Yaşatmaq yaşamaqdı

 

 Oçerk

 

Mətləbinə, deyəcəyin fikrə söykək olsun deyə hərdən nə vaxtsa oxuduqların, eşitdiklərin yada düşür...

Yaşamaq gözəldi, qardaşım! - neçə onillər əvvəl türk şairi Nazim Hikmət belə de-yib...

Yaşamaq gözəldi. Bəs yaşatmaq? - yaşadırsansa, yaşada bilirsənsə, yaşatmağı bacarırsansa, yaşamaq daha gözəldi, yaşada bilirsənsə, dəyərli ömür yaşayırsan. Belə ömürlərin işığı bəşərilik işığıdı. Bəşərin bu gününü sabahlara bağlayan belə işığın başlanğıcı olur, sonu olmur. Bu işıq sabahlar üçündü. Ömürlərə çökən, çökməkdə olan dumanı dağıdan həkimlər, təbiblər, loğmanlar belə ömür yaşayır. Belə ömürlərdə İbn Sınalıq zərrəsi olduğunu kimsə inkar edə bilməz...

Ünlü ürək-damar cərrahı  Anar Əmrahın hocası - ustadı Harun Tatarın bir kəlamını yaşam fəlsəfəsinin zərrəsi bilənlərin sırasındayam: öz işini özün bəyən. Yəni, işini (müalicəni, əməliyyatı) olduqca məsuliyyətlə yerinə yetir ki, müalicəyə, əməliyyata sərf olunan vaxt ömrünə yazılsın. O müddəti ömürləşdirə bilməsən, bir ömür boyu təəssüflənəcəksən, bu acı təəssüf səni son nəfəsinəcən izləyəcək. Sənə müraciət edənin müalicəsini (əməliyyatını) məsuliyyətlə yerinə yetir ki, sənə güvəncim, təbibim deyənin sağlamlığı təmin edilsin, baxışlarında uçunan minnətdarlığı könül xoşluğuyla yaşaya biləsən. Mərkəzi Hərbi Klinik Hospitalın kardiologiya bölməsinin rəisi, uzman, tibb xidməti mayoru Səməd Səmədli də belə könül xoşluğunu çox yaşayıb, hələ çox yaşayacaq...

Təbiəti sevib, indi sevir...

Təbiətə sevgi onun ürəyinə göz açıb da gördüyü Mollaoba kəndinin (Masallı) ecazkarlığından hopub, şübhəsiz. Talış dağlarının duruşunu da sevib, çeşmələrin, bulaqların axışını da, çiçəklərin baxışını da, yazın yağışını da, payızın yelini , yazın-payızın coşub-daşan selini , yayın istisini-bürküsünü , budaqlarda yarpaqların türküsünü , qışın qarını da. Təbiəti sevib, yaşamağı sevib - yaşatmağı qərara alıb. Bilib ki, yaşamın nizamını düzləndirən, nizamlayan həkimlikdi - həkimlərdi, təbiblərdi, loğmanlardı. Bu istək Mollaoba məktəbində oxuyanda qımıldanıb, şəhər 1 saylı orta məktəbdə təhsil alanda arzulaşıb, murazlaşıb, Səmədin təbiətə sevgisi insanlığa sevgisinin başlanğıcı olub, düşünürəm. Ona görə dönməzləşib, bəşəriləşib...

O da bilirdi ki, ata nəsihəti heç zaman faydasız olmur (Nizami Gəncəvi). Yaşam fəlsəfəsinin mahiyyətini oxuya-oxuya, öyrənə-öyrənə, atasının - Əlövsət həkimin söhbətlərini dinləyə-dinləyə dərk edib. Dərk edib ki, dünyanın nizamı pozulanda da, pozulmayanda da yaşatmaq - yaşamaqdı, yaşamaq - yaşatmaq!

Atasının söhbətlərindən eşitmişdi: Böyük Vətən müharibəsində azərbaycanlı həkimlər fədakarlıqlar göstərib. Səmədi belə söhbətlərin mahiyyətimi çəkmişdi? Yoxsa Qarabağda gedən döyüşlərdə yaralananlarımızı səhra hospitallarında həyata qaytaranlarımız, müalicə edənlərimiz haqqında eşitdiklərimi, təkcə vəzifə borcunu deyil, həm vətəndaşlıq borcunu yerinə yetirənlərimizmi? "Vətən!" deyən, "Torpaq!" deyən yaralı əsgərlərin harayımı? Göy üzünü əridən ana fəryadımı, bacı naləsimi? - həkim (həm hərbçi həkim!) olmağı qərarlaşmışdı; Vətənin keşiyini çəkənlərimizin, torpaqlarımızı işğaldan azad etmək amalıyla xidmət edənlərimizin - Böyük Qələbənin zabit əsgərlərinin sağlamlığına xidmət edəcəkdi!

1994-cü ildə Gülhanə Hərbi Tibb Akademiyasına daxil oldu. Həmin gün Əlövsət oğlu Səməd gömgöy göy üzünün göylüyündə yerə-göyə sığışmayan fidan niyyətinin işığını görürdü. işığıydı yozumsuz dünyada Masallıdan böyük dünyaya aparan yolu qüdrətiylə nurlandırmaqdaydı. Bu ecazkar görüntünü niyyətinin duruluğuna yozurdu...

Bu da arzularının şəhəri!

Bu da marağın istəyə döndüyünün məkanı olacaq Gülhanə Hərbi Tibb Akademiyası!

Təhsilin ilk illərində genetikayla maraqlanırdı. Maraq - istək - niyyət dialektikası var Səməd bu tezisin ilkinindən o yana getmədi. Niyə? - hocası (müəllimi) paşa (general) Ərsoy İşıqlıyla, albay (polkovnik) Atilla İyisoyluyla tanışlıq, onların mühazirələri, mühazirələrdən sonra Səmədin xahişiylə elmi söhbətləri marağının - hələ istəyə çatmayan niyyətinin yönümünü dəyişdi. Bu biliklə, bu öyrənmək yanğısıyla genetik ola bilərdi - genetik uzman Səməd Səmədli ola bilərdi, kardeologiyanı seçdi, kardeoloq oldu ( yaxşı kardeoloq oldu!).

Niyə məhz kardioloq? - müəllimlərinin söhbətləri, mühazirələri öz yerində, bilirdi ki, insanın hər ağrı-acısının cəfasını ürək çəkir; insanın insana (insanlığa), bəşərə (bəşəriyyətə) münasibətini ürək müəyyənləşdirir. Ünlü uzman Anar Əmrahın təəbirincə desək, Səməd ürəklərin keşiyini çəkmək istəyib. Bu istəklə, bu niyyətlə yaşayanlar cəmiyyətin mənəvi, mənəvi-tibbi (anatomik) ürəyinə dönür.

Ürək uzmanıdı Səməd Səmədli. Ürəyi müayinə edəndə aşkarladığı hər qüsur özünün ürək ağrısına dönür. Aşkarladığı qüsurun necə aradan qaldırılması çək-çevirini yaşaya-yaşaya gərdişin yönümünü dəyişdirir. Uzmanlığı (loğmanlığı) şərtləndirən bu amil həm vətəndaşlıqdan rişələnir; ürək xəstəlikləri, ürək qüsurları ilə mübarizə əsgəridi (sərkərdəsidi) tibb xidməti mayoru Səməd Səmədli. Səməd Səmədli belə həkimdi, belə loğmandı, belə vətəndaşdı; Səməd Səmədli Harun Tatar demişkən, öz işini bəyənir, demək insanlığı (bəşəriliyi) sevir, tanıdıqlarının, tanımadıqlarının ürək ağrılarından qurtuluşunun cəfakeşidi. Bu cəfakeşlik Azərbaycan Ordusuna cəfakeşlikdi, Böyük Qələbəyə cəfakeşlikdi. Bu cəfakeşlik təbabətə sədaqətin cəfakeşliyidi...

"Sənə müraciət edənləri əzizin bilməlisən", - tibb xidməti mayoru uzman Səməd Səmədli belə deyir. Yadıma Sədrəddin Ayninin "Balaca Xallı" əsəri düşür. Əsərin qəhrəmanı həkimdi. Müəllimini əməliyyat edəndə dediklərini xatırlayıram: "Cərrah (həkim - R.H.) digərləri ilə müqayisədə əzizini əməliyyat (müayinə, müalicə -  R.H.) edəndə daha çox həyəcanlanır". Səməd Səmədli kimi müraciət edənlərin hamısını əzizi bilən uzmanlarda belə həyəcanların ömrü əməliyyata (müalicəyə) qədərdi. Həkim olur, finendoskop (cərrah bıçağı) olur, bir xəstəlik. Həkim xəstəliyin mənşəyini, durumunu müəyyənləşdirir, onun ləğviylə mübarizə aparır. Bu mübarizə xəstənin ömrünə ömür vermək niyyətidi. Səməd həkim bu niyyətlə yaşayır - yaşadır, bu niyyətlə yaşadır - yaşayır...

...On yaşlı uşağı müayinə (angioqrafiya) edirdi. Dəhşətə gəlmişdi - uşağın ürəyini qidalandıran damar tutulmuşdu. Kövrəldiyini assisentlər hiss etməmişdi. Həmin anlarda ürəyi kürlük etmişdi. "Bu yaşda uşağın ömrünə çökməkdə olan təhlükəni - əməliyyat zərurətini ata-anasına, əzizlərinə necə deyim? Demərəmsə, necə deməyim?" - ürəyini çarəsizlik sıxıntıları göynədirdi; uşaq əməliyyat olunmalıydı...

Aradan illər keçib...

Həmin uşaq yaşadı. Bəlkə indi tələbədi. Bəlkə həkim olacaq; "bəlkə"siz Səməd Səmədlini xatırlayır, şübhəsiz, onun "Sən yaşayacaqsan!", - ümidini ...

Şətrənc adıyla yaranan, şahmat adıyla yaşadılan təfəkkür oyununu Səməd Səmədli çox sevir. Bu, xəstəliklə mücadilədə - çarə axtarışında ən gərəklisini tapmağa sövq edən sevgiydi. Gülhanədə bu qabiliyyəti ilə fərqlənib. Az sonra aşağı kursda oxuyanların püxtələşməsinə cəlb olunub - komandanın kapitanı olaraq. Bu, geniş erudisiyaya malik olmağın nəticəsiydi. "Hər qələbə növbəti qələbənin başlanğıcıdı, növbəti uğur əvvəlkinə söykənir...", - Səməd Səmədli belə deyir. Həm gözəl deyir. Bu fikri şahmatdan təbabətə köçürmək suç deyil - hər dəqiq müayinə, hər uğurlu müalicə növbəti uğurlara stimuldu...

... Qədim yunan mütəfəkkiri Esxil deyirdi ki, hər şey dəyişir. Günah olmasa hər şey yox, çox şey dəyişir deyərdim. Dəyişməyənlərdən biri ata ömrünü şərtləndirən məqamlara, bu məqamların mahiyyətinə sevgidi, sədaqətdi; Səməd atası Əlövsət həkimin yolunun davamçısı oldu, Zeynəb atası Səməd həkimin yolunu davam etdirmək istəyir. Bu istəyin niyyətləşəcəyinə, murazlaşacağına necə inanmayasan? - 11 yaşlı uşaq atasına tez böyümək istədiyini deyir. Zeynəb "Niyə?" sualına bir qədər çəkingənliklə, bir qədər inamla "Sənin kitablarını oxumaq üçün, ata...", - deyir.

Bu kitablar təbabətə aiddi...

Oğlu Abdullah deyəcək? - onu zaman göstərər...

Tibb xidməti mayoru Səməd Səmədli hərbi səhiyyənin bu səviyyədə inkişafına görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdar olanların sırasındadır.

Poeziyanı sevir. "Yağışdan sonra göy üzünə sarılan göy qurşağını hamımız çox görmüşük. Onun sözlə təsvirini - "Belə də şahanə gəliş olarmı, Başına tac qoyub qövsi-qüzehdən!" misralarını necə düşüncələrinə hopdurmayasan? Və yaxud, qışda şaxta qayalardan aşıb tökülən dağ çayını da dondurur. Bu görüntünün "Dağ çayı saçından dara çəkilib" kimi təqdimi necə könlünə yatmaya bilər?", - Səməd Səmədli belə deyir. Həm də deyir ki, Anar Əmrah kardeoloqların fəaliyyətini bir fikirlə olduqca mükəmməl ifadə edir: Ürəklərin keşiyini çəkirik. Mən həm kardeoloq olduğuma görə, həm də hərbçi olduğuma görə taleyimdən razıyam. Bu kəlmələr şükranlıqdı...

Düzgün, əhatəli kəşfiyyat həmlənin, hücumun, müayinə müalicənin uğurla nəticələnməsinə vəsilə olur. Bu anlamda kəşfiyyatla müayinə kəlmələri arasında məzmun uyğunluğu var deyə bilərikmi? - bilərik...

- Ali Baş Komandanın "Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır" - kəlamını həmişə qürurla xatırlayırıq. Azərbaycan Ordusunun və Bakının azad edilməsinin 100 illiyinə həsr olunmuş paradlar möhtəşəmliklə təsdiqlədi ki, ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Belə bir ordunun zabiti olmağımla qürurlanıram", - tibb xidməti mayoru Səməd Səmədli də qüdrətli Azərbaycan Ordusuyla qürurlanır...

"Yaşada-yaşada yaşamaq  gözəl ömürdü" kəlamını ömür düsturu bilən tibb xidməti mayoru Səməd Səmədli bu niyyəti gənc həmkarlarına da, uşaqlarına da aşılayır. Həm də əsl vətəndaşlığa sədaqət kimi...

 

Rəşid HÜSEYNOV, əməkdar jurnalist

 

Hərbi And.- 2019.- 18 yanvar.- S.12.