Vətən müharibəsinin qəhrəman
qardaşları - biri
şəhidlik zirvəsinə
yüksəldi, digəri
qazi oldu
Qırx dörd
günlük Vətən
müharibəsində Füzuli
rayonundan olan Fəqan və Nicat Zalov qardaşları
da qəhrəmanlıqları
ilə fərqləniblər.
Biri şəhidlik zirvəsinə ucalıb, digəri isə ağır yaralanaraq qazi olub.
Zalovlar ailəsi
1993-cü ildə Füzuli
rayonunun Aşağı
Güzlək kəndindən
məcburi köçkün
düşüb. Evin kiçik övladı Fəqan 1997-ci ildə çadır şəhərciyində
dünyaya göz açıb. Sonradan ailə Babı kəndinə, qohumlarının
evinə köçüb.
Amil Zalov
oğlanları ilə
qürur duyduğunu deyib. Bildirib ki, çadır şəhərciyində doğulan
Fəqanı daim Vətənin azadlığı
düşündürüb. O, hərbi xidmətini başa vurduqdan sonra hərbi dəniz qüvvələrində
xidmətini davam etdirib. Aprel döyüşlərində də
iştirak edib. Vətən müharibəsi
başlayanda Murov və Goranboy istiqamətində, sonra isə Füzuli və Cəbrayıl rayonlarının azad edilməsi uğrunda gedən döyüşlərə
qatılıb. Cəbrayıl
rayonunun Şükürbəyli
kəndində gedən
döyüşdə qəlpə
yarası alıb. Həkimlər 15 gün qalmasını təkid etsələr də, beş gündən sonra yenidən ön cəbhəyə qayıdıb və müharibənin sonuncu gününə kimi döyüşüb.
"Ürəyinin üstündə üçrəngli
bayrağımızı gəzdirirdi.
Deyirdi ki, ən böyük istəyi bu bayrağı azad edilmiş hər hansı bir yüksəkliyə sancmaqdır.
Noyabrın 9-da Xocavənd
rayonunda gedən döyüşlərdə qəhrəmancasına
şəhid oldu",
- deyə atası bildirib.
Azərbaycan Prezidentinin Sərəncamı
ilə Azərbaycan Respublikasının ərazi
bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə
və işğal olunmuş ərazilərin
azad olunması zamanı düşmənin
məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş
tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq
nümunəsinə görə
kiçik miçman Fəqan Zalova ölümündən sonra
“Vətən Müharibəsi
Qəhrəmanı” adı
verilib. Cəsur döyüşçü, həmçinin
Prezidentin digər Sərəncamı ilə
"Vətən uğrunda"
medalı ilə təltif edilib.
Ailənin böyük oğlu
Nicat Zalov da xüsusi təyinatlı qüvvələrdə
xidmət edib.
2016-cı ilin Aprel döyüşlərində qəhrəmanlıq
göstərərək yaralanıb,
müalicəsi bitdikdən
sonra yenidən xidmətə qayıdıb.
Bu il sentyabrın
27-də Vətən müharibəsi
başlayanda da döyüşlərə qatılıb.
Düşmənin canlı
qüvvəsini məhv
edib və ağır döyüşlərin
birində snayperdən
açılmış güllə
nəticəsində ağır
yaralanıb. Döyüş
meydanından çıxarılaraq
xəstəxanaya çatdırılıb.
Qardaşının şəhid
olması xəbərini
də xəstəxanada
eşidib. Yaralı halda Fəqanın yas mərasimində iştirak edib və yenidən müalicə üçün
xəstəxanaya dönüb.
Hazırda xəstəxanada
müalicəsini davam
etdirir.
Qəhrəman qardaşların anası Səridə xanım oğlanlarının uşaq
yaşlarından vətənpərvər
ruhda böyüdüklərini
bildirib: "Mən özüm məktəbi Şuşada oxumuşam. Mən Şuşanı onlara sevdirmişəm. Oranın havası, suyu, təbiəti, gözəlliyi barədə
danışmışam. Şəkillərə
baxıb heyfisləniblər.
Ona görə də uşaq vaxtından Vətənə,
bayrağa bağlı
idilər. Hər ikisində də torpaqlarımızı işğaldan
azad etmək arzusu var idi".
Gültəkin Mehrəliyeva qardaşları
haqqında qürurla bəhs edib: "Qardaşımın qəhrəmanlıqları
çox olub ki, Prezidentimiz onu təltif edib. "Vətən müharibəsi qəhrəmanı"
adı verib. Amma o, heç vaxt öz qəhrəmanlığı
ilə öyünmürdü.
Sonuncu dəfə Bakıda xəstəxanaya
qardaşımın yanına
getmişdik. Mərkəzi
xəstəxanadan hospitala
kimi piyada getdik. Yaxşı ki, gəzə-gəzə
getdik, xeyli söhbət elədik...".
Gözləri dolan Gültəkin sözünü
davam etdirə bilmir. O, nə qədər ağır olsa da, qardaşlarının
qəhrəmanlıqları ilə qürur duyduğunu, şəhid və qazi bacısı
olması ilə fəxr etdiyini vurğulayıb.
Allah bütün
şəhidlərimizə rəhmət
eləsin, qazilərimizə
şəfa versin!
Hərbi And .- 2020 .-
25 dekabr – S. 8 .