Ağrılarına
sığınıb yaşayan yazıçı Sabir Əhmədli
Amerikalı ədəbiyyatşünas, Azərbaycan ədəbiyyatı üzrə mütəxəssis Betty Blair hələ 1990-cı illərin əvvəlində ingilis dilinə tərcümə edərək "Azerbaijan International" dərgisində nəşr etdiyi bu hekayəni belə təqdim edirdi: "Sabir Əhmədlinin üslubu sürreal hesab oluna bilər. "Dənizdən səda" hekayəsində xaotik gecədə öldürülmüş bir oğul anasına məktub dilində ölümünü və ölüsünü təsvir edir. Bu müddətdə dəniz cəsədi kənara atıb, suitilər cəsədlə çarpışır".
Müəllifin həmin silsilədən çap olunan "Cəza”, “İşığı söndürmə”, “Şəhidlər xiyabanı”, “Qisas”, “Heç nə” hekayələri də şəhid ata və anaların harayını, emosional baxışlarını, övlad itkisinin onlara hansı psixoloji zərbə vurduğunu, erməni quldurlarının bədnam əməllərini, xalqımıza olan mənfur niyyətlərini meydana qoyur.
“Kütlə” və “Yanvar hekayələri” Sabir Əhmədlinin yazıçı, vətəndaş olaraq xalq, millət qarşısında mənəvi cavabdehlik hissindən hasilə gələn əsərlərdir. Ölkənin çətin günündə baş verənlərə tarixi qiymətin verilməsində, onun taleyüklü məsələlərinin ədəbiyyata gətirilməsində bu əsərlərin müstəsna rolu oldu.
Qarabağ məsələsi Sabir Əhmədlinin bioqrafiyasında izini dərin qoymuş, yazıçının müharibə faktoruna çağdaşlarından daha həssas yanaşmasına, mövzunu davamlı təsvir predmetinə çevirməsinə səbəb olmuşdur. Hələ “Ədəbiyyat qəzeti”nin 1993-cü il mart-aprel aylarında “Qarabağın qarlı səngərləri” adlı publisistik yazısında yazıçı Füzuli və Cəbrayıl bölgəsində apardığı müşahidələrini oxucularla bölüşərkən cəbhədə rastlaşdığı bütün reallıqları təfərrüatı ilə nəql etmiş, erməni qüvvələrinin dinc əhaliyə tutduqları divanları, onların yaşadıqları ərazilərə qəfil basqın etmələrini, əliyalın insanların çarəsizliyini, eyni zamanda, belə ağır günlərdə arxa cəbhədə aparılan oyunları, vəzifə hərisliyi, dəstəbazlıq, ön cəbhədəkilərin vəziyyətinə biganəlikləri və digər bu kimi amansız gerçəkləri sərt formada sərgiləmişdir. Sonrakı illərdə müharibə mövzusu yazıçının yaradıcılığında daha çox o kontekstdən işlənmişdir ki, dünyanı idrak, özünü dərk, son problematikası, heçlik duyğusu önə keçmiş, iç yaşantıları, mənəvi iztirabları ancaq bu məqsədin ifadəsinə yönəlmişdir: “Məni ölüm düşündürür”!
Ölüm haqqında düşünmək üçün Sabir Əhmədlinin böyük ağrıları vardı. Qardaşını Böyük Vətən müharibəsində itirən yazıçı 1994-cü ildə Qarabağ uğrunda aparılan savaşda oğlu Məhəmmədi də itirmişdir. Bütün bu iztirablar yazıçının “Axirət sevdası”, “Kef” və “Ömür urası” romanlarında əksini tapmışdır.
Bu üç əsəri ilk trilogiya adlandıran və “Qarabağ müharibəsi mövzusu ümumən ədəbiyyatımıza bu trilogiya ilə girir”, - yazan AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlunun “Sabir Əhmədlinin Qarabağ trilogiyası” adlı məqaləsində oxuyuruq:
“Axirət sevdası” üç romandan ibarət trilogiyadır; əgər eyni adlı birinci romanda Müharibə ilə üz-üzə İnsanın Əbədiyyət axtarışları (ruhi varlığı) predmet seçilmişsə, "Kef”də müharibə şəraitində İnsanın başlıca olaraq nəfsi - cismani yaşamları hədəfdədirsə, "Ömür urası”nda yazıçının diqqəti bu dəfə İnsanın mənəvi siması, "yer sakini”nin məğzi-mənası, Yer ölçüləri üzərindədir.
Romanın poetexnologiyası barəsində təzə nəsə deməyə lüzum yox. Ümumən bu yaşda, bu yetkinlikdə yazardan təzə bədiiyyat istəməyin özü yanlış olar; bu yenə də həmən XX əsr Avropa romançılığıdır ki, İnsanın mənəvi (sosial, psixoloji, ekzistensial, altşüur...) dünyasını verir qəhrəmanın düşüncə selinin qabağına və oxucu ilə bahəm baxır-görsün sonu nə olacaq”...
“Axirət sevdası” və “Ömür urası”nda tale, ölüm, ruhun fəlsəfəsi, fanilik və əbədiyyət haqqındakı düşüncələr aparıcıdır. İtirdiyi torpağı ilə bağlı narahatlığını yanıqlı bir dillə qələmə alan yazıçı qəfil intonasiyanı, ritmi dəyişir və hadisələrin obyektivi müəllifin mənəvi yaşantılarının dərin qatına fokuslanır: “Ìəni ölüm düşündürür”! Bundan sonra daha çox fəlsəfi mündəricə önə keçir. Bu fəlsəfi düşüncə ilə yüklənmiş obraz yazıçının özüdür. Sabir Əhmədlinin yazıçı, vətəndaş, ata kimi duyğularını danışdırdığı əsərdir “Axirət sevdası”. Roman boyu qəhrəmanın – özünün daxili nitqi, şüur axını, irəli-geri zaman dönümlərinə sıçrayışları, oğlu Məhəmmədin itkisi ilə bağlı yaşadığı dərin psixoloji-hissi sarsıntıları o qədər dərin işlənir ki, oxucu yazıçının şəxsi kədər və iztirabının fonunda bütöv vətənin yaralarını, portretini görür.
“Axirət sevdası” romanındakı əsas surət yazıçının oğlu Məhəmməd olsa da o, romana təhkiyəçinin xatirələri, düşüncələri, yaddaş qəlpələri əsnasında adlayır. Təhkiyəçi isə yazıçının özüdür. Oxucu yazıçının seçdiyi belə bir bədii üsul vasitəsilə müharibə və onun acı reallıqları, oğlu Məhəmmədin ön cəbhəyə könüllü qoşulması, az sonra şəhid olma faktı ilə tanış olur.
Oğlunun ardınca cəbhə bölgəsinə yollanan ata onu Beyləqanda, Goranda, Gəncədə, Murovda axtarmalı olur. Oradan Gəncəyə, dostunun evinə qayıdır. Bu zaman ona Məhəmmədin yaralanması xəbərini verirlər və o, dərhal Bakıya üz tutur. Və... Evə daxil olunca oğlunun hüzür məclisi ilə qarşılaşır:
“Orta-böyük otaqda çəhrayı ipək örtük salınmış cənazə qoyulmuş, anası başdan oturmuş, xalaları, qonum-qonşu cənazə dövrəsində halay qurub əyləşmişdilər.
-Y O X! Yox! Yox… Ola bilməz. İnanmaram!
Məhəmməd, balam
mənim! İnanmaram!-cənazənin ayağında
çöküb, dizin-dizin
onun üstünə
can atdım.
-Açın üzünü!
Götürün örtüyü!
Mən onu görmək istəyirəm!.. Mən səni haralarda
axtardım, balam?!
Gəlibmişsən, özün
gəlibmişsən! Məndən qabaq gəlib çıxmısan evimizə”.
Bu kiçik parçada müharibə məşəqqətlərini,
onun insan həyatına qatdığı
acıları dərk
etmək üçün
hər şey var. Oğul itirən atanın ağrıları,
canını vətən
üçün könüllü
sipər edən oğullarımızın nakam
taleyi, insan həyəcanlarının ekstaz
biçimdə təqdimi
və bütün bu mənəvi yaşantıların sonda
insan psixologiyasına vurduğu zərbələr.
Bu mənada “Axirət
sevdası” əsərinin
əsas leytmotivini təşkil edən fanilik və əbədiyyət haqqında
düşüncələr heç nahaq deyil. Vaqif Yusifli yazır: “Sabir Əhmədlinin "Axirət sevdası" romanı bu ata dərdini əbədiləşdirən bir
əsər kimi yarandı. Bu roman "Ata ağrısı" da adlana bilərdi. İlk dəfə idi Azərbaycan bədii nəsrində Yazıçı-Atanın
oğul itkisindən doğan dağ boyda dərdi ilə üzləşirdik”.
Əlbəttə əsərin içinə
aldığı çox
problem, çox mənzərə
var. Müharibə ritmi
əsərin hər səhifəsində duyulur. Düzdür,
müəllif savaş
səhnələri canlandırmır,
buna baxmayaraq, yazıçının həm
arxa, həm də ön cəbhədə görüb
şahid olduğu reallıqlar, əsgərlərimizin
orduda vəziyyətlərinin
qənaətbəxş olmaması,
silahsızlığı, əyin-başlarının
nazikliyi, belə bir çətin durumda, onların ölüm-qalım savaşında
canları ilə əlləşdikləri bir
zamanda müxtəlif rayonların icra başçılarının toy-büsat qurmaları, öz eyş-işrətlərindən
qalmamaları haqqında
təhkiyəçi yolboyu
düşünür, ağrıyır.
Romanda şəhidlik ali
bir məqam olaraq mənalanır “Olum, Ölüm eyni hadisədir. Birindən insan, î birindən ruh doğulur. Ölüm də Doğuluşca
heyrət oyatmalı, seviclə qarşılanmalıdır.
Ölüm əbədi ömrün
başlanmasıdır. Ölüm məqamında doğulan ruh – işıqdır”.
Məhəmmədin ölümündən sonra əsər ölümlə bağlı, ruhun fəlsəfəsi ilə bağlı metafizik qata enişi ilə davam edir. Yazıçı əsərdə ruhsal müstəvidə olan düşüncələrini ilahiyyatçı müəllim obrazı kimi təqdim etdiyi Maliklə söhbətində bölüşür. Bu artıq “Məni ölüm düşündürür”, - yazan müəllifin gəlib çatdığı nöqtədir... Bəli, müharibə ölüm haqqında düşündürür, müharibə insan ruhunun ölümü tanıyıb dərk etməsinə daha yaxşı yol açır. Hələ olsun sinəsinə qardaş, oğul dağı çəkilmiş yazıçı ruhu ola. Bir az təəssüf, bir az da təmkinli nəzərlərlə baxıb anladır ki, “Başlıcası sağlıqdır, hər şey gəlib yerini alacaq. Evlər təzədən tikiləcək, şəhərlər, kəndlər əzəlkindən abad qurulacaq. Ötən müharibədə Kiyev, Varşava, Rostov yerlə-yeksan olmuşdu. İndi gedin baxın! Beş dəfə özündən artıq tikilmiş, böyümüşdür... Amma gedənlər, ölənlər qayıtmayacaq. Ölümdən qayıdış yoxdur”.
“Kef” romanında
yazıçının toxunduğu
problemlər çoxyönlüdür. Bir
yazıçının ailəsindən başlanan
hekayət az sonra ictimai sferaya adlayır.
Əsərin mövzusunu ölkəmizdə
gedən ictimai-siyasi proseslər, ərazi bütövlüyü uğrunda
çarpışmalar, milli müstəqilliyimizin
bərpa olunması, qaçqınların öz
doğma ocaqlarına qayıtması, savaş ruhunun dirçəldilməsi,
müharibənin fəsadlarının aradan
qaldırılması kimi məsələlər
təşkil edir. Romanla
bağlı bir müsahibəsində
yazıçı deyirdi: “Baş verənləri mürəkkəb bir axın şəklində görmək
lazımdır. Ən ağıllı və fərasətli adam odur ki,
bu axında cəmiyyəti hansı xəttin
səciyyələndirdiyini ayırd etməyi bacarıb, öz işlərini o
istiqamətdə qurur. Sənət
adamları, məsələn, yazıçılar da dövləti idarə edən, onun siyasətini müəyyənləşdirən
adamlardan köməklərini əsirgəməməlidirlər”.
Hərbi
And.- 2020.- 24 iyul.- S.17.