“İGİD OĞLU YALNIZ İGİD OLAR...”

 

 

Axır ki, damarı tutulan igidlərimizin damağı sazlandı. “Qarabağa, Xankəndinə, Şuşaya gedirik” deyə səsi ərşə yüksələn döyüşçülərimizin qabağında bir dığa da duruş gətirə bilmədi. Ali Baş Komandanımızın döyüş əmrindən hətta 2020-ci ilin payızı da öz həmişəki libasını dəyişdi. Onun üstünə qış gəlmədi, sanki bahar gəldi. Bu gəliş vədəsiz olsa da, o xoş baharı düşmən üzərində ordumuzun müzəffər yürüşündən şadlanan könül dünyamıza igid döyüşçülərimiz, yurd azadlığı naminə şirin canından keçən şəhidlərimiz bəxş etdi. Onlar azadlıq ocağımızı yandıraraq bəyan etdilər ki, işğal dərdi çəkə-çəkə utanc içində ölmək bizə yaraşmaz. Qarabağ bizim namus məsələmizdir. Onun işğalına dözə bilmərik. Bu dünyaya başını uca tutan insan kimi gəlmişik, əbədi dünyaya da haqlı insan kimi getməliyik. Gözümüzü heç vaxt Qarabağdan çəkən deyilik. Fədakar və cəsur oğullarımızın cəsarəti sönməkdə olan qürurumuza güclü nəfəs verdikdən sonra ruhən çox təzələndik. Şanlı ordumuz zalım düşmənin qorxulu röyasına çevrildi. O qorxulu röyanı yaradanlardan biri də goranboylu mərd əsgərimiz Qasımov Tural Yelmar oğlu oldu.

Biz əksər hallarda deyirik ki, cəsarət qol gücündən deyil, ruh gücündən yaranır. Turalda hər cür qüvvənin tükənməz bir ocağı, əyilməz bir dayağı vardı. Bu səbəbdən də onun cəsur baxışları daim qaynayırdı. Erməni tərəfinin lovga hərəkətlərinə dözə bilməyərək sülh danışıqlarına “yox”, ədalətli vətən savaşına ürəkdən “hə” deyirdi. Digər obyektiv bir səbəb doğma Düzqışlaq kəndinin yurdsevərlik duyğuları, qəhrəman oğullarının yaddançıxmaz xoş xatirələri ilə bağlı idi. Belə ki, 1-ci Qarabağ savaşında bu kəndin 4 igid oğlu şəhid olmuşdu. Onlardan biri – Ziyad Məsimov isə Azərbaycanın Milli Qəhrəmanı kimi yüksək fəxri ada layiq görülmüşdü. Tural o dövrdə vətəncanlı ruhda yaşayan, öz halal əməyi ilə dolanan Qasımovlar ailəsinin çox əzizlənən körpə uşağı kimi böyüyürdü. Həmkəndlilərinin şəhid titulunu uca tutaraq o ağrılı, problem dolu günlərimizin təsiri altında ərsəyə gələn bu nər igidimiz sanki özünü doğma Qarabağımızın tam azadlığı uğrunda başlayacaq döyüşlərə hazırlayırdı. Nəhayət, bizlərə işğal sıxıntısı yaşadan o illər tez ötüşdü.

21 sentyabr 2020-ci il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinin həyətində böyük bir canlanma hökm sürürdü. Ehtiyatda olan rayon gəncləri hərbi təlimlər üçün səfərbər edilmişdi. Tural da onların arasında idi. Çağırış vərəqi əsasında gəlsə də, həmin gün siyahıda onun adı çıxmadığına görə çox məyuslandı. Harahat hisslər keçirən atası Yelmar kişi oğlunu sakitləşdirərək dedi ki, Allah verən məsləhət yaxşıdır, nə vaxt çağırsalar gedərsən. Turalın isə ürəyinə yaman dammışdı ki, tezliklə Qarabağ savaşı başlayacaq, bu fürsəti əldən vermək olmaz. Odur ki, geri çəkilmədi və şöbə rəhbərliyinə müstəqil surətdə müraciət edərək razılıq ala bildi.

Ata narahatlığı oğlunun təlimə getməsindən yaranmamışdı. Öz istəyi sayəsində atasının dülgərlik sənətinə yiyələnmiş Tural təkcə Düzqışlaq kəndində deyil, bütün rayon ərazisində kamil usta kimi rəğbət qazanmışdı. Bir həftə olardı ki, atası ilə birgə qonşu evində işləyirdilər. Atası məhz buna görə narahatlıq çəkirdi ki, oğlu təlimə gedəsi olsa, soyuqlar düşməzdən əvvəl qonşunun inşaat işlərini başa çatdıra bilməyəcək. Tural bu narahatlığı daxilən duysa da, daha çox öz iç dünyasında çoxdan gözlədiyi yurd savaşına öz layiqli töhfəsini necə verəcəyini düşünür, qürurverici döyüşçü anlarını yaşamaq istəyirdi. Onun bu cəsarətinin ölçüsü həmin dəqiqələrdə həqiqi mənada ölçüyəgəlməz bir həddə çatmışdı. Belə incə məqamlarda oğlunun yüksələn ruhuna yersiz toxunmağa Yelmar kişinin ürəyi gəlmədi.

Tural haqlı imiş. “Yer yarılsa da, göy çöksə də mən Qarabağımızın işğalına dözmərəm” deyən igidimizin çoxdan arzuladığı döyüş əmri çin oldu. Beşgünlük təlimlərdə mahir PK-çı adını qazanmış Tural Qasımov komandirliyin xüsusi təşəkkürünə layiq görüldü. Onun nişan aldığı hədəflərin yalnız bir, yaxud ikisi atdığı güllədən azacıq yayına bilərdi. Sərrast tətik çəkməyi bir il yarımlıq əsgərlik dövründə Tovuz sərhəd bölgəsində Koxanəbi döyüş postunda yaxşı öyrənmişdi. Atəşkəsi pozan dığaları iriçaplı pulemyotla yerindəcə susdurur, həddini aşan düşmən qüvvələrini cəhənnəmə vasil edirdi. Hələ o zaman deyirdi ki, vaxt gələcək, düşmən ürəyini sökən döyüşçülərdən biri də mən olacağam, inşallah, ulu dədə-baba yurdumuzun bir qarış torpağı da erməni tapdağı altında qalmayacaqdır.

Qarabağa sahib çıxmaq üçün içində qanı kükrəyən Tural Yelmaroğlu müqəddəs arzusuna yetişə bildi. Belə ki, sentyabrın 27-də ordumuzun zəfər yürüşünün başlanması barədə məlumat gələn gün goranboylu igidimiz öz cəsur təlim yoldaşları ilə birgə Tərtər döyüş bölgəsinə göndərildi. Onların seçdiyi mövqe fasiləsiz atəşə tutulurdu. Lakin əsgərlərimizin fədakar müqaviməti qarşısında itki verən düşmən qüvvələri, necə deyərlər, addım-addım geri çəkilirdilər. Hərbi əməliyyatların gedişi yalnız gecələr azacıq səngiyirdi. Bu zaman Turalın daxil olduğu bölüyün komandiri yeni gələn əsgərləri adbaad tanımağa çalışırdı. Bəzən şam yeməyi üçün münasib şərait əmələ gələn kimi bölük komandiri leytenant Təhmin Nəcəfov fərdi yanaşma yolu ilə əsgərlərlə söhbət edir, lazımi məsləhətlər verir, onların döyüşlə bağlı taktiki fikirlərini öyrənir və bacarıqlı döyüşçüləri daha ağır nöqtələrə doğru göndərirdi ki, yersiz itkilərə, hərbi-taktiki səhvlərə yol verilməsin. Həmin fərqli əsgərlərdən biri Tural Qasımov idi. Düzdür, çox gərgin anlarda komandir onun adını düzgün səsləndirə bilməsə də, mahir PK-çı kimi diqqət mərkəzində saxlayır və piyadalarımızın rahat irəliləməsi üçün onun himayəedici atəşlərinə üstünlük verirdi.

Döyüşün 3-cü günü Tural öz xüsusi məharəti ilə seçildi. Gecə vaxtı öz müdafiə mövqeyində səngər qazıntılarını elə icra etdi ki, iki istiqamətdə qəfil mövqe dəyişməsi apararaq silahdaşlarını fasiləsiz olaraq qoruya bilsin. Verilən üç həmlə tapşırığının müvəffəqiyyətlə yerinə yetirilməsində Turalın cəsarətli hərəkətləri və sərrast atışı sayəsində dörd yaralı əsgərimizin təxliyəsini sağ-salamat icra edə bildilər. Artıq cürbəcür mərdlik əməlləri ilə müqəddəs səngər ab-havasında bir-birinə qaynayıb-qarışan döyüş kollektivi hər gün bir qələbə sevinci ilə şadlanır, daha yüksək döyüş göstəricilərinə nail olmaq üçün təşəbbüskarlıq miqyasını genişləndirirdilər.

Qələbə ovqatı hakim olan döyüş həyatının 7-ci günü Tural sanki uçurdu. Səhər yeməyindən sonra ona bölük komandiri tərəfindən xüsusi tapşırıqlar verildi. Qoşunlarımız strateji Ağdərə istiqamətində dönüş yaratmışdılar. Qəddar erməni komandirləri tərəfindən fərarilik edən dığaların səngərə ayağından zəncirlənmələri barədə yayılan məlumat fədakar şəxsi heyətimizi yaman coşdurmuşdu. Hamı nikbin ruhda döyüşürdü. Tural tez-tez deyirdi ki, qələbəmiz çox yaxındadır, bu xain ermənilər bizim gülləmizdən çox öz güllələrinə qurban olacaqlar.

Noyabrın 3-də təxminən 9.30 radələri idi. Həsənqaya kəndi əhatəsində əlverişli mövqe tutan Turalgilin bölüyü əks-həmlə edərək erməni səngərini yarımmühasirə şəklində oda bələmişdilər. Həmin yerdə dığalar arabir səs çıxarırdılar. Lakin digər yüksəklikdə dayanaraq Turalgilin bölüyünün hərəkətlərini nəzarət altında saxlayan erməni qüvvələri susmur, minaatan silahların atəşinə güc verirdilər. Bəzən yaralı əsgərlərimizin təxliyəsi ilə əlaqədar həmlə sürətimiz azalsa da, yeni manevrlər edərək düşmənə tutarlı zərbələr endirirdik. Hər gün döyüş təcrübəmiz zənginləşirdi.

Səhər tezdən qızmar günəş çıxmışdı. İstidən tərləyən əsgərlərimizin döyüş əzmkarlığı şiddətli bir həddə çatmışdı. Ancaq irəli getmək, mühüm nöqtələri ələ keçirmək məqsədilə bölük dayaq məntəqəsindən verilən qəfil göstərişləri qəhrəmancasına yerinə yetirirdilər. Tural cəsur atıcı əsgərlərimizi yaxşı himayə edirdi. Nəhayət, PK-çıların irəli getmək komandası verildi. Sən demə, 10 dəqiqəlik düşmən susqunluğun hiyləsi varmış. Tural əmr verilən kimi yerindən qartal kimi sıçradı, xeyli irəli gedə bildi. Düşmən səngərinə 15 addımlıq məsafə qalmışdı. Güllə göydən yağış kimi yağdığına görə Tural bir çökəkliyə sığındı və bir dəqiqədən sonra yenə irəli getmək istəyəndə sağ bud nahiyəsindən bir ağrı hiss etdi. Artıq güllə yarasından süzülən qan üzə çıxmışdı. Ölümlə pəncə-pəncəyə gələn igidimiz yaralanmasından dilxor olsa da, qəti qorxu hissi keçirmədi. Allahın adını ucadan çəkərək yerindən durmaq istəyən anda sol tərəfində yerə uzanmış yaralı silahdaşı ondan kömək dilədi. Ona görə də Tural daha irəli getmək yox, imdad diləyən əsgər qardaşına ilkin yardım etməyə cəhd göstərdi. Hə axan qanı, nə də kəskin ağrıları onu sarsıtdı. Amansız ölümlə əlləşə-əlləşə bir qədər süründü. Əfsus ki, bu cəhd onun son cəhdi oldu. İkinci güllə Turalın qarın hissəsindən girərək kürəyindən çıxdı və əsgər yoldaşını qucaqlayaraq bir yerdə, eyni döyüşkən ruhda sönməz yurd sevgisi ilə əbədi müqəddəs bir dünyaya yollandılar. Onların şəhidliyi hesabına bir mühüm düşmən mövqeyi də əlimizə keçirildi...

Tural müzəffər ordumuzun tam qələbəsini görə bilmədi, amma o möhtəşəm döyüş uğurlarımızın cəsur iştirakçısı olmaq şansını qazandı, qısa olsa da, qəhrəman ömür yaşadı, şəhidlik qisməti ilə xalqımızın gözündə ucalıqlara sahib çıxdı. Cəsur və mərdanə döyüşçülük xarakteri, sönməz vətən sevdası, fərqli şücaət əməlləri ilə milli qəhrəmanlıq tariximizə öz imzasını yazdı.

Həyat yoldaşının ad günündə müqəddəs məzara qoyulan Tural Qasımovun yetim qalan 5 aylıq körpəsinin səsini kəsmək olmurdu. Əli adlı bu igid balasının kövrək səs axarında, elə bil, bədbinlik hissləri ilə bahəm öyüngən duyğular bəhsləşirdi. Söz demək qabiliyyətini hələ qazana bilməyən bu müqəddəs şəhid övladı susmayan səsi ilə çox mühüm mətləbləri bizə andırırdı. O sanki demək istəyirdi ki, ata can, sən o müqəddəs dünyada daimi rahatlığa sahib oldun, heç vaxt mənə görə narahat olma, igid oğlu yalnız igid olar, səni bu həyatda həmişə mərdanə əvəz edəcəyəm!..

 

İbrahim MƏSİMOĞLU

Hərbi And .- 2020 .- 4 dekabr – S. 10.

.