Şəhid anası: Oğlumun ən böyük istəyi torpaqların azad edilməsi idi

 

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanlardan biri də Beyləqan rayon sakini Emin Məmmədovdur. O, peşəkar snayperçi kimi müharibədə qəhrəmanlıq göstərərək düşmənin onlarla canlı qüvvəsini məhv edib. Elə döyüş başlayan gün düşmənin canlı qüvvəsini məhv etdiyi anı da lentə alıb. Vətən müharibəsinin ilk günü qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə yüksəlib.

 

Məmmədov Emin Vətən oğlu Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində doğulub. Hərbi xidmətini başa vurduqdan sonra hərbçi olmaq qərarına gəlib. Kəşfiyyatçı ixtisasına mükəmməl yiyələnmək üçün müxtəlif kurslarda iştirak edib. Peşəkar hərbçi kimi yetişib. Emin hələ 2016-cı ilin Aprel döyüşləri zamanı da qəhrəmanlıq göstərib. 44 günlük Vətən müharibəsinə isə xüsusi təyinatlı snayperçi kimi qatılıb.

 

Şəhidin atası Vətən Məmmədov Emin haqqında fəxrlə danışır. Deyir ki, torpağa, Vətənə bağlı övlad olub. “Xüsusi təyinatlı snayperçi kimi işinin öhdəsindən çox gözəl gəlirdi. Bir çox əməliyyatlarda iştirak edib. Təxribat törətmək istəyən düşmən hərbçilərini tanıyıb silahdaşlarını qorumağı bacarıb. Sentyabrın 27-də döyüş başlayanda əks hücuma keçərək düşmənin üç postunu ələ keçiriblər. Dördüncü postun yerləşdiyi təpənin azad edilməsi uğrunda döyüşdə şəhid olub. Şəhid olan gün çəkdirdiyi şəkillərdə üzü gülürdü. Yoldaşları deyir ki, gülə-gülə şəhid olub”.

 

Anası Səbinə Cəfərova deyir ki, Eminin arzuları, istəkləri var idi: “Dedi, müharibə qurtarsın, qız evinə gedəcəkdik. İstədiyi vardı. Müharibənin başlamasını heç bizə bildirmədi. Axırıncı doğum gününü 28 yaşını avqustun 15-i keçirdi. Elə bil ürəyinə dammışdı şəhid olacağı. Yoldaşlarına deyirdi ki, şəhid olsam, üstümə gül-çiçəklə gələrsiniz. Ancaq bizə bildirmirdi. Yoldaşları bizə danışırdı ki, Emin hiss eləmişdi şəhidliyini. Ən böyük arzusu torpaqların azad edilməsi idi. Bu yolda da şəhid oldu. Ruhu şaddır ki, torpaqlar azad olunub".

 

Şəhid Emin Məmmədov doğulduğu Qəhrəmanlı qəsəbəsində dəfn edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölümündən sonra 3-cü dərəcəliVətənə xidmətə görəordeni ilə təltif olunub. Allah bütün şəhidlərimizə rəhmət eləsin...

 

Hərbi And .- 2020.- 25dekabr- .S.8