Azərbaycan tarixi daha əhatəli öyrəniləcək
İrəvan xanlığı
İrəvan xanlığı XVIII əsrin ortalarında Nadir şah Əfşarın vəfatı və Əfşarlar dövlətinin süqutundan sonra Çuxursəəd bəylərbəyliyinin əsasında yaranmış və 1747-1828-ci illərdə mövcud olmuş tarixi Azərbaycan feodal dövlətlərindən - xanlıqlarından biri idi. İrəvan xanlığının əsası Mirmehdi xan Əfşar tərəfindən qoyulub. Xanlıq Qarabağ, Naxçıvan və Maku xanlıqları ilə, Osmanlı İmperiyası, Kartli-Kaxeti çarlığı, Borçalı, Qazax sultanlıqları ilə həmsərhəd olub. Mərkəzi İrəvan şəhəri idi.
Xanlığın mərkəzi iki hissədən: - Qala və Bayır şəhərdən ibarət idi. İkiqat hasarla əhatə olunmuş İrəvan qalası 1582-ci ildə çiy kərpicdən Zəngi çayının sol sahilindəki qayada inşa edilmişdi. Birinci divar ilə ikinci divar arasında dərin arx qazılmışdı. Müharibə vaxtı arx su ilə doldurulurdu. Bayır şəhər qaladan şimalda salınmışdı. XIX əsrin əvvəllərində İrəvan qalasında top və barıt istehsal edilirdi. Hazırda Ermənistan Respublikasının yerləşdiyi ərazi yaxın keçmişdə - XIX əsrin əvvəllərində Azərbaycan dövləti olan İrəvan xanlığının torpaqlarıdır. Bu torpaqların ən qədim yerli əhalisi - aborigen sahibləri Azərbaycan türkləri idi. İrəvan xanlığının yarandığı ərazi ən qədim türk torpaqlarıdır. Azərbaycan xalqının formalaşmasında yaxından iştirak etmiş hürrilər, kimmerlər, iskitlər, saklar, hunlar və digər çoxsaylı oğuz və qıpçaq türkləri məhz bu regionda, xüsusilə Göyçə gölü ətrafındakı torpaqlarda yaşamış və özlərindən sonra zəngin tarixi-mədəni iz qoymuşlar.
XIX əsrin əvvəlində baş vermiş Rusiya işğallarına qədər İrəvan xanlığı əhalisinin mütləq əksəriyyəti Azərbaycan türkləri idi. Qeyd etmək lazımdır ki, erməni katolikosluğu mərkəzinin 1441-ci ildə İrəvan (Çuxursəd) bölgəsinə köçürülməsinə qədər burada ermənilərə məxsus heç bir kənd və yaxud torpaq sahəsi olmayıb. Hətta erməni katolikosluğunun yerləşdiyi Üçkilsə (Valarşabad ) kəndi belə 1443-cü ildən başlayaraq ermənilər tərəfindən müxtəlif vasitələrlə hissə-hissə Azərbaycan türklərindən alınmışdı. Azərbaycan dövləti olan İrəvan xanlığını Azərbaycanın dövlət idarəçiliyi tarixində mühüm rol oynamış məşhur Qacarlar adlanan türk sülaləsindən olan xanlar idarə etmişlər. Xanlığın bütün idarəçilik sistemi, ictimai, siyasi, mədəni və təsərrüfat həyatı, burada yaşayan əhalinin məişət mədəniyyəti Azərbaycanın minillər boyunca davam etmiş ümumi tarixi inkişaf sisteminin ayrılmaz tərkib hissəsi idi.
İrəvan xanlığının ərazisində, tarix boyu, Azərbaycan xalqına məxsus çoxsaylı yaşayış məskənləri - kəndlər, şəhərlər salınmış, minlərlə tarixi abidələr qalalar, məscidlər, minarələr ucaldılmış, karvansaralar, hamamlar inşa olunmuşdu. Bölgədəki bütün yer adları - toponimlər Azərbaycan xalqına məxsus idi. Bu inkarolunmaz həqiqəti hətta erməni mənbələri də təsdiq edir. Xanlığın ərazisində saysız-hesabsız qədim oğuz-türk qəbiristanları və bu qəbiristanlarda Azərbaycan xalqına məxsus külli miqdarda qoç heykəlləri, qəbirüstü abidələr vardı. Bütün bunlar Azərbaycan xalqının maddi mədəniyyət möhürləri idi...
XIX əsrin əvvəllərində regionu ələ keçirməyə çalışan Rusiya imperiyası Azərbaycan xanlıqlarına qarşı müharibələrə başladı.
Osmanlı dövləti və Qacarlar İranı ilə sərhəddə
yerləşən İrəvan xanlığının ələ
keçirilməsi Rusiya
imperiyasının işğalçılıq
planlarının mühüm tərkib
hissəsi idi. 1804-1813-cü illərdə
Azərbaycan torpaqlarının işğalı uğrunda gedən birinci Rusiya-İran müharibəsi zamanı
İrəvan xanlığı iki dəfə
(2 iyul-3 sentyabr 1804-cü il;
3 oktyabr-30 noyabr 1808-ci il)
Rusiya qoşunlarının güclü hücumlarına məruz
qaldı. Lakin İrəvan
xanlığı Rusiyaya təslim
olmadı və öz müstəqilliyini qoruyub saxlaya bildi. Xanlığın əhalisi müdrik və cəsur dövlət xadimləri
olan Məhəmməd Hüseyn
xan Qacarın (1784-1805) və Hüseynqulu xan Qacarın
(1806-1827) başçılığı ilə çar qoşunlarına qəhrəmanlıqla
müqavimət göstərdi. Böyük itkilər verən Rusiya
imperiyasının hakim dairələri
İrəvan xanlığını ələ keçirmək
üçün şirnikləndirici vasitələrə
əl atdı. Rusiyanın Cənubi Qafqazdakı hərbi
qüvvələrinin baş komandanı general Qudoviç İrəvan
sərdarının qardaşı Həsən xan
Qacara qalanı könüllü təslim edəcəyi halda onu sərbəst buraxaraq, İrəvan qalası və şəhəri
istisna olmaqla, bütün xanlığın hakimi
təyin olunacağına Rusiya imperatoru adından vəd verdi.
Həsən xan Qacar Rusiya imperatoru
adından verilən bu təklifi rədd etdi.
Çar Rusiyası Azərbaycan torpaqlarının işğalında
ermənilərin köməyindən,
erməni xəyanətindən
dövlət səviyyəsində
istifadə edirdi. Məsələn,
çarın həmin
dövrdə verilmiş
bir fərmanına bununla bağlı ayrıca bənd daxil edilmişdi: "...Hər cür nəvazişlə erməniləri
öz tərəfinizə
çəkməyi xüsusi
olaraq sizin ixtiyarınıza buraxıram".
Bütün bunlara baxmayaraq,
birinci Rusiya-İran müharibəsi zamanı Rusiya imperiyası İrəvan və Naxçıvan xanlıqlarını
işğal edə bilmədi. Hər iki xanlığın yerli əhalisi olan Azərbaycan vətənpərvərləri doğma yurdun azadlığı uğrunda
işğalçılara və
onlara kömək edən ermənilərə
qarşı qəhrəmanlıq
mübarizəsi apararaq qələbə
çaldılar. İrəvan xanlığını işğal
etmək niyyətindən
əl çəkməyən
I Nikolay İrəvan və Sərdarabad qalalarını ələ
keçirməyin hərbi-strateji
əhəmiyyətini nəzərə
alır, bunu tez-tez general Yermolova xatırladırdı. Rusiya
imperatoru 1826-cı il oktyabrın 21-də
Yermolova yazırdı:
"Əgər İrəvanı
ya silah gücünə, ya İrəvan Sərdarını
pulla ələ almaq yolu ilə,
ya da onunla
gizli münasibətlər
qurmaqla ələ keçirmək mümkündürsə,
bu imkanı əldən verməyin".
İkinci Rusiya-İran
müharibəsi (1826-1828) zamanı
İrəvan xanlığının
işğalına xüsusi
önəm verən çar I Nikolay (1825-1855) Yermolova göndərdiyi
1826-cı il 1 avqust tarixli fərmanında işğalçı
generala xüsusi olaraq tapşırırdı:
“Təcili olaraq İrəvan Sərdarı
üzərinə yürüş
edin. Tezliklə sizdən belə cavab gözləyirəm:
"Allahın köməkliyi
ilə Sərdar daha yoxdur və
İrəvan vilayəti
tamamilə tululub".
Siz və 15 min nəfərlik
rus ordusu qələbə qazanmaq üçün kifayətdir.”
Azərbaycan vətənpərvərlərinə
başçılıq edən
İrəvan sərdarı
Hüseynqulu xan Qacar, qardaşı "Aslanlar başı" titulunu daşıyan Həsən xan və onun nəvəsi
Fətəli xan Qacar 1827-ci ildə Rusiya işğalçılarına
qarşı İrəvanı
(27 aprel 23 iyun; 24 sentyabr 1 oktyabr) və Sərdarabad qalasını (16-17 aprel;
14-20 sentyabr) dörd dəfə qəhrəmancasına
müdafiə etdi. Çar generalı Benkendorfun Sərdarabad qalasını təslim etmək tələbini rədd edən Həsən xanın nəvəsi Fətəli
xan Qacar işğalçılara sərt
və birmənalı
cavab verdi:
"Qalanı təslim
etməkdənsə onun
dağıntıları altında
ölməyim yaxşıdır".
İrəvan qalasının qəhrəman
müdafiəçisi Həsən
xan Qacar son anda qalanı düşmənə təslim
etməkdənsə partlatmaq
məqsədilə barıt
qülləsinə yanan
fitil qoymuşdu.
Lakin poruçik Lemyakin bunu vaxtında görmüş və əli ilə yanan fitili götürmüşdü.
Lakin xəyanət öz işini gördü.
Ermənilər İrəvan qalasını
mühasirədə saxlayan
Paskeviçlə əlaqəyə
girdilər və azərbaycanlıların qalanın
hansı hissəsində
yerləşdikləri, top atəşlərini
hara istiqamətləndirmək
lazım olduğu barədə işğalçılara
məlumat verdilər.
İşğalçı Rusiya qoşunlarının İrəvanda
törəldikləri dağıntılar
və şəhərə
vurduqları zərərlə
bağlı V.Potto bu hadisənin canlı şahidinin dediklərini olduğu kimi qələmə alaraq yazırdı: "Qalanın cənub-şərq
küncünə çatarkən
divar və bürclərin dağıntısı
məni heyrətə
saldı. Mənə elə gəlir
ki, rus mühasirə
artilleriyasının dörd
gündə etdiyini çərxi-fələk dörd
əsrdə belə edə bilməzdi".
Rusiya müstəmləkəçiləri İrana və Türkiyəyə qalib gəldikdən sonra Türkmənçay (1828) və
Ədirnə (1829) müqavilələrinə
əsasən, Cənubi
Qafqazda Qacarlar İranı və Osmanlı imperiyasına qarşı gələcək
işğalçılıq planlarını həyata keçirmək üçün
xristian - istinadgah məntəqəsi yaratmaq
məqsədilə həmin
dövlətlərin ərazisində
yaşayan erməniləri
kütləvi surətdə
Şimali Azərbaycan
torpaqlarına köçürdü...
Beləliklə, 1828-ci il fevralın
26-dan iyunun 11-dək, yəni,
üç ay yarım
ərzində İrandan
Şimali Azərbaycana
- İrəvan, Naxçıvan
və Qarabağ xanlıqlarının ərazisinə
8249 erməni ailəsi,
başqa sözlə,
ən azı 40 min nəfər erməni köçürüldü. Bundan
bir az
sonra Şimali Azərbaycan torpaqlarına
Osmanlı dövləti
ərazisindən daha
90 min nəfərdən artıq
erməni köçürülüb
gətirildi.
Ermənilər Şimali Azərbaycan torpaqlarına xüsusi məqsədlə, yəni,
onlara daimi vətən yaratmaq niyyəti ilə köçürülürdü. Bu çirkin siyasətin həyata keçirilməsində
Rusiya ordusunda xidmət edən erməni zabitləri fəal iştirak edirdilər. Erməni
generalları öz məqsədlərini açıq
bəyan etməkdən
də çəkinmirdilər...
Ermənilərin kütləvi surətdə
köçürülüb gətirilməsinə baxmayaraq,
çar hakimiyyət orqanları İrəvan xanlığı ərazisində
demoqrafik vəziyyəti
birdən-birə dəyişdirə
bilmədi. İrəvan
xanlığının işğalını
həyata keçirmiş
rus generalı Paskeviç, hətta ermənilərin köçürülüb
gətirilməsindən sonra
belə, İrəvan
bölgəsi əhalisinin
dörddə üç
hissəsinin Azərbaycan
türkləri olduğunu
etiraf edirdi... Rusiya müstəmləkəçiləri, çox çəkmədən,
Azərbaycan xalqının
tarixi dövlətçilik
ənənələrini və
müstəqillik şüurunu
məhv etmək üçün inzibati-ərazi
islahatları keçirməyə
başladı. 1828-ci il
martın 21-də Azərbaycan
xalqının Novruz bayramı günlərindən
birində imperator I Nikolayın
fərmanı ilə Azərbaycanın İrəvan
və Naxçıvan
xanlıqları ləğv
edildi və bu xanlıqların ərazisində İran və Türkiyədən
köçürülməkdə olan ermənilər üçün qondarma
"Erməni vilayəti"
yaradıldı.
Bununla Cənubi
Qafqazdakı Azərbaycan
torpaqlarında, daha doğrusu, İrəvan xanlığının ərazisində
erməni dövləti
yaratmaq üçün
ilk addım atıldı. Yeri gəlmişkən, 1828-ci ildə,
özü də ermənilərin köçürülmə
kampaniyası başa çatdırıldıqdan sonra
"Erməni vilayəti"ndə
olan 1125 kəndin
1111-də ancaq Azərbaycan
türkləri yaşayırdı.
Azərbaycan xalqının qədim dövlətçilik ənənələrini və müstəqillik şüurunu məhv etmək üçün 1840-cı ildə daha bir addım atıldı: "Erməni vilayəti" ləğv edildi və onun ərazisində bir neçə qəza yaradıldı: İrəvan, Yeni Bayazid, Gümrü, Sürməli və s. 1849-cu ildə isə həmin Azərbaycan torpaqlarında yeni inzibati-ərazi vahidi - İrəvan quberniyası yaradıldı. İrəvan quberniyasının yaradılması, əslində, Qərbi Azərbaycan ərazisində ermənilər üçün dövlət yaradılması yolunda növbəti addım idi. Bundan sonra ermənilərin İran və Türkiyədən İrəvan quberniyası ərazisinə, həmçinin digər Azərbaycan torpaqlarına köçürülməsi prosesi daha da sürətləndirildi.
Hazırda keçmiş İrəvan xanlığının (indiki Ermənistan Respublikası) ərazisində yaşayan ermənilərin sələflərinin, demək olar ki, hamısı vaxtilə İrandan və Türkiyədən, son dövrlərdə isə digər xarici ölkələrdən əsasən Suriya, Yunanıstan, Livan, Bolqarıstan və Rumıniyadan köçüb gəlmə ermənilərdir. 1948-1950-ci illər deportasiyasından canını qurtarıb öz doğma yurd-yuvasını tərk etməyərək Ermənistan ərazisində qalan azərbaycanlılar isə 1988-ci ildə - Sovet İttifaqının dağılması ərəfəsində erməni silahlı birləşmələri tərəfindən kütləvi soyqırıma məruz qaldılar və tarixi torpaqlarından qovulub çıxarıldılar. Beləliklə, 1918-ci ildə Şimal Qərbi Azərbaycan torpağında keçmiş İrəvan xanlığının ərazisində özlərinə dövlət yaratmağa nail olan və burada etnik azlıq təşkil edən ermənilər bundan 70 il sonra - 1988-ci ildə Ermənistanı təketnoslu ölkəyə çevirdilər. Bununla 70 il əvvəl öz Vətənində - İrəvan xanlığı ərazisində ermənilərə dövlət yaratmaq üçün torpaq vermiş azərbaycanlılar minillərlə yaşadıqları Vətənlərindən məhrum oldular! Bunun ardınca Ermənistan silahlı qüvvələri Azərbaycanın dünya birliyi tərəfindən tanınmış sərhədlərini pozaraq ölkənin içərilərinə soxuldu.
Bu gün Ermənistan Respublikasının yerləşdiyi ərazi 180 il bundan əvvəl Azərbaycan torpağı idi. Bu torpağın aborigen əhalisi azərbaycanlılar idi.
Günay
TAĞIYEVA
Hərbi And.- 2020.- 24 iyul.- S.7.