Bənzərsiz ssenarilərlə
kino dünyamızı zənginləşdirən sənətkar
Bu gün görkəmli kinorejissor, ssenarist,
kinodramaturq, Xalq Artisti Həsən Seyidbəylinin anadan
olmasından 97 il ötür. Azərbaycan incəsənətinin
görkəmli nümayəndələrindən olan bu
böyük kino xadiminin yaradıcılığı hər
zaman sənətşünasların diqqət mərkəzində
olub və zaman-zaman onun sənət dünyası tədqiqat
obyektinə çevrilib. Bu mənada AZƏRTAC-ın
sifarişi ilə Mədəniyyət və İncəsənət
Universitetinin müəllimi, sənətşünaslıq
üzrə fəlsəfə doktoru, dosent Mətanət Nəsirovanın
kinorejissora həsr etdiyi yazı da maraq doğurur.
1920-ci il dekabrın 22-də Bakıda anadan olan
Həsən Seyidbəyli Leninqrad Kino Mühəndisləri
İnstitutunun səs operatorluğu və Moskvada Ümumittifaq
Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsində
təhsil alıb. Sonralar ali ssenari kurslarında təhsilini
davam etdirən sənətkar 1963-1980-ci illərdə "Azərbaycanfilm"
kinostudiyasında kinorejissor, Azərbaycan
Kinematoqrafçılar İttifaqının katibi və sədri
vəzifəsində çalışıb.
Həsən Seyidbəyli
yaradıcılığa ədəbiyyatla
başlamışdı. Onun ədəbi
yaradıcılığında "Kür sahillərində"
, "Telefonçu qız" povestləri, "Uzaq sahillərdə"
romanı ( İ.Qasımovla birgə),
"Cəbhədən cəbhəyə", "İllər
keçir" ( İ.Qasımovla birgə), "Çiçək"
romanları, "Dəniz cəsurları sevir" (İ.Qasımovla birgə), "Sən nə
üçün yaşayırsan" (İ.Qasımovla birgə)
pyesləri mühüm yer tutur. H.Seyidbəyli kinoya
kiçik oçerklər müəllifi kimi gəlmişdi.
"Böyük yol" , "Bakıdan - Göygölədək"
film-oçerkləri milli kinematoqrafiya sənətinə
istedadlı bir gəncin qədəm basdığından xəbər
verirdi. Böyük sənət yolunun
başlanğıcında duran bu əsərlərdə ilk
istedad qığılcımları, vətənə ülvi
məhəbbət duyğuları, təbiətə
vurğunluq hissləri çox məharətlə tərənnüm
olunmuşdu. "Nəsimi" filmini çəkmək
böyük bir imtahan idi. Ziddiyyətli tarixi dövrün
materiallarını ilk dəfə bədii kinoya gətirmək
doğrudan da, riskli bir iş idi, ancaq H.Seyidbəyli bu riskə
getdi. Filmin bədii keyfiyyətləri yüksək idi və Nəsiminin
dövrü, onun həm şair, həm də yüksək
duyğulara malik insan kimi kinoportreti tamaşaçıları
valeh etmişdi. H.Seyidbəyli baş rola gənc aktyor Rasim
Balayevi çəkmişdi. O, həm də Rasim Balayevi kino sənətinə
gətirməklə kino tariximizi zənginləşdirdi.
Ömrünün son vaxtlarında H.Seyidbəyli "Xoşbəxtlik
qayğıları" filmini çəkdi. Filmin ssenarisini də
rejissor özü yazmışdı. Filmdə qəhrəmanlar
köhnəliyin qalıqlarına qarşı
çıxır, hər şeyi yenidən başlamaq istəyirlər.
Milli mədəniyyət tariximizin müasir mərhələsinin
ən böyük simalarından olan aktyor ömrünü ədəbiyyata
və incəsənətə həsr etmiş, incəsənətin
müxtəlif növlərində, janrlarında nailiyyətlər
qazanmışdır. Həmin istiqamətlərdən biri də
kinodramaturgiyadır. H.Seyidbəylinin kinossenari
yaradıcılığı daim diqqət mərkəzində
olmuşdur. Sənətkar öz kinossenarilərində
maraqlı, gərgin, dramatik süjet ustası, bir-birindən fərqlənən
tutarlı xarakterlər yaradıcısı kimi diqqəti cəlb
edir. H.Seyidbəylinin kinossenariləri öz ideya məzmunu və
bədii-emosional keyfiyyətləri cəhətdən maraq kəsb
edir.
Həsən Seyidbəylini kinematoqrafiyada
yaşadan ssenarilər
Həsən Seyidbəylinin ssenari müəllifi
olduğu "Cazibə qüvvəsi", "Doğma
xalqıma" , "Xoşbəxtlik qayğıları",
"Qızmar günəş altında" ,
"Möcüzələr adası" , "O qızı
tapın" , "Sən niyə susursan?" ,
"Telefonçu qız", "Uzaq sahillərdə",
"Yolda əhvalat" kimi filmlər onun ssenarist kimi
istedadını sərgiləyir. Azərbaycan ədəbiyyatında
özünəməxsus yeri olan H.Seyidbəylinin böyük
kino ilə ilk təması "Uzaq sahillərdə" (1958)
filmi ilə baş tutmuşdu. Xalq Yazıçısı
İmran Qasımovla birgə yazdıqları "Uzaq sahillərdə"
filminin ssenarisində kinematoqrafiyanın bütün tələblərinə
əməl edilmişdi. Müharibə mövzusunun çox sərrast
işləndiyi bu ssenari, müəlliflərinə
böyük şöhrət gətirdi. Filmdə İkinci
Dünya müharibəsi illərində İtaliya ərazisində
partizan dəstəsində vuruşan azərbaycanlı, Sovet
İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin qəhrəmanlığından
söhbət açılır.
H.Seyidbəylinin ssenarisi əsasında çəkilən
ilk bədii-sənədli film "Doğma xalqıma"
(1954) filmidir. "Doğma xalqıma" ilk rəngli Azərbaycan
bədii-sənədli filmidir. Konsert janrında
çəkilmiş ekran əsərində Bülbül, Rəşid
Behbudov, Qəmər Almaszadə, Ağababa Bünyatzadə,
Leyla Vəkilova, Rəfiqə Axundova, Maqsud Məmmədov, Sona
Aslanova, Azad Əliyev, Nəcibə Məlikova, Əfrasiyab Məmmədov,
Həsənağa Salayev və başqa incəsənət
xadimləri yaradıcılıq hesabatı verir. Bəstəkarlardan Üzeyir Hacıbəyli,
Müslüm Maqomayev, Qara Qarayev, Tofiq Quliyev, Soltan Hacıbəyov
və Əfrasiyab Bədəlbəylinin əsərləri,
"Koroğlu" və "Nərgiz" operalarından,
"Yeddi gözəl", "Qız Qalası",
"Gülşən" baletlərindən fraqmentlər,
xalq yaradıcılığı nümunələri filmə
daxil edilib.
H.Seyidbəylinin "Kənd həkimi"
povesti əsasında çəkilmiş "Qızmar günəş
altında" filmində şəhərdən kəndə
işləməyə gəlmiş gənc həkim
Aydının (Ə.Fərzəliyev) fədakar əməyindən
bəhs olunur. Kəndə qısa müddətli ezamiyyətə
gəlmiş filmin qəhrəmanı özünün həkimlik
borcunu burada, sadə insanların arasında qalmaqda
görür.
"Yolda əhvalat" filmi atasının
"Pobeda" markalı maşınında öz dostları
ilə əylənən, tüfeyli həyat keçirən,
maşını dostları ilə məqsədsiz sağa-sola
sürüb qəzaya uğrayan gənclərdən söhbət
açır.
Azərbaycan kinosunun
nağılçısı
Ancaq H.Seyidbəyli bir sıra filmlərin həm
ssenari müəllifi, həm də rejissoru kimi
çıxış edib. Bunlara misal olaraq, "Bizim Cəbiş
müəllim", "Xoşbəxtlik
qayğıları", "Telefonçu qız", "Sən
niyə susursan" və s. filmləri göstərmək
olar. "Bizim Cəbiş müəllim" (1969) filmində
bir ailənin tarixçəsi fonunda müxtəlif
insanların xarakterləri dinamik kadrlarla, panoramlı çəkilişlərlə
təsvir olunur. Filmin epizodlarında nadir hallarda
rastlaşdığımız komik dialoqlarda belə
müharibənin bədbəxtliklərini xatırladan dərin
kədər var. H.Seyidbəylinin filmlərində, hər bir
kadrın qrafik və rəng-ton həllinin diqqətlə
işlənməsi, həmçinin qeyri-standart təhkiyə
tərzi rejissorun kino dilinin ifadə vasitələrinə həssas
münasibətindən xəbər verir.
Bu halda, yuxarıda qeyd edilənləri nəzərə
alsaq, deyə bilərik ki, kinorejissor H.Seyidbəyli birinci
növbədə vizuallaşdırma ustası və yalnız
ondan sonra nağılçıdır. Çünki hər
şeydən əvvəl kinematoqraf təsvir sənətidir.
Kinonəql filmin bitkin obrazı ilə nəticələnən
"şəkillər" zəncirindən ibarətdir.
Əsl kinorejissor - vizuallaşdırma ustası - həmin
obrazın partiturasını yaradanda gələcək filmin
tamaşaçıya neyrofizioloji təsir xüsusiyyətini əsas
götürür. Yəni o, artıq sadəcə ssenaridəki
material, həmin materialı təkmilləşdirmək və
onun gizli potensialını inkişaf etdirmək haqqında
düşünmür. Rejissor daha çox bu materialı
zaman-məkan ölçüsündə necə istifadə
etmək barədə fikirləşir ki, materialın
ideyası daha təsirli olsun. Sadə dillə desək, rejissor
tamaşaçını öz ismarıcının
adresatı hesab edir və insanın qavrama qabiliyyətini nəzərə
alır. Təbii ki, kinodramaturq da ssenarini
hazırlayanda daim tamaşaçı haqqında fikirləşir
- ekspozisiyası, dönüş nöqtələri,
kulminasiyası və düyünün
açılışı ilə Aristotelin
"Poetikası"na əsaslanan ssenarinin üç hissəli
quruluşu insanın qavrama qabiliyyətinin xüsusiyyətlərini
nəzərə alaraq yaradılıb. Amma hər halda
bu, son nəticədə - rejissor kino dilinin elementləri ilə
oynayaraq, filmin təkrarolunmaz atmosferini yaradandan sonra meydana
çıxacaq nəsnənin ilk rüşeymləridir.
Onun filmləri bu gün də
tamaşaçını ovsunlayır
H.Seyidbəyli quruluş verdiyi filmlərdə
bir rejissor olaraq, yalnız incə zövqlü sənətkar
kimi yox, həm də məqsədi tamaşaçıya
bilavasitə hipnotik təsir etmək olan sərt suggestoloq-alim
kimi çıxış edir. Mövzu, süjet, fabula isə
sadəcə bu təsirin üzərindəki pərdədir.
Görkəmli kinorejissorun filmlərində ilk nəzərə
çarpan elementlərdən biri də məhz
tamaşaçıya güclü təsiretmə
bacarığıdır. Onun filmlərinin atmosferi
tamaşaçını film başlayan andan ələ
alır, həmin ovqatın təsirinə salır. Son nəticədə tamaşanın üç
ölçülü səhnəsindən fərqli olaraq,
bütün bu sehrli atmosfer ikiölçülü ekranda əks
olunur və filmin bütün təsiri işığın, rəngin
oyunu, cizgilər, səslər və s. dördbucaq ekran
üçündür. Onun çərçivəsi
kadrın sərhədləri ilə üst-üstə
düşür və kinematoqrafik məkana "giriş"
rolunu oynayır. Təbii ki, kinorejissor aktyorların çəkiliş
meydançasındakı oyunundan hədsiz zövq ala bilər,
amma heç vaxt kino dilinin neyrofizioloji elementlərini yaddan
çıxarmamalıdır. Ancaq onların sayəsində
film tamaşaçıya təsir edir.
H.Seyidbəylinin ssenari
yaradıcılığında özünəməxsus
xüsusiyyətləri çoxdur. Kino dramaturqu kimi o, çox
ciddi ictimai konfliktə malik mövzulara əl atmış,
müharibə, ailə-məişət qayğıları, əmək
problemlərinə aid müstəqil ədəbi ssenarilər
yazmışdır. H.Seyidbəyli mənfi obrazları ya
monoloqları, ya da tərəf-müqabilləri vasitəsilə
qınaq obyektinə çevirirdi. Bir sözlə, o, əsl
realist sənətkar idi. Onun ekran dramaturgiyasına hələ
çox boylanılacaq, sənətkarlıq xüsusiyyətləri
təhlil obyektinə çevriləcək.
Hərbi and.- 2020.- 25 dekabr-.S.20