Erməniləri ciddi narahat edən əsər - “Zəngəzur”

 

Oxuduğumuz bəzi əsərlər uzun müddət bizi təsir dairəsində saxladığından həmin hadisələri tez-tez xatırlayır və onu yenidən oxumaq istəyirik. Tərəddüd etmədən "Zəngəzur" romanını da belə əsərlərin sırasına yazardım. Romanı mütaliə etdiyim vaxtdan xeyli zaman keçsə də, onun qəlbimdə oyatdığı təəssüratın alovu sönmək bilmir. Buna səbəb kitabın mövzusu, məzmunu və maraqlı təhkiyəsi idi. Əsər tariximizdəki qanlı hadisələrin izlərini səhifələrində elə qanlı təsvirlərlə də yaşadır. Romanın müəllifi yaradıcılığa şeirlə başlayan, sonralar dəyərli nəsr əsərləri yazan Əyyub Abasovdur. Yazıçı ağır zəhmətə qatlaşaraq "Zəngəzur" adlı ikicildlik dəyərli romanı ilə ədəbiyyat tariximizi daha da zənginləşdirib. Təəssüflər ki, indiki nəsil nə bu əsər, nə də onun müəllifi haqqında geniş məlumata malik deyil. Çünki sovet dönəmində romanın adı dərsliklərdə çox xəsisliklə çəkilirdi.

Yazıçının ömür yolu qısa olub. Cəmi 52 il. Ə.Abasov erməni-müsəlman davasının ən qanlı çağında - 1905-ci ildə Zəngəzur mahalının Şəki kəndində dünyaya göz açıb. Valideynlərini, bütövlükdə nəslini bu davada itirib. Ermənilər onun doğmalarını amansızcasına qətlə yetiriblər. Kiçik yaşlarından Zəngəzurda törədilən dəhşətli faciələrin şahidi olduğundan bu qanlı olaylar onun yaddaşında dərin şırımlar açmışdı. 1937-ci ilin tuthatutundan sağ-salamat qurtaran müəllif Böyük Vətən müharibəsinin od-alovundan da keçmişdi.

Tanınmış tədqiqatçı Şəmistan Nəzirli ilə romanla bağlı  söhbət edərkən  o, çox maraqlı bir faktdan söz açdı. Dedi ki, yazıçı Əyyub Abasov görkəmli şair Səməd Vurğunun yanında olarkən ermənilərin Zəngəzurda törətdiyi qanlı hadisələrlə bağlı poema yazmaq fikrində olduğunu bildirib. Səməd Vurğun isə ona bu mövzuda poema yox, roman yazmağı məsləhət görüb. Bundan sonra yazıçı  arxivlərə üz tutub, hadisələrin şahidləri ilə söhbət edib. Qanlı hadisələrlə bağlı yaddaşında olanları da sistemləşdirərək qələmə alıb. Beləcə, Zəngəzur faciələrindən bəhs edən "Zəngəzur" romanı yaranıb.

Oxucuların maraqla qarşıladığı roman hissələrlə 1956-1957-ci illərdə nəşr olunub. O zaman bu əsər Ermənistanda böyük etirazla qarşılanıb. Həmin ilin dekabrında isə yazıçı vəfat edib. Sanki əcəl də bu romanın bitəcəyini gözləyirmiş. Həmkarları: "İşə gedərkən qəflətən ürək tutmasından keçindiyini", - deyirlər. Yazıçının belə qəfil dünyasını dəyişməsində də  nəsə bir müəmma olması güman ediləndir.

İşıq üzü görəndən sonra "Zəngəzur"u gözdən salıb, tarixi dəyərini azaltmaq məqsədilə ermənilər dəridən-qabıqdan çıxaraq əsər haqqında qərəzli və sifarişli məqalələr yazdırırdılar. Romanda erməni daşnak dəstələrinin Zəngəzurda azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı son dərəcə əhatəli və obyektiv şəkildə işıqlandırılmışdı. Erməniləri də narahat edib qorxuya salan da bax, elə bu amildi. Ona görə də əl-ayağa düşüb mətbuat səhifələrində bir ucdan əsəri pisləyirdilər. Əslində, roman çox obyektiv yazılmışdı. Yazıçı əsərində yalnız baş verən qanlı hadisələrin bədii təsvirini verməklə kifayətlənməmiş, bəzən açıq, bəzən də üstüörtülü şəkildə daşnakların məkrli siyasətinin haradan qaynaqlandığını oxuculara göstərməyi bacarmışdı. Daşnakların insanlığa zidd olan niyyətlərini həyata keçirən Andronik, Karo, Njde kimi daşnak qatillərin minlərlə günahsız insanın ölümünə səbəb olmuş qaniçən əməllərini qətiyyətlə ifşa etmişdi. Onların iç üzünü, gizli niyyət və məqsədlərini bütün çılpaqlığı ilə işıqlandırmışdı.

Romanı oxuduqca öyrənirik ki, Andronik qoşunu ilə Zəngəzura daxil olan kimi əvvəlcə buradakı ermənilərlə görüşür və belə qanlı bir plan qurur: "Müsəlman kəndlərinin biri də salamat qalmamalıdır". Tayqulaq daşnak məqsədini həyasızcasına, açıqcasına bəyan edərək: "Türkü öldürmək cinayət deyil, qəhrəmanlıqdır", - deyir. Ə.Abasov Andronikin Zəngəzurda törətdiyi qanlı müsibətləri daha da geniş və məzmunlu şəkildə qələmə almağa çalışıb. Müəllif soyqırımı hadisələrini romanın səhifələrinə bu sətirlərlə köçürüb: "1919-cu ilin yazıdır. Zəngəzur qaçqınlarının güzəranı getdikcə pisləşirdi. Minlərlə insan səfalət içində idi. Boğazlarına keçmiş fəlakət zəncirini qırıb atmağa heç bir yol və imkan tapa bilmirdilər. On aydan artıq idi ki, Zəngəzur qaçqınları fəlakət içində çırpınırdılar. Hamı yandırılmış, viran edilmiş kəndlərinin, yurd-yuvalarının həsrətində idi. Lakin daşnakların hökmranlıq etdikləri torpağa qayıtmaq mümkün deyildi".

Əsər yazıldığı günlərdə ölkəmizin ədəbi ictimaiyyətində də böyük maraq doğurmuşdu. Erməni-müsəlman qarşıdurmasında daşnakların xalqımızın başına gətirdiyi zülmlərinə şahidlik edənlər romanı rəğbətlə qarşılamışlar. Hətta o vaxt Bakıda ermənicə çıxan "Qrakan Azerbecan" ("Ədəbi Azərbaycan") jurnalında A.Balayan adlı erməni də əsəri tərifləyərək onu "Xalqlar dostluğu haqqında roman" adlandırmışdı. Amma Balayan məqaləsində müəllifin azərbaycanlılara qan udduran Andronikin vəhşi simasını peşəkarcasına təsvir etdiyini yazmamışdı. Yaza da bilməzdi. Çünki erməni idi, qanında, canında daşnak ruhu dolaşırdı. Halbuki, əsər boyu tayqulaq daşnakın qanlı obrazı açıq-aydın görünürdü.

Roman Ermənistandakı kitabxanalara paylanmış və sonra da tələm-tələsik yığışdırılmışdı. Görəsən buna səbəb nə idi? Yəqin ki, buna əsas səbəb ermənilərin həqiqətdən qorxmaları idi. Daim saxtakarlıq etməyə alışmış daşnaklar həqiqətdən oddan qorxan kimi qorxurdular. Real hadisələri, həqiqəti  əks etdirdiyinə görə ermənilər romanın yazılmasından və nəşrindən narahat olmuşdular. Həqiqət günəşinin parlaq şəfəqləri daşnakların gözlərini qamaşdırmışdı. Yarasa işıqdan qorxan kimi, ermənilər də həqiqətdən qorxurdular. Yazıçı böyük cəsarətlə ermənilərin xislətini, çirkinliklə dolu olan iç dünyalarını bütün çılpaqlığı ilə açıb göstərmişdi. Həqiqət isə ermənilərə sərf eləmirdi. Çünki onlar sovet hökumətinin qılıncının dalının və qabağının kəsdiyi bir dövrdə də azərbaycanlılara qarşı kinlərini ürəklərində gizlicə gəzdirir, tayqulaq Andronikin ideyaları ilə yaşayırdılar. "Zəngəzur"un erməni soyqırımı həqiqətlərini əks etdirməsi daşnakların ovqatına soğan doğrayırdı. Zəngəzurda törətdikləri soyqırımı hadisələrinin yayılmasının qarşısını almaq üçün ermənilər həqiqəti uydurduqları yalanlarla ört-basdır etməyə çalışırdılar və bəzi məqamlarda buna nail olurdular. Heç bir tutarlı səbəb göstərilmədən romanın az vaxt ərzində Ermənistandakı kitabxanalardan yığışdırılması buna sübut idi. Həmin illərdə daşnaklar həm açıq, həm də gizli yollarla məqsədlərinə çatır, iyrənc ideyalarını həyata keçirirdilər.

Ermənistanda "Zəngəzur"un kitabxanalardan yığışdırıldığı vaxtlarda Bakıda erməni yazıçı və şairlərinin kitabları böyük tirajlarla nəşr edilib kitabxanalara paylanılırdı. Nə qədər yazılsa da, deyilsə də, nədənsə biz ermənilərin xalqımızın başına gətirdiyi faciələri yaman tez unuduruq. Tarix boyu ermənilər bizim bu unutqanlığımızdan öz məqsədlərinə çatmaq üçün məharətlə yararlanıblar. Elə bu gün də bunu edirlər. Doğrudur, ötən əsrin ortalarında Azərbaycan mətbuatında "Zəngəzur" romanı haqqında müsbət rəylər dərc olunub. Amma nədənsə məqalə müəlliflərindən kimsə özünə əziyyət verib kitabın Ermənistanda mənfi əks-səda doğurduğunun səbəbi ilə maraqlanmayıb. Əsərin kitabxanalardan hansı səbəbdən yığışdırılmasına aydınlıq gətirilməyib. Kitabı təhlilə çəkən tənqidçilər isə daha çox iki xalqın dostluğundan, sadə ermənilərin mehribanlığından geninə-boluna söz açıblar. Əsas mahiyyətin üstündən isə sükutla keçiblər.

O dövrün qanun-qaydaları elə idi ki, "Zəngəzur"un sovet senzurasından ixtisarsız keçməsi üçün müəllif əsərində dostluq, qonşuluq motivlərinə geniş yer ayırmalı idi. Bunsuz əsəri nəşr etmək mümkün deyildi. Yazıçı Ə.Abasov da əsərində xalqların sülh, əmin-amanlıq şəraitində yaşamasını arzulayırdı. O bilirdi ki, öz millətini qırğına, cinayətə təhrik edənlər birinci növbədə elə öz xalqının düşmənidir. Amma o illərdə qadağalar nə qədər möhkəm olsa da, yazıçı romanında yaradıcılıq imkanlarından bacarıqla istifadə edərək həm fakt və dəlillərlə, həm də özünün şahidi olduğu, ağrılarını yaşadığı hadisələrin zəngin təəssüratı ilə "silahlanaraq" daşnakların məkrli siyasətini qətiyyətlə qamçılaya bilmişdi.

"Zəngəzur"un üstünlüklərindən biri də günümüzlə səsləşməsindədi. Sanki əsər 1918-ci ildə Zəngəzurda baş vermiş soyqırımı ilə bağlı deyil, Qarabağdakı son qanlı qırğınlardan bəhs edir. Qaçqınların birinin dilindən verilmiş bu sətirləri ürək ağrısı ilə oxuyuruq: "İndi bizim yerlərdə yazdır, çöl, bayır göyərib, ağaclar yarpaqlayıb, çayın, bulaqların qıraqlarında yarpızlar baş qaldırıb. Eh, görəsən, mənim ev-eşiyim hansı zalıma qismət oldu? Biz kəndə qayıtsaq, ermənilər hər kəsin evini, torpağını özünə verəcəklərmi? ...Andronik kökümüzün üstündə od qaladı. Allah baisin evini başına uçursun, axı biz ermənilərə nə eləmişdik? Niyə məxluqu yerindən, yurdundan elədilər?!"

Roman hər şeydən əvvəl XX əsrin əvvəlindəki Zəngəzurun, onun azərbaycanlı sakinlərinin yaşam mənzərəsidi. Təəssüflər ki, əsərdə ağrı-acılı lövhələr üstünlük təşkil edir. Nə etməli, bu, bizim qan və kədər dolu tariximizdi. Romanı Zəngəzur kəndlilərinin mənəvi dəyərlər toplusu adlandırmaq da olar. Zəhmətkeş kəndli Nəbi, həyat yoldaşı Güləndam, qızı Növrəstə, oğlu Yusif yaşadıqları dağların havası, içdikləri buz bulaqların suyu kimi saf insanlardır.

"Zəngəzur"un dili çox rəvandır. Sanki ya həzin bir nəğməyə qulaq asırsan, ya da musiqi sədaları altında şeir dinləyirsən. Kitabın vərəqlərindən sanki gül-çiçəklərin xoş ətri gəlir, quşların cəh-cəhi eşidilir, gözlərimiz önündə bənzərsiz lövhələr canlanır. Belə anlarda özümüzü təbiətin isti və gözəl qoynunda hiss edirik.

"Zəngəzur" azərbaycanlıların erməni silahlı dəstələri tərəfindən əvvəlcədən planlaşdırılmış soyqırımına güzgü tutan, bu sahədə yaranmış ədəbi boşluğu dolduran dəyərli və qiymətli bir əsərdir. Roman ədəbiyyat tariximizin səhifələrinə minlərlə insanın ağrı-acılı taleyindən bəhs edən əsər kimi daxil olub. "Zəngəzur" qaranlıq səmada parlaq ulduz kimi görünür. Ürək ağrıdan odur ki, uzun illər bu mövzuda yazan qələmlər sındırılmış, danışan dillər susdurulmuşdu.

Andronikin törədəcəyi vəhşiliklərin planını müəllif daşnakın öz dilindən verir...".

Roman o illərdə yazılıb nəşr olunmuşdu ki, Ermənistan SSR-nin özündə və dünyanın başqa ölkələrinə səpələnmiş erməni başbilənləri guya 1915-ci ildə Anadoluda türklər tərəfindən ermənilərin soyqırıma məruz qalmasının 50 illiyinə açıq və gizli şəkildə ciddi hazırlıq görürdülər. Q.Qəribçiyanın, S.Xanzadyanın, A.Mikoyanın, İ.Baqramyanın kitablarında qaniçən Andronikin "erməni xalqının xilaskarı" obrazı yaradılırdı. Buna görə də ermənilər o ərəfədə erməni soyqırımından bəhs edən "Zəngəzur"u kitabxanalardan yığışdırırdılar. Yığışdırırdılar ki, uydurduqları yalanların üstünə həqiqət işığı düşməsin. Çünki romanda əks edilmiş həqiqət ermənilərin yalanlarını qılınc kimi kəsib doğrayırdı.

Şübhə yoxdur ki, tarixi Azərbaycan torpaqlarının hissə-hissə işğal edilib yerində heç zaman mövcud olmamış Ermənistan dövlətinin yaradılması, ilk növbədə, çar Rusiyanın hərbi-siyasi yardımı, Pyotr vəsiyyətlərinin ssenarisi əsasında mümkün olmuşdu. Kitabda bu amil dəfələrlə xüsusi ilə vurğulanır. Ən ağrılısı odur ki, Ə.Abasovun "Zəngəzur" romanı nəşr edilən kimi üzdəniraq bolşevik təfəkkürlü azərbaycanlı yazarlar da danos yazmağa başlayıblar ki, guya bu əsər erməni və Azərbaycan xalqları arasına ədavət toxumu səpir. O vaxtlar Yazıçılar İttifaqının sədri olmuş Süleyman Rəhimov xatirələrində bu barədə ona dəfələrlə müraciətlər olunduğunu qeyd etmişdi.

Böyük roman haqqında kiçik qeydlərimi tamamlayan ərəfədə "Zəngəzur"un latın əlifbası ilə yenidən nəşr olunduğunu öyrəndim. Deməli, gələcək nəsillər əsəri oxuduqca daşnakların Andronikin rəhbərliyi altında 1918-ci ildə Zəngəzurda törətdiyi qırğınlarla, soyqırımı hadisələri ilə yaxından tanış olacaq və erməni qəsbkarlarına nifrətlə böyüyəcəklər. Müharibə şəraitində yaşadığımız indiki günlərdə bu mövzuda yazılmış əsərlərin gənclər arasında təbliğinin böyük tərbiyəvi əhəmiyyəti var. Çünki düşmənlərimizi nə qədər yaxından tanısaq, onları o qədər asanlıqla məhv edərik. Gəlin erməniləri daha da yaxından tanımaq üçün tariximizi dərindən öyrənək. Öyrənək ki, döyüşlərdə qəsbkarları asanlıqla məğlubiyyətə uğradıb Qarabağı azad edək!

 

Vahid MƏHƏRRƏMOV

 

 

Hərbi And.- 2020.- 19 iyun.- S.18.