Övladlarının qürur yeri

 

Məşhur fransız yazıçısı Onore de-Balzakın belə bir kəlamı var: "Həyat beşiklə tabut arasında sınaq müddətidir". Bu müddəti ləyaqətlə yaşayıb igidliklə, haqq uğrunda savaş meydanında başa vurmaq, şəhidlik zirvəsinə ucalmaq hər kəsə nəsib olmur.

Ömür boyu qürur yerim olan, üzünü görmək, tanımaq qismətim olmasa da, adının onu tanıyanlar tərəfindən hörmətlə anıldığına şahid olduğum babam - Əsədov Əli Xudaverdi oğlu da həyat deyilən bu sınaq müddətini ləyaqətlə yaşayıb, İkinci Dünya müharibəsinin döyüş meydanında qəhrəmancasına həlak olub.

Əli Əsədov 1903-cü ildə Biləsuvar rayonunun Amankənd kəndində anadan olub. Əli ilk təhsilini mollaxanada alıb. Yeddi illik  təhsilini başa vurduqdan sonra Zaqafqaziya Kommunist UniversitetininMoskva Partiya Kadrları İnstitunun qiyabi şöbələrini bitirib. 1940-cı ildə isə Azərbaycan Dövlət Pedaqoji İnstitunun (indiki N.Tusi adına Dövlət Pedaqoji Universiteti) tarix fakültəsini əla qiymətlərlə başa vurubtarix müəllimi ixtisasına yiyələnib.

1925-ci ilə qədər yaşadığı rayonda kənd təsərrüfatı sahəsində işləyən Əli sonralar müxtəlif dövlət və partiya işlərində çalışır. 1938-ci ildə Əli Əsədovu Müəllimləri Təkmilləşdirmə İnstituna direktor müavini vəzifəsinə təyin edirlər. 1941-ci ilin avqustuna kimi - cəbhəyə yola düşənədək - o, yerli müəllim kadrların yetişdirilməsində mühüm rol oynayır, misilsiz xidmətlər göstərir.

1941-ci ildə faşist Almaniyasının SSRİ ilə müharibəyə başlaması hamı kimi Əli Əsədovun da həyatını dəyişir. Ölkə üçün bir ağır zamanda o, kənarda qala bilmədiyini nəzərə alaraq cəbhəyə yola düşmək məqsədilə müraciət edir. Tutduğu məsul vəzifə ilə bağlı ona bron verilir. Cavanlıqda at çaparkən əlindən aldığı zədə üzündən Əli cəbhəyə göndərilmək əvəzinə ilk olaraq Azərbaycanın Quba şəhərinə göndərilir və babam ailəsi ilə birlikdə ora köçür.

Nəhayət, dəfələrlə təkidlə müraciətdən sonra Əli Əsədov orduya çağırılır və 1942-ci il avqustun 1-dən Qafqaz uğrunda döyüşlərdə iştirak edir. Döyüşlərdə göstərdiyi igidliyə görə həmin ilin dekabr ayında onun təltif olunması üçün Şimali Qafqaz cəbhəsinin 223-cü atıcı diviziyasının 587-ci əlahiddə istehkamçı batalyonun komandiri təqdimat verir. Təqdimatda göstərilir ki, baş leytenant Əli Əsədov iki dəfə kəşfiyyata gedərkən ərazidə düşmənin mina sahəsi olduğunu müəyyən edir. Sovet tanklarının bu sahədən itkisiz keçməsi üçün lazimi tədbirlər görür. Bu qəhrəmanlığa görə o 1943-cü ilin fevralında " İgidliyə görə" medalı ilə təltif edilir.

1943-cü ildə Əli hərbi-siyasi təhsilini artırmaq üçün Sverdlovsk şəhərinə göndərilir. Hərbi məktəbi bitirdikdən sonra kapitan rütbəsi alır. Artıq 1943-cü ilin iyulunda o, 14-cü Novqorod-Şimal Mühəndis-istehkamçı briqadasının 169-cu mühəndis-istehkamçı batalyonunun zabiti kimi xidmətini davam etdirir. Buradakı xidmətinə görə 1943-cü ilin oktyabrında 2-ci dərəcəli “Vətən Müharibəsi” ordeni ilə təltif edilir. Təltif üçün təqdimat vərəqində bildirilir ki, kapitan Ə.Əsədov batalyonda partiya işini yüksək səviyyədə təşkil etməklə yanaşı, düşmənlə döyüşlərdə fəal iştirak edir, əsgərləri döyüşə ruhlandırır.

1944-cü ilin yayında Əli Əsədov 2-ci Belorusiya cəbhəsində 307-ci atıcı diviziyasının 1019-cu atıcı polkunda batalyon komandirinin siyasi məsələlər üzrə müavini kimi xidmətini yerinə yetirir.

1944-cü ilin 18 avqustunda polk komandiri podpolkovnik Şulqin Ə.Əsədovun təltif olunması üçün təqdimat yazır. Təqdimatı oxuduqca Əli Əsədovun nə qədər qorxmaz, cəsarətli olması, insanları arxasınca hücuma aparmaq bacarığı həm təəccüb, həm də qürur hissi yaradır. Təqdimatda deyilir ki, Ə.Əsədov döyüş zamanı rota komandirlərinə praktik kömək göstərir, həmçinin igidliyi ilə döyüşçülərə nümunə olur. 1944-cü ilin 24 iyulundakı döyüşdə düşmənin əks-hücumunun qarşısı alınarkən siyasi rəhbər olmasına baxmayaraq, 4-cü atıcı rotaya başçılıq edərək cinah atəşi ilə faşist halqasını yarır, düşmənin üç pulemyot nöqtəsini susdurur, 20 əsgərini məhv edir.

Həmin ilin 30 iyulunda Polşanın Ştabin adlı ərazisində yuxarıda göstərilən rota ilə düşmən arxasına keçir və düşmənə gözlənilməz zərbə endirir. Nəticədə düşmənin dörd pulemyot nöqtəsi susdurulur, 30-dək əsgəri məhv edilir, 33 əsgəri isə əsir götürülür.

1944-cü il avqustun 5-də düşmən çox böyük piyada qüvvə ilə Avqust kanalının qərb sahilində, Belostok vilayətinin Pekutovo kəndi ərazisində hücuma keçir. 1-ci və 2-ci atıcı batalyonların qərargahı düşmənin mühasirəsinə düşür. Faşistlər qərargaha can atırlar. Məqsəd isə polk komandirini, 1 və 2-ci atıcı batalyonların komandirlərini əsir götürmək olur. Bu zaman Ə.Əsədov avtomat silahla düşmənin 10 əsgərini məhv edir, digərləri isə döyüş meydanından qaçırlar. Nəticədə Əsədov qərargahdakı zabitlərin mühasirədən çıxmasını təmin edir. Bu döyüşlərdə göstərdiyi şücaətə görə 2-ci Belorusiya cəbhəsinin 50-ci ordu qoşunları üzrə komandanının 17 sentyabr 1944-cü il 0460 nömrəli əmri ilə kapitan Əli Əsədov “Qırmızı Bayraqordeni ilə təltif edilir.

1945-ci ilin yanvar və fevralında göstərdiyi igidliyə görə 3-cü Belorusiya cəbhəsinin 50-ci ordu qoşunları üzrə komandanının 012/H nömrəli 24 fevral 1945-ci il tarixli əmri ilə Suvorov ordenli 307-ci atıcı diviziyasının 1019-cu atıcı polkunun batalyon komandirinin siyasi məsələlər üzrə müavini kapitan Əli Əsədov 1-ci dərəcəli “Vətən Müharibəsi” ordeni ilə təltif edilir. Lakin babam Əli Əsədova sonuncu ordenini - 1-ci dərəcəli “Vətən Müharibəsi” ordenini almaq qismət olmur. Çünki ailəsinin aldığı bildirişdə də yazıldığı kimi, Əli Əsədov 1945-ci il fevralın 16-da Vətən uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olur və hərbi ehtiram göstərilməklə Könqsberq dairəsinin Livental kəndində dəfn edilir.

Fəxredici məqam ondan ibarətdir ki, şərəfli ömür yolu keçən babamın yolunu davam etdirən xələfləri bu gün də Azərbaycan Ordusunun sıralarında xidmət etməklə ona layiq olduqlarını sübut edirlər.

Əli Əsədovun övladları və nəvələri həmişə onunla fəxr edir, həyatda ona layiq olmağa çalışırlar.

 

Məlahət ƏSƏDOVA

 

Hərbi And.- 2020.- 15 may.- S.22.