Dağ şəraitində
hücum əməliyyatı necə aparılmalıdır?
Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələri
qarşısında duran birinci tapşırıq işğal
altında olan ərazilərin azad edilməsidir. İşğal
altında olan ərazilər isə əsasən dağlıq
ərazilərdir. Dağlıq ərazilərin
xüsusiyyətləri və onların qoşunların fəaliyyətlərinə
təsiri diqqət yetirilməli olan ən vacib məsələlərdən
biridir.
Əvvəlki məqalədə dağlıq ərazidə
hücum döyüşünün təşkilinin və
hücumun hazırlığının xüsusiyyətlərini
araşdırdıq. Bu məqalədə isə dağlarda
hücumun aparılması və hücumda vacib
döyüş elementlərindən biri olan ön dəstənin
döyüşünün təşkilinin xüsusiyyətləri
barədə araşdırma aparacağıq.
Dağlarda
hücumun aparılması
Dağlıq Qarabağın işğal olunmuş
rayonlarda hücum zamanı əsas fəaliyyətlər yol
qovşaqları, dağ aşırımları və
keçidləri, yaşayış məntəqələri və
digər vacib obyektlər uğrunda mübarizədən ibarət
olacaq. Hücum zamanı canlı qüvvə və
texnikanın keçidlərdə yığılmasına yol
verməmək, iri qüvvələri dar keçidlərə
və dərələrə toplamamaq, eləcə də
hücum edən qoşunların cinahlarını düşmənin
yandan keçmə qüvvələrinin mümkün zərbələrindən
qorumaq vacibdir.
Yüksək dağlıq ərazidə əlçatmaz
istiqamətlərdə qoşunlarımız düşmənlə
bilavasitə təmas vəziyyətindən hücuma keçməlidir. Amma
tankların və digər döyüş
maşınlarının hərəkətləri
mümkün olan ərazidə ‒ dərinlikdən irəliləyərək
hücuma keçmək olar. Bəzi istiqamətlərdə
hər iki üsulun birləşdirilməsi də
mümkündür. Hücuma keçmə
üsulu vəziyyət qiymətləndirilməsi zamanı
müəyyən ediləcək.
Qoşunların
hücuma keçmə vaxtları da müxtəlif ola bilər: müxtəlif istiqamətlərdə
eyni vaxtda hücuma keçmək olar, hər istiqamətdə
müxtəlif vaxtlarda əsas qüvvələrlə
hücum etmək olar, bəzi istiqamətlərdə müxtəlif
vaxtlarda əvvəlcə ancaq ön dəstələrlə,
sonra isə əsas qüvvələrlə hücum yerinə
yetirilə bilər. Hücumda qoşunların fəaliyyətində
əsas məsələ düşmən
qruplaşmasının cinahına və arxasına zərbələr
endirmək və bu zərbələri tam
qarşılıqlı əlaqə şəraitində həyata
keçirməkdir.
Əsas hücum qüvvələrinin öz
tapşırıqlarını yerinə yetirməsi
üçün əvvəl düşmənin himayə
qüvvələri məhv edilməlidir. Düşmənin
himayə qüvvələrinin darmadağın edilməsi isə
bizim ön dəstələrimiz tərəfindən
keçidlərin, aşırımların tutulması ilə
yerinə yetiriləcək. Ön dəstələr
taktiki hava desantları ilə qarşılıqlı əlaqədə
olmaqla düşmənin himayə qüvvələrini məhv
etməli, bununla da əsas qüvvələrin
açılmasını və döyüşə girməsini
təmin etməlidir.
Korpusun və briqadaların əsas qüvvələri
ön dəstələrin arxasınca irəliləməli,
istənilən zaman açılmağa və onların səylərini
artırmağa hazır vəziyyətdə
olmalıdırlar. Bu zaman əsas məsələlərdən
biri də odur ki, düşmənin himayə qüvvələrinə
imkan verilməsin ki, özünün hazırlanmış
müdafiə hüdudlarına geri çəkilsin, geri
çəkilmə marşrut və keçidlərini
dağıtsın, bununla da bizim qoşunların irəliləməsini
ləngitsin və ya ümumiyyətlə dayandırsın.
Korpusun əsas
zərbə istiqamətində düşmən müdafiəsinin
yarılması iki sahədə yerinə yetirilərsə
hücum sahəsinin eni adi şəraitlərdə
olduğundan kiçik ola bilər. Hücum sahəsinin eni ərazinin imkanlarından, vəziyyət
qiymətləndirilməsinin nəticələrindən, tərəflərin
döyüş imkanlarından asılı olacaq.
Hücumun atəş hazırlığı müxtəlif
istiqamətlərdə müxtəlif vaxtlarda başlaya bilər. Qoşunların
cəmləşmə rayonlarının həmlə həddindən
məsafəsi, relyefin xüsusiyyətləri, hədəflərin
xarakteri, döyüş tapşırıqlarının
xüsusiyyətləri, qoşunların hərəkət
qabiliyyəti və digər faktorlar əsasında qərargah əsasandırılmış
hesablar aparmalı və atəş
hazırlığını planlaşdırmalıdır.
Birinci eşelon briqadalarının qüvvələri
düşmənə atəşlə zərər
vurulmasının nəticələrindən istifadə edərək,
onun üzərinə yollar boyu, dağ silsilələrində
və digər keçilə bilən yerlərdə çox
sürətlə həmlələr etməlidir. Qüvvələrin
öndən hücumu ilə düşmən mövqelərini
ötüb keçmələr və dövrələmələr
uyğunlaşdırılmalıdır. Hücum
qüvvələri düşmənin dayaq məntəqələrini,
hakim yüksəklikləri ələ keçirməli və
cəsarətlə düşmən müdafiəsinin dərinliyinə
girməlidir.
Düşmənin ehtiyat qüvvələrinin
darmadağın edilməsi birinci eşelon briqadalarının
zərbələri ilə yerinə yetirilməlidir. Düşmənin,
yeni gələn ehtiyat qüvvələri və geri çəkilən
bölmələr tərəfindən dərinlikdəki
müdafiə hüdudlarını tutmaq və əldə
saxlamaq cəhdləri aviasiya zərbələri və ön dəstə,
yandan keçmə dəstələri və taktiki hava
desantlarının qabaqlayıcı fəaliyyətləri ilə
pozulmalıdır.
Hücum zamanı, əsasən də vadilərə və
dağ yaylalarına giriş zamanı, birinci eşelon
briqadaları düşmənin əks həmlələrini və
əks zərbələrini dəf etməyə daim hazır
olmalıdır.
İkinci eşelonları və ehtiyatları hər ərazidə
döyüşə salmaq olmaz, onları dağ silsilələrini
dəf edərək vadilərə və düzənlik əraziyə
çıxmaqla əsas istiqamətlərdə
döyüşə salmağı planlaşdırmaq
lazımdır. Əgər düzənlik əraziyə
çıxana qədər səylərin
artırılması vacib olarsa, onların döyüşə
girmələrini əlverişli istiqamətlərdən,
birinci eşelon briqadalarının cinahlarından və ya
qoşunların döyüş düzülüşləri
üzərindən aşmaqla yerinə yetirmək olar. Ərazi şəraitləri imkan verdikdə isə
düşmənin cinahlarını yandan keçərək dərinlikdən
onun arxasına çıxmaqla ikinci eşelonları və
ehtiyatları döyüşə salmaq lazımdır.
Qarabağ
müharibəsinin ilk mərhələsinin təcrübəsinə
görə, hücuma keçən briqadaların birinci
eşelonları hücumu inkişaf etdirərək imkan
daxilində dayaq məntəqələrinə qarşı
öndən hücum etməkdən qaçmalı, uzana bilən
döyüşlərə cəlb olunmamalı, düşmənin
planlı surətdə geri çəkilməsinə, irəliləməsinə
və ehtiyatların əks həmlə və əks zərbələr
üçün açılmasına imkan verməyərək
sürətlə düşmən müdafiəsinin dərinliyinə
girməlidirlər.
Düşmənin
planlı geri çəkilməsi zamanı bölmələr
bacardıqca tez düşmən arxasına keçməyə
can ataraq qətiyyətli təqibə keçməlidirlər.
Təqib zamanı qoşunların əsas fəaliyyət
üsulu öndən təqib olmalıdır. Eyni zamanda yandan keçmə dəstələri və
taktiki hava desantları da əsas qüvvələrlə
mütləq qarşılıqlı əlaqədə fəaliyyət
göstərməlidir.
Düşmən, bizim qoşunların hücumunun
inkişafını ləngitməyə çalışaraq,
əks həmlə və əks zərbələr endirəcək. Buna görə
əsasən də manevr imkanları olan vadi və dağ
yaylalarında qarşılaşma döyüşləri
tez-tez baş verəcək. Amma
qarşılaşma döyüşləri bilavasitə
dağlarda da baş verə bilər. Qarşılaşma
döyüşləri ayrı-ayrı təcrid olunmuş
istiqamətlərdə məhdud ərazidə olacaq. Bu döyüşlərə kompleks yanaşma
olmalıdır, odur ki, onlara vahid əməliyyat niyyətində
baxmaq vacibdir.
Korpusun hücum əməliyyatında düşmənin
mühasirəyə alınması ən əsas nəticələrdən
biri olmalıdır. Bu zaman qoşunlar əsas istiqamətlərdə
qəti hücumlar etməli, taktiki hava desantları və
yandan keçmə dəstələri düşmən
müdafiəsinin arxasında yerləşən
aşırımlar, dağ keçidləri və yol
qovşaqları zonalarında tətbiq edilməlidir. Bütün bu fəaliyyətlər düşmən
ehtiyatlarının gəlməsini və düşmənin
geri çəkilməsini mümkün qədər əngəlləməlidir.
Düşmən mühasirəyə alındıqda iki cəbhə
yaradılmalıdır: mühasirənin xarici cəbhəsi və
daxili cəbhəsi. Mühasirənin xarici cəbhəsi
‒ reyd dəstələrinin və qoşunların istiqamətlər
üzrə sürətlə düşmən cinahına və
arxasına çıxması hesabına yaradılacaq. Mühasirənin daxili cəbhəsi isə əsas
dağ kommunikasiyalarını əhatə edən
ayrı-ayrı istiqamətlər üzrə
yardılmalıdır.
Düşmən mühasirəyə alındıqdan
sonra, onun qruplaşmasını parçalayıb, cinah zərbələri
endirməklə hissə-hissə məhv etmək və nəticədə
düşməni bütövlükdə darmadağın etmək
lazımdır.
Hücumun inkişafı zamanı əsas diqqəti ona
yönəltmək vacibdir ki, düşmənin yandan
keçmə dəstələrinin və əks həmlə
qüvvələrinin mümkün zərbələrindən
cinahlarımız qorunsun. Bu məqsədlə
cinahlardan, o cümlədən PUA-lar və helikopterlərlə
kəşfiyyat aparılmalı, atəş zərbələri
planlaşdırılmalı və döyüş vəziyyətinin
bütün şəraitləri üçün
ehtiyatların fəaliyyətləri nəzərdə
tutulmalıdır.
Hücumda
ön dəstənin döyüşünün təşkili
Komandir hücuma ümumi qərar qəbul edərkən
ön dəstənin tətbiq olunmasını mütləq nəzərdə
tutmalıdır. Bununla əsas qüvvələr öz
tapşırıqlarını daha az
qüvvə və vasitə ilə yerinə yetirəcək,
eyni zamanda çox vaxt itkisinə yol verilməyəcək. Ön dəstəni göndərən komandir, onun fəaliyyətini
bilavasitə təşkil etməli və ona rəhbərlik
etməlidir.
Ön dəstənin tətbiqinə qərar verən
komandir, onun yerinə yetirməli olduğu
tapşırıqları dəqiq müəyyən etməlidir. Dağlıq ərazidə
fəaliyyətlər əsasən istiqamətlər üzrə
olduğuna görə, hansı ön dəstənin hansı
istiqamətdə fəaliyyət göstərəcəyinə
əvvəldən qərar verilməlidir. Düşmənin
müdafiə xəttini keçərkən və əsas
qüvvələrdən ayrıldıqdan sonra ön dəstənin
birinci eşelon bölmələri ilə
qarşılıqlı əlaqə sualları dəqiq işənməlidir.
Vacib məsələlərdən biri də odur
ki, taktiki hava desantı tətbiq edilərsə, ön dəstənin
onunla qarşılıqlı əlaqə qaydası müəyyən
edilməlidir. Ön dəstənin fəaliyyəti
mütləq artilleriya və aviasiya tərəfindən təmin
edilməli və bu təminatın qaydaları göstərilməlidir.
Ön dəstənin əsas qüvvələrdən
ayrılması vacib mərhələlərdən biridir.
Bu mərhələni təmin edərkən
tüstülərin və yandırıcı maddələrin
tətbiq etmə qaydası təyin edilməlidir. Ön dəstə fəaliyyətə başlamazdan əvvəl
çıxış vəziyyətini tutmalıdır,
komandir isə öz qərarında bu çıxış vəziyyətinin
tutulması qaydasını təyin etməlidir. Ön dəstə öz bölmələrimiz üzərindən
aşarkən onun irəliləmə qaydaları və istiqamətini
də komandir göstərməlidir.
Əgər
komandir ön dəstənin tətbiqi üzrə vaxtında qərar
verməsə, ön dəstə ilə birinci eşelon
bölmələri, eləcə də qonşuların ön
dəstələri arasında hərtərəfli və
dolğun qarşılıqlı əlaqə yaradılmayacaq,
əsas qüvvələrdən ayrı fəaliyyət
göstərmək üçün vacib olan maddi vəsaitləri
və silahları tam hazırlaya bilməyəcək, şəxsi
heyət isə qarşıdakı fəaliyyətlərə
tam hazır olmayacaq.
Ön dəstəyə tapşırıq verərkən
ona zolaq yox, ancaq fəaliyyət istiqamətləri, müxtəlif
dərinlikdə ələ keçirməli olduğu 1, 2 və
ya 3 obyekti müəyyən etmək məqsədəuyğundur.
Ön dəstənin fəaliyyətləri təşkil
olunarkən hər şeyin komandir tərəfindən yerinə
yetirilməsi mümkün deyil. Burada ön dəstənin
fəaliyyətinin təşkil edilməsi və onun
hazırlanması üzrə qərargahın da çox vacib
rolu var.
Komandirin ön dəstənin tətbiqinə dair
dolğun və dəqiq qərar verməsi üçün qərargah
lazım olan bütün məlumatları vaxtında
toplamalıdır.
Qərargah zabitləri vaxtında ön dəstənin təşkili
üzrə sərəncamları işləyib
hazırlamalı və onun fəaliyyətini hərtərəfli
planlaşdırmalıdırlar.
Səməndər Məmmədov
Hərbi And.- 2020.- 4
dekabr- S. 23.