İki dəfə yaralansa da, döyüş yoldaşlarını tək qoymayan baş leytenant

 

Qırx dörd gün davam edən Vətən müharibəsində, ordumuzun zəfər yürüşündə bir çox vətən oğulları döyüşlərdə igidlik göstərərək şəhidlik zirvəsinə ucaldı, bir çoxları isə qazi oldu. Onlarda biri kəşfiyyatçı, baş leytenant Şəhriyar Mehdiyevdir.

 

1994-cü il martın 2-də Babək rayonunun Nehrəm kəndində dünyaya göz açan Şəhriyar 2008-ci ildə Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseydə təhsil almağa başlayıb. O, liseyi müvəffəqiyyətlə bitirib Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2015-ci ildə məktəbi uğurla başa vurub, 6 ay müddətində kəşfiyyat kursu keçib. 2016-cı ildə Yevlaxda yerləşən "N” hərbi hissədə taqım komandiri, leytenant kimi xidmətə başlayıb.

 

Hərb tariximizə qızıl hərflərlə yazılan 2016-cı ilin Aprel döyüşləri hələ xidmətə yenicə başlayan Şəhriyarın şücaət döyüş bacarığını ortaya çıxarır. Həmin vaxt ordumuzun azad etdiyi yüksəkliklərdə zəfər marşı çalan Vətən övladları arasında Şəhriyar da xüsusi seçilir. 2018-ci il iyunun 26-dan bölük komandiri, baş leytenant kimi yeni vəzifəsinin icrasına başlayır.

 

Baş leytenant Şəhriyar Mehdiyev deyib: "Sentyabrın 27-də mənfur qonşularımızın növbəti təxribatına cavab olaraq Müzəffər Ordumuz cəbhəboyu bir neçə istiqamətdən əsk-hücüma keçdi. Zəfər ordenli, qəhrəman şəhidimiz polkovnik Babək Samidli döyüşqabağı əsgərləri qarşısında dedi: Bir canımız var, Allah yazıbsa, o da olacaq. Şərəfli doğru yolu seçin, yalnız 3 məqsədimiz olsunya qalib olaq, ya qazi olaq, ya da şəhid. Azərbaycan əsgərinin başqa seçimi ola bilməz... Cəsur polkovnikin bu sözləri bölüyün əsgərlərinə əsl döyüş ruhu aşıladı”.

 

Beləliklə, Şəhriyarın rəhbərlik etdiyi bölük sentyabrın 27-də Milli Qəhrəman general Polad Həşimovun adını daşıyan postdan Talış Suqovuşan kəndlərinin, strateji yüksəkliklərin azad edilməsi üçün hücum əməliyyatına başlayır. Saatlarla qızğın döyüşlər gedir. Qarşı tərəfin atdığı mərmi Şəhriyarın durduğu mövqedən bir qədər aralıya düşərək partlayır. Şəhriyar ayağından yaralanır. Ancaq özünü qətiyyən itirmir. Öz yarasını sarıyıb yaralı halda əsgərləri ilə birgə irəli atılır. Talış, Suqovuşan yüksəkliklərinin azadlığı uğrunda 3-4 gün ard-arası kəsilmədən gedən döyüşlərdə Şəhriyar qolundan da qəlpə yarası alır. Ancaq heç bir vəchlə döyüşü dayandırmır. Bu müddətdə kəşfiyyat bölüyünün giziri Cəbrayıl Yavərli, əsgər Nicat Göyüşov, Elşən Dəmirli digərləri xəsarət alırlar. Ancaq bölükdən heç kim döyüş meydanını tərk etmir, sonadək vuruşurlar. Günlərlə davam edən atışmalar nəticəsində məğrur oğullarımızın şücaəti düşməni xeyli sayda itki verərək geri çəkilməyə məcbur edir. Nəhayət, oktyabrın 3-də Suqovuşan düşməndən azad olunur. Şəhriyar bölüyü 44 günlük Vətən müharibəsində, həmçinin Kəlbəcərin bir sıra kəndlərində, Ağdərə Füzulidə uğurlu əməliyyatlar aparır, düşmənin çox sayda canlı qüvvəsini, texnikasını məhv edir, onlarla yaralımızın döyüş meydanından çıxarılmasına nail olurlar.

 

Qırx dörd günlük zəfər yürüşümüzün, Böyük Qələbəmizin təntənəli marşı noyabrın 8-i Şuşada çalınsa da, Suqovuşanın azad olunması müharibənin taleyində xüsusi rol oynadı. Şəhriyar Mehdiyev onun bölüyü digər şəhid qazilərimiz kimi, böyük şücaət igidlik göstərərək xalqımızın qəlbində şərəf, ləyaqət, məğrurluq dastanı yazdılar.

 

Hərbi and .- 2020.- 18dekabr –S.17.