Hər ömür bir nəğmədir
Bu gün
görkəmli jurnalist və publisist Svetlana Nəcəfovanın
82 yaşı tamam olur
Sadə zəhmət adamından tutmuş xalqın böyük ziyalılarına qədər neçə-neçə insanın həyat salnaməsini, tale yolunu qələmə alıb. Qəhrəmanlarını da özü seçib. Azərbaycanın Əməkdar jurnalisti, publisist, nasir Svetlana Nəcəfovanın qələmə aldığı yazıların hər birindən canlı insan, onun sevinci, kədəri boylanır. Bu gün Azərbaycan jurnalistikasında dəst-xətti ilə seçilən Svetlana xanımın 82 yaşı tamam olur. AZƏRTAC görkəmli jurnalistin doğum günündə onun həyat və fəaliyyətinin bəzi məqamlarına nəzər salır.
Svetlana Nəcəfova 1938-ci ildə Qərbi Azərbaycanın İrəvan şəhərində dünyaya göz açıb. Azərbaycan Dövlət Universitetinin (indi Bakı Dövlət Universiteti) Filologiya fakültəsinin Jurnalistika şöbəsində təhsil alıb. Əmək fəaliyyətinə 1961-ci ildə “Pioner” jurnalı redaksiyasında texniki redaktor kimi başlayıb, 1964-1973-cü illərdə orada şöbə müdiri işləyib. 1973-1977-ci illərdə “Azərbaycan qadını” jurnalı redaksiyasında şöbə redaktoru və baş redaktorun müavini vəzifələrində çalışıb. Hələ gənc yaşlarında “Komsomolskaya pravda” qəzetində dərc edilən hekayəsi onun istedadından xəbər verirdi.
1996-2003-cü illərdə “Respublika” qəzeti redaksiyasında Humanitar problemlər şöbəsinin müdiri, 2003-2008-ci illərdə isə Teleradio şirkətinin əməkdaşı olub. Hazırda təqaüddə olan S.Nəcəfova, eyni zamanda, Azərbaycanda qadın hərəkatında fəal iştirak edib.
S.Nəcəfova “Əməkdar jurnalist” fəxri adına, “Qızıl qələm”, “Dan ulduzu”, “Məhsəti Gəncəvi”, “Sara Xatun”, “Vətən”, “Araz”, “Humay” və digər mükafatlara layiq görülüb. Beş publisistik, bir bədii, bir tərcümə kitabının müəllifidir. İlk kitabı “Qırmızı qalstuklar klubu” 1966-cı ildə çap olunub. Sonralar onun “Ömrə sevinc gətirənlər”, “Hər ömür bir nəğmədir”, “Biz beynəlmiləlçilərik”, “Onun taleyi”, “Azərbaycanın qeyri-hökumət qadın təşkilatları” kitabları böyük tirajla çap edilib. ABŞ-ın “Kim kimdir?” nəşri onun adını özünün 2000-ci il nominantlarının siyahısına, 2005-ci ildə isə Universal Sülh Federasiyası və Ümumdünya sülh naminə Beynəlxalq Federasiya Svetlana xanımı sülhməramlı səfir kimi öz sıralarına qəbul edib.
Sovet dövründə tənqidi oçerklər yazmaqdan çəkinməyən S.Nəcəfova hər zaman haqq tərəfdarı olub, övladlarını da bu ruhda böyüdüb. Onun fikrincə, jurnalistin yaradıcılığı, düşünmə bacarığı, araşdırma qabiliyyəti olmalıdır. Bu sənətdə təkrarçılığa yol vermək olmaz. “Bu elə bir peşədir ki, gərək özünü hər gün sübut edəsən. Yoxsa 100 diplomun olsun, yaza bilmirsənsə, bir işə yaramayacaq. Jurnalistin hadisələrə yanaşma bacarığı yoxdursa, ona heç nə kömək etməyəcək”, - deyir Svetlana xanım.
Zəngin dünyagörüşü, jurnalist peşəkarlığı, səmimi, mehriban davranışı Svetlana Nəcəfovaya ən mötəbər qapıları açmağa imkan verib. O, “Azərbaycan qadını” jurnalında işləyərkən görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevadan müsahibə alıb, habelə akademik Şəfaət Mehdiyev, görkəmli jurnalist Nəsir İmanquliyev, yazıçı Ələviyyə Babayeva, şairə Zivər Ağayeva, Xalq rəssamları Maral Rəhmanzadə, Xalidə Səfərova və Kamil Xanlarov, Əməkdar rəssam Mahmud Tağıyev, rəssam Çingiz Abbasov, Əməkdar incəsənət xadimi Bilqeyis Məmmədova, professor Mirvari Tağıyeva, Əməkdar jurnalist Sona Bağırova və başqaları haqqında oçerk və məqalələr yazıb. Eləcə də tarixçi-alim Sara Aşurbəyli, Xalq şairi Nəbi Xəzri, yazıçılar Əli Əmirli, Əli Səmədli, şairə-bəstəkar Xanım İsmayılqızı, oftalmoloq Tamilla Şəfəq, Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı və digər tanınmış simalarla müsahibələri Svetlana xanımın mövzuya, problemə yanaşması baxımından jurnalistikamızda dəyərli nümunələrdir. Həyata, insanlara sonsuz məhəbbətlə qələmə aldığı “Sınaq saatı”, “Xatirəyə dönmüş günlər”, “Dörd ilin ayrılığı”, “Analar şərəfinə elegiya” “Mərdlik məktəbi”, “Nə tez kişiləşir oğlanlar”, “Sınaq günləri”, “Sevinc payı”, “20 Yanvar- qan yaddaşımız” və digər məqalələri publisistikanın gözəl nümunələridir. S.Nəcəfovanın istər sovet dövründə, istərsə də müstəqillik illərində qələmə aldığı yazılar bu gün də aktualdır. O, qəhrəmanını oxucuya mükəmməl tanıtmaq üçün ən xırda detaldan parlaq uğuruna qədər uzanan yolu oxunaqlı dillə şərh edib. Bu yazılar, eyni zamanda, müəllifin həmişə özünə sadiq qaldığını bir daha təsdiqləyir. Heç vaxt şan-şöhrət dalınca getməyən Svetlana Nəcəfova qələmi ilə geniş oxucu auditoriyası qazanıb.
Svetlana xanım üçün həyat təbiətin bizə bəxş etdiyi əvəzsiz nemətdir: “Bəlkə də biz onu günlərlə, aylarla, illərlə ölçməyə adət etmişik. Ancaq bu ölçü çox aldadıcıdır. Ömür var ki, qum dənələri kimi barmaqların arasından axıb tökülür. Heç bir iz qoymadan ötüb keçir. Səndən sonra gələnlər bu dünyada yaşadığına dair heç bir dəlil-sübut tapmırlar. Varlığınla yoxluğun bilinmir. Ömür də var ki, özü başa çatsa da, izi, sorağı aylarda, illərdə qalır. Xalqın tarixinə, yaddaşına köçür. Yetişdirdiyi, tərbiyə etdiyi adamların taleyinə çevrilir, onların həyatında yenidən yaşanır. Əsl insan ömrü də, xoşbəxtlik də mənim üçün budur…”
Svetlana xanımı doğum günü
münasibətlə təbrik edir, ona möhkəm cansağlığı
arzulayırıq.
Hərbi And.- 2020.- 10 iyul.- S.17.