Ömrü bir nağıla bənzəyən sənətkar

 

Bu gün Xalq artisti Barat Şəkinskayanın doğum günüdür

 

 

 

1998-ci ilin son baharı... sarılı-qızılı xəzəllə örtülmüş bağ-bağatlar, yol kənarlarında, həyətlərdə baş-başa vermiş ağacların budaqlarındakı təkəmseyrək xallı yarpaqlar bir-biri ilə sanki pıçıldaşırlar. Al-əlvan payız güllərinin hüsnü də bir başqa aləmdir. Fəslin belə növrağında xəzəl dolu səki ilə addımlayır, pərən olmuş fikirlərimi sahmana salmağa çalışıram...

 

Yolboyu düşünürəm, görəsən ilk baharın son günlərində dünyaya gələn Barat Şəkinskaya ömrünün payızında son bahar ovqatını necə yaşayır... Bir vaxtlar “Səhnəmizin Cülyettası” adlandırılan cazibədar aktrisanın sənət taleyi ilə bağlı düşüncəmdə çox suallar yarandığından maraq məni Azərbaycanın müqtədir sənətkarı Barat Şəkinskaya ilə görüşə həvəsləndirmişdi. İlk dəfə telefonda eşitdiyim o ecazkar səsin cazibəsi, məlahəti işıq kimi, musiqi təki qəlbimə axdı... O vaxtdan çox illər ötüb, indi Barat Şəkinskayanın adı teatr və kino tariximizin yaddaşında yaşayır...

 

Onunla ilk, həm də son görüşümdə aktrisanın xatirələrin işığında ötənlərə qayıtması pozulmayan yazı kimi yaddaşıma yazıldı. Bu gün qəlbimdə közərən o xatirələr gerçək bir nağılın havasına köklədi məni... Onu deyim ki, əvvəllər Barat adının fərqinə heç varmamışdım. Amma bir zaman haqqında yazmağı qərarlaşdıranda ağlıma gələn ilk sual bu oldu: görəsən, Barat adını kim verib ona? Məgər, gözəl-göyçək qız adları qəhətmiş? Sən demə, Barat adı körpə qızcığaza elə-belə, ad xatirinə verilməmişdi. Həyata qeyri-adi gəlişi ilə qədəm qoyan Barat xanım seçilən və məzmunlu taleyi ilə məni ahənrüba təki özünə yaman çəkmişdi.

 

İlk dəfə Barat Şəkinskayanın adını eşidəndə aktrisanı şəkili bilmişdim. Demə, qarabağlı qızıymış. Nəsillikcə o torpağın tacı, şah damarı Şuşada anadan olublar. Qol-budaqları da gör hansı kökə gedib çıxır: Pənah xana, İbrahim xana. Xurşidbanu Natəvan, Gövhər ağa Şəkinskaya, Həmidə Cavanşir İbrahim xanın övladlarının qol-qanadlarıdır. Barat xanım danışırdı ki, Dağıstan xanının baldızı acar qızı Yelena Abaşidze ilə evlənən İbrahim xanın məqsədi Rusiyaya yaxınlaşmaq olub. Bu izdivacdan Gövhər ağa və İsgəndər xan doğulub. İbrahim xan acar qızına Zəngəzuru bağışlayıb. Gövhər ağa buradakı Şəki kəndinin adı ilə Şəkinskaya familiyasını götürür. Elə ona görə də Barat xanımgil Cavanşirlər yox, Şəkinskayalar olurlar...

 

Barat xanım onu da deyirdi ki, anasının taleyi üzünə heç gülməmişdi. Ana olmaq istəyi ilə alışıb-yanan Ağca xanım üç dəfə bari-həmləni yerə qoyanda dünyaya ölü uşaq gətirmişdi. Hər dəfə də qəlbinin sızıltısı acı göz yaşlarına dönərək ağca yanaqlarından üzü aşağı axıb. Beşiyi boş qalan Ağcanın öz dərdi özünə bəs deyilmiş kimi, qayınanası Zibabəyim də bir yandan onu yeyib-tökür, gününü qara edirdi. Gəlinin əri Həbib xan da ata olmaq yanğısı ilə göynəsə də, onsuz da dərddən ürəyi sıxılan arvadının qəlbinə dəyməyə qıymırdı. Dördüncü dəfə də Ağca xanımın vaxtı-vədəsi tamam olanda Zibabəyimin kinli, acıqlı səsi yeri-göyü titrətdi:

 

– Mən evimdə bir daha ölü uşağın doğulmasına icazə vermərəm! Qoy harada azad olur-olsun - deyib, gəlini evdən çıxardır. Sonra da Ağcanın fəndgirliyə əl atıb, ölü uşağı dəyişəcəyini güman etdiyindən qonşusu, şəhərin qazisi Əbdürrəhim ağaya gənəşir. Qazi onu əmin edir ki, gəlinin azad olacağı otağın qarşısındakı otaqda əyləşib gözləyər. Beləliklə, 1914-cü il iyunun 7-də sübhçağı Ağca xanım canından, qanından üzülüb gələn yükünü yerə qoyur. Uşaq diridir, amma cınqırını da çıxarmır, ağlamadan, qışqırmadan dünyaya gəlib. Körpənin işıq üzünə qışqırıqsız gəlməsi təzəcə ana olmuş Ağca xanımı qorxudur. Səksəkəli günlər yaşayırlar. 20 gündən sonra körpənin çığırtısı evi başına alır. Ananın üzünə gün doğur... Uşağın doğum günü də həmin vaxtdan – 28 iyundan qeyd olunur. Əbdürrəhim ağa deyir ki, bu uşağı Uca Yaradan verdi. Adını da qazi özü qoyur: Barat. Deyir, Allahın verdiyi bəxşişdir Barat. Uşağın ayağı sayalı olur, Həbib xanla Ağca xanımın ailəsində daha bir qız və bir oğlan gəlir dünyaya...

 

Neçə il övlad üzünə həsrət qalan Ağca xanım niyyət edibmiş ki, oğlum olsa 5-6 yaşında məhərrəmlik təziyəsində şərbət paylayar, qızım olsa, “Qasım otağı”nda əyləşər. Allah da Ağca xanımın qız balası üçün elədiyi niyyətini eşidib. Beləliklə, 6 yaşlı Baratı saçları çiyinlərinə tökülmüş halda kəcavəyə əyləşdirirlər. Qızcığaz hələ heç bir rejissorun yarada bilmədiyi bir səhnədə – həyatın məhərrəmlik təziyəsi səhnəsində öz rolunu ifa edib. Sən demə, səhnə taleyi də onunla birgə doğulubmuş...

 

XI Qızıl Ordu Azərbaycana gələndə vəhşi diviziyası olan Həbib xan Araz qırağına çəkilir. Gözləyir ki, arvadı üçüncü övladını dünyaya gətirsin, ailəsini də götürüb keçsin İrana. Ağca xanım oğlunu dünyaya gətirir, amma əri ilə İrana keçmək istəmir. Balalarını qanadının altına alıb öz ocağına sığınır...

 

Barat xanım Şuşada Merdinli məhəlləsindəki evlərini elə aydın təsvir edirdi ki, sanki o yerləri mən də görürdüm. O mülk, o həyət gözlərinin qarşısından çəkilmirdi. Üç mərtəbəli evin quruluşu, içinin döşənməsi, avadanlığı, daş döşənmiş həyətləri, sol tərəfin pilləkənləri ilə düşdüyü bağ-bağatları... Hələ qonşuluqda zəngin mülkləri olan bəyləri, xanımları da adbaad yadında saxlamışdı. Barat xanım Qarabağın qənirsiz gözəli Şuşa ilə bağlı uşaqlıq xatirələrini xəyalında canlandırdıqca, deyirdi ki, mənim yaddaşım görümlüdür. Yazacağım yazını, oynayacağım rolu da əvvəlcədən görürəm. Bu görümün ən yaxşı cəhəti də ondadır ki, gördüyün işə kənardan baxıb, səhvini görə bilirsən...

 

Barat Şəkinskayanın sənətkar ömrü həmişə gərgin axtarışlar, yaddaş salnaməsində əks olunan hadisələr, dəyərli anlar, məqamlarla zəngin idi. O rəngarəng, zəngin yaşantılar içərisində ömrü də kamilləşmişdi. Hər kəsin də sənət aləminə gəlişi hansısa bir məqam, hadisə ilə bağlı olur. Görəsən, Barat Şəkinskaya öz sənət yolunu necə seçib, necə tapıb...

 

Şuşada Sultan xanımın sinfində dərs keçən Barat orta məktəbi Gəncədə müdirə Sayalı xanımın məktəbində oxumuşdu. Bundan sonra Pedaqoji texnikuma daxil olub. Texnikumu bitirdikdən sonra Gəncənin Sərkar kəndində müəllim işləyib. Gəncədə Qadınlar klubunun həyətində yaşadıqları illərdə onu həmişə uşaq rollarına dəvət ediblər. Barat xanım məktəbdə uşaqlarla işləməyi də sevirdi. Amma görünür, aktyorluq sənətinə intəhasız istəyi hər maraqdan üstün olub. Hətta anasının qızını həkim görmək arzusundan da. Əlbəttə, təsadüfi maraq belə güclü istəyə gətirib çıxarmazdı ki...

 

Barat xanım xatırlayırdı ki, Gəncədə yaşayanda anamın dayısı Əbdürrəhim bəy Haqverdiyev övladı olmadığından məni övladlığa götürmək üçün anamdan icazə istəmişdi. Bakıda bizə ev tutacağını, mənim təhsilimlə məşğul olacağını vəd eləmişdi. Amma üç balası ilə nəfəs alan anam dayısının təklifini qəbul etmədi. Baxmayaraq ki, o illərdə dolanışığımız çətin idi, anam evimizin həm kişisi, həm də qadını idi, qanadının altına yığıb, təkbaşına böyütdü, əliçörəkli elədi bizi...

 

Mən Barat Şəkinskayanı səhnədə görməmişəm. Radio-tamaşalardan, verilişlərdən səsini dinləmişəm. Amma onu səhnədə görən, rollarını sevən adamlardan çox fikirlər eşitmişəm. Barat Şəkinskaya xarici gözəlliyi, daxili və səhnə mədəniyyəti ilə oynadığı qəhrəmanların xarakterini, taleyini olduqca təbii, doğma hisslərlə yaşayır, tamaşaçıya sevdirə bilirdi. Deyirdi, rolu öyrənməzdən qabaq özümü orada axtarardım. Hərəkətimi görərdim, həyəcanımı duyardım, səsimi eşidərdim. Özümü tapandan sonra bir gecəyə rolumu mənimsəyib səhnəyə çıxardım. Ümumiyyətlə, aktyorun oyununda görünən, duyulan nadir tapıntı aşkar olunursa, bu, onun özünəməxsus istedadıdır. Aktyor səmimi, nəcib olmalıdır. Oynadığı rolların vəkili olmalıdır. Aktyor bütün rollarını sevməlidir, belə olmasa, o obrazı yarada bilməz... Barat xanım bir də onu deyirdi ki, o vaxt teatrımızın ənənəsi belə idi: yeni tamaşada tələsmədən, hissə qapılmadan, səhvə yol vermədən yeni bir aktyor yaratmaq. Bütün rollarını bu ənənəyə sadiq olaraq yaratmışdı Barat Şəkinskaya...

 

Barat xanım kimləri oynamamışdı səhnədə... “Sevil”də Gülüşü, “Od gəlini”ndə Solmazı, “Atayevlər ailəsi”ndə Dilşadı, “Hind qızı”nda Sürici, “Cancur Səməd”də Nobəri, “İnci”də Yasəməni, “Namus”da Süsəni, “Şeyx Sənan”da Xumarı, “Yaşar”da Yaqutu, “Romea və Cülyetta”da Cülyettanı, “Vaqif”də Xuramanı, Gülnarı, “Xoşbəxtlər”də Güləri, “Mehmanxana sahibəsi”ndə Mirandalinanı, “Otello”da Dezdemonanı, “Fərhad və Şirin”də Şirini, “Kral Lir”də Kordeliyanı, “Rəqs müəllimi”ndə Florellanı, “12-ci gecə”də Violanı, “Yağışdan çıxdıq, yağmura düşdük”də Yetəri... Üst-üstə 140 rolun ifaçısı olub. 10 filmə çəkilib. Barat Şəkinskayanın yaradıcı ömründə uşaq rolları da yaddaqalan olub. Ona görə yaddaqalan deyirəm ki, aktrisa “Polad Qartal”da Mayanı, “Çiçəklənən arzular”da Nazlını, “Prokuror qızı”nda Larisanı oynayanda uşaqlıq dövründən çox-çox illər ötmüşdü. Elə Nazlı onun 37 yaşında oynadığı sonuncu uşaq rolu olub. Yəni, bu yaşda uşaq davranışının, məsumluğunun, saflığının, psixoloji duyumunun təbii cizgilərini tapmaq və səhnə ömrünü yaşatmaq çox çətindir. Lakin Barat xanım böyük məharətlə, vurğunluqla uşaq qəlbinin bütün xüsusiyyətlərini aça bilmişdi. Bu rolların hamısında yeni bir aktyor kimi kəşf olunub, tanınıb. Və bir-birindən xarakterinə, davranışına, xarici görünüşünə görə ciddi surətdə fərqlənən obrazlar yaradıb. Bəyənildiyini, sevildiyini görüncə özünü dünyanın bəxtəvəri sanıb.

 

Barat xanımın söhbətlərindən hələ də özünü oynadığı rollarda hiss etdiyini duyurdum. Söhbətlərində tamaşaçı marağının, istəyinin aktrisa üçün ən böyük mükafat olduğunu vurğulayırdı. Ən yüksək adları da hələ gənclik çağlarından almışdı. 26 yaşında Əməkdar artist, 35 yaşında isə Xalq artisti fəxri adlarına layiq görülmüşdü. Üstəlik nə qədər orden-medallar, fəxri fərmanlar...

 

Barat xanım böyük fəxarətlə, sənətkar yanğısı ilə xatırlayırdı ki, görün bir səhnə taleyimi kimlərlə yaşamışam: Abbas Mirzə Şərifzadə, Kazım Ziya, Ülvi Rəcəb, Ələsgər Ələkbərov, Mirzəağa Əliyev, Sidqi Ruhulla, Möhsün Sənani kimi əvəzsiz aktyorlar, Adil İsgəndərov, Mehdi Məmmədov, Aleksandr Tuqanov kimi yeni axtarışlar, tapıntılarla zəngin olan rejissorlarla...

 

Barat Şəkinskayanın səhnə fəaliyyəti bir neçə teatrla bağlı olmuşdur. Müxtəlif vaxtlarda Gəncədə, Bakıda, yenə Gəncədə, Əzizbəyov (indiki Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı), Sumqayıt teatrlarında işləyib. Yerindən, kollektivindən asılı olmayaraq aktrisa rollarını da, kollektivini də böyük məhəbbətlə sevib. O, 1960-cı ildə Əzizbəyov teatrında maraqlı işləri ilə yaradıcılığının yeni mərhələsinə qədəm qoyur. Bir-birinin ardınca maraqlı rollar üzərində işə başlayır. “Vaqif”də Xuraman, “Məhəbbətin hökmü”ndə Zeynəb xanım, “Bağlı qapılar”da Mənsur xanım, “Günahsız müqəssirlər”də Kruçininanı oynayır. Hamısında ana rollarının yeni yaradıcısı olan aktrisa sonralar “Nazirin xanımı”nda Jivka rolunu da məharətlə, yeni tapıntılarla oynayır.

 

H.Seyidbəylinin “Bağlı qapılar” pyesinin şəkillərini çəkərkən baş rolun ifaçısı olan Barat xanım iki saata yaxın işığın altında dayandığından gözü bərk zədələnir. Dəfələrlə müalicə olunması bir nəticə vermir. Get-gedə işığını tamam itirmiş bir gözünü 20 ildən sonra əməliyyat edir, çıxarırlar. Barat Şəkinskaya 1974-cü ildən səhnədən ayrılır. 1935-ci ildən radio ilə əməkdaşlıq edən sənətkar bundan sonra yenə radio-tamaşalarda, uşaq verilişlərində iştirak edir. 1956-60-cı illərdə fəaliyyətini radio və televiziya ilə bağlayan aktrisa Qızıl fonda daxil olan “Arxip baba və Lyonka”, “Ad günü”, “Köhnə qala”, “Sirk gəlir”, “Buratino”, “Çippalino” kimi əsərlərdə bənzərsiz obrazlar yaratmışdır.

 

Vaxtilə Sona Hacıyeva və Əzizə Məmmədovadan sonra ilk azərbaycanlı aktrisa olan Barat Şəkinskaya bundan həmişə qürur duyurdu. O da özündən sonra səhnəyə gələn gənclərin – Firəngiz Mütəllimova, Bəsti Cəfərova, Şükufə Yusupova, Məleykə Əsədovanın səhnə fəaliyyətini maraqla izləyir, onları özünün davamçıları kimi çox sevirdi.

 

O zaman Barat xanımla söhbətimin sonunda aktrisadan xəbər aldım ki, göydəndüşmə sual kimi səslənməsin, gecələr yuxu görürsünüzmü? Təbii, bütün insanlar yuxu görür, amma həmin məqamda sənətkar yuxularının məzmunu məndə maraq doğurmuşdu... Elə bil bu suala bəndmiş, bu zaman onun çöhrəsində təbəssüm qarışıq həyəcan da duydum. Ay qızım, dedi, mən elə sənətə gəldiyim vaxtlardan həmişə işimlə, peşəmlə bağlı yuxular görürəm. Özü də qəribədir, həmişə özümü səhnədə görürəm. Son vaxtlar uşaqlığımı keçirdiyim Şuşanı, Merdinli məhəlləsindəki evimiz yuxularımdan çıxmır. Baxmayaraq ki, 1921-ci ildə Şuşadan çıxmışdıq, bir müddət Göytəpədə yaşayandan sonra Gəncəyə köçmüşdük, yenə yuxularımın vətəni göz açdığım doğma yurdum Şuşadır. Hər gecə röyalarımda şəhərimin daşlı küçələrini dolaşıram...

 

Sənətkarın nağıl ömrü elə yuxuda da sona yetdi. Ruhunuz şad olsun, Barat xanım...

 

Şəfəq Nasir

 

yazıçı-publisist

 

Hərbi And.- 2020.- 3 iyul.- S.15.