Azərbaycanın
milli maraqlarını uca tutan, hərbi-diplomatik, tarixi Qələbəmizi
reallaşdıran müdrik dövlət xadimi
“Mən 2003-cü ildə, prezident
seçkiləri ərəfəsində xalqa müraciət
edərək demişdim ki,
əgər mənə
xalq etimad göstərərsə, mən ulu öndər Heydər
Əliyev siyasətinə sadiq
qalacağam, bu
siyasəti davam etdirəcəyəm. Mən fəxr edirəm
ki, xalq mənə inandı,
məni dəstəklədi
və mən də öz növbəmdə sözlərimə
əməl etdim. ...Bunun əsas şərti
ondan ibarətdir
ki, biz Ulu Öndərin yolu ilə gedirik. Onun qoyduğu yol
yeganə düzgün
yoldur və Azərbaycanın
müstəqillik tarixi bunun əyani sübutudur”.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin
2018-ci il aprelin
18-də andiçmə mərasimindəki nitqindən
Azərbaycan Prezidenti, Silahlı
Qüvvələrin Müzəffər Ali Baş Komandanı
İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu
sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə
cavab olaraq 30 ilə yaxın müddətdə işğal
altında olan torpaqlarımızı azad etmək
üçün genişmiqyaslı əks-hücum əməliyyatları
həyata keçirməklə yanaşı, xalqımız
bütünlüklə dövlətimizin
başçısının ətrafında səfərbər
oldu. Azərbaycan torpaqlarının hər
qarışının azad edilməsi uğrunda gedən
döyüşlər, qüdrətli ordumuzun şanlı
tarix yazaraq düşmən üzərindəki
sarsıdıcı zərbələri, eləcə də
işğalı altında olan şəhərlərimizin,
yaşayış məntəqələrimizin, həmçinin
müxtəlif istiqamətlərdə strateji yüksəkliklərin
işğalçılardan azad edilməsi xalqımızda
böyük inam və ruh yüksəkliyi yaratdı.
Azərbaycanın Vətən müharibəsindəki
hərbi-diplomatik uğurları
Prezident, Müzəffər Ali
Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın
işğalı altında olan torpaqlarımızı azad etmək
üçün rəşadətli Azərbaycan Ordusunun
sentyabrın 27-də Qarabağda başladığı
genişmiqyaslı və uğurlu əks-hücum əməliyyatları
nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan
azad edildi. 44 gün ərzində Cəbrayıl şəhəri
və rayonun 90 kəndi, Füzuli şəhəri və
rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan,
Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi,
Xocavənd rayonunun Hadrut qəsəbəsi
və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı
şəhəri və 41 kəndi, Xocalı rayonunun 9 kəndi,
Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi,
həmçinin Ağdərə və Murovdağ istiqamətlərində
bir neçə strateji yüksəklik, Zəngilanda isə
Bartaz, Sığırt, Şükürataz yüksəklikləri
və daha 5 adsız yüksəklik azad olundu.
2020-ci il noyabrın 8-i isə
tariximizə ən şanlı bir gün kimi yazıldı.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli
ordumuz Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə
malik, Qarabağın baş tacı olan Şuşa şəhərini
işğalçılardan azad etdi. Bu, 44 gün içərisində
aparılan uğurlu əks-hücum əməliyyatlarının
sırasında ən mühüm tarixi hadisə və
böyük hərbi Qələbə oldu. Azərbaycanın hərbi-diplomatik
uğurları, xüsusilə strateji əhəmiyyətli
Şuşa şəhərinin azad edilməsi müharibənin
sonrakı gedişinə və taleyinə ciddi təsir
göstərdi.
Prezident İlham Əliyevin qətiyyətli və
prinsipial mövqeyi hərb meydanında olduğu kimi, diplomatiya
meydanında da uğurlarımızı şərtləndirirdi.
Vətən müharibəsinin 44 günü ərzində
dövlətimiz, beynəlxalq hüquq prinsiplərini,
xüsusilə BMT Nizamnaməsinin 51-ci maddəsini rəhbər
tutub öz ərazilərini azad etmək hüququndan istifadə
edərək uğurlu və genişmiqyaslı əks-hücum
əməliyyatları həyata keçirdi. Azərbaycan
Prezidenti, Müzəffər Ali Baş Komandan İlham
Əliyevin qətiyyətli və prinsipial mövqeyi hərb
meydanında olduğu kimi, diplomatiya meydanında da
uğurlarımızı şərtləndirdi. Azərbaycan dövləti oktyabrın 4-də Cəbrayıl
şəhərini, 17-də Füzuli şəhərini, 22-də
Zəngilan şəhərinin işğalçılardan azad
olunması ilə BMT Təhlükəsizlik
Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il
yerinə yetirilməmiş qalan 874 və 884 saylı qətnaməni
özü icra etdi.
Azərbaycanın hərbi-diplomatik
qələbəsi ilə nəticələnən 44
günlük Vətən müharibəsinin nəticəsində
noyabrın 20-də Ağdamın və 25-də isə Kəlbəcərin
işğaldan azad edilməsi noyabrın 10-da imzalanmış
üçtərəfli Bəyanatın müvafiq maddəsinin
yerinə yetirilməsini, eləcə də münaqişənin
hərbi-siyasi həllini müəyyənləşdirdi. Bununla yanaşı, Prezident, Ali Baş Komandan
İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi nəticəsində
BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə
qəbul etdiyi və 27 il yerinə yetirilməmiş qalan, eləcə
də işğalçı qüvvələrin Azərbaycan
Respublikasının Kəlbəcər və Ağdam rayonlarından
çıxmasını nəzərdə tutan 822 və 853
saylı qətnamələr də məhz Azərbaycanın
şərtləri ilə icra edildi. Bunun davamı olaraq
üçtərəfli Bəyanatın müvafiq maddəsinə
əsasən Ermənistan silahlı qüvvələrinin
2020-ci il dekabrın 1-dən Laçın rayonundan
çıxması Azərbaycanın hərbi-diplomatik
uğurlarının nəticəsi kimi qiymətləndirilməlidir.
Müasir beynəlxalq münasibətlərdə
Azərbaycanın milli
maraqlara söykənən xarici siyasəti
Son vaxtlar qlobal və regional
güclər arasında artan ixtilaflar, beynəlxalq münasibətlər
sistemində davam edən gərginlik, o cümlədən
dövlətlərin suverenliyi və daxili işlərinə
müdaxilələr, beynəlxalq hüququn norma və prinsiplərinə
ikili yanaşma, həmçinin beynəlxalq münaqişələr,
birtərəfli iqtisadi sanksiyalar, dözümsüzlük və
humanitar böhran vəziyyəti daha da kəskinləşdirib.
Bütün dünyada və bölgədə
gedən müxtəlif mənfi proseslərə baxmayaraq, Azərbaycanın
hərtərəfli və dinamik şəkildə
inkişafı, müstəqil, çoxşaxəli və
milli maraqlara söykənən xarici siyasət kursu onun Cənubi
Qafqaz regionunun ən çox inkişaf etmiş ölkəsi
olaraq qalmasını təmin edib.
Bu gün Azərbaycan regionun yeganə ölkəsidir
ki, düşünülmüş və milli maraqlara söykənən
xarici siyasəti ilə regional təhlükəsizliyin təmin
olunması istiqamətində ardıcıl və sistemli
addımlar atır. Hazırda Azərbaycan dövlətinin həyata
keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət
edən əməkdaşlıq formatları Cənubi Qafqazda
sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada
sülhyaratma prosesində fəal iştirak edir, səmərəli
təklif və təşəbbüslərlə
çıxış edir, öz praktik fəaliyyəti ilə
sülhün və təhlükəsizliyin möhkəmlənməsinə
dəyərli töhfələr verir.
Ümummilli lider Heydər
Əliyevin siyasi kursunu uğurla inkişaf etdirən Azərbaycan
Prezidenti İlham Əliyevin yüksək diplomatik istedadı
sayəsində son 17 il ərzində ölkəmizin
dünyanın siyasi-iqtisadi mənzərəsini müəyyən
edən aparıcı dövlətlərlə və beynəlxalq
təşkilatlarla münasibətləri keyfiyyətcə
yeni müstəvidə daha da inkişaf etdirilib. Nəticədə
Azərbaycan yalnız beynəlxalq regionda gedən proseslərdə
deyil, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən
proseslərə də təsir göstərmək imkanı
qazanmışdır. Ona görə də bu gün
dünyanı narahat edən və həyati əhəmiyyətli
bir sıra problemlərdə aparıcı dövlətlərin
başçıları Azərbaycan rəhbərinin
mövqeyi ilə hesablaşırlar.
2003-cü ildən keçən
müddət ərzində Azərbaycan xalqı və dövləti,
sözün əsl mənasında, sürətli inkişaf
dövrünü yaşayıb, problemlərin böyük
hissəsi öz həllini tapıb, istənilən istiqamət
üzrə konkret proqramlar icra edilib. Ötən illərdə
dünyada baş verən qlobal böhran fonunda
Azərbaycan iqtisadiyyatının davamlı inkişafı,
bütün sosial proqramların vaxtında yerinə yetirilməsi
əsası ümummilli lider Heydər Əliyev tərəfindən
qoyulmuş milli iqtisadi inkişaf modelinin möhkəm təməllər
üzərində qurulmasının əyani göstəricisidir.
Azərbaycan nəinki milli səviyyədə
COVID-19-la mübarizədə səmərəli tədbirlər
həyata keçirir, eyni zamanda, regional və qlobal miqyasda da
bu istiqamətdə həmrəyliyin və əməkdaşlığın
gücləndirilməsinə əhəmiyyətli töhfə
verir. İlk addım kimi Azərbaycan Prezidenti, Türkdilli
Dövlətlərin Əməkdaşlıq
Şurasının sədri İlham Əliyevin təşəbbüsü
ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə
fövqəladə Zirvə görüşü
keçirildi. Bunun davamı olaraq Azərbaycan
Prezidenti, Qoşulmama Hərəkatının sədri
İlham Əliyevin təşəbbüsü ilə Hərəkatın
Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə
koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a
qarşı birlikdəyik” mövzusunda keçirilmiş Zirvə
görüşü təşkil edildi. Prezident
İlham Əliyev Qoşulmama Hərəkatının
videokonfrans Zirvə görüşündə
çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi
kimi pandemiya ilə mübarizə məqsədilə BMT
Baş Assambleyasının dövlət və hökumət
başçıları səviyyəsində videokonfrans vasitəsilə
xüsusi sessiyasının keçirilməsi təklifi
ilə çıxış etdi. Bu tədbirlər ölkəmizin
qlobal səviyyədə beynəlxalq həmrəyliyin daha da
möhkəmləndirilməsinə əhəmiyyətli
töhfəsidir. Azərbaycanın Qoşulmama Hərəkatının
sədri statusunda BMT Baş Assambleyasının xüsusi
sessiyasının keçirilməsi barədə təşəbbüsünün
BMT-nin üzvü olan 150-dək dövlət tərəfindən
dəstəklənməsi, xüsusi sessiyasının bu il
dekabrın 3-4-də keçirilməsi və Prezident
İlham Əliyevin sessiyada çıxışı beynəlxalq
ictimaiyyət tərəfindən ölkəmizə,
xüsusilə dövlətimizin başçısına olan
böyük etimadın, eləcə də hörmətin
növbəti göstəricisidir. Bu
mühüm hadisələr onu təsdiq edir ki, artıq
ölkəmiz təkcə regional məsələlər deyil,
mahiyyətindən asılı olmayaraq dünya miqyasında
baş verən qlobal hadisələrlə bağlı da
öz sözünü deyir, qlobal təhlükələr
zamanı mövqeyini ortaya qoyur.
Qeyd etmək lazımdır ki, 2020-ci ilin yanvar
ayında 14-cü dəfə Dünya İqtisadi Forumu çərçivəsində
“Strateji baxış: Avrasiya” mövzusunda keçirilən
panel iclasında iştirak edən Prezident İlham Əliyev
moderatorun “Avrasiyada indi böyük qüvvələr yerləşib,
bir tərəfdən Rusiya, o biri tərəfdən Çin.
Azərbaycanın Prezidenti kimi Siz birinci növbədə kimə
zəng edərsiniz – Moskvaya, yoxsa Pekinə?” sualına cavab
olaraq Prezident İlham Əliyevin “Bakıya” cavabı
böyük önəm kəsb edir. Dövlət
başçısının bu cavabı Azərbaycanın
müstəqil, heç kimdən asılı olmayan, milli
maraqların hər zaman uca tutulduğu siyasət
yürütdüyünün bariz nümunəsidir. Prezident
İlham Əliyev bildirdi ki, Azərbaycanın qonşu ölkələrlə
münasibətləri dostluq, qarşılıqlı
faydalı əməkdaşlıq, mehriban qonşuluq prinsiplərinə
əsaslanır. Eyni zamanda, dövlət
başçısı vurğuladı ki, Azərbaycan
üçün onun milli maraqları həmişə birinci
yerdədir və buna görə də müstəqillik illəri
ərzində qazandığımız bütün nailiyyətlər
xalqımızın müstəqilliyimizə sadiq olmasına,
siyasi və iqtisadi sahələrdə çox ciddi islahatlar
həyata keçirdiyimizə görə əldə olunub.
Regional təhlükəsizliyə və beynəlxalq
əməkdaşlığa
xidmət edən enerji diplomatiyası
Azərbaycanın və Avropa
İttifaqının təşəbbüsü ilə son 5 il
ərzində Bakıda hər il Cənub Qaz Dəhlizinin Məşvərət
Şurasının iclasları keçirilir. 2015-ci ildən bu
günə qədər Avropa İttifaqı bu toplantılarda ən
yüksək səviyyədə təmsil olunur. Avropa
İttifaqı ilə Azərbaycanın əməkdaşlıq
formatında energetika sektoru, təbii ki, çox böyük
yer tutur. Bu baxımdan, Cənub Qaz Dəhlizi Məşvərət
Şurasının Nazirlər toplantılarının
keçirilməsi, Cənub Qaz Dəhlizinin rəsmi
açılış mərasimi Azərbaycanın beynəlxalq
aləmdə nüfuzunu xeyli yüksəldib.
Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci
ilin fevralında Bakıda Cənub Qaz Dəhlizi Məşvərət
Şurası çərçivəsində nazirlərin VI
toplantısında diqqətə çatdırdı ki,
1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması təkcə
kommersiya layihəsi deyildi: “Bu, bizim üçün dövlətçiliyimizi,
iqtisadiyyatımızı gücləndirmək,
insanlarımızın daha yaxşı həyatını təmin
etmək layihəsi idi... Neft uğur qazanmaq, güclü
ölkə qurmaq, insanlara normal həyat vermək, sabitlik, təhlükəsizlik,
qonşularımızla harmoniyada yaşamaq üçün
vasitələrdən, ən vacib vasitələrdən biri
idi”. Bundan sonra Azərbaycana maraq artdı və 1996-cı ildə
“Şahdəniz” sazişi imzalandı.
Hazırda Azərbaycan Respublikası Avropa
ölkələrinin enerji təchizatının təmin
olunmasında da çox mühüm rol oynamaqdadır. Azərbaycanın
təşəbbüsü ilə reallaşan qlobal enerji layihələri
ölkəmizi özünəməxsus iqtisadi modelə malik
dövlət kimi səciyyələndirir. Son on altı il ərzində
ölkəmizin təhlükəsizlik strategiyası uğurla
həyata keçirilib, ilk növbədə, Azərbaycanın
enerji təhlükəsizliyi tam təmin olunub, xarici enerji mənbələrindən
asılılıq aradan qaldırılıb. Azərbaycan bu
gün iqtisadi potensial baxımından regionun lider ölkəsidir.
Cənubi Qafqaz iqtisadiyyatında onun payı 80
faizdən artıqdır. 1994-cü il sentyabrın 20-də
Bakıda imzalanmış “Xəzər dənizinin Azərbaycan
sektorunda yerləşən “Azəri”, “Çıraq”, “Günəşli”
yataqlarının dərinlikdə yerləşən hissəsinin
birgə işlənməsi və hasilatın pay
bölgüsü haqqında Saziş”in müddəti
2017-ci il sentyabrın 14-də 2050-ci ilə qədər
uzadılıb. Hazırda “Əsrin müqaviləsi”nin
icrası çox uğurla gedir və bu müqavilənin
imzalanmasından sonra Azərbaycanın yeni neft strategiyası
icra olunmağa başlanıb.
2018-ci il mayın 29-da Səngəçal
terminalında Cənub Qaz Dəhlizinin rəsmi
açılış mərasiminin, eləcə də XXV Xəzər
Neft-Qaz Sərgisinin keçirilməsinin Azərbaycanın
enerji siyasətinin reallaşmasında çox böyük
rolu olub. Bununla yanaşı, 2018-ci il iyunun 12-də Türkiyənin
Əskişəhər şəhərində TANAP qaz kəmərinin
istifadəyə verilməsi iki dost və qardaş dövlətin
münasibətlərinin ən yüksək zirvədə
olduğunun bariz göstəricisidir. Onu da qeyd
etmək vacibdir ki, 2018-ci il avqustun 12-də Xəzər dənizinin
hüquqi statusuna dair aparılan uzunmüddətli
danışıqların nəticəsi olaraq, Xəzəryanı
Dövlətlərin Dövlət
Başçılarının V Zirvə toplantısında Xəzər
dənizinin hüquqi statusu haqqında Konvensiyanın
imzalanması xarici siyasətimizlə bağlı vacib məsələlərdən
biri kimi qiymətləndirilməlidir. Bu Konvensiya ölkəmizin
maraqlarının təmin edilməsi baxımından
böyük diplomatik və siyasi uğurdur.
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev noyabrın 30-da Türkiyənin
Ədirnə vilayətinin İpsala qəsəbəsində Cənub
Qaz Dəhlizinin ən mühüm seqmentlərindən biri və
Avropanın enerji təhlükəsizliyində mühüm
amil olan Trans-Anadolu qaz boru kəmərinin (TANAP) Avropa ilə
birləşən hissəsinin açılış mərasimində
bildirdi ki, TANAP və Cənub Qaz Dəhlizi, eyni zamanda, enerji təhlükəsizliyi
layihəsidir. Azərbaycan özü və qonşuları
üçün enerji təhlükəsizliyini təmin edən
ölkədir. Bu baxımdan, 1994-cü ildə “Əsrin
müqaviləsi”nin imzalanması ilə Azərbaycanın
enerji siyasətinin təməli qoyulmaqla yanaşı, ölkəmizin
enerji təhlükəsizliyi tam təmin edildi. Bundan əlavə,
Azərbaycanın təşəbbüsü ilə
reallaşan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum,
Bakı-Tbilisi-Qars, TANAP, TAP və digər layihələr Azərbaycanın
qlobal iqtisadiyyatda özünəməxsus iqtisadi modelə
malik ölkə kimi səciyyələndirir.
Hazırda Azərbaycan Şərq-Qərb,
Şimal-Cənub nəqliyyat dəhlizlərinin
yaradılmasında iştirak edən və fəal investisiya
yatıran yeganə ölkədir. Bu
mühüm qlobal layihələr onu göstərir ki,
artıq ölkəmiz bütün regional məsələlərdə
əsas iştirakçıdır və Prezident İlham
Əliyevin qeyd etdiyi kimi, “Regiondakı strateji əhəmiyyətli
heç bir layihə Azərbaycanın razılığı
olmadan reallaşa bilməz”. Nəticədə həyata
keçirilən qlobal miqyaslı tədbirlər bu gün Azərbaycanın
dünya miqyasında nüfuzunu xeyli artırıb, ölkəmizin
Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini
şərtləndirib.
Beynəlxalq təşkilatlarla münasibətlərin
keyfiyyətcə
yeni müstəvidə inkişafı
Azərbaycan 2011-ci il oktyabrın 24-də
2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvlüyünə
keçirilən seçkilərdə BMT-yə üzv olan 193
dövlətdən 155-nin dəstəyi ilə inamlı qələbə
qazanmışdır. BMT Təhlükəsizlik Şurasına
qeyri-daimi üzv qəbul olunması Azərbaycanın
diplomatiya tarixində əldə edilmiş ən böyük
nailiyyətlərdən biri olmaqla, ölkəmizin son illər
dünya miqyasında artan siyasi nüfuzunun bariz sübutu kimi qəbul
edilməlidir.
Bu illərdə Azərbaycanın
beynəlxalq təşkilatlarla əməkdaşlığı
daha da genişlənib. 2018-ci ilin iyul ayında Avropa
İttifaqı ilə Azərbaycan arasında qəbul
olunmuş “Tərəfdaşlıq prioritetləri” adlı
mühüm sənəddə bir çox məsələlər
öz əksini tapmaqla yanaşı, Azərbaycanın ərazi
bütövlüyünə, suverenliyinə, sərhədlərimizin
toxunulmazlığına dəstək və hörmət ifadə
olunur. Həmçinin 2018-ci il iyulun 11-12-də Brüsseldə
keçirilmiş NATO Zirvə görüşünün Yekun
Bəyannaməsində də Alyans üzvlərinin Azərbaycanın
ərazi bütövlüyünə və suverenliyinə dəstək
və hörməti öz əksini tapıb. Onlar regiondakı
mövcud münaqişələrin məhz bu prinsiplər əsasında
həll olunmasının zəruriliyini bildiriblər.
Bununla yanaşı, 2019-cu il
oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasının VII Zirvə
görüşü keçirildi və ölkəmiz bu təşkilatda
sədrliyə başladı. Bunun davamı olaraq, oktyabrın
25-26-da Qoşulmama Hərəkatına üzv ölkələrin
dövlət və hökumət
başçılarının Bakıda keçirilən XVIII
Zirvə görüşündə 60-a yaxın ölkənin
dövlət və hökumət başçısı, həmçinin
beynəlxalq təşkilatların rəhbərləri,
ümumilikdə isə 160-a yaxın ölkə və beynəlxalq
təşkilatın nümayəndələri iştirak
etdilər. Həmçinin Zirvə görüşündə
qəbul edilmiş sənədlər Azərbaycanın qlobal
miqyasda mədəniyyətlərarası dialoqun təşviqi
sahəsində nümayiş etdirdiyi liderliyi yüksək qiymətləndirir.
Bununla yanaşı, Zirvə
görüşü iki gün ərzində beynəlxalq
münasibətlər sistemində ən mühüm hadisə
oldu. Ümumilikdə, özündə 120 ölkəni birləşdirən
və BMT-dən sonra dünyada ən böyük siyasi təsisat
olan Qoşulmama Hərəkatının XVIII Zirvə
görüşünün Prezident İlham Əliyevin sədrliyi
ilə Bakıda keçirilməsi və 2019-2022-ci illər
üzrə sədrliyin Azərbaycana həvalə edilməsi
ölkəmizin böyük diplomatik uğurudur.
Bununla yanaşı, son iki ildə
ölkəmizin ev sahibliyi etdiyi, eləcə də, dövlət
başçısının təşəbbüsü ilə
keçirilən bir sıra mühüm əhəmiyyət kəsb
edən tədbirlər - 2018-ci ildə VI Bakı Beynəlxalq
Humanitar Forumu, VI Qlobal Bakı Forumu, Qoşulmama Hərəkatının Xarici İşlər Nazirləri Konfransı,
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının
Xarici İşlər Nazirləri Şurasının
iclası, Cənub Qaz Dəhlizi Məşvərət
Şurasının Nazirlər toplantısı, Cənub Qaz Dəhlizinin
rəsmi açılış mərasimi, 2019-cu ildə VII
Qlobal Bakı Forumu, Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasının VII Zirvə
görüşü, Qoşulmama Hərəkatının Zirvə
toplantısı, Dünya dini liderlərinin II Sammiti və digər
möhtəşəm beynəlxalq tədbirlər Azərbaycanın
beynəlxalq aləmdə nüfuzunu xeyli yüksəldib.
Azərbaycan
Prezidentinin Ermənistanın yalan üzərində
qurulmuş
“yenilməzlik” mifologiyasını
dağıtması tarixi Qələbəmizi şərtləndirdi
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsinin həlli ilə bağlı Ermənistan
rəhbərliyi tərəfindən səsləndirilən əsassız
fikirlər tarixi reallıqları, münaqişənin əsl
mahiyyətini əks etdirmirdi. Bunu Azərbaycan Prezidenti İlham
Əliyev 2019-cu il oktyabrın 3-də Rusiya
Federasiyasının Soçi şəhərində “Valday”
Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısında və həmin
il oktyabrın 11-də Aşqabadda MDB Dövlət
Başçıları Şurasının məhdud tərkibdə
iclasında, oktyabr ayının 25-26-da Qoşulmama Hərəkatının
Bakıda keçirilən XVIII Zirvə görüşündə
çıxışları zamanı tutarlı faktlarla
sübut etdi. 2020-ci il fevralın 15-də Münhen Təhlükəsizlik
Konfransı çərçivəsində isə Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı panel müzakirələr zamanı, eləcə də
iyunun 18-də Şərq Tərəfdaşlığı
ölkələrinin videokonfrans formatında keçirilən
Sammitində Ermənistanın yürütdüyü
faşist ideologiyası, Azərbaycana qarşı etnik təmizləmə,
dövlət terrorizmi və işğalçılıq siyasətini
ifşa edən Prezident İlham Əliyev Ermənistanın
baş nazirinə beynəlxalq hüquqdan və tarixdən əsl
dərs keçdi.
Prezident
İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı
çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı panel
müzakirələr zamanı bəyan etdi ki, erməni
xalqı öz müqəddəratını artıq təyin
edib və onların erməni dövləti var: “Mənim məsləhətim
belə olacaq ki, onlar ikinci dəfə öz müqəddəratını
təyin etmək üçün Yer kürəsində
başqa yer tapsınlar, Azərbaycanda yox!”.
“Azərbaycanın
ərazi bütövlüyü istənilən digər
ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə
malikdir” fikrini bütün dünyaya bəyan edən Prezident
İlham Əliyev dəfələrlə bildirib ki, bizim
mövqeyimiz həm tarixi ədalətə, eyni zamanda, beynəlxalq
hüquqa əsaslanır və heç vaxt Azərbaycan
torpağında ikinci erməni dövlətinin yaranmasına
icazə verilməyəcək, işğal edilmiş
bütün torpaqlar işğalçılardan azad
olunmalı, Azərbaycan vətəndaşları öz
doğma yurdlarına qayıtmalıdırlar.
Dövlət
başçısı İlham Əliyev Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsi həll olunmadan, yəni
Ermənistan işğal olunmuş Azərbaycan
torpaqlarından çıxmayınca bölgədə
heç bir müsbət irəliləyişin mümkün
olmayacağını vurğulamaqla yanaşı, Azərbaycanın
öz milli maraqları uğrunda sona qədər mübarizə
aparacağını bildirib. Eyni zamanda, bu
mübarizədə ədalətin Azərbaycanın tərəfində
olduğunu söyləyən Prezident İlham Əliyev
dünyaya bəyan edib ki, Azərbaycan bundan sonra da öz
prinsipial mövqeyindən dönməyəcək.
Azərbaycan
Prezidenti deyib: “Əgər beynəlxalq birlik Ermənistanı
törədilmiş cinayətlərə görə məsuliyyətə
cəlb etmək istəmirsə, - necə ki, Xocalı
soyqırımına görə heç kim
onları məsuliyyətə cəlb etməyib, - biz
özümüz onları məsuliyyətə cəlb edəcəyik.
Biz özümüz onların cəzasını
verəcəyik, özümüz onları cəzalandıracağıq
və bizim cəzamız ədalətli cəza olacaqdır.
Onlar ən ağır cəzaya layiqdirlər.
Ermənistanın hərbi-siyasi rəhbərliyi
cinayətkarlardır və biz bu cinayətkarları cəzalandıracağıq”.
Qeyd etmək
vacibdir ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə rəşadətli Azərbaycan Ordusu sentyabrın 27-dən
Ermənistanın hərbi təcavüzünə cavab olaraq,
30 ildən artıq işğal altında olan
torpaqlarımızı azad etmək üçün
genişmiqyaslı əks-hücum əməliyyatları həyata
keçirilməklə yanaşı, düşmənin bu illər
ərzində yaratdığı “yenilməzlik”
mifologiyasını darmadağın etdi. Bununla yanaşı,
Prezident İlham Əliyevin xarici kütləvi informasiya vasitələrinə
verdiyi çoxsaylı müsahibələri Ermənistanın
Azərbaycana qarşı hərbi təcavüzü 30 ildən
artıqdır ki, yürütdüyü
işğalçılıq siyasəti, xüsusilə
müharibə cinayətlərinin mahiyyətini açmaqla
bunun bütün region üçün yaratdığı
ciddi təhdidləri, davam edən hərbi əməliyyatlarla
bağlı tarixə, beynəlxalq hüquqa və ədalətə
əsaslanaraq tutarlı arqumentlər üzərində qurulan
aydın, məntiqli fikirləri, ölkəmizin haqlı
mövqeyinin konkret faktlarla dünya ictimaiyyətinə
çatdırılmasında müstəsna rol oynadı. Həmçinin bu müsahibələr informasiya məkanında
da düşmənin yalan üzərində qurulmuş təbliğat
maşınına ağır zərbə vurdu və Ermənistanın
təcavüzkar siyasətinin, eləcə də onun himayədarlarının
ifşa olunması ilə nəticələndi.
Dövlət başçısı hər zaman
mühüm beynəlxalq tədbirlərdə dəfələrlə
Ermənistanın işğalçılıq siyasətini
ifşa edərək təcavüzkarın faşist ideologiyası
yürütdüyünü və terrorizmin dövlət səviyyəsində
dəstəkləndiyini bütün dünyaya bəyan edib. Xüsusilə son 17 ildə
Azərbaycan diplomatiyasının səyləri nəticəsində
münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik
Şurası, Qoşulmama Hərəkatı, Avropa
İttifaqı, Avropa Şurası, İslam Əməkdaşlıq
Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurası və s. beynəlxalq təşkilatların sənədləri
buna müvafiq hüquqi baza yaratdı.
Nəticədə
bu, informasiya müharibəsində də Azərbaycanın
haqlı mövqelərini əhəmiyyətli dərəcədə
gücləndirdi, uzun illər Ermənistanın
yürütdüyü faşist ideologiyası,
xalqımıza qarşı etnik təmizləmə,
soyqırımı, dövlət terrorizmi və
işğalçılıq siyasətinin, eləcə də
erməni yalanlarının dünya miqyasında ifşası
istiqamətində əhəmiyyətli rol oynadı, tarixi ədalətin
zəfər çalmasını şərtləndirdi.
Xüsusilə, Prezident İlham Əliyevin 2019-cu il
oktyabrın 3-də “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik
toplantısı kimi mühüm beynəlxalq platformada qətiyyətlə
söylədiyi “Qarabağ Azərbaycandır və nida
işarəsi” devizi bir ildən sonra, xüsusilə 44
günün ərzində reallığa çevrildi
xalqımıza böyük sevinc yaşatdı. Dövlətimizin
başçısı birmənalı olaraq bildirib ki, Azərbaycanın
işi haqq işidir və Qarabağ Azərbaycandır!
Ümummilli
lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək
Azərbaycanın milli və dövlətçilik
maraqlarını daim üstün tutan Prezident, Ali Baş
Komandan İlham Əliyev 2020-ci il
noyabrın 8-də Şuşa şəhərinin azad
olunması münasibətilə xalqa müraciətində
demişdir: “İyirmi səkkiz il yarım işğal
altında olan Şuşa azad edildi! Şuşa indi azaddır!
Biz Şuşaya qayıtmışıq! Biz bu
tarixi Qələbəni döyüş meydanında
qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan
tarixində əbədi qalacaqdır. Bu tarix əbədi
yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin,
Zəfərimizin günüdür!”
Yaşasın
Müzəffər Ali Baş Komandan! Yaşasın Azərbaycan
Ordusu! Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan!
Hərbi and .- 2020 .-
25 dekabr -.S.6-7.