Gözəl səs, peşəkar ifa
Milli musiqimizin
görkəmli nümayəndələri
sırasında onun da adı var:
Xalq artisti Tükəzban İsmayılovanın.
Yüksək ifaçılıq
qabiliyyəti və səhnə mədəniyyəti
ilə fərqlənən
ifaçının Azərbaycan
musiqisi tarixində, xüsusən də qadın müğənnilər
arasında öz dəst-xətti var idi. Onun ifa
etdiyi muğamlar və xalq mahnıları
ifaçılıq sənəti
tariximizə həmişəlik
daxil olub.
T.İsmayılova 85 illik ömrünün 65 ilini Azərbaycan xalqının zəngin musiqi irsinə, muğam sənətinə,
onun inkişafı və təbliğinə həsr edib. Tükəzban xanımın şaqraq
səsi insanların qəlbini ovsunlayıb, onlara muğamlarımızı,
xalq mahnılarımızı
sevdirib. Özünəməxsus
ifası ilə oxuduğu muğam və mahnılar milli musiqi xəzinəmizi
zənginləşdirməyə xidmət edib. Bir çox mahnı və təsniflərimiz məhz
onun təkrarsız ifası ilə yaddaşlara köçüb.
Tükəzban İsmayılova 1923-cü il
dekabrın 21-də Bakı
şəhərində anadan
olub. Musiqiyə uşaqlıq illərindən
həvəs göstərib.
Bu həvəs onun taleyini ömürlük
musiqiyə bağlayıb.
Musiqi sənətinə
sevgisi onu Asəf Zeynallı adına Musiqi Texnikumuna gətirib çıxarıb. Səs
və ifa üslubu qısa zamanda onu musiqiçilər
sırasında fərqləndirib.
Muğam ifaçıları
arasında tezliklə
seçilib, dinləyicilərin
qəlbinə yol tapıb.
1944-cü ildə
Azərbaycan Radio Komitəsində müğənni
kimi çalışmağa
başlayan Tükəzban
İsmayılova sonrakı
illərdə Azərbaycan
Dövlət Filarmoniyasının
solisti olub. 1956-cı ildə filarmoniyanın konsert şöbəsi “Azərbaycan Dövlət Estradası” təşkilatına
çevrildikdən sonra
T.İsmayılova 1962-ci ilə
qədər burada
çalışıb. Muğam
ifaçısı Azərbaycan
Dövlət Filarmoniyasının,
“Azkonsert” Qastrol-Konsert
Birliyinin solisti olub, sonralar İncəsənət Gimnaziyasında
pedaqoji fəaliyyət
göstərib. Tükəzban
xanım ifaçılığa
başladığı illərdən
ta səhnə ilə vidalaşdığı
illərə qədər
yetişdiyi Bakı muğam məktəbinin ənənələrini öz
sənətində yaşadıb
və davam etdirib. Sirlərini mənimsədiyi sənətkarlıq
məktəbinə həmişə
minnətdarlıq edib.
Tükəzban xanım
klassik xanəndəlik
məktəbinin korifeylərindən
olan Hüseynqulu Sarabskinin muğam sinfində təhsil alıb. Dahi Üzeyir bəy müğənninin şaqraq
səsini, gözəl
vokal imkanlarına malik ifasını, dolğun zəngulələrini
eşidib onun üçün məxsusi
olaraq "Qaragöz”,
"Şəfqət bacısı”
və s. mahnıları
yazıb. T.İsmayılovanın
özünəməxsus üslubda
oxuduğu "Qatar”,
"Xaric segah”, "Şahnaz”, "Kürdün
gözəli”, "Yeri,
dam üstə yeri”, "Qarabağ şikəstəsi” və
s. muğam və mahnılar milli musiqi xəzinəmizi xeyli zənginləşdirib.
Azərbaycan bəstəkarlarının
mahnıları onun repertuarında əsas yer tutub. Bir
çox muğam, mahnı və təsnif məhz onun təkrarsız ifası ilə geniş yayılıb. T.İsmayılovanın repertuarı hər
nəsildən olan dinləyicinin zövqünü
oxşamağı bacarırdı.
Müğənninin ifaları
arasında Ələkbər
Tağıyev, Tamella Məmmədzadə kimi bəstəkarların da müxtəlif üslublu əsərləri vardı.
"Sənin vüqarın
mənəm”, "Sənsən”,
"Ceyran”, "Qonşu
qız”, "Sən mənimlə get”, "Çiçək” kimi bəstələr 60-70-ci illərin
dinləyicilərinin ən
çox sevdiyi mahnılar idi.
Tükəzban xanımın yaradıcılığının
ilk illəri qanlı-qadalı müharibə
illərinə təsadüf
edib. II Dünya
müharibəsi illərində
təşviqat briqadasının
tərkibində cəbhədə
konsertlər verib, sənətin bütün
ağrı-acılarına, əzab-əziyyətlərinə qatlaşıb. İfa etdiyi mahnılarla əsgər və zabitlərimizi vətənpərvərliyə
ruhlandırıb. Cəbhənin
qanlı-qadalı illərində
o da bir əsgər olub.
Tükəzban İsmayılova həmçinin
dünyanın bir çox ölkələrinə
- Almaniya, Polşa, İraq, İran, Türkiyə, Misir, Əlcəzair və s. qastrol səfərlərinə
çıxıb və
hər yerdə Azərbaycan mədəniyyətini
layiqincə təmsil edib. Görkəmli ifaçının ölkəmizdə
gənc xanəndələr
nəslinin yetişdirilməsində
də xidməti olub. 1994–2004-cü illərdə
İncəsənət Gimnaziyasında
dərs dediyi illərdə gənc musiqiçi nəslinin yetişməsində rol oynayıb. Böyük sənətin sirlərini onlardan əsirgəməyib,
uğurlarına bir ustad kimi sevinib.
T.İsmayılovanın muğam və mahnılarının çoxu
"Qızıl fond”da
saxlanılır. "Kəsmə şikəstə”,
"Yetim segah” kimi muğamların yanıqlı səslə
ifasına görə
o, əvəzolunmaz ifaçı
sayılırdı. "Tükəzban
İsmayılovanın "Kəsmə şikəstə”sinin
də ayrı bir yanğısı, ayrı bir hekayəti
vardı. Əksər
qadın xanəndələrin
repertuarında yer alan bu nisgilli
şikəstənin onun
səsindəki özəlliyi
hissli, içdən oxumasında idi” deyə musiqişünaslar
bildirirdilər. "O olmasın,
bu olsun” filmində toy səhnəsində qadınlar
məclisində muğam
oxuyan da məhz Tükəzban İsmayılovadır.
Tükəzban İsmayılova uzun səhnə fəaliyyətini
öz həyat yoldaşı, onu tarda müşayiət edən Xalq artisti Həbib Bayramovun ölümündən
sonra dayandırıb.
İfaçının Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı
xidmətləri istər
xalq, istərsə də dövlət tərəfindən həmişə
yüksək qiymətləndirilib.
Sənətkarın təltifləri
arasında "Şöhrət”
ordeni vardı. Xalq onu sevirdi.
"Ömrümü mənalı
edən insanların mənə sevgisidir. Tamaşaçı sevgisi
olmasa sənətkar heç vaxt şöhrət qazana bilməz. Bizi yaşadan budur…” deyirdi.
Muğamlarımızın
mahir ifaçısı
Tükəzban İsmayılova
2008-ci il martın 24-də
Bakıda vəfat edib.
Hərbi And.- 2020.- 25 dekabr.- .S.23