Dağ şəraitində hücum əməlyyatı necə aparılmalıdır?

 

Qarşıda duran tapşırıqların və ərazinin xüsusiyyətlərindən asılı olaraq ön dəstəyə gücləndirmə vasitələri ayrılmalıdır, qərargah həmin gücləndirmə vasitələrinin vaxtında ön dəstənin tərkibinə gəlməsinə nəzarət etməlidir.

Əvvəllər də qeyd etdiyimiz kimi, dağlıq ərazidə fəaliyyətlər istiqamətlər üzrə olduğuna görə bu fəaliyyətlərin hərtərəfli təminatı da xüsusi qaydada olmalıdır. Qərargah da ön dəstənin fəaliyyətlərinin hərtərəfli təminatına aidiyyatı üzrə nəzarət etməlidir.

Ön dəstə komandiri və onun bölmə komandirləri lazım olan xəritə, sxem və fotosənədlərlə tam təmin olunmalıdır. Qərargah zabitləri aidiyatı üzrə bunun hesabını aparmalı və vaxtında təmin olunmasına nəzarət etməlidir.

Ön dəstənin əsas qüvvələrlə, qonşularla, himayəedici artilleriya və aviasiya ilə, kəşfiyyatla və s. ilə əlaqə saxlaması üçün qərargah çağırış cədvəlləri, siqnal cədvəlləri, danışıq cədvəlləri və radiogöstəriciləri hazırlamalı, dəstəni əvvəlcədən təmin etməlidir.

Birinci eşelon bölmələrinin hərəkətə başlaması ilə qərargah onun irəliləməsini izləməli, həmçinin irəliləmənin artilleriya atəşi və aviasiya zərbələri ilə təmin olunmasına nəzarət etməlidir.

Qərargah birinci eşelon bölmələrinin komandirlərinə, eləcə də qoşun növləri və xidmət rəislərinə ön dəstənin hərəkətinin təmin edilməsi, onun əsas qüvvələrdən ayrılması, o cümlədən onun fəaliyyət istiqamətinin dəyişməsi ehtimalı ilə bağlı bütün vacib sərəncamları çatdırmalıdır.

Ön dəstənin əsas qüvvələrdən ayrılmasından sonra qərargah fasiləsiz olaraq onun fəaliyyətini izləməli, kəşfiyyatdan, aviasiyadan, qonşulardan və digər mənbələrdən düşmən haqqında alınmış vacib məlumatları ona çatdırmalıdır.

Ön dəstənin düşmən müdafiəsinin dərinliyindəki fəaliyyətləri mürəkkəb prosesdir. Bu fəaliyyətlərin bacarıqla idarə olunması üçün qərargahın işində yüksək çeviklik, dəqiqlik və onu vaxtında vacib məlumatlarla təmin edə bilməsi tələb olunacaq.

Briqada komandiri ön dəstənin komandirinə döyüş tapşırığı verərkən, dəstənin tərkibini və fəaliyyət istiqamətlərini göstərməlidir. Ön dəstənin komandiri açıq və dəqiq bilməlidir ki, hansı hüdudu və ya obyekti hansı vaxtda ələ keçirməlidir. Ön dəstənin fəaliyyətlərinin uğurlu olması üçün dəqiq planlaşdırılmalı olan məsələlərdən biri də artilleriya atəşi və aviasiya zərbələri ilə ön dəstənin himayə olunma qaydalarıdır. Briqada komandiri bu qaydaları təyin etməli və aidiyyatı üzrə tapşırıqları verməlidir. Tapşırıq verərkən briqada komandiri ön dəstənin taktiki hava desantı və aviasiya ilə qarşılıqlı əlaqə qaydalarını və hərəkət marşrutunu təyin etməlidir. Dağlarda hücum zamanı bəzi fəaliyyətlərin vaxtı təyin olunmaya bilər, amma ön dəstənin çıxış həddini keçmə vaxtı briqada komandiri tərəfindən mütləq təyin edilməlidir.

Sxemdə motoatıcı taborun həmlə ilə dağ aşırımını tutmasının bir variantı göstərilib.

Bütün bunlar o demək deyil ki, təşkilati işlər döyüşə qədər başa çatır və ön dəstə hadisələrin axarına buraxılır. Düşmən müdafiəsinin əməliyyat dərinliyində hücumun inkişafı zamanı komandirin və qərargahın ön dəstənin fəaliyyətinin təşkili üzrə işi döyüşün gedişində də davam etməlidir.

Ön dəstə komandiri döyüş tapşırığını aldıqdan sonra ilk növbədə onu aydınlaşdırmalıdır. Bu zaman o, böyük komandirin niyyətini başa düşməlidir. Böyük komandirin niyyətini başa düşməyən ön dəstə komandiri ümumi prosesdə öz bölməsinin rolunu da tam təsəvvür etməyəcək. Ön dəstə komandiri tam olaraq anlamalıdır ki, əsas qüvvələrin tapşırıqlarını yerinə yetirməkdə vəzifələri nədən ibarətdir. Ön dəstə, qonşuların ön dəstələri ilə, eləcə də taktiki hava desantı tətbiq edildiyi halda onlarla qarşılıqlı fəaliyyət göstərməlidir. Odur ki, ön dəstə komandiri onların da tapşırıqlarını aydınlaşdırmalıdır.

Bölməsinin tapşırığını aydınlaşdırdıqdan sonra ön dəstə komandiri vaxt itirmədən bölməyə veriləcək gücləndirmə vasitələrinin gəlib təyin olunmuş yerə çıxması üçün dərhal hansı vacib tədbirləri keçirəcəyini müəyyən etməlidir. Ön dəstənin komandiri vaxt hesabını tərtib etməli və vacib olan sərəncamları verilməlidir, sonra isə şəraitin qiymətləndirilməsinə başlamalıdır. Vaxt hesabı tərtib edilərkən komandir yuxarı qərargahın vaxt hesabına diqqət yetirməli, tədbirləri sutkanın qaranlıq və işıqlı vaxtına düzgün planlaşdırmalı, vaxtın çox hissəsini bölmələrin hazırlığına ayırmalıdır. Şəraiti qiymətləndirərkən ön dəstə komandiri ilk növbədə düşmənin əsas müdafiə rayonunda və onun dərinliyində hansı obyektlərə atəşlə zərər vurulacağını öyrənməlidir. Ön dəstənin fəaliyyət göstərəcəyi rayonda və yaxınlığında bölməsinin fəaliyyətinə təsiri ola biləcək düşmənin vəziyyəti, qruplaşması və fəaliyyət xüsusiyyətləri tam aydın olana qədər qiymətləndirilməlidir və heç bir qaranlıq yer qalmamalıdır. Yuxarı komandir tərəfindən verilən tapşırığa əsasən hansı obyektlər ələ keçirilməlidirsə, ön dəstə komandiri öz qərargahı ilə birlikdə onların xüsusiyyətlərini, vəziyyətini və mühafizə dərəcəsini dəyərləndirməlidir. Ön dəstə komandiri bölməsinin tərkibini, maddi təminatını və onun gücləndirilmə vasitələrini, şəxsi heyətin hazırlığını və mənəvi vəziyyətini qiymətləndirməli, bölməsinin imkanlarını hesablamalı və ehtiyac olduqda yuxarı komandanlıqdan əlavə qüvvə və vasitələr istəməlidir. Ərazini qiymətləndirərkən ön dəstə komandiri qarşıda duran fəaliyyətlər istiqamətində ərazinin xüsusiyyətlərini, relyefi, suxurları, müşahidə şəraitlərini, yolların keçilə bilmə vəziyyətini, təbii maneələr və onların xüsusiyyətlərini, daldalanacaqların və maskalanma şəraitinin olmasını dəyərləndirməli və bunların döyüş tapşırıqlarının yerinə yetirilməsinə necə təsir göstərəcəyini müəyyən etməlidir. Hava şəraitinin qiymətləndirilməsi zamanı, həmçinin havanın vəziyyəti və yaxın günlərə proqnozu, ilin və sutkanın vaxtı da nəzərə alınmalıdır.

Xatırlayaq ki, qərarqəbuletmə prosesi vahid bir fəaliyyətdir, heç bir tədbiri səbəbsiz və nəticəsiz deyil, hər bir mərhələsi digər mərhələləri ilə bağlıdır. Odur ki, tapşırığın aydınlaşdırılması və vəziyyətin qiymətləndirilməsi əsasında ön dəstə komandiri qərar qəbul etməlidir. Bu zaman tapşırığın aydınlaşdırılması və vəziyyətin qiymətləndirilməsinin nəticələri isə qərarın əsasını təşkil edəcək.

Elə döyüşqabağı və döyüş düzülüşləri yaradılmalıdır ki, düşmənə endirilən zərbələrinin nəticələrini ən dolğun şəkildə istifadə etməyə imkan versin. Yəni yerinə və vaxtına görə həm düşmən atəşlərinə qarşı dayanıqlı olmaq, canlı qüvvəni yormamaq, texnikanı çətin keçilən ərazilərə salmamaq, eyni zamanda qısa müddətdə döyüş tapşırığının yerinə yetirilməsinə hazır olmaq üçün düzgün düzülüş seçilməlidir.

Hər bir tutulmalı olan hüduda və obyektə irəliləmə marşrutları təyin edilməlidir. Bu marşrutlar təyin edilərkən adi məsələlərdən başqa əsas qüvvələrin irəliləmə istiqaməti, relyefin mühafizə və maskalama xüsusiyyətləri də nəzərə alınmalıdır.

Fəaliyyətlərin döyüş təminatı növləri üzrə tədbirlər planlaşdırılmalıdır. İlk növbədə hüduda və obyektə yaxınlaşdıqda, əsas qüvvələrin yaxınlaşmasına qədər onun əldə saxlanması uğrunda döyüş zamanı kəşfiyyatın aparılmasını əhatəli şəkildə planlaşdırmaq lazımdır.

Düşmən qiymətləndirilərkən onun ehtiyatlarının tətbiq olunma vaxtı, hüdudu və qaydaları da müəyyən edilir. Buna müvafiq olaraq ön dəstənin düşmən ehtiyatları ilə ehtimal olunan qarşılaşma hüdudları və onlara döyüş üçün açılma hədləri hesablanmalı, bu zaman relyefin xüsusiyyətlərindən maksimum istifadə olunmalıdır.

Ön dəstə üçün təyin edilmiş hər bir hüdudun və ya obyektin tutulması zamanı fəaliyyət niyyətini və əsas zərbə istiqamətini dəstə komandiri ayrıca təyin etməlidir. Ön dəstə bölmələri düşmənə hücumdan əvvəl təyin edilmiş həddə açılmalıdır, bu açılma həddləri də planlaşdırma zamanı təyin olunmalıdır.

Artilleriya və minaatan bölmələrinin tapşırıqlarını ön dəstə komandiri təyin etməlidir. Bu bölmələrin fəaliyyətləri komandirin niyyətinin dəstəklənməsinə və icrasına xidmət etməlidir.

Ön dəstənin fəaliyyətinin dəstəklənməsi üçün döyüş helikopterləri və aviasiya zərbələri planlaşdırılmalıdır, dəstə komandiri də həmin zərbələrin nəticələrindən düzgün istifadə olunmasını təşkil etməlidir.

Döyüş fəaliyyətləri zamanı düşmən aviasıyasının zərbələri də qaçılmaz olacaq. Ona görə də istər HHM qüvvə və vasitələrinə, istərsə də digər bölmələrə hava hücumundan müdafiə üzrə tapşırıqlar təyin edilməlidir.

Ön dəstənin bütün fəaliyyəti ərzində, əsasən də düşmən müdafiəsinin dərinliyində çox vacib məsələlərdən biri də əsas qüvvələrlə, təminat qüvvələri ilə, eləcə də qonşuların ön dəstələri ilə qarşılıqlı əlaqənin təşkilidir, dəstə komandiri də öz səviyyəsində qarşılıqlı əlaqənin əsaslarını müəyyən etməlidir.

Ön dəstə komandiri qərar verərkən döyüşün hərtərəfli təminatı növləri üzrə, o cümlədən də radiasiya və qoşun kəşfiyyatı üzrə bölmələrin əsas tapşırıqlarını təyin etməlidir.

Müasir döyüşün, eləcə də Dağlıq Qarabağda ərazinin xüsusiyyətləri və həmin ərazidə yerləşən düşmən silahlı qüvvələrinin təchizatında olan texniki vasitələrin imkanlarını mütləq nəzərə almaq və idarəetmənin qaydalarını buna uyğun təyin etmək lazımdır. Düşmən bizim qoşunların idarəetməsinin pozulması üçün hər şeyi edəcək. Əvvəlcədən görülən tədbirlər sayəsində idarəetmənin dayanıqlığı, fasiləsizliyi, operativliyi və gizliliyi təmin edilməlidir.

Qərar qəbul etdikdən sonra ön dəstənin komandiri bölmələrə döyüş tapşırığı verməli və onlar arasında qarşılıqlı əlaqəni təşkil etməlidir.

Ön dəstəni göndərən komandir, ön dəstənin əsas qüvvələrlə, qonşuların ön dəstələri ilə, həmçinin taktiki hava desantı ilə qarşılıqlı əlaqəsini təşkil etməlidir.

Ön dəstənin onu himayə edən artilleriya ilə qarşılıqlı əlaqəsini təşkil edərkən yuxarı komandir ön dəstənin əsas qüvvələrdən ayrılmasını təmin etmək üçün hansı artilleriya bölmələrinin cəlb olunduğunu göstərməlidir. Eyni zamanda ön dəstənin düşmən müdafiəsinin dərinliyində, həmçinin təyin edilmiş həddin və ya obyektin tutulması və əldə saxlanılması zamanı artilleriya ilə himayə qaydasını müəyyən etməlidir. Ön dəstənin hərəkəti zamanı onun birinci eşelon bölmələrinin döyüş düzülüşlərinin bilavasitə yaxınlığında və əsas qüvvələrdən ayrılmasından sonra artilleriya və minaatan atəşi ilə susdurulmalı olan hədəflər mümkün qədər dəqiqliklə göstərilməlidir. Ön dəstə ayrı fəaliyyət göstərdiyinə görə cinahları artilleriya tərəfindən təmin olunmalıdır, onun cinahlarının artilleriya atəşi ilə təmin olunması qaydasını isə ön dəstəni göndərən komandir təyin etməlidir.

 

(Ardı var...)

Səməndər Məmmədov

Hərbi and .- 2020 .- 11dekabr - S.21.