Dağ şəraitində hücum necə
aparılmalıdır
Ön
dəstənin aviasiya ilə qarşılıqlı əlaqəsini
təşkil edərkən, komandir ön dəstənin
döyüşün əvvəlində və düşmən
müdafiəsi dərinliyindəki fəaliyyətini hansı
aviasiyanın himayə edəcəyini, ön dəstə ələ
keçirmə həddinə və ya obyektə
çıxdıqda və onun uğrunda döyüşü
zamanı hansı hədəfləri vuracağı,
aviasiyanın ön dəstənin döyüşü
zamanı tuşlanma qaydasını göstərməlidir. Ön dəstəni göndərən komandir, həmçinin
aviasiya komandirinə ön dəstə və əsas qüvvələrin
idarəetmə məntəqəsi ilə, habelə
qonşularla əlaqə qaydaları və
üsullarını göstərməlidir. Komandir
aviasiyanı çağırış, artilleriya və
minaatanlar atəşinin başlama və dayandırılma
siqnallarını təyin etməlidir. Düşmən
aviasiyasının peyda olma siqnallarını, öz təyyarə
və helikopterlərimizin tanıma siqnallarını komandir təyin
etməli və aidiyyatı üzrə
çatdırmalıdır. Ön dəstənin fəaliyyəti
zamanı, əsasən də düşmən müdafiəsinin
dərinliyində olduğu vaxt ən vacib məsələlərdən biri də olduğu yerin, tutulmuş
hüdudların və ya obyektin müdafiəsi zamanı
ön dəstənin qabaq həddinin öz aviasiyamız
üçün işarələnmə qaydasını təyin
etməkdir. Əks halda öz aviasıyamızın öz
qüvvələrimizi vurma ehtimalı artacaq.
Yuxarı komandir trəfindən
qarşılıqlı əlaqənin təşkilindən
sonra ön dəstənin komandiri bölməsində işinə
davam edərək şəxsən və qərargah vasitəsi
ilə silahların, döyüş texnikasının, texniki
vasitələrin, maddi vəsaitlərin, radiasiya və kimya kəşfiyyatı
vasitələrinin qarşıdakı fəaliyyətə
hazırlığını təşkil etməlidir. Ön dəstənin
komandiri döyüş texnikasının keçmə
qabiliyyətini artıran ləvazimatlarla təmin
olunmasını yoxlamalı və lazımi tədbirlər
görməlidir. Əgər vaxt imkan verərsə, ön dəstə
komandirinin xəritə və ya ərazi maketi üzərində
öz bölmə komandirləri və gücləndirici vasitələrin
komandirləri ilə fəaliyyətin oynanılmasını
keçirməsi məqsədəuyğundur, çox hallarda ərazi
tanış olmayan və ya az tanınan olduğuna görə
bu, hətta çox vacibdir. Döyüşə
hazırlıq mərhələsində bölmələrin
şəxsi heyəti ilə döyüş
tapşırıqlarına uyğun məşğələlər
təşkil edilməli, bölmələrin uzlaşmasına
və mükəmməl qarşılıqlı əlaqəsinə
nail olunmalıdır.
Ön dəstəni təyin
etmiş komandir, döyüş tapşırığı
verdikdən və qarşılıqlı əlaqəni təşkil
etdikdən sonra, şəxsən və qərargahı vasitəsilə
qoşun növləri və xidmət rəislərinə
verdiyi göstərişlərin yerinə yetirilməsini yoxlamalıdır.
Ön dəstə əsas qüvvələrdən
ayrıldıqdan sonra, cinahlar və cəbhə arxası
açıq qaldıqda, tez və qəfil dəyişən
şəraitdə döyüş təminatının əhəmiyyəti
artır. Bu döyüş təminatı növlərinin əsaslarının
xüsusiyyətlərinə nəzər salaq.
Kəşfiyyat ‒ döyüş təminatının
çox mühüm növüdür. O,
düşmən və ərazi haqqında məlumatlar əldə
etmək məqsədilə vəziyyətin istənilən
şəraitlərində aparılmalıdır. Ön dəstədə
kəşfiyyat aparılarkən düşmənin
döyüş tərkibi, mənsubiyyəti, döyüş
qabiliyyəti, vəziyyəti, məqsədləri,
düşmənin dayaq məntəqələrinin,
atəş vasitələrinin, əsas da tank əleyhinə
vasitələrin, pusqularının, idarəetmə məntəqələrinin
yerləşmə yerlərini, düşmən müdafiəsində
mövqelərin və maneələr sisteminin mühəndis cəhətdən
qurulmasının xüsusiyyətlərini, düşmən döyüş düzülüşündəki
aralıqları və açıq cinahları, fəaliyyət
rayonundakı təbii maneələri, ərazinin keçilmə
şəraitini, yolların vəziyyətini, su maneələrinin
xüsusiyyətlərini, onlardan keçid və dayaz yerlərin
mövcudluğunu müəyyən edilməlidir.
Ön dəstədə qoşun kəşfiyyatı,
artilleriya kəşfiyyatı və öz fəaliyyətləri
istiqamətində radiolokasiya kəşfiyyatı
aparılmalıdır. Bunun üçün dəstə
lazımi səviyyədə təchiz edilməli, gücləndirilməli
və hazırlanmalıdır.
Ön dəstə komandiri, döyüş
tapşırığını aldıqdan dərhal sonra
döyüş kəşfiyyat dozorları vasitəsi ilə
qoşun kəşfiyyatını aparmalıdır. Onlara tapşırığı isə şəxsən
özü verməlidir. Ön dəstə komandiri
döyüş kəşfiyyat dozorlarına
tapşırıq verərkən onlara düşmən
haqqında məlumatları, dozorun tərkibini, kəşfiyyatın
istiqamətini, hansı məlumatların hansı vaxta əldə
edilməsini, kəşfiyyatın başlanma vaxtını, fəaliyyət
üsullarını, kəşfiyyatın nəticələri
barədə məruzənin qaydasını, rabitə əlaqəsinin
saxlanması qaydasını, tapşırıqların yerinə
yetirilməsindən sonra fəaliyyət qaydasını, xəbərdarlıq
siqnallarını, idarəetmə və
qarşılıqlı əlaqəninin əsas
suallarını göstərməlidir.
Döyüş kəşfiyyat
dozorlarının sayı və tərkibi real şəraitdən
asılı olacaq. Bu məsələyə vəziyyət qiymətləndirlməsində
və bölmələrin döyüş imkanları
hesablanarkən diqqət yetirilməlidir. Ön dəstə
komandiri döyüş kəşfiyyat dozorları ilə əlaqəni
radio vasitəsi ilə həyata keçirəcək.
Düşmənin REM imkanları və ərazinin xüsusiyyətləri
nəzərə alınaraq ön dəstə daha etibarlı
rabitə vasitələri ilə təchiz edilməlidir.
Kəşfiyyat təşkil edilərkən
yeni texniki vasitələrin imkanlarından geniş istifadə
edilməli, həmin bölmələrlə ön dəstənin
sıx qarşılıqlı əlaqəsi
yaradılmalıdır.
Maskalanma – Dağlıq Qarabağ
ərazisi üçün ən vacib döyüş təminatı
növlərindən biridir. Ön dəstədə maskalanma tədbirləri
həqiqi yerləşməni, öz bölmələrinin tərkibini
və fəaliyyətini düşmənin bütün kəşfiyyat
növləri və vasitələrindən (optik, radio,
radiotexniki, radiolokasiya, PUA və digər) gizlətmək və
onu aldatmaq məqsədilə təşkil edilməli və
yerinə yetirilməlidir. Maskalanma aktiv, inandırıcı,
fasiləsiz və müxtəlif olmalıdır. Maskalanmanı təşkil edərkən ön dəstə
komandiri, maskalanma üzrə əsas tədbirləri və
onların həcmini, maskalanma tədbirlərinin yerinə
yetirilmə müddətlərini və yerinə yetirilmə
qaydalarını, maskalanma tədbirlərinin yerinə yetirilməsi
üçün ayrılan qüvvə və vasitələri,
bölmələr tərəfindən maskalanma
intizamına riayət edilmə qaydalarını və digər
vacib məsələləri göstərməlidir.
Ön dəstəni göndərən komandir
maskalanma üzrə göstərişlər versə də,
verməsə də, ön dəstə komandiri mütləq
maskalanmanı təşkil etməlidir.
Ön dəstədə mühəndis
təminatı bölmələrə irəliləmə,
açılma üçün vacib şəraitlərin
yaradılmasını, manevr etməni və döyüş
tapşırığının müvəffəqiyyətlə
yerinə yetirilməsini, şəxsi heyət və döyüş
texnikasının düşmənin bütün məhvetmə
vasitələrindən qorunmasını, həmçinin
düşmənə itkilərin verilməsini və onun fəaliyyətinin
çətinləşdirilməsini təmin etməlidir.
Mühəndis təminatı
tapşırıqlarının yerinə yetirilməsi
zamanı o vaxt uğur əldə etmək olar ki, bölmə
komandirləri tərəfindən mühəndis təminatı
tapşırıqları düzgün başa
düşülsün, bölmələrin şəxsi heyətinin
yüksək mühəndis hazırlığı
olsun, verilmiş mühəndis bölmələri bacarıqla
tətbiq edilsin, onların cəld və gizli manevri və
ön dəstə bölmələri ilə dəqiq
qarşılıqlı əlaqələri təşkil
edilsin, düşmənin və ərazinin fasiləsiz mühəndis
kəşfiyyatı aparılsın, ərazi və yerli
materiallar mühəndis tapşırıqlarının yerinə
yetirilməsində bacarıqla istifadə edilsin. Bu fəaliyyətlərin
hər birinin ayrılıqda böyük əhəmiyyəti
var.
Mühəndis təminatını ön dəstə
komandiri öz qərarı əsasında və yuxarı
komandirin və ya rəisin göstərişləri əsasında
təşkil etməlidir.
Ön dəstədə kimya təminatının
əsas tapşırıqları ‒ bölmələrə
qarşılarına qoyulmuş tapşırıqları yerinə
yetirmələri üçün vacib olan şəraitlərin
yaradılması, həmçinin bölmələrin
tüstü və aerozollarla maskalanmasının təşkil
edilməsi və həyata keçirilməsi olmalıdır.
Mühafizə ‒ ön dəstədə
düşmən kəşfiyyatının dəstənin yerləşmə
yerinə soxulmasına və yerüstü düşmənin
qəfil hücumuna imkan verməmək, eləcə də
bölmələrin açılma və döyüşə
girmələri üçün vaxt və əlverişli
şəraitlərlə təmin edilməsi deməkdir.
Mühafizəni təşkil edərkən,
ön dəstə komandiri hansı istiqamətlərə
xüsusi diqqət yetirilməsini, kimin və harada mühafizə
olunacağını və mühafizənin tərkibini,
mühafizənin göndərilmə vaxtı və onun
tapşırıqlarını, habelə digər ön dəstələrlə
əlaqə qaydalarını göstərməlidir.
Ön dəstə komandiri bilavasitə mühafizənin tərkibini,
tapşırığını, öz bölmələrində
və verilmiş bölmələrdə müşahidənin
təşkili qaydasını müəyyən etməlidir.
Qeyd edək ki, mühafizənin əsas səyləri
mühüm istiqamətlərdə cəmləşdirilməlidir.
Ön dəstədə isə dağlıq ərazidə əsasən
səfər mühafizəsi və bilavasitə mühafizə
yerinə yetiriləcək.
Bilavasitə mühafizə və müşahidəni
bölmə komandirləri döyüş
tapşırığından, vəziyyətdən və
ön dəstə komandirinin göstərişlərindən
asılı olaraq təşkil etməlidirlər.
Ön dəstə, ələ
keçirilməsi nəzərdə tutulan hüduda və ya
obyektə hərəkət zamanı səfər qaydasında
irərliləməlidir, eyni zamanda döyüşə girmə
gözlənildikdə marşda və düşmən
müdafiəsinin dərinliyində hərəkət edərkən
də eyni qaydada hərəkət etməlidir. Bu hallarda
ön dəstədə səfər mühafizəsi təşkil
olunacaq. Bu şəraitlərdə ön dəstədə
mühafizə fasiləsiz və dairəvi olmalıdır,
çünki düşmən aviasiyasının və
yerüstü qüvvələrinin qəfil hücumu istənilən
tərəfdən ola bilər.
Səfər mühafizəsinin ön dəstənin
əsas qüvvələrindən uzaqlığı müxtəlif
ola bilər. Bu isə ərazinin xüsusiyyətlərindən
və şəraitdən asılıdır. Ön dəstənin
cinahlarının qorunması çox əhəmiyyətlidir.
Çünki ön dəstə əsas qüvvələrdən
ayrı fəaliyyət göstərir, buna görə də
onun cinahları daim açıq qalır və
döyüş düzülüşündə zəif
yerləri olur. Səfər mühafizəsi həmin
açıq cinahların və döyüş
düzülüşünün zəif yerlərinin
düşmənin qəfil həmlələrindən
mühafizəsini təmin etməlidir.
Döyüşün təşkilinin
bütün mərhələlərində ön dəstənin
rabitə vasitələrinin və idarə olunmasının
düşmən radiomaneələrindən qorunması tədbirləri
nəzərdə tutulmalıdır. Bunun üçün
ön dəstə komandiri yuxarı qərargahdan
alınmış ehtiyat radioməlumatları və radiorabitə
qaydasını istifadə etməli, ötürməni və
vacib xəbərlərin alınmasını yüngülləşdirən
siqnallardan istifadə etməlidir. Bundan başqa o, ön dəstənin
fəaliyyəti istiqamətində işləyən
düşmən radiostansiyalarının aşkar edilməsinə
və məhv edilməsinə çalışmalıdır.
Əvvəl də qeyd edildiyi kimi, ön dəstə
döyüş tapşırıqlarını adətən,
öz qoşunlarımızdan xeyli uzaqda yerinə yetirəcək.
Buna görə də o müstəqil, qəti hərəkət
etməlidir. Bölmə komandirlərinin məntiqli təşəbbüsləri,
onların ön dəstənin tapşırıqları yerinə
yetirməsinə görə məsuliyyəti öz üzərinə
götürmələri həlledici rol oynayacaq.
Ön dəstə komandiri
döyüşün təşkili üzrə işi,
ümumqoşun döyüşünün əsaslarını,
ehtimal edilən düşmənin taktikasını, həmçinin
bizim və düşmən texnikasının və
silahlarının xüsusiyyətlərini dərindən bilməli,
ümumiyyətlə yüksək nəzəri və
praktiki hazırlığa malik olmalıdır. Bunlarsız
ön dəstə komandiri, əsas qüvvələrdən
ayrı fəaliyyət göstərərkən və vacib
döyüş tapşırıqlarını yerinə yetirərkən,
döyüşü müstəqil təşkil və idarə
edə bilməyəcək, döyüş texnikası və
silahlardan isə səmərəli və məqsədyönlü
istifadə olunmayacaq.
Bu məqalədə dağlarda hücumun
aparılması, hücumda ön dəstənin
döyüşünün təşkili, ön dəstə
komandirinin döyüş tapşırığını
aldıqdan sonra iş qaydasını araşdırdıq.
Növbəti məqaləmizdə ön dəstənin fəaliyyətinin
xüsusiyyətləri barədə araşdırmanı davam
etdirəcəyik.
(Ardı var...)
Səməndər Məmmədov
Hərbi And .- 2020.- 18dekabr – S.22.