Rəna xanım Paşayevanın xatirəsinə:
“Əlvida, gözəl insan”
Biz onunla "Əli və Nino” kafesində görüş təyin etmişdik. 2009-cu il idi. Rəna xanım Parisdən yenicə qayıtmışdı. Parisdə UNESCO Rəna xanımın atası - böyük alim Musa Əliyevin doğum gününü təntənə ilə qeyd etmişdi. Mən ondan bu mövzuda müsahibə götürmək niyyətində idim. Zala zərif, təbii, ingilissayağı eleqant geyimdə bir xanım daxil oldu. Zahiri görkəmi yaşına uyğun və çox ciddi idi. Bir sözlə, qüssəli eleqant xanım. Biz masalardan birinin arxasında əyləşib söhbətə başladıq. Masa arxasına keçərək, dedim:
- Rəna xanım, fikirləşirəm, sizə hansı sualı verim ki, üzünüz gülsün.
Görünür, bu sualım çox gözlənilməz olmuşdu. Rəna xanım gülümsədi: "Ümumiyyətlə mən nadir hallarda gülürəm”. - "Nə üçün?” - "Bilmirəm, uşaqlıqdan qüssəli xarakterim olub. Yəqin ki, çox tez yaşlaşmışam”.
Əlbəttə, burada zaman və genlər öz təsirini göstərmişdi. Rəna Paşayevanın babaları və ulu babaları arasında siyasətçilər, diplomatlar, maliyyəçilər, din və maarif xadimləri olub. Onlardan ən məşhuru - babası Məmmədtağı Əlizadə çar hökumətinin naziri, Rusiyanın Almaniyadakı elçisi, 1-ci Dövlət Dumasının deputatı, "Hümmət” Partiyasının əsasını qoyanlardan biri, "Əkinçi” qəzetinin fəal yazarı olub. 1918-ci il Şamaxı hadisələri zamanı daşnaklar tərəfindən diri-diri yandırılıb. Ailəsi xilas olmaq üçün qaçmağa məcbur olub.
- Bu "Şamaxı qaçqını” hissi anama ömrünün sonuna qədər əzab verirdi. Atama görə qorxu hissi də onu heç vaxt tərk etmirdi, - Rəna xanım dedi. - Ağır illər idi. Ötən əsrin bütün repressiyaları bizim ailədən də yan keçməyib.
Atası, onun dostları və o dövrün qorxusu barədə
Rəna xanımın atası Musa Əliyev dünya şöhrətli alim olub. Bu azərbaycanlı alim rusiyalılara geologiya elminin əlifbasını öyrədib, əlcəzairlilərə neftlə zəngin olan Böyük Səhranın sirlərini açıb, Yura dövründə naməlum personajı axtarıb tapıb, Mezozoy dövrünün faunasının stratiqrafiyasına aid sanballı əsərlər dərc etdirib, Meksika, Danimarka, Hindistan və Livanda elmi konfranslarda çıxış edib. Ötən əsrin 30-cu illərinin ortalarından başlayaraq Azərbaycanda yüksək vəzifələr tutub: Dövlət Plan Komitəsinin sədri, Nazirlər Soveti sədrinin müavini, Milli Elmlər Akademiyasının prezidenti və sair. Ona ehtiyac duyurdular, çünki o, yüksək səviyyəli peşəkar idi. Lakin hər bir plenumda - yeni layihənin icrasının başlanması müzakirə ediləndə də, Səməd Vurğunun müdafiəsindən və ya özünün cavabdeh olduğu bir yatağın işlənməsindən söhbət gedəndə də respublikanın rəhbəri Mircəfər Bağırov hədələyici tərzdə xəbərdarlıq edirdi: "Sən ağarmış başını Solovkidə qoyacaqsan”.
- O vaxt rəhbərlik stili belə idi, - deyə Rəna xanım dəqiqləşdirdi. - Bugünkü nəsil Solovki barədə heç nə bilmir, amma biz bilirdik. Bu dəhşətli sürgündən, demək olar ki, heç kəs qayıtmırdı. Atam, adətən, mülayim, xoşrəftar adam idi, amma belə günlərdə qanı qaralırdı və biz - uşaqlar, bilirdik ki, ona yaxınlaşmasaq, yaxşıdır. Anamla o, qapını bağlayıb nəyisə sakitcə müzakirə edirdilər. Ən lazımlı əşyaların yığıldığı balaca çamadan həmişə hazır vəziyyətdə idi.
- O, Bakıdan köçüb getməyə hazırlaşırdı?
- O, həbs
olunmağa hazır idi. Bilirdi ki, növbəti
"təmizləmə” siyahısında Səməd
Vurğun, Mirzə İbrahimov və Musa Əliyevin adları
var.
...O illərin
repressiyaları barədə çoxlu proqram
hazırlamışam və bir məsələ məni həmişə
narahat edirdi. Rəna Paşayevaya həmin sualla müraciət
etdim: "Nə üçün ağıllı adamlar onlara
divan tutulmasını belə sakitcə gözləyirdilər?
Nə üçün cəlladlardan qaçmırdılar?”.
- Hara
qaçaydılar?! Qırxıncı illərin
əvvəlində atamı Moskvaya, SSRİ Xalq Neft
Komissarlığının Elm İdarəsinə rəhbərlik
etməyə göndərdilər. Almanlar
Moskvaya yaxınlaşırdı. Atam sözün hərfi
mənasında bomba sədaları altında Moskvanın neft
üzrə ali məktəblərini
Qroznıya və Ufaya köçürürdü ki, kadr
hazırlığı pozulmasın. Moskvada
atamı paytaxtda saxlamağı qərara alırlar, lakin
Bağırov Musa Əliyevin qayıtmasını tələb
edir. Əslində, atamı güclə Bakıya
qaytardılar və sonra... Bu nəsil romantiklər
nəsli idi. Onlar öz Vətənini fədakarcasına
sevirdilər. Heç nəyə baxmadan
hakimiyyətə inanırdılar.
- Lakin həm
də ondan qorxurdular, eləmi?
-
Qorxurdular. Valideynlərimin yataq otağında
hökumət telefonu vardı. Bu telefonla
yalnız Bağırov zəng edə bilərdi. Həmin aparatın zəngi səslənəndə,
- bu isə yalnız fors-major hallarda olurdu, - hərəmiz bir tərəfə
qaçırdıq. Qorxumuzdan pıçıltı ilə
danışırdıq... (bir qədər
susdu). İndi də bir mühüm məsələdən
söhbət düşəndə pıçıltı ilə
danışıram. Mənə deyirlər: "Sən
yenə səsini azaldırsan?” Mən isə
cavab verirəm ki, yəqin, elə belə də həyatdan
köçəcəyəm (kədərlənir). İndi keçmiş dövr barədə nostalgiya
ilə danışanları görəndə təəccüblənirəm.
Axı o dövrdə nə var idi? Növbələr, heç nə
tapılmırdı, darısqal mənzillər, bir yerə
getmək mümkün deyildi. Qorxu... Yox.
Bu gün keçmişdən daha
yaxşıdır.
-
Böyük adamın qızı olmaq çətin idimi?
- Məsuliyyətli
idi. Axı sən təkcə özünü təmsil
etmirsən. Atamı hörmətdən
salmamaq çox vacib idi. Çünki o da,
biz də göz qabağında idik. Dövr
isə sərt və təhlükəli idi.
-
Atanız kiminlə ünsiyyətdə olurdu? Sizin evə kimlər
gəlirdi, onun dostlarından kimi xatırlayırsınız?
- Azərbaycan
elminin əsasını qoyanların, demək olar ki,
hamısı bizim evdə olurdu, xüsusən atam Elmlər
Akademiyasının prezidenti olan dövrdə. Səməd
Vurğun, - o, vitse-prezident idi, - Mirəli Qaşqay, Əşrəf
Əlizadə, Süleyman Vəzirov, Ədhəm Şıxəlibəyli,
Şamil Əzizbəyov, Şəfaət Mehdiyev, Baba Babazadə
- bir sözlə, neft geologiyasının qızıl fondunun
bütün qaymaqları. Çay süfrəsi
sadə, münasibətlər təbii, şən olurdu.
O vaxt intellektual diskussiyaları çox eşitmişəm.
"Dünyanın
yarısını ona tapşırmışdılar”
- Necə
oldu ki, siz şərqşünaslıq peşəsini
seçdiniz? Yeri gəlmişkən, 1960-cı
illərdə bu, Bakıda ən prestijli və dəbdə
olan fakültələrdən biri idi.
- Elədir,
oraya çoxları can atırdı, çünki bu
fakültə xaricə getməyə, Şərq ölkələrində
işləməyə imkan verirdi. Amma mən hələ
məktəb illərindən Yaxın Şərq ədəbiyyatını
öyrənməyi arzu edirdim. 1968-ci ildə Livan ədəbiyyatına
aid dissertasiya müdafiə etdim, 12 il Moskva
Şərqşünaslıq İnstitutunda işlədim,
Sudanda təcrübə keçdim, Əlcəzairdə oldum.
Sonra Bakıya qayıtdım, 13 il Şərqşünaslıq
İnstitutunda, daha sonra 14 il Vaşinqtonda
çalışdım.
Mənim həyat yoldaşım Hafiz Paşayev ABŞ-da
müstəqil Azərbaycanın ilk fövqəladə və
səlahiyyətli səfiri olub.
...Hafiz
Paşayevin səlahiyyətləri dairəsinə ABŞ-dan əlavə
digər dövlətlər - Kanada, Meksika, Kuba, Latın
Amerikası ölkələri də daxil idi. Şair Nəriman
Həsənzadə bununla əlaqədar zarafatla deyirdi: "Sənə
dünyanın yarısını tapşırıblar”. Yadımdadır, Hafiz Mircəlal oğlundan
soruşdum ki, ilk günlər Amerikada Azərbaycan səfiri
üçün ən mürəkkəb sual nə idi?
Səfir
xatırlayırdı: O vaxt Vaşinqtonda az
adam bilirdi ki, Azərbaycan Abican ilə Abuca arasında yerləşən
ekzotik Afrika guşəsi deyil, suveren dövlətdir. Ən
mürəkkəb sual da lakonik səslənirdi: nədən
başlamalı? "Vaşinqton Post” qəzetində
dərc edilmiş bir yazı məni, sadəcə, şok
etdi. Ağ Evdə Azərbaycana görə
cavabdeh olan yüksəkrütbəli şəxs telefonda
öz xanımı ilə söhbət edir. Bu arada, onun köməkçisi qaça-qaça gəlir
və deyir ki, Azərbaycanda vəziyyət yenidən gərginləşib.
Məmur öz xanımından sakitcə soruşur:
"Əzizim, sən bilmirsən ki, Azərbaycan harada yerləşir?”
Rəna
xanım da ərinin sözlərini təkrar edir:
- Bəli,
1990-cı illərin əvvəli olduqca mürəkkəb
dövr idi. İnformasiya blokadası. Hamı ermənilərə tərəfdar
çıxır. Hara getsən, hər yerdə
soruşurlar: "Siz nə üçün onları
öldürürsünüz?”. Anamın dərdi
barədə danışmaq istəyirəm, ermənilər
onun atasını öldürüb, evlərini
yandırıblar. Heç kəs bunu
eşitmək istəmir. Nə konqresmenlər,
nə senatorlar, nə Ağ Evdəkilər, hətta şəxsi
söhbətlər zamanı da. Qarşımızda
"Berlin divarı” dayanmışdı və Hafiz
sözün hərfi mənasında bu divarı dəf etməyə
çalışırdı. Mənim əllərim
yanıma düşmüşdü.
...Kənardan
baxanda diplomatın həyatı monoton, yeknəsəq, hər
gün çox böyük səbir tələb edən yorucu
işlə dolu həyatdır. Zahirən o qədər
də effektli görünməyən bu həyat, əslində,
dərin daxili temperament, fikir temperamenti ilə doludur.
- Gecələr
çox vaxt yataqda uzanıb, amma yatmırdım, - deyə
Hafiz Paşayev xatırlayırdı, - özümün və
xalqımın təhqir olunması fikri mənə dinclik
vermirdi. Axı işğal edilmiş ərazilər,
öz yurdundan silah gücünə qovulmuş insanlar mənim
millətimə mənsubdur. Nə
üçün? Nəyə görə?
Hansı haqla?
- Belə
vəziyyət çoxmu davam etdi?
-
Üç-dörd il, - Rəna xanım
dedi, - o vaxt Hafiz peşəkar diplomat deyildi. O, fizika-riyaziyyat
elmləri doktorudur, buna görə də elm adamlarının
qapılarını döyməyə başladı. Ölkəni gəzir, Kolumbiya, Harvard, Berkli
universitetlərində çıxışlar edirdi. Mən səfir xanımları ilə
görüşür, onların vasitəsilə ərəb
dünyası ilə əlaqə yaradırdım.
...Rəna
xanım Hafiz Paşayevin ABŞ prezidentləri Buş və
Klinton ilə mühüm tanışlıq görüşlərində
iştirak edirdi, belə görüşlərdən yaranan ilk
təəssüratın böyük əhəmiyyət kəsb
etməsi isə diplomatik dairələrdə yaxşı məlumdur
- Rəna xanıma xas olan kübarlıq, ağıl,
davranış maneraları uzun müddət onların
yadında qalırdı! Ərəb ölkələrinin
səfirləri ilə Hafiz Paşayevin diskussiyalarında Rəna
xanımın iştirakının əhəmiyyətini
lazımınca qiymətləndirmək çətindir -
filologiya elmləri doktoru, şərqşünas, ərəbşünas
qadının ərəb dünyasına aid bilikləri
diplomatları yaxşı mənada heyrətləndirirdi.
Beləcə, onlar addım-addım vəziyyəti
dəyişdilər. Böyük səbir
tələb olunurdu. Onlar heç nəyi nəzərdən
qaçırmırdılar. Bəzən ən
gözlənilməz tərəfdən uğur qazanmaq
olardı, bu hətta kuryoz təsir
bağışlayırdı.
- Vaşinqtonda Konqres klubu var, - Rəna Paşayeva xatırlayırdı, - orada fəaliyyətdə və istefada olan konqresmenlərin xanımları hər il böyük ziyafət təşkil edirlər. Məni hər il dəvət edirlər, mən də hər il səliqə ilə gəlirəm. Hər dəfə də məndən nəzakətlə soruşurlar: "Siz kimsiniz? Hansı ölkədənsiniz?” Qəbullar müxtəlif, bəzən tematik olurdu. Bir dəfə ölkələr öz milli geyimlərini nümayiş etdirməli idilər. Bizim milli geyimimizi bir azərbaycanlı tələbə qız nümayiş etdirdi. Onu Amerikanın ali məktəblərinin birində axtarıb tapmışdıq. Uca boylu, şux qamətli, kürən saçlı bir qız idi. Çox gözəl idi. Onu gurultulu alqışlarla qarşıladılar. Qız podiumdan düşəndə bütün kişilər onun əlini sıxmağa çalışırdı... O vaxtdan etibarən mən klubda görünəndə dərhal məni tanıyırdılar: "Ah, Sizin o qız necə gözəl idi!”. Bəlkə də, xırda məsələdir, amma nəticəsi yaxşı olmuşdu...
Heydər Əliyev ölkədə hərc-mərcliyə son qoyaraq, sabit siyasi vəziyyət yaratmağa nail olanda, demək olar ki, hər şey əsaslı şəkildə dəyişdi. Neftlə bağlı "Əsrin müqaviləsi” imzalananda isə əlbəttə, bizi eşitməyə, anlamağa, bizə hörmət etməyə başladılar.
"Raisa Qorbaçovanın brilyant üzüyü”
Yeri gəlmişkən, kiçik bir haşiyə. Dünya praktikasında taleyüklü problemlərə təsir göstərən diplomatların xanımları çox olub. Təəssüf ki, bəzən mənfi təsir göstərənlər də olub. Qorbaçovun dövründə SSRİ-nin ABŞ-dakı səfirinin xanımının əhvalatı çoxlarına məlumdur. Dubinin Z.Bjezinskinin təbirincə desək, "qəşəng yalançı” idi. Onun arvadı Lyana Dubinina, - qızlıq soyadı Xaçaturyan, - ABŞ-dakı erməni diasporunun Rusiya səfirliyi ilə əlaqəsini yaratmışdı. Raisa Qorbaçovanın erməni diasporu ilə görüşünü də məhz o təşkil etmişdi. Bunun müqabilində Raisa Qorbaçova ABŞ-dakı erməni icmasından qədim brilyant üzüyü hədiyyə almışdı.
Həmin brilyant üzük ilə əlaqədar Almaniyada çıxan "Ştern” jurnalında dərc edilmiş kollajda Raisa Qorbaçovanın barmağındakı brilyant üzüyün şüası Azərbaycan xəritəsində Dağlıq Qarabağın üzərinə düşür.
Məhəbbət, müharibə, siyasətçi qadınlar və yaxşı insanlar haqqında
İlk baxışdan, ilk görüşdən məhəbbətin nə demək olduğunu yaşlı nəsil bilir. Belələri həyatda onların qarşısına çıxmış çoxsaylı namizədlər arasından yeganə birini seçir, elə ilk görüşdə ona vurulur və öz hisslərini taleyüklü "odun, suyun və zəfərlərin içində” qoruyub saxlamağı bacarırlar. Bu sözlər Rəna və Hafiz Paşayevlərə aiddir. Onlar 55 il birgə yaşayıblar... Məktəbdə, səkkizinci sinifdə oxuyarkən tanış olublar. Dostluq ediblər. Məktəbi bitirəndən sonra Rəna ailəsi ilə bərabər Moskvaya köçüb. Sonra Hafiz Moskvaya gedib, aspiranturaya daxil olub. Evləniblər.
- Hafizlə dostluğum çox möhkəmdir. Çox zərbələrə birlikdə sinə gərmişik. Var qüvvəmizlə bir-birimizi dəstəkləmişik (gülümsəyir)... Görürsünüz, yenə qüssəli mövzuya keçdik.
- Siz dünyabaxışınıza görə necə adamlarsınız - optimist, pessimist, yoxsa romantik?
-
Çox güman ki, realistlərik. Hafiz yumor
hissi olan realistdir, mən isə, sadəcə, realist.
- Bu
gün sizi qorxudan məsələlər varmı?
- Bəli.
Müharibə. Mən nəvələrim
üçün qorxuram, dörd nəvəm var. Anam deyərdi
ki, müharibədən qorxulu heç nə yoxdur. Mən hesab edirəm ki, müharibədənsə
problemin uzun sürən olsa da, sülh yolu ilə həlli daha
yaxşıdır.
-
Qadınlar vəziyyətə təsir göstərə bilərlərmi?
- Mən Amerikada çox şey öyrənmişəm. Orada hara getsən
- istər Ağ Ev olsun, istər Baş Qərargah və
Pentaqon - hər yerdə qadınlardır. Oradakı
çalışanların 50 faizi qadınlardır. Bizdə
bu mənada görüləsi iş hələ çoxdur. Mənim fikrimcə, böyük siyasətdə
qadınlar nə qədər çox olsa, dünyamız bir o
qədər xeyirxah və təhlükəsiz olar.
- Rəna
xanım, həyatınızdan razısınızmı?
- Bir dəfə
qadın qohumlarımdan biri dedi ki, təbiət bizim üzərimizdə
istirahət edir, çünki biz atalarımız qədər
yüksək mövqelərə çatmamışıq.
Cavabında mən dedim ki, nə üçün
çatmamışıq? Biz, sadəcə,
yaxşı insanlarıq. Məgər bu
azdırmı? Məncə, çoxdur, lap çoxdur,
çünki yaxşı insanlar azdır.
...Mən
nə üçün məhz bu söhbəti
xatırladım? Bu həftə Rəna xanım Paşayeva
dünyasını dəyişdi... Məhz
işğalçı ermənilər yenidən təxribat
törətdikləri gün. Yenə
atışma. Yenə qan. Yenə kədər, elə bil ürəyinə
dammışdı. Əlvida, gözəl,
qüssəli xanım, rahat yat.
Nadejda
İSMAYILOVA
Hərbi And.- 2020.- 7
avqust.- S.20.