Akademik Yaqub Mahmudov: Milli mətbuatımızın
şanlı tarixindən qürur duyuruq
Milli mətbuatımızın şanlı tarixindən qürur duyuruq. 1875-ci il iyulun 22-də böyük ziyalımız Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşrə başlayan "Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi kimi öz adını tarixə yazıb. "Əkinçi” dövrün qabaqcıl ideyalarını təbliğ etmiş, insanları cəhalətə qarşı mübarizəyə çağırmışdır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov deyib.
O bildirib ki, Azərbaycan mətbuatı hazırda uğurlu inkişaf dövrünü yaşayır. Kütləvi informasiya vasitələrimiz (KİV) Azərbaycanın dövlətçilik maraqlarını hər şeydən uca tutur və yüksək peşəkarlıq nümayiş etdirirlər. Ulu öndər Heydər Əliyevin mətbuat üzərində senzuranı ləğv etməsi çağdaş milli jurnalistikamızın inkişafına böyük təkan verdi. Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam və inkişaf etdirən Prezident İlham Əliyev mətbuatımızın inkişafının qayğısına qalır və Azərbaycan jurnalistlərinin bütün sosial problemlərini müntəzəm olaraq yüksək səviyyədə həll edir.
Akademik Yaqub Mahmudov vurğulayıb ki, jurnalistlərimiz ağır pandemiya dövrünün əsas qəhrəmanlarındandır: "Jurnalistlər həyatını təhlükə qarşısında qoyaraq koronaviruslu xəstələrlə görüşür və ictimaiyyəti maarifləndirir. Azərbaycanın media nümayəndələri cəbhə bölgəsində olur, erməni yalanlarını ifşa edir və xalqımıza doğru-düzgün informasiyaları çatdırırlar”.
"Tarix İnstitutu KİV ilə sıx əməkdaşlıq edir. Mediamız institutun gördüyü işləri müntəzəm olaraq və yüksək səviyyədə Azərbaycan və dünya ictimaiyyətlərinə çatdırır. Əgər jurnalistlərin dəstəyi olmasa, gördüyümüz işlərdən nə xalqımızın, nə də dünyanın xəbəri olmaz! Jurnalistlərimizin işi tarixçilərimizin işi qədər şərəflidir. Bu şərəfli işinizdə sizə böyük uğurlar arzu edirəm”, - deyə akademik qeyd edib.
O bildirib ki,
Tarix İnstitutunun
elmi-tədqiqat fəaliyyəti ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir: "Prezident İlham Əliyev Tarix İnstitutunu
"ölkəmizdə tarix üzrə
araşdırmaların mərkəzi” adlandırmaqla elmi müəssisəyə çox
yüksək qiymət verib. Azərbaycan tarixinin
saxtalaşdırılmış səhifələrinin yenidən
yazılması və müxtəlif tarixi
dövrlərdə itirilmiş
torpaqlarımızın tarixinin
araşdırılaraq bugünkü nəsillərə
olduğu kimi
çatdırılması institut əməkdaşlarının
əsas vəzifəsidir. Tarix İnstitutu ermənilərin
işğalçılıq siyasətinə qarşı informasiya müharibəsində mühüm rol oynayır.
Alimlərimiz sübut etmişlər ki, ermənilər Qafqaza gəlmədirlər.
Biz "ASAN Radio” ilə
birgə "Azərbaycan tarixi” layihəsini
həyata keçiririk. İnstitutumuzun
saytı Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir.
Saytımızda daim yenilənən elektron kitablar bölməsi
mövcuddur. Elmi
müəssisəmiz sosial şəbəkələrdə
fəaldır, onun "Facebook”
səhifəsi və "YouTube” kanalı
var”.
Hərbi And.- 2020.- 24 iyul.- S.14.