Möhtərəm Prezidentimiz Azərbaycanın
ərazi bütövlüyünü bərpa edən Lider kimi
adını əbədi olaraq tarixə yazdı
Milli Məclisin deputatı Malik Həsənov
-Malik
müəllim, 2020-ci ili başa vurmağa
saylı günlər qalır. Hər ilin, hər günün
bir hesabat olduğunu nəzərə alsaq, bu ili
necə xarakterizə edərdiniz?
- Başa
çatmaqda olan 2020-ci ilin
dünyada əsas mövzusu COVID-19-la mübarizə, regionda isə Ermənistan silahlı qüvvələrinin
müxtəlif istiqamətlərdən hücumlarının
qarşısının Azərbaycan
Ordusu tərəfindən qətiyyətlə
alınması, 44 günlük
İkinci Qarabağ müharibəsinin Azərbaycanın Qələbəsi
ilə tarixə yazılması,
yeni reallıqların yaradılmasıdır.
Pandemiyaya
qarşı mübarizəyə gəldikdə, Azərbaycan həm
ölkə daxilində, həm də beynəlxalq müstəvidə bu
ümumi bəlaya qarşı mübarizə üzrə
operativ tədbirlər görüb və görməkdə
davam edir. Ümumdünya Səhiyyə Təşkilatının
ilk gündən Azərbaycanla bağlı proqnozu belə olub
ki, ölkəmiz
bu mübarizədən az itki ilə
çıxacaq.
2020-ci ilin mühüm
hadisələrindən biri
ölkəmizdə növbədənkənar parlament
seçkilərinin keçirilməsidir. Məlum olduğu kimi, ötən
ilin sonlarında ölkənin ictimai-siyasi həyatında
aparıcı rol oynayan, qəbul etdiyi qərarları, irəli
sürdüyü təşəbbüsləri ilə Azərbaycanın hərtərəfli
inkişafına dəstək olan, milyonların sevgisini,
etimadını qazanan Yeni Azərbaycan
Partiyası ölkədə həyata keçirilən təkmil
islahatların qanunverici orqanda da öz əksini tapması
üçün parlamentin
buraxılması və növbədənkənar parlament
seçkilərinin keçirilməsi təşəbbüsü
ilə çıxış etdi. Prosedur qaydalarına uyğun
olaraq atılan addımlardan sonra möhtərəm Prezidentimiz
İlham Əliyevin Sərəncamı əsasında bu il fevralın 9-da növbədənkənar
parlament seçkiləri keçirildi. Bu seçkilər nəticəsində
çoxpartiyalı parlament formalaşıb və bu,
demokratiyanın inkişafında önəmli addımdır.
Milli Məclisin, həmçinin komitələrin rəhbərliyində
müxalifət nümayəndələrinin təmsil
olunması siyasi sistemdə təkmilləşmənin bariz
nümunələrindəndir. VI
çağırış Milli Məclisin ilk iclasında
Prezident İlham Əliyev bu məqamı xüsusi qeyd etdi ki,
indiki genişmiqyaslı islahatlar dövründə siyasi
islahatlar mütləq aparılmalıdır. Siyasi islahatlar partiyalararası geniş dialoq
aparılmadan həyata keçirilə bilməz. Azərbaycanın yeni siyasi konfiqurasiyası
formalaşır. Atılan addımlar nəticəsində
ölkədə
çoxpartiyalı sistem daha da möhkəm əsaslar
üzərində qurulacaq. 9 fevral tarixi, eyni zamanda, yeni, təkmil, müasir
parlamentin formalaşmasının başlanğıcı oldu. Dövlətimizin
başçısı qeyd edilən
çıxışında
parlamentin yeni heyətinə mühüm tövsiyələr verərək
bu əminliyini ifadə etdi ki,
altıncı çağırış Milli Məclis də
uğurla fəaliyyət göstərəcək və beləliklə,
ölkəmizdə aparılan genişmiqyaslı və
çoxşaxəli islahatlara, onların dərinləşməsi
işinə öz töhfəsini verəcək. Yeni parlamentin
formalaşmasından
ötən qısa müddətdə qəbul
olunan qanun layihələri, həmçinin bəzi qanunlara əlavə
və dəyişikliklərin
edilməsi təkmilləşmənin müasir
dövrün tələbləri sırasında olduğuna, ən
əsası dövlətimizin başçısı İlham
Əliyevin tövsiyələrinə uyğun olaraq
qanunvericilik bazası hazırlanarkən kəmiyyətə
deyil, keyfiyyətə üstünlük verildiyini təsdiqləyir.
Eyni zamanda, möhtərəm Prezidentimiz həmin proqram və
tövsiyə xarakerli çıxışında millət vəkillərini
ölkədə gedən proseslərdə fəal iştirak
etməyə, seçiciləri ilə mütəmadi
görüşərək onların problemləri ilə
yaxından tanış olmağa və icra orqanları
qarşısında qaldırmağa
çağırışlar etmişdir. Vətəndaş məmnumnluğunun
artırılması, ölkə ictimaiyyətini narahat edən
məsələlərin öz həllini tapması dövlətimizin
başçısı İlham Əliyevin daim gündəmdə
saxladığı məsələlər
sırasındandır.
- Cənab
İlham Əliyevin son 17 ildə
atdığı hər bir addım “Mən hər bir Azərbaycan
vətəndaşının Prezidenti olacağam” vədinin
reallıqda təsdiqidir. Günümüzün
bu gerçəkliyini necə şərh edərdiniz?
- Möhtərəm
Prezidentimiz İlham Əliyevin son 17 ildə fəaliyyətinin əsasında dövlətə, xalqa
xidmət etmək, hər bir azərbaycanlının
Prezidenti olmaq, dövlətçiliyimizi hər vasitə ilə
möhkəmləndirmək amalı dayanıb. 2003-cü il
oktyabrın 1-də müasir müstəqil Azərbaycan
dövlətinin qurucusu, ulu
öndər Heydər Əliyev
xalqa müraciətində bu əminliyi ifadə
etmişdir ki, həm İlham
Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra
da xalqımızın ən layiqli övladlarını öz
ətrafında sıx birləşdirərək Azərbaycan
dövlətinin inkişafı və xalqımızın
firavanlığı yolunda çox işlər görəcəklər.
Axıra çatdıra bilmədiyim taleyüklü məsələləri,
planları, işləri Sizin köməyiniz
və dəstəyinizlə İlham Əliyev başa
çatdıra biləcək. Mən ona
özüm qədər inanıram və gələcəyinə
böyük ümidlər bəsləyirəm.
Cənab İlham Əliyevin 17
illik fəaliyyəti, yeni inkişaf modeli əsasında Azərbaycana
davamlı uğurlar qazandırması bu inamın, etimadın real həyatda
təsdiqidir. Son 17 ilə qısa nəzər salanda dövlətimizin
başçısı İlham Əliyevin həyata keçirdiyi siyasətin strateji hədəfinin güclü Azərbaycan dövlətinin
formalaşdırılması,
ölkə iqtisadiyyatının inkişaf etdirilməsi,
müasir iqtisadi, sosial və mədəni infrastrukturun
yaradılması, əhalinin sosial rifahının təmin
edilməsi, sosial dövlət konsepsiyasının inkişaf etdirilməsi, ölkəmizin beynəlxalq
münasibətlər sistemində yeri və rolunun möhkəmlənməsi, güclü və müasir ordunun
yaradılması, ümumiyyətlə, bu məqsədlərə
çataraq yeganə problemimiz olan Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli
olduğunu görürük. Cənab
İlham Əliyevin islahatlar kursu ölkəmizin hərtərəfli
inkşafını təmin etdi, ən əsası “Azərbaycan
2020: gələcəyə baxış” İnkişaf
Konsepsiyasına uyğun olaraq Azərbaycanın inkişaf
etmiş ölkələr sırasında addımlamaq istəyini
reallığa çevirdi.
Azərbaycanın yeni iqtisadi və sosial
çağırışların müzakirəsi
üçün ideal məkan kimi qəbul edilməsi, həmçinin
dünyanın yeni xarici siyasətinin Azərbaycanda müzakirə
olunması və sair kimi biri-birindən önəmli
addımlar ölkəmizin beynəlxalq münasibətlər
sistemində yeri və rolunu daha da möhkəmləndirir. Azərbaycan
ötən dövrdə özünü dünyaya sosial
dövlət kimi təqdim edib. Dövlətimizin siyasətində
insan amilinə dəyər cənab İlham Əliyevin
2003-cü ildə irəli sürdüyü “neft
kapitalını insan kapitalına çevirək” tezisində
özünün aydın ifadəsini tapdı. Bu
baxımdan ki, bu tezis özündə yalnız elmə, texnologiyalara, təhsilə
qoyulan vəsaiti deyil, Azərbaycan
vətəndaşına hər yerdə hörmətin
olunmasını, dövlət məmurlarının xalqın
qayğıları ilə yaşayıb onların problemlərinin
həllinə dəstək olmalarını ehtiva edir. Prezident öz şəxsi
nümunəsi ilə bütün məmurlara xalqla bir yerdə
olmalarının vacibliyini örnək göstərir. Daim öz xalqının yanında olmaq, onun çətinliklərinə,
problemlərinə həssaslıqla yanaşıb onların
operativ həlli istiqamətində əsas tədbirlər
görmək Prezident İlham Əliyevin fəaliyyətinin əsasıdır.
Möhtərəm Prezidentimiz İlham Əliyevin 50 illiyində Ağcabədi rayonunun Taxtakörpü ərazisində
Laçın rayonundan olan 552 məcburi köçkün ailəsi
üçün yeni yaşayış qəsəbəsinin
açılışında iştirak etməsi bu gün də
ölkə ictimaiyyəti tərəfindən böyük rəğbət
hissi ilə xatırlanır. Prezidentimizin ən xoş
anını, sevincini
paylaşmaq üçün ictimaiyyətlə
görüşə daha çox maraq göstərməsi, səmimiyyəti
ona olan sevgini, etimadı daha da artıran məqamlardandır. Xatırlasaq, həmin açılış mərasimində
cənab İham Əliyev bildirmişdir ki, bu, müvəqqəti
yaşayış məntəqəsidir.
Torpaqlarımız işğalçılardan azad olunandan
sonra bütün köçkünlər üçün
Laçında, Kəlbəcərdə, Ağdamda hələ
ki, işğal altında olan digər torpaqlarda bundan da gözəl
evlər tikəcəyik: “Mən buna şübhə etmirəm.
Biz öz ərazi
bütövlüyümüzü mütləq bərpa edəcəyik.
Mən bu barədə fikirlərimi dəfələrlə
bildirmişəm, bir daha demək istəyirəm ki, bu, sadəcə
olaraq sözlər deyil, sadəcə olaraq bizim
arzularımız deyil, bu, həqiqətdir.”
Doğma
yurd-yuvalarından
didərgin düşmüş
soydaşlarımızın yanında olmaq, onların
arzularını, istəklərini dinləmək cənab
İlham Əliyev üçün hər zaman önəmli
olub. 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın
Qələbəsi, Ermənistanın kapitulyasiyası ilə
başa çatdıqdan sonra ölkə Prezidenti, Müzəffər
Ali Baş Komandan İlham Əliyevin və xanımı
Mehriban Əliyevanın işğaldan
azad edilmiş torpaqlarımıza-Cəbrayıl, Füzuli və
Ağdama səfər etmələri,
Qələbə sevincini ilk olaraq xalqla paylaşmaları da
bu birliyin, həmrəyliyin təzahürüdür.
Ölkə Prezidenti daim xalqa
arxalandığını, xalqdan güc
aldığını bildirir. 44
günlük Vətən müharibəsi bu birliyin
sarsılmazlığını bir daha nümayiş etdirdi.
-Malik
müəllim, şanlı Qələbəmizə gedən
yola bir nəzər salmağınızı istərdik. Artıq zaman
hakimliyini, tarix yaddaşlığını ortaya qoyaraq
işğalçı Ermənistanın və ona
havadarlıq edən dövlətlərin 30 il
danışıqları imitasiya naminə, vaxt uzatmaq
üçün apardıqlarını təsdiqlədi...
- Dövlətimizin
başçısı İlham Əliyevin xalqa müraciətlərində,
xarici mətbuata müsahibələrində qeyd etdiyi kimi, 44
günlük Vətən müharibəsi həqiqət
anı idi. Kimin haqqın-ədalətin, kimin
şərin, kimin dostun, kimin düşmənin yanında
olduğu bir daha açıqlandı. Bu,
44 günlük müharibə dövrünün
reallıqlarıdır. 30 ilə baxış fonunda isə Ermənistanın işğal
altında saxladığı torpaqları öz xoşu ilə
vermək istəmədiyi, havadarlarının isə beynəlxalq
hüququ, ədaləti kobud şəkildə pozaraq təcavüzkara
bu niyyətini gerşəkləşdirməkdə
yardımçı olduğu açıq-aydın
görünür. Ermənistanın yeni ərazilər
uğrunda müharibə planı olduğunu rəsmi Bakı ən
yüksək tribunalardan bəyan edirdi.
Bu il
işğalçı Ermənistan Azərbaycana qarşı 3 dəfə hərbi
təxribat törədib. İyulun 12-də Ermənistan-Azərbaycan
dövlət sərhədinin Tovuz istiqamətində Ermənistan silahlı qüvvələri Azərbaycan
mövqelərinə artilleriya atəşi ilə zərbə
endirdilər və bu hərbi təxribat nəticəsində hərbçilərimiz həlak
oldu, yaralandılar. Ermənistan
torpaqlarımızı işğal etmək istəyini
nümayiş etdirdi. Amma Azərbaycan Ordusu layiqli cavab verərək
onları yerinə oturtdu. Bu əməliyyatın da Azərbaycan
Ordusunun şanlı tarixində öz yeri var. Necə ki, 2016-cı ildə Aprel
döyüşlərində Azərbaycan Silahlı Qüvvələri
düşmənə dərs verdi, Ağdərə,
Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini
düşməndən azad etdik. İki il
bundan əvvəl – 2018-ci ildə uğurlu Naxçıvan əməliyyatı
nəticəsində on min hektardan çox torpaq sahəsi Azərbaycan
Ordusu tərəfindən götürüldü və
işğalçılar o bölgələrdən qovuldu.
Bu ilin avqust ayında Azərbaycana
diversiya qrupu göndərildi. O diversiya qrupu da zərərsizləşdirildi.
Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdən
Azərbaycan ərazilərinə hücumları zamanı kəndlərimiz, hərbi mövqelərimiz
artilleriya atəşinə məruz qaldı, mülki şəxslər,
hərbçilər arasında itkilər oldu. Dövlətimizin
başçısı İlham Əliyevin bəyanatında
qeyd edildiyi kimi, “artıq yetər, bu işğala son
qoyulmalıdır və son qoyulacaqdır” söylədik. Ölkə Prezidenti,
Ali Baş Komandan İlham Əliyevin “Azərbaycan əsgəri
irəli, torpağımızı azad etməliyik” əmrinə
uyğun olaraq ordumuz əks-hücum əməliyyatlarını
uğurla davam etdirərək 44 günlük Vətən müharibəsini
Azərbaycanın siyasi Qələbəsi ilə başa vurdu.
-Malik
müəllim, bugünün reallıqları belə
ümumiləşdirmə aparmağa əsas verirmi müasir
müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər
Heydər Əliyev xalqın təkidli tələbi ilə
hakimiyyətə qayıdışı ilə Xilaskarlıq
missiyasını yerinə yetirərək, möhtərəm
Prezidentimiz İlham Əliyev isə Azərbaycanın ərazi
bütövlüyünü bərpa
edərək adlarını
tarixə qızıl hərflərlə yazdılar?
Əlbəttə. Ümummilli Lider yeni Azərbaycan qurdu. O Azərbaycan
ki, bu gün möhkəm bünövrəsi olan binaya bənzədilir.
Mərtəbələrinin sayı gündən-günə
artdıqca, daha möhtəşəm, qürurverici
görünür. Azərbaycan
ulu öndər Heydər Əliyevin düşünülmüş
və məqsədyönlü siyasəti nəticəsində yaradılan möhkəm təməl
üzərində con 17 ildə daha da zirvələrə
yüksəlir. Yeni əsrin yeni
lideri olan Prezident İlham Əliyev öz praqmatik və müdrik
siyasəti ilə Azərbaycanı daim irəli aparır. Xalqımız ölkə Prezidentinin ətrafında
dəmir yumruq kimi birləşib. Azərbaycan irəliyə
doğru inamla addımlayır.
44 günlük İkinci Qarabağ
müharibəsində qazanılmış möhtəşəm
Zəfər bunun ən yeni sübutudur. Möhtərəm
Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə günbəgün
qüdrətlənən,
güc toplayan Azərbaycan xalqı, onun rəşadətli
Ordusu düşməni torpaqlarımızdan qovdu, üçrəngli
bayrağımızı
işğal altında olan bütün
torpaqlarımızda dalğalandırdı, ərazi
bütövlüyümüzü bərpa etdi, Azərbaycan əsgəri öz
qanı, canı bahasına 30 illik işğala son qoydu.
Hərbi and .- 2020
.- 25 dekabr – S.9.