın siyasi-iqtisadi mənzərəsini
müəyyən edən aparıcı dövlətlərlə
və beynəlxalq təşkilatlarla münasibətləri
keyfiyyətcə yeni müstəvidə daha da inkişaf edib.
Nəticədə, Azərbaycan yalnız beynəlxalq
regionda gedən proseslərə deyil, eyni zamanda, beynəlxalq
aləmdə cərəyan edən proseslərə də təsir
göstərmək imkanı qazanıb. Ona
görə də bu gün dünyanı narahat edən, həyati
əhəmiyyətli bir sıra problemlərdə
aparıcı dövlətlərin başçıları Azərbaycan
rəhbərinin mövqeyi ilə hesablaşırlar.
Azərbaycan artıq Cənubi Qafqaz regionunda əsas
söz sahibi olan dövlət kimi çətin geosiyasi şəraitdə
müstəqil xarici siyasət həyata keçirir. Artıq bu il
27 illiyini qeyd etdiyimiz müstəqil dövlətimiz
bütün sahələr üzrə inkişafını
davam etdirir, beynəlxalq aləmdə müqavilələrini
daha da möhkəmləndirir, xarici siyasət sahəsindəki
uğurlarını intensivləşdirir. Məhz
bunun nəticəsidir ki, Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması
istiqamətində dövlət başçısı
İlham Əliyevin mövqeyi dünyanın aparıcı
dövlətləri və nüfuzlu beynəlxalq təşkilatların
nümayəndələri tərəfindən yüksək
qiymətləndirilir və müdafiə olunur.
Azərbaycan müasir dövrün hədə və təhdidlərinin əlaqələndirilmiş şəkildə qarşısının alınması, eləcə də aradan qaldırılması üçün beynəlxalq birliyin səylərini səfərbər etmək məqsədilə qlobal və regional təşkilatların işində fəal iştirak edir. Ölkəmiz sülhün və təhlükəsizliyin təmin olunmasında universal beynəlxalq təşkilat kimi BMT-nin mərkəzi rolunun daha da artırılması istiqamətində göstərilən səyləri dəstəkləməklə təşkilatın müxtəlif təsisatları və ixtisaslaşdırılmış qurumlarında təmsilçiliyini daha da artırıb.
Ümumiyyətlə, münaqişənin dinc vasitələrlə nizama salınması istiqamətində bütün beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər Azərbaycanın mövqeyinin bir daha gücləndirilməsi və məsələnin beynəlxalq hüququn prinsipləri əsasında həllinin təsdiqlənməsi deməkdir. Bu baxımdan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə, ATƏT, Avropa Şurası və İslam Konfransı Təşkilatının qərarları da əhəmiyyətlidir və ölkəmizin ədalətli mövqeyinin beynəlxalq səviyyədə müdafiəsi üçün hüquqi əsasdır. Son zamanlar isə Avropa Parlamenti və NATO-nun Zirvə toplantılarında qəbul olunan qərarlarda birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyü dəstəklənir və işğala son qoyulmasının zəruriliyi bildirilir.
Dövlət başçısı İlham Əliyevin dəfələrlə və birmənalı olaraq “Azərbaycan torpaqları danışıqların mövzusu ola bilməz” fikrini irəli sürməsi ölkəmizin ərazi bütövlüyü təmin olunmaqla münaqişənin ədalətli şəkildə həll olunacağı ilə bağlı ümidləri daha da artırıb.
Eyni zamanda, Prezident İlham Əliyev bəyan edib ki, Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək, dünya birliyi heç vaxt Dağlıq Qarabağın müstəqilliyini tanımayacaq. Prezident İlham Əliyev torpaqlarımızı azad etmək üçün əsasımızın olduğunu və bunun beynəlxalq hüququn normaları ilə təsdiq edildiyini vurğulayıb.
Yuxarıda göstərilənlər
onu deməyə əsas verir ki, bu gün Azərbaycanın
xarici siyasət strategiyasının uğurla həyata
keçirilməsi respublikamızın dünya miqyasında
nüfuzunu xeyli yüksəldib, ölkəmizin Cənubi Qafqaz
regionunda lider dövlətə çevrilməsini şərtləndirib.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən
qoyulmuş xarici siyasət strategiyasının uğurla davam
etdirilməsi müstəqil dövlətimizin dünya birliyində
mövqelərinin daha da yüksələcəyinə olan əminliyi
artırır.
Elçin Əhmədov
Hərbi And.- 2019.- 18 yanvar.- S.9.