Azərbaycanın və qardaş
Türkiyənin istiqlaliyyəti üçün
savaşmış azərbaycanlı zabit
Azərbaycan Ordusunun tarixi Azərbaycan Xalq Cümhuriyyəti tarixinin ayrılmaz tərkib hissəsidir. Cümhuriyyət ordusunun yaradılması, formalaşdırılması, qısa müddət ərzində real hərbi qüvvəyə çevrilməsi Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin və Hərbi Nazirliyin fəaliyyətinin çox mühüm, şərəfli səhifələrindən birini təşkil edir.
Rəfibəyov Səməd bəy Məşədi bəy oğlu (Türk Silahlı Qüvvələrindəki xidmət dəftərçəsində Əbdülsəməd bəy Sayqın və ya Əbdülsəməd bəy Sayqın Rəfibəyzadə kimi qeyd edilmişdir) 1892-ci ildə Gəncə şəhərinin Balabağban qəsəbəsində anadan olub. 1916-cı ildə Tiflis kadet korpusunu bitirib və 7-ci Qafqaz sərhəd alayında "poruçik" (indiki baş leytenant) hərbi rütbəsində həqiqi hərbi xidmətə başlayıb. 1918-ci ilin yanvarında yeni yaradılan Müsəlman korpusunun 1-ci Bakı piyada alayında piyada bölüyünün komandiri olub. Qafqaz İslam Ordusunun tərkibində nümunəvi xidmətlərinə və döyüşlərdə göstərdiyi igidliyə görə ona 2 iyul 1918-ci ildə "ştabs-kapitan" (indiki kapitan) hərbi rütbəsi verilib. Türk Qoşunları Azərbaycanı tərk etdikdən sonra Hərbi nazir tam artilleriya generalı Səməd bəy Mehmandarovun 3 fevral 1919-cu il tarixli 55 H-li əmri ilə 1-ci piyada diviziyasının 1-ci Cavanşir piyada alayında piyada taboru komandiri vəzifəsinə təyin edilib. Nümunəvi xidmətlərinə görə Hərbi nazirin təqdimatı ilə Nazirlər Şurası sədrinin 25 iyun 1919-cu il tarixli 28 H-li əmri ilə ona "kapitan" (indiki mayor) hərbi rütbəsi verilib. 26 avqust 1919-cu il tarixdə Hərbi nazirin 373 H-li əmri ilə yeni yaradılan əlahiddə Lənkəran ehtiyat taboruna komandir təyin edilib. Həmin tabor 1 dekabr 1919-cu il tarixdən Cümhuriyyət ordusunda aparılan təşkilati-ştat dəyişikliyi ilə əlaqədar 7-ci Şirvan piyada alayı kimi təşkil edilib və kapitan Rəfibəyov həmin alayın komandiri vəzifəsini icra edir. 1920-ci ilin əvvəllərində Qarabağda vəziyyət yenidən gərginləşəndə Hərbi nazir 25 yanvar 1920-ci il tarixli 54 H-li əmri ilə vaxtından əvvəl "podpolkovnik" (indiki polkovnik-leytenant) hərbi rütbəsi verilməklə Səməd bəy Rəfibəyovu 1-ci piyada diviziyasının 1-ci Cavanşir piyada alayına komandir təyin edir. Hərbi nazir tam artilleriya generalı Səməd bəy Mehmandarov Rəfibəyovun təyin əmrində onun Vətən qarşısındakı xidmətlərini yüksək qiymətləndirərək bunları qeyd etmişdir: "Mənim 26 avqust 1919-cu il tarixli 373 H-li əmrim ilə kapitan indi podpolkovnik Rəfibəyov yeni yaradılan Lənkəran ehtiyat taborunun komandiri təyin edilib. Ölkə və gənc ordumuzun qarşısında məsuliyyətini dərk edən Rəfibəyov bütün enerjisini və biliyini Lənkəran taborunun formalaşmasına yönəldərək qısa müddət ərzində yüksək nəticələr əldə etməklə döyüş qabiliyyətli bir hərbi hissəni formalaşdırır. Təcrübəli və savadlı bir zabit kimi daha sonra mənim 1 dekabr 1919-cu il tarixli 551 H-li əmrim ilə yeni yaradılan 7-ci Şirvan piyada alayının komandiri vəzifəsinin icraçısı təyin edilir. Onun işgüzarlığını və şəxsi heyətə qayğısını nəzərə alaraq, mən xüsusi təqdimatımla Rəfibəyova vaxtından əvvəl "podpolkovnik" hərbi rütbəsi verilməsi üçün Hökumət qarşısında vəsatətlə çıxış etdim və Hökumətin 25 yanvar 1920-ci il tarixli əmri ilə ona "podpolkovnik" hərbi rütbəsi verildi. Əmri elan etməklə səmimi qəlbdən podpolkovnik Rəfibəyova vicdanlı və səmimi xidmətinə görə "Təşəkkür" elan edirəm və əminəm ki, yeni xidmət yerində də ona verilən etimadı doğruldaraq qısa müddət ərzində hərbi hissənin döyüş qabiliyyətini lazımi səviyyəyə qaldıracaqdır."
Diviziya komandirlərinin, eləcə də Hərbi nazirin müavini general Əlağa Şıxlinskinin raportlarında da Səməd bəy Rəfibəyov savadlı, yorulmaz komandir kimi xarakterizə edilib. Alay, briqada və diviziya komandiri vəzifələrinə zabitlər şəxsən Hərbi nazir tərəfindən seçilərək təyin edilirdi. Seçim zamanı onların hərbi biliyi, təcrübəsi, şəxsi keyfiyyətləri, xalqına və dövlətinə sadiqliyi əsas kriteriya kimi götürülürdü. Səməd bəy Rəfibəyovda bu keyfiyyətlər olmasaydı, Hərbi nazir onu Qarabağ kimi mürəkkəb bölgədə alay komandiri vəzifəsinə və bir ildə iki dəfə yeni hərbi rütbəyə təqdim etməzdi. Bu etimadı podpolkovnik Səməd bəy Rəfibəyov öz gərəkli xidməti ilə qazanmışdı.
Podpolkovnik Səməd bəy Rəfibəyov 1920-ci ilin mart və aprel aylarında Xankəndidə və Əskəranda milli hökumətimizə qarşı qiyam qaldırmış erməni daşnakları ilə döyüşlərdə qəhrəmanlıq göstərənlərdən biri olmuşdur. Azərbaycanda sovet hakimiyyəti qurulduqda onunla barışmayıb, 1920-ci ilin mayın sonu - iyunun əvvəlində rus bolşevikləri ilə erməni daşnaklarının birləşmiş qüvvələrinə qarşı Gəncə üsyanında qeyri-bərabər döyüşlərdə peşəkar zabit kimi vuruşub. Üsyan yatırıldıqdan sonra komandiri olduğu hərbi hissənin yerdə qalan bir qrup heyəti ilə birlikdə Türkiyəyə keçib və Azərbaycan süvari alayı olaraq Türk Qoşunlarının tərkibində Şərq cəbhəsində vuruşub.
Türk ordusunda həqiqi hərbi xidmətə qəbul edilmə tarixi xidmət dəftərçəsində 1 iyul 1918-ci il (01 temmuz 1336-cı il) göstərilir. Böyük ehtimalla bu tarix Nuru paşanın komandanlığı altındakı Qafqaz İslam Ordusunda həqiqi hərbi xidmətə daxil olma tarixidir.
Əslində, Gəncə və Qarabağdakı Cümhuriyyət ordusunun üsyanı yatırıldıqdan sonra podpolkovnik Səməd bəy Rəfibəyov hərbi hissəsinin sağ qalanları ilə Türkiyəyə keçərək 01 iyul 1920-ci ildən Şərq Cəbhəsində Türk ordusunun tərkibində yaradılan Azərbaycan süvari alayının komandir müavini kimi həqiqi hərbi xidmətə başlayıb. Həmin vəzifədə 1921-ci ilin martına kimi xidmət edib. "Ermənistan hərəkatı" və "İraq cəbhəsi" adlanan döyüş əməliyyatlarında iştirak edib. 1921-ci ilin martından 1922-ci ilin noyabrına kimi Şərq Cəbhəsi qərargahında tərcümə şöbəsinin rəisi olub. 1922-ci ilin noyabrından 1924-cü ilin noyabrına kimi 6-cı süvari diviziyasının 15-ci süvari alayı komandirinin müavini olub. 1924-cü ilin noyabrından 1928-ci ilə kimi isə həmin diviziyanın qərargahında əlaqələndirici zabit vəzifəsində xidmət edib. 1928-1930-cu illərdə hərbi məktəbdə təkmilləşdirmə kurslarında təhsil alıb. Təhsilini bitirdikdən sonra 13-cü süvari alayında süvari bölük komandiri vəzifəsinə təyin edilib. Həmin alayda 1932-ci ilədək xidmət edib, sonra 5-ci süvari alayına keçirilib. 1935-ci ildə 5-ci süvari alayı qərargahında xidmətdə olarkən alay komandiri vəzifəsini icra edib. 1938-ci ildə 41-ci süvari alayı komandirinin müavini vəzifəsinə təyin edilib və 1940-cı ilədək həmin vəzifədə xidmət edib. 1940-cı ilin əvvəllərində 3-cü ordunun kəşfiyyat şöbəsinin rəisi təyin edilib. 15 avqust 1942-ci ildə isə 45-ci süvari alayının komandiri vəzifəsinə təyin edilib. 28 avqust 1948-ci ildə daha yuxarı vəzifəyə 2-ci süvari briqadasının komandiri vəzifəsinə irəli çəkilib.
Bəzi mənbələrdə onun Türk ordusuna xidmətə qəbul edilərkən "polkovnik" hərbi rütbəsində olduğu bildirilsə də, Türk Silahlı Qüvvələrində xidmətdə olarkən 2 avqust 1952-ci ildə tərtib edilmiş xidmət dəftərçəsindən görünür ki, ona yalnız 30 avqust 1942-ci ildə Türk ordusunda "polkovnik" (albay) hərbi rütbəsi verilmişdir. Səməd bəy Rəfibəyov Türkiyə Cümhuriyyətində soyad qanunu çıxanda Əbdülsəməd bəy Sayqın adını götürmüşdür. Onun Türkiyə Silahlı Qüvvələrindəki xidmət dəftərçəsində, eyni zamanda, Əbdülsəməd bəy Sayqın Rəfibəyzadə də qeyd edilmişdir. Əbdülsəməd bəy Sayqın (Səməd bəy Rəfibəyov) 30 avqust 1948-ci ildə süvari briqadasının komandiri olarkən "general-mayor" hərbi rütbəsinə layiq görülmüşdür. 2 avqust 1952-ci ildə general-mayor Əbdülsəməd bəy Sayqın Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunlarının İnspeksiya qrupunun üzvü olur və həmin vəzifədən ehtiyata buraxılır. General-mayor Əbdülsəməd bəy Sayqın (Rəfibəyov Səməd bəy Məşədi bəy oğlu) qardaş Türk ordusunda həqiqi hərbi xidmətdə olarkən İstiqlal savaşında yaxından iştirak edib, "Hərb" və "İstiqlal" medalları ilə təltif olunub. Xidmət dəftərçəsindəki qeydə görə sonuncu qeydiyyat yeri Ankara şəhəri Sakarya məhəlləsi ev 28 t ünvanı olub.
Əbdülsəməd bəy Sayqın hərbi xidmətdə və ehtiyatda olarkən qardaş Türkiyədə Azərbaycan siyasi mühacirləri ilə daim sıx əlaqədə olmuş və Azərbaycanın yenidən müstəqilliyə qovuşması üçün mübarizə aparmışdır. Xalqımızın bu istedadlı oğlu qardaş Türkiyə ordusunda general-mayor hərbi rütbəsinə layiq görülən ilk azərbaycanlı zabitdir. Əbdülsəməd bəy Sayqın 1980-ci il yanvarın 19-da ömrünün 88-ci ilində qardaş Türkiyədə vəfat edir.
Generalın həm Cümhuriyyət ordusunda, həm də Türkiyə ordusundakı xidmətləri, onun əqidə bütövlüyü, dürüstlüyü, zabit əyilməzliyi, Cümhuriyyət ordusuna və qardaş Türk ordusuna sədaqəti, Azərbaycan xalqı qarşısında sədaqətli xidmətləri gələcək nəsillərin də xatirələrində yaşamalı və hər bir müasir Azərbaycan zabitinə sədaqət nümunəsi sayılmalıdır.
Atamalı
ŞAHBAZOV
Hərbi And.- 2020.- 7 fevral.- S.15.