Biləsuvarlı şəhid gizirin vəsiyyəti: Şəhid
olsam, mənim üçün ağlamayın...
Vətən müharibəsində göstərdiyi igidliyə
görə Azərbaycan
Respublikasının Prezidenti,
Müzəffər Ali
Baş Komandan İlham Əliyevin Sərəncamı ilə
ali mükafatla təltif olunan hərbçilərimizdən biri
də biləsuvarlı
qəhrəman döyüşçü
şəhid Əmənov
Məhəmməd İltizam
oğludur. O, döyüş meydanında
göstərdiyi şücaətə
görə “Qarabağ”
ordeni ilə təltif olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, igid döyüşçü
Məhəmməd Əmənov
1996-cı ildə Biləsuvar
rayonun Bağbanlar kəndində anadan olub. Vətən müharibəsi başlayanda
o, ordu sıralarında
gizir kimi xidmət edirdi.
Atası İltizam
Əmənov bildirib ki, Milli Qəhrəman
Mübariz İbrahimovun
igidliyi Məhəmmədi
daha da ruhlandırıb:
“Məhəmməd deyirdi
ki, mən də Mübariz kimi qəhrəman olacağam. Elə ona görə də hərbi xidməti başa vurduqdan sonra yenidən sənədlərini
hərbi hissələrdən
birinə verib, gizir kimi Vətənin
keşiyində durdu.”
Cəsur döyüşçümüz
Vətən müharibəsində
ilk döyüşə
sentyabrın 27-də Goranboy
istiqamətində tank
komandiri kimi qatılıb.
Atası oğlunun
döyüşlərə dostu ilə birlikdə getdiyini bildirib: “Dostu da tank komandiri
kimi Qubadlı istiqamətində döyüşürdü.
Dostu şəhid olan günü mənə zəng edib onu soruşdu,
yaralandığını bildirsəm
də, gözləri yaşardı və mənə son vəsiyyətini elədi...”
Aprel döyüşlərində
də iştirak edən Məhəmməd
düşmənə ordumuzun
iradəsini göstərən
döyüşçülərdən olub. O, sonuncu dəfə ailə üzvləri ilə oktyabrın 19-da danışıb.
Oktyabrın 20-də ağır
döyüşə qatılacaqlarını
bildirən igid döyüşçü anasına
son vəsiyyətini edib: “Şəhid olsam, mənim üçün ağlamayın...”
Şəhid olmaq Məhəmmədin son arzusu olduğu
üçün Əmənovlar
ailəsi onun bu istəyini qürur hissi ilə qəbul edirlər. Onlar övladlarının Vətən
müharibəsində göstərdiyi
igidliyə görə
verilən “Qarabağ”
ordenini isə ən yüksək mükafat kimi dəyərləndirirlər.
Hərbi And .- 2020.- 18 dekabr.- S.17.