Prezident İlham Əliyevin
portret cizgiləri: Müdrik lider, böyük strateq, qalib sərkərdə
Qüdrətli
ordu, güclü iqtisadiyyat, beynəlxalq arenada önəmli
mövqe, müstəqil xarici siyasət və qalib ölkə.
Bu, öz tarixinin ən güclü dövrünü
yaşayan Azərbaycanın bugünkü
reallıqlarıdır. On yeddi il əvvəl Azərbaycan
xalqı müdrik seçim edərək, Ulu Öndərimizin
siyasi kursuna və dahi şəxsiyyətin layiqli
davamçısı İlham Əliyevə səs verdi. Ötən
hər il xalqın öz seçimində
yanılmadığını təsdiqləməkdədir.
Yeni əsrin yeni lideri İlham Əliyev bu 17 ildə Azərbaycanı
həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən
qüdrətli, dünyada sözü keçən dövlətə
çevirdi. Bu güc sayəsində Qarabağın 30 il davam
edən işğalına 44 gündə son qoymaq
mümkün oldu. Biz həqiqətən tarixi günlər
yaşadıq və yaşayırıq. Çoxəsrlik Azərbaycan
tarixində buna bənzər şərəfli və
qürurlu günlər olmayıb.
Məhz
bu konsepsiyanın əsasını təşkil edən
üç mühüm güc - iqtisadi, siyasi, hərbi güc
və onların vəhdəti Azərbaycanın Vətən
müharibəsinin başlıca hərəkətverici
qüvvəsi oldu.
Ötən
illər həm də onu göstərdi ki, Prezident İlham
Əliyev qurucu, birləşdirici, Azərbaycan xalqının
bütün istək və arzularını həyata
keçirən, öz siyasətində Azərbaycan dövlətinin
və xalqının maraqlarını ən ali məqsəd
kimi görən və bütün qüvvəsini bu istiqamətdə
səfərbər edən, xalqın birmənalı şəkildə
dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi
liderdir.
İqtisadi güc. Prezident İlham Əliyev 17
il ərzində qüdrətli iqtisadiyyata malik Azərbaycan
yaratdı
Ölkəmizin 17 il ərzində keçdiyi
yola nəzər salsaq, Azərbaycan iqtisadiyyatının
davamlı və dinamik inkişaf etdiyini görərik. Prezident
İlham Əliyev praqmatik və çevik siyasəti, sistemli və
ardıcıl yanaşması, inqilabi səciyyə
daşıyan islahatları ilə Azərbaycanı iqtisadi
baxımdan qüdrətli dövlətə çevirib,
zamanın hər bir çağırışına
anında cavab verib. Bu illər ərzində regionda
reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı
layihələr Azərbaycanın iştirakı, onun milli
maraqları nəzərə alınmaqla həyata
keçirilib.
Ulu Öndərin
“İqtisadiyyatı güclü olan dövlət hər
şeyə qadirdir” kəlamı üzərində qurulan siyasət
nəticəsində ötən 17 il ərzində misilsiz uğurlara
imza atılıb. 1994-cü ildə imzalanan “Əsrin
müqaviləsi” ilə əsası qoyulan neft strategiyası
sonrakı illərdə də davam etdirilib. Azərbaycanın qazandığı nailiyyətlərin
təməlində məhz bu strategiya dayanır. 2006-cı ildə
Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə
Bakı–Tbilisi–Ərzurum qaz kəməri kimi misilsiz layihələr
reallaşdırılıb. 2018-ci ildə Avropanın enerji təhlükəsizliyində
böyük rola malik Cənub Qaz Dəhlizinin və onun tərkib
hissəsi olan TANAP boru kəmərinin rəsmi
açılış mərasimləri keçirilib. TAP layihəsi
ilə bağlı işlər yekunlaşmaq üzrədir. Həmçinin
“Əsrin müqaviləsi” 2050-ci ilə qədər
uzadılıb.
Eyni zamanda, dövlətimizin
başçısının təşəbbüsü ilə
Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat
dəhlizlərinin yaradılması istiqamətində
böyük işlər görülüb, Bakı–Tbilisi–Qars
dəmir yolu istifadəyə verilib. Azərbaycanın Rusiya,
İran və Gürcüstanla sərhədinə qədər
yeni magistral avtomobil yolları tikilib.
Prezident İlham Əliyev bu və
digər təşəbbüsləri ilə regionda
mühüm əməkdaşlıq platforması yaradıb
ki, bu da beynəlxalq ekspertlər tərəfindən bölgənin
inkişafında və təhlükəsizliyində
mühüm amil kimi qiymətləndirilir.
Bu gün Azərbaycan həm də
dünyada sayı məhdud olan kosmik ölkələr
sırasındadır. 2013-cü ildə ilk telekommunikasiya
peykimiz “Azerspace-1”, 2014-cü ildə Yer səthini
müşahidə edən “Azersky” peyki, 2018-ci ildə isə
daha bir telekommunikasiya peyki - “Azerspace-2” orbitə
çıxarılıb.
Bütün bunlarla yanaşı, son 17 ildə
ölkəmizdə ümumi daxili məhsul 3 dəfə
artıb, yoxsulluq səviyyəsi 49 faizdən 5 faizə enib,
strateji valyuta ehtiyatlarımız 50 milyard ABŞ
dollarını ötüb. Qeyri-neft sektorunun, kənd təsərrüfatının,
metallurgiya sənayesinin, yüngül sənayenin
inkişafı istiqamətində atılan mühüm
addımlar da öz müsbət nəticəsini verməkdədir.
Beləliklə, dövlətimizin
başçısı Azərbaycanda güclü əsaslara
malik iqtisadi sistemin qurulmasını təmin edib ki, bu da
qüdrətli dövlət quruculuğu istiqamətində ən
mühüm komponentlərdən biridir. Təbii ki, məhz
Prezident İlham Əliyevin uzaqgörən və praqmatik iqtisadi
siyasəti sayəsində Azərbaycanın malik olduğu
imkanlar Vətən müharibəsinin qazanılmasında da əsas
amillərdən oldu.
Siyasi güc. Müstəqil xarici siyasət
yürütməsi Azərbaycana böyük nüfuz və dəstək
qazandırdı
Azərbaycan Prezidentinin
böyük siyasi bilikləri, təcrübəsi, diplomatiya
elmini dərindən bilməsi ölkəmizin xarici siyasət
kursunun uğurla həyata keçirilməsində
mühüm rol oynayır. Ölkələrin bir-birinin
suverenliyinə hörmət etmələrinin, əməkdaşlığı
gücləndirməklə qarşılıqlı
faydalı əlaqələrin qurulmasının vacibliyini bəyan
edən Prezident İlham Əliyev xarici siyasət kursunu bu
prinsiplər əsasında qurub. Azərbaycan
beynəlxalq hüququn norma və prinsiplərinə, suverenlik,
ərazi bütövlüyü və dövlətlərin
beynəlxalq səviyyədə tanınmış sərhədlərinin
toxunulmazlığına hörmət və riayət edilməsi,
həmçinin daxili işlərə qarışmama kimi
prinsiplər əsasında əməkdaşlığa
hazır olduğunu praktikada təsdiqləyib. Ölkəmiz ən
ziddiyyətli beynəlxalq münasibətlər fonunda da bu xəttə
sadiqliyini nümayiş etdirərək müstəqil xarici
siyasət yürüdür. Bu səbəbdəndir ki,
dünya Azərbaycanın sözünü eşidir,
Prezidentimizin irəli sürdüyü beynəlxalq və
regional təşəbbüslərə dəstək verir.
Əlbəttə, Ermənistan
istisna olmaqla, bütün qonşular, həmçinin digər
xarici tərəfdaş ölkələrlə iqtisadi müstəvidə
qurulan səmərəli əməkdaşlıq
qarşılıqlı siyasi əlaqələrin
formalaşmasında və möhkəmlənməsində
mühüm rol oynadı. Bu gün həm də
dünyada etibarlı tərəfdaş kimi tanınan Azərbaycan
qonşu ölkələrlə müxtəlif platformalarda əməkdaşlıq
əlaqələri quraraq mövcud münasibətlərini
daha da möhkəmləndirə bildi. Burada Azərbaycan-Türkiyə-Gürcüstan
və Azərbaycan-Rusiya-İran üçtərəfli əməkdaşlıq
platformalarını xüsusi qeyd etmək lazımdır.
Bununla yanaşı, Avropa İttifaqına üzv ölkələrin
bəziləri ilə qurulan strateji tərəfdaşlıq əlaqələrini
də vurğulamaq olar.
Bu illər ərzində beynəlxalq təsisatlarla
da səmərəli əməkdaşlıq əlaqələri
qurması ölkəmizin beynəlxalq imicinin
formalaşmasında müstəsna əhəmiyyət kəsb
edir. Azərbaycanın 155 dövlətin dəstəyi
ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi
üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil
olunduğu Qoşulmama Hərəkatına sədrlik etməsi
ölkəmizin beynəlxalq miqyasda nüfuzunu və qüdrətini
göstərir. Bu sıraya, həmçinin Türk
Şurası, Müstəqil Dövlətlər Birliyi,
ATƏT, İslam Əməkdaşlıq Təşkilatı və
bu kimi digər qurumlarla səmərəli əməkdaşlıq
əlaqələri daxildir.
Hazırda bütün
dünyanı bürüyən COVID-19 infeksiyasına
qarşı mübarizədə də Azərbaycan Prezidenti
liderlik təşəbbüslərini öz üzərinə
götürərək adını dünya tarixinə
yazdırmağı bacardı. Belə ki, məhz dövlətimizin
başçısının təşəbbüsü ilə
Türk Şurasının və Qoşulmama Hərəkatının
koronaovirusla mübarizəyə həsr olunan Zirvə
görüşləri keçirildi. Türk
Şurası bu Zirvə görüşü ilə həm də
COVID-19 pandemiyasına həsr olunmuş Sammit keçirən
ilk beynəlxalq təşkilat kimi tarixə düşdü.
Qoşulmama Hərəkatının Zirvə
görüşündə isə dövlətimizin
başçısı BMT Baş Assambleyasının
koronavirusla mübarizəyə həsr olunmuş xüsusi
sessiyasının keçirilməsi təşəbbüsünü
irəli sürdü. Bu təşəbbüs də beynəlxalq
birlik tərəfindən dəstəkləndi. Təxminən
20 gün əvvəl baş tutan xüsusi sessiya Azərbaycana,
onun Prezidentinə beynəlxalq arenada olan böyük hörmətin
təzahürüdür.
Təbii ki,
düşünülmüş və konkret hədəfə
istiqamətlənmiş xarici siyasətdə ən
ağrılı problemimiz olan Ermənistan-Azərbaycan
münaqişəsi ilə bağlı həqiqətlərin
dünya ictimaiyyətinə çatdırılması,
problemin həlli üçün hüquqi bazanın
formalaşdırılması xüsusi yer tuturdu. Prezident
İlham Əliyevin bütün səfərlərində,
keçirdiyi görüşlərində, mötəbər
tribunalarda etdiyi çıxışlarda Dağlıq
Qarabağ münaqişəsi əsas mövzu oldu. Bununla yanaşı, dövlətimizin
başçısı müvafiq qurumların, diplomatik
missiyaların qarşısında bu məsələ ilə
bağlı müvafiq tapşırıqlar qoydu və əməli
addımlar atıldı, beləliklə, dünya Azərbaycanın
ədalətə söykənən mövqeyi barədə məlumatlandırıldı.
Həmçinin Azərbaycan Prezidentinin səyləri nəticəsində
münaqişənin həlli üçün hüquqi baza
kifayət qədər genişləndirildi. BMT Təhlükəsizlik
Şurasının məlum qətnamələri ilə
yanaşı, BMT Baş Assambleyasının, Qoşulmama Hərəkatının,
İslam Əməkdaşlıq Təşkilatının,
Avropa Parlamentinin, digər nüfuzlu beynəlxalq təşkilatların
sənədlərində Azərbaycanın ərazi
bütövlüyünün təmini ilə
bağlı müddəalar yer aldı ki, bu sənədlər
Vətən müharibəsində haqlı mövqeyimizi daha
da gücləndirmiş oldu.
Hərbi güc. Prezident İlham Əliyevin
qurduğu ordu 30 il davam edən işğala 44 gündə son
qoydu
1994-cü ildə atəşkəs əldə
olunduqdan sonra ulu öndər Heydər Əliyevin xüsusi diqqət
ayırdığı sahələrdən biri ordu
quruculuğu idi. Bu istiqamət Prezident İlham Əliyevin də
güclü dövlət konsepsiyasının tərkib hissəsi
oldu. Peşəkar hərbi qulluqçuların
hazırlanması, ordunun maddi-texniki təminatının
gücləndirilməsi istiqamətində bütün
lazımi addımlar atıldı.
İllər ötdükcə Azərbaycanın
artan iqtisadi imkanları fonunda ordumuzun arsenalı
dünyanın ən qabaqcıl ölkələrinin
istehsalı olan müasir hərbi texnikalar ilə daha da
gücləndirildi. Müxtəlif ölkələrlə hərbi
əməkdaşlığa dair sənədlər
imzalandı, hərbi qulluqçularımızın xarici
dövlətlərdə müxtəlif təcrübə
proqramlarında, kurslarda iştirakı təmin edildi.
Bunlarla yanaşı, Ali Baş
Komandan, Prezident İlham Əliyevin 2005-ci ildə
imzaladığı Sərəncamına əsasən
Müdafiə Sənayesi Nazirliyi yaradıldı. Bu, Azərbaycan
Silahlı Qüvvələrini lazımi müasir silah və hərbi
texnika ilə təmin etmək baxımında çox
mühüm önəmə malik addım idi.
Beynəlxalq reytinqlərə görə, Azərbaycanın
Silahlı Qüvvələri bu gün dünyada ən
güclü 50 ordu sırasında yer tutur. Vətən
müharibəsinə qədər Azərbaycan Ordusu öz
gücünü və döyüş qabiliyyətini
2016-cı ilin aprelində həm düşmənə, həm
də dünyaya nümayiş etdirdi. Azərbaycan
tarixinə zəfər səhifələrindən biri kimi
daxil olmuş Aprel döyüşlərində qəhrəman
Ordumuz Füzuli, Cəbrayıl və Ağdərə
rayonlarının ərazilərinin bir qismini, ümumilikdə
2 min hektardan çox torpağı
işğalçılardan təmizləyərək
böyük bir əraziyə nəzarəti
ələ aldı. 2018-ci ilin may ayında isə
Naxçıvan Muxtar Respublikasının 11 min hektardan
çox ərazisi, o cümlədən Şərur rayonunun
Günnüt kəndi düşməndən azad edildi,
dövlət sərhədi boyunca əlverişli yüksəkliklər
ələ keçirildi, Yerevan–Gorus–Laçın yolu nəzarətə götürüldü. Eləcə də bu
ilin iyulunda düşmənin Azərbaycanın Tovuz rayonu
istiqamətində dövlət sərhədində törətdiyi
təxribatdan sonra başlayan hərbi əməliyyatlar
zamanı işğalçı ölkənin ordusuna
ağır zərbələr endirildi.
Sentyabrın 27-də düşmən növbəti
genişmiqyaslı təxribat törətdi. Ali Baş
Komandanın irəli əmrindən sonra Azərbaycan Ordusunun
başlatdığı əks-hücum əməliyyatı
işğal altındakı torpaqlarımızın azad edilməsi,
ərazi bütövlüyümüzün bərpa
olunması ilə nəticələndi. “Dəmir yumruq” əməliyyatı
kimi tarixə düşən İkinci Qarabağ müharibəsi
xalqımızın 30 illik Vətən həsrətinə son
qoydu.
“Bu gün beynəlxalq münasibətlərdə
“kim güclüdür, o da haqlıdır” prinsipi
üstünlük təşkil edir”. Bu fikri öz
çıxışlarında, bəyanatlarında dəfələrlə
vurğulayan Prezident İlham Əliyev güclü siyasi iradəsi
ilə güclü dövlət konsepsiyasını həyata
keçirməklə iqtisadi, siyasi və hərbi güc
yaratmağa nail oldu. Bu üç gücün vəhdəti
Dağlıq Qarabağ münaqişəsini tarixə
qovuşdurdu, bölgədə yeni reallıqlar yaratdı.
Prezident İlham Əliyev bu gücə
arxalanaraq 44 günlük müharibə dövründə həm
də informasiya cəbhəsində xalqının, ölkəsinin
maraqlarını qətiyyətlə müdafiə etdi. Xarici
KİV-lərə çoxsaylı müsahibələrində
praqmatik siyasətçi, hadisələri, prosesləri dəqiq
qiymətləndirən, öz mövqeyini təkzibolunmaz
arqumentlərlə əsaslandırmağı bacaran lider
olduğunu nümayiş etdirdi.
Beləliklə, Prezident İlham Əliyev ata vəsiyyətini
şərəflə yerinə yetirdi, xalqına, məcburi
köçkünlərə verdiyi sözə sahib
çıxdı, güclü Azərbaycan yaradaraq
düşməni onunla hesablaşmağa vadar etdi. Azərbaycanın
ərazi bütövlüyünü bərpa edən
müdrik lider, böyük strateq, qalib sərkərdə kimi
adını əbədi olaraq tarixə yazdırdı, 44
günlük Vətən müharibəsinin əsl qəhrəmanına
çevrildi.
Əsəd Məmmədov
Hərbi and .- 2020 .- 25 dekabr -.S.4