ÖMRÜN
28-Cİ BAHARI
Bir peşə var ki, icra edərkən də, o peşə uğrunda candan keçərkən də insan ucalır. Bu hərbiçi peşəsidir. Hərbiçi vətənin keşiyin çəkir, xalqın firəvan yaşamağı üçün hər vəchlə çalışır. Hər zaman ölümün gözlərinə dik baxan bu peşə sahiblərindən biri kapitan Məmmədov Toğrul Səyyad oğlu haqqında yazıb bu qəhrəmanın şücaətlərindən söz açacam. Toğrul Məmmədov 1988-ci il iyulun 26-da Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Şıxmahmud kəndində dünyaya göz açıb. Ailənin ilk övladı olan Toğrul ata-anasını erkən yaşlarında itirdiyi üçün bacı və qardaşına atalıq edib. Həyatın çətin sınaqları ilə erkən yaşlarında üz-üzə qalan Toğrul ən çətin peşə olan hərbiçi peşəsini seçib. O, 2002 – ci ildə Naxçıvan Muxtar Respublikası Cəmşid Naxçıvanski adına Hərbi liseyin Naxçıvan filialına daxil olmuşdur. 2005-ci ildə ordan məzun olduqdan sonra Heydər Əliyev adına Azərbaycan Hərbi Məktəbinə daxil olmuşdur. Atdığı hər addımla vətənə layiq bir övlad olduğunu bəlli edən qəhrəman 2009-cu ildə bu məktəbi leytenant hərbi rütbəsi ilə bitirmişdir. Bununla yetinməyən Toğrul Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim-tədris mərkəzində 1 illik ixtisasartırma kursu keçmişdir. İllərlə hərbi təhsildən qazandığı bilik və bacarıqlarla hər zaman ön cəbhədə vuruşan qorxmaz, igid oğul 2014-cü ildə düşmən təxribatının qarşısını alarkən yaralanmışdır. Ancaq o bu yoldan geri dönməmiş cismindəki yara sağalan kimi yenidən ön cəbhəyə atılmışdır. Çünki onun qəlbində sağalmayan Qarabağ yarası hər an qanayırdı.Toğrul hər zaman döyüş yoldaşlarından bir addım öndə gedərək silahdaşlarını təhlükədən uzaq tutmağa çalışırdı. O subay olduğunu dilə gətirərək hər zaman ailəli hərbiçilərimizdən öndə gedirdi.Bu qorxmaz insan həm dostlarını həm də vətənini düşməndən qorumağa çalışırdı. Ordumuzun ən ağır və qürurverici döyüşə imza atdığı zamanda da Toğrul Məmmədov azadlıq uğrunda ölməyi və öldürməyi gözə alan qəhrəmanlarımızdan oldu. Aprel döyüşlərində neçə-neçə qəhrəmanlarımız kimi o da qəlbindəki qisas hissi ilə düşmənə qan uddurdu. Həmin o döyüşlərdə Toğrul da canını vətənə sipər etdi.Onun illərlə gözlədiyi an yetişmişdi. Toğrul hər zaman doğmalarına şəhidlərimizin qisasını alacağını deyirdi. Qardaşı Üzeyir Toğrul haqqında bu fikirləri mənimlə paylaşdı:
– Toğrul bizə tarix boyu xalqımızın başına gətirilən bəlalardan danışardı. Həmişə deyərdi ki, “biz torpaqlarimizi geri alib bu yolda şəhid olanların qisasını almalıyıq”. Toğrul qisas eşqi ile yaşayırdı və xidmətdə olduğu müddətdə öz nümunəvi xidməti ilə və düşmən ordusunu məğlubiyyətə uğradan saysız-hesabsız əməliyyatlarda iştirak edərək öz vətən borcunu yerinə yetirdi. Hər zaman arzuladığı kimi bu yolda şəhid oldu. Toğrul torpaqlarımızın azad olunmasını görməyəcək ancaq bizlər torpaqlarmızı azad edərək neçə – neçə Toğrularımızın ruhların şad edəcəyik.
Dəfələrlə yaralanan Toğrul Aprel döyüşlərində də
yaralandı. Ancaq bu dəfə onun cismi deyil
ruhu yaralandı. Çünki Toğrulun ən yaxın sirdaşı, silahdaşı
kapitan Savalanov Nəcməddin Akif oğlu o döyüşlərdə
ağır yaralandı.
Günlərlə yaşamaq
uğrunda mübarizə
aparan Nəcməddin mayın 8-də şəhadət
zirvəsinə ucaldı.
Dostunun həyata vida etməyi Toğrulu dərindən sarsdı.
Nəcməddinin dəfnində
göz yaşları içində “qardaşım,
qisasını alacam ” deyən
Toğrul cəmi 67 gün sonra 14 iyul 2016-cı ildə Ağdam istiqamətində
düşmən təxribatının
qarşısını alarkən
düşmənin snayperdən
açdığı atəş
nəticəsində qəhrəmancasına
şəhid oldu. Dəfələrlə ölümün pəncəsindən xilas olan vətən keşikçisi bu dəfə şəhadət
zirvəsinə ucaldı.
Beləcə cənnət sakini
şəhid olub şəhadətə ucalanlara
qoşuldu. Əminəm ki, Toğrulun cənnətdə ilk qovuşduğu
insan dostu-sirdaşı
olan Nəcməddin oldu. Həyat yolları kəsişən
bu iki dostun
əbədiyyətdə də
yolları kəsişdi.Toğrul
həyatından qopan insanların acısı ilə böyümüşdü.
Onun ata-ana həsrəti ilə yanan ürəyini bir də dost həsrəti yandırırdı.
Ömürün hər
ötən günü bir
xəzan yarpağı kimi qopub
düşür. Ötən gün bir də geri dönmür. Bir – birinə calanan o günlər kimisinin bəxt
payına uzun yazılır kimisinə isə
qısa. Ancaq hər kəsin bəxtinə
ölümü ilə ölümsüzlük
qazanmaq yazılmır. Allah
sevdiyi, seçdiyi
insanları bu məqama ucalmağı layiq bilir. Ömürün
28-ci baharında həyata vida edib qəlblərdə əbədiyaşarlıq
qazanan Toğrul Məmmədov
adı vətənin hər qarış torpağına qanla həkk olunub.
Hərbi And.- 2020.- 10 iyul.- S.10.