18 may-Beynəlxalq Muzeylər Günüdür
Hər il mayın
18-i dünya ölkələrində
Beynəlxalq Muzeylər
Günü kimi geniş qeyd edilir.
AZƏRTAC
xəbər verir ki, bu il Beynəlxalq Muzeylər Günü Muzeylər və mübahisəli tarixi məqamlar: muzeylərdə
deyilməyənlərin səslənməsi
mövzusuna həsr olunub. Bu mövzu
muzeylərin insanlar arasında sülhü təbliğ edən mərkəzə çevrildiyini
göstərməklə onların
cəmiyyət həyatında
rolunu vurğulayır.
Beynəlxalq Muzeylər Günü
ICOM-un təşəbbüsü ilə 1977-ci ildə təsis edilib. Bu günün məqsədi
muzeylərin cəmiyyətin
həyatında nə
dərəcədə mühüm
rol oynadığını
göstərməkdir.
Bu bayram qədim
tarixə və zəngin mədəniyyətə
malik Azərbaycanda da geniş miqyasda
qeyd edilir.
Eramızdan əvvəl XVI əsrdə
Krit, XIII-XII əsrlərdə
Çin, III əsrdə
Qədim Roma və Yunanıstanda estetik dəyərə malik əşyaların, əsərlərin,
sənədlərin saxlandığı
məkanların müasir
muzeylərin sələfləri
hesab olunduğunu nəzərə alaraq, ölkəmiz ərazisində
qurulmuş Atropatena və Albaniya dövlətləri hökmdarlarının
saraylarını da belə yerlər kimi qeyd etmək
yerinə düşər.
Erkən
və orta əsrlərdə isə Azərbaycanda hakim sülalələr
tərəfindən kolleksiyaçılıq
ənənələrinə maraq güclənib, qiymətli əşyalar xəzinələrdə, saray
kitabxanalarında mühafizə
edilib.
Azərbaycanın ictimai-siyasi, mədəni həyatında XIX əsrin
ikinci yarısından
etibarən sürətlə
cərəyan edən
proseslər muzey işinin təşkilinə
təkan verib. İlk belə
muzeylərdən biri görkəmli ədib Cəlil Məmmədquluzadənin
təşəbbüsü və yaxından iştirakı ilə XIX əsrin sonlarında Naxçıvanın Nehrəm
kənd məktəbində
təşkil olunub.
Ötən əsrin əvvəllərində
isə Bakıda, xalq məktəbləri müdiriyyəti nəzdində
Pedaqoji, həmçinin
Ümumrusiya Texniki Cəmiyyətinin Bakı şöbəsi nəzdində
qapalı muzeylər yaradılıb. Lakin Nehrəm kəndindəki
muzey istisna olmaqla, adları qeyd edilən məkanlar çarizmin mənafeyinə uyğun fəaliyyət göstərib.
Təsadüfi deyil ki, Azərbaycanda aşkar edilən qiymətli arxeoloji əşyalar
Tiflis, Moskva, Peterburq muzeylərinə göndərilib.
Azərbaycanda dövlət səviyyəsində
1919-cu ildə - Xalq Cümhuriyyətinin dövründə
təməli qoyulmuş
ilk milli muzey 1920-ci ildən Azərbaycan Dövlət Muzeyi kimi fəaliyyət göstərib.
Sovet hakimiyyətinin ilk illərində
Hacı Zeynalabdin Tağıyev, Murtuza Muxtarov, Musa Nağıyev kimi Bakı milyonçularından müsadirə
edilmiş qiymətli sənət əsərləri
bu muzeyin eksponatları olub. H.Z.Tağıyevin mülkündə yerləşən Milli Azərbaycan Tarix Muzeyinin binasının özü də tariximizdən xəbər
verən daş abidə kimi qiymətlidir. Ona görə
də bu yerə bəzən Muzey içində muzey də deyirlər.
Ötən əsrin 30-cu illərindən
etibarən bir-birinin ardınca mahiyyətinə
görə müxtəlif
təmayüllü dövlət,
memorial, səyyar, ədəbiyyat,
incəsənət, tarix,
musiqi, qoruq, teatr muzeyləri yaradılıb. Sonrakı illərdə Azərbaycanda
yeni muzeylər fəaliyyətə başlayıb.
Təəssüf ki, neçə-neçə
tarixi abidə və muzeylərimiz ötən əsrin
90-cı illərində erməni
işğalçıları tərəfindən qarət
olunub və dağıdılıb. İşğal olunmuş torpaqlarımızda
762 mədəniyyət abidəsi
və 1431 mədəniyyət
müəssisəsi qalıb.
Erməni faşistləri 22 muzeyi, 4 rəsm qalereyasını tamamilə
məhv ediblər.
Canlı muzey olan və
bu gün düşmən tapdağı
altında qalan Şuşada 8 muzey fəaliyyət göstərib. Dövlət
Qarabağ Tarixi Muzeyi, dahi bəstəkar
Üzeyir Hacıbəylinin
ev, vokal sənətimizin banisi Bülbülün memorial, görkəmli
musiqiçi və rəssam Mir Möhsün Nəvvabın xatirə muzeyləri, Azərbaycan Xalça Muzeyinin Şuşa filialı, görkəmli musiqiçi
Qurban Pirimovun Ağdam rayonundakı xatirə, Qubadlı, Zəngilan, Cəbrayıl,
Ağdam, Füzuli, Xocalı rayonlarının
tarix-diyarşünaslıq muzeyləri tamamilə qarət edilib. Keçmiş SSRİ-də yeganə
olan Ağdam Çörək Muzeyi ermənilər tərəfindən
tamamilə yerlə-yeksan
olunub.
Azərbaycanda milli mənəvi dəyərlərimizə, o cümlədən
muzey işinə daim dövlət qayğısı olub. Ölkəmizdə muzey işinin inkişafı ümummilli
lider Heydər Əliyevin adı ilə bağlıdır.
Xalqımızın milli tarixi və mədəni irsinin qorunmasında muzeylərin dəyərini
dərindən və həssaslıqla duyan Ulu Öndər respublikada müvafiq şəbəkənin genişləndirilməsini,
onun maddi-texniki bazasının gücləndirilməsini
daim diqqətdə saxlayıb. Azərbaycan
mədəniyyətinin Üzeyir
Hacıbəyli, Hüseyn
Cavid, Cəlil Məmmədquluzadə, Məmməd
Səid Ordubadi, Cəfər Cabbarlı, Bülbül, Səməd
Vurğun, Niyazi və digər nəhəng simalarının
memorial-xatirə, mənzil,
bölgələrdə tarix-diyarşünaslıq
muzeyləri məhz ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü
sayəsində yaradılıb.
Dahi rəhbərimizin
xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından
sonra digər sahələrlə yanaşı,
muzey işi də öz inkişafının yeni mərhələsinə qədəm
qoyub. Ulu Öndərin təşəbbüsü
ilə 1993-cü ildə
Nazirlər Kabinetində
muzey işçilərinin
respublika müşavirəsi
keçirilib, 1994-cü ildə
isə bu müşavirənin materialları
əsasında Respublikada
muzey işinin vəziyyəti və onun yaxşılaşdırılması
haqqında qərar qəbul edilib. 2000-ci
il martın
24-də qüvvəyə minmiş
Muzeylər haqqında
Azərbaycan Respublikasının
Qanunu ölkəmizdə
muzeylərin fəaliyyətinin
təşkilati-hüquqi əsaslarını
və müvafiq münasibətləri tənzimləyir.
Bu sənədə əsasən muzey - maddi mədəniyyət abidələrinin komplektləşdirilməsi,
mühafizəsi, öyrənilməsi,
kütləvi nümayişinin
və təbliğinin
həyata keçirildiyi
mədəniyyət, elmi-tədqiqat
müəssisəsidir.
Ümummilli Lider tərəfindən
muzey işinin inkişafı üzrə
müəyyən edilmiş
prioritetlər bu gün Azərbaycan Prezidenti İlham Əliyevin və ölkəmizin birinci xanımı, UNESCO-nun və
ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi
altında fəaliyyət
göstərən Heydər
Əliyev Fondu tərəfindən uğurla
davam etdirilir.
Azərbaycan 2020: gələcəyə
baxış İnkişaf
Konsepsiyasını həyata
keçirmək məqsədilə
Prezident İlham Əliyevin 2013-cü il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq olunan Daşınmaz tarix və mədəniyyət
abidələrinin bərpası,
qorunması, tarix və mədəniyyət
qoruqlarının fəaliyyətinin
təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramına uyğun olaraq milli mədəni
irsimizin qorunması dövlət əhəmiyyətli
prioritet məqsəd kimi qarşıya qoyulub.
Azərbaycanın Birinci vitse-prezidenti,
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti
sayəsində Şirvanşahlar
Sarayı Kompleksi, Qız qalası və Qobustan Milli Tarix-Bədii Qoruğu UNESCO-nun Dünya
İrsi Siyahısına
daxil edilib. Fondun həyata keçirdiyi müxtəlif layihələr
çərçivəsində Qarabağ muzeyləri haqqında məlumatlar mötəbər beynəlxalq
təşkilatlara çatdırılır.
Azərbaycan dövlətinin uğurlu mədəniyyət siyasəti nəticəsində son illər muzeylərimizin dünyanın nüfuzlu muzeyləri ilə əlaqələri genişlənib, bu sahədə beynəlxalq əməkdaşlıq sahəsində yeni nailiyyətlər əldə edilib.
Ümummilli Liderimizin siyasi irsinin öyrənilməsi, azərbaycançılıq məfkurəsinin formalaşdırılaraq inkişaf etdirilməsi məqsədilə yaradılan Heydər Əliyev muzeyləri isə respublikada muzey şəbəkəsinin genişləndirilməsi sahəsində mühüm hadisə kimi qiymətləndirilməlidir.
Hazırda ölkəmizdə 200-dən çox muzey fəaliyyət
göstərir və onların ekspozisiyaları azərbaycançılıq
məfkurəsini uğurla təbliğ
edirlər.
Hərbi And.- 2020.- 22 may.- S.21.