Heydər Əliyev müasir Azərbaycan
Ordusunun qurucusudur
XX əsrin sonlarından başlayaraq istər Azərbaycanda, istərsə də bölgədə və dünyada cərəyan edən proseslər belə bir həqiqəti ortaya qoydu ki, ölkənin müstəqilliyinin qorunması, onun dünya birliyində layiqli yer tutması aparılan məqsədyönlü mübarizənin məntiqi nəticəsidir. Mübarizə deyiləndə heç də yalnız silahlı mübarizə nəzərdə tutulmur. Ölkənin müstəqilliyinin, azadlığının qorunması üçün düzgün siyasi strategiyanın müəyyənləşdirilməsi və onun səmərəli şəkildə həyata keçirilməsi, milli mənafeyə xidmət edən iqtisadi inkişafın təmin edilməsi, xalqda özünəinam yaradılması, ölkənin daxili siyasi, iqtisadi, ictimai, hərbi sabitliyinin bərqərar edilməsi, əsaslandırılmış xarici siyasətin həyata keçirilməsi, bütünlükdə milli maraqların qorunmasını və inkişafını nəzərdə tutan kompleks tədbirlər və bütün bunların həyata keçirilməsi üçün ardıcıllıq nümayiş etdirilməsi özü də mübarizənin bir formasıdır. Sadalanan və sadalanmayan ölkə əhəmiyyətli bu məsələlərin həyata keçirilməsi tarixi şəraitdən, mühitdən, müxtəlif təsirlərdən, obyektiv və subyektiv səbəblərdən asılı olaraq böyük məsuliyyət və həssaslıq tələb edir və o ölkələr öz inkişafında müvəffəqdirlər ki, onlar qarşıya qoyulan ən mürəkkəb vəzifələrin icrasını daha səmərəli, daha düzgün və daha dəqiq təmin edə bilirlər. Bu sahədə ölkə rəhbərliyinin də üzərinə böyük məsuliyyət düşür və tarix də bunu sübut edir ki, böyük dövlət xadimləri, istedadlı siyasi rəhbərlər öz ölkələrinin inkişafında çox önəmli rol oynaya bilərlər.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də öz xalqının tarixində müstəsna rola malik və ən mürəkkəb şəraitdə xalqının xilaskarlıq missiyasını üzərinə götürmüş bənzərsiz dövlət xadimlərindən biridir. Onun istər sovet dövründə Azərbaycana rəhbərliyi, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərliyi belə bir aydın və istisnasız qənaətə gəlməyə imkan verir. Hər iki rəhbərlik dövründə Heydər Əliyev Azərbaycanı inkişafının çox yüksək səviyyəsinə qaldıra bildi. Amma sovet dövründən fərqli olaraq, XX əsrin sonlarında Heydər Əliyev əvvəlcə müstəqil Azərbaycanı qurdu və sonra da onu inkişafının yüksək səviyyəsinə çatdırdı.
Heydər Əliyevin respublika hakimiyyətinə qayıtdıqdan sonra əldə etdiyi uğurlarının tarixi qiymətləndirilməsini aparanlar haqlı olaraq belə bir suala da cavab tapmağa çalışırlar: Heydər Əliyevin bu uğurlarının səbəbi nə idi? Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə tarixi şərait dəyişdimi? Bu uğurlar tarixi inkişafın obyektiv zərurətindən irəli gəlirdi, yoxsa Heydər Əliyev kimi böyük şəxsiyyətin tarixdəki rolunun real həqiqətə çevrilməsindən doğurdu?
Heydər Əliyevi başqa siyasətçilərdən fərqləndirən başlıca xüsusiyyət ən mürəkkəb vəziyyətdə belə bəlkə də çoxlarının görə bilmədiyi ən doğru, ən təsirli vasitələri tapıb qarşıda dayanan vəzifələrin yüksək icrasına nail ola bilməsi idi. Belə bir keyfiyyət, sözsüz ki, həm nəzəri biliklərin, həm də zəngin siyasi təcrübənin olmasını zəruri edir. Ən adi təhlil göstərir ki, Heydər Əliyev bunlardan başqa həm də güclü duyuma, incə siyasi intuisiyaya da malik idi. Geniş dövlətçilik təcrübəsi, bir də dərin analitik təfəkkür bu siyasi duyum və intuisiya ilə birləşərək onun nadir dövlət xadimi kimi tanınmasını şərtləndirirdi. Heydər Əliyev dünya miqyasında siyasətçiliyi sənətkarlıq səviyyəsinə qaldıran şəxsiyyətlərdən biri idi və onun bu istedadı dünyanın tanınmış siyasətçiləri tərəfindən də etiraf edilirdi.
Azərbaycanın müstəqil dövlət quruculuğunun bütün sahələrində, o cümlədən hərbi təhlükəsizliyinin təmin edilməsi sahəsində gördüyü əzəmətli işlər Heydər Əliyevin mahir siyasətçi, böyük təşkilatçı olduğunu bir daha sübut edir. Onun müstəqil Azərbaycanın dövlət rəhbəri kimi fəaliyyətinin elə ilk günləri göstərdi ki, respublikanın dövlət müstəqilliyini, ərazi bütövlüyünü etibarlı şəkildə qorumaq, ölkənin bütün potensialını məqsədyönlü şəkildə bu istiqamətə yönəltmək, hərbi təhlükəsizliyinin təmin edilməsinə hesablanmış hərbi siyasəti səmərəli şəkildə həyata keçirmək üçün əsas şərtlərdən biri daxili ictimai-siyasi sabitliyin təmin edilməsi, xalqın bütün təbəqələrinin ümumdövlət mənafelərini əks etdirən ümummilli məqsədlər ətrafında birləşməsinə nail olunmasıdır. Heydər Əliyevin Azərbaycanın dövlət rəhbəri kimi fəaliyyətinin xarakterik tərəflərindən biri bu idi ki, o, daxili hərbi-siyasi sabitliyin, vətəndaş həmrəyliyinin, xalqın birliyinin təmin edilməsinin əhəmiyyətini düzgün qiymətləndirdi və onların əldə edilməsinə də nail oldu. Elə bir xalq ola bilməz ki, ən azı onun böyük əksəriyyəti daxili ictimai-siyasi sabitliyin, əmin-amanlığın bərqərar olmasını istəməsin. Lakin ölkə daxilində bu sabitliyin təmin edilməsi, bununla da quruculuq işlərinin, o cümlədən ordu quruculuğunun həyata keçirilməsinə zəruri şərait yaradılması üçün əsaslandırılmış dövlət siyasəti lazımdır. Heydər Əliyevin respublikada daxili hərbi-siyasi sabitliyin təmin edilməsi sahəsindəki fəaliyyəti bu zərurətin əyani təzahürü idi. Bu fəaliyyət göstərdi ki, ölkədə daxili hərbi-siyasi sabitliyin təmin edilməsi üçün dövlət rəhbərliyindən çox böyük əzmkarlıq, ardıcıllıq və təcrübə tələb edir və kifayət qədər mürəkkəb olan tarixi şəraitdə belə vəzifələrin uğurlu həllinə Heydər Əliyev kimi böyük dövlət xadimləri nail ola bilərlər.
Heydər Əliyev cəmiyyətin ictimai-siyasi sabitliyinin və yekdilliyinin təmin olunmasına xüsusi əhəmiyyət verirdi. Respublikanın rəhbəri kimi o, əsas fəaliyyətini də məhz bu sahədən başladı. Xalqın siyasi qütblərə parçalanmasını, dövlətin vətəndaşlarının bir-birinə qarşı əks cəbhələrdə dayanmasını Heydər Əliyev erməni təcavüzünə qarşı mübarizədə ciddi maneə kimi qəbul edir, bu parçalanmanın, müxalifətçiliyin ifrat forma alması dayandırılmayınca güclü ordu yaratmağın və ölkənin etibarlı müdafiəsinin mümkünlüyünü də istisna edirdi. 1993-cü ilin yayında Gəncə və Lənkəranda baş vermiş hadisələrin, 1994 və 1995-ci illərdə dövlət çevrilişinə göstərilən cəhdlərin qarşısının alınması Heydər Əliyevin böyük siyasət xadimi olduğunu göstərməklə bərabər, respublikada ictimai-siyasi sabitliyin bərqərar olmasına, cəmiyyətin vahid məqsəd ətrafında daha çox səfərbər edilməsinə, ölkənin müdafiə qüdrətinin möhkəmlənməsinə şərait yaratdı. Heydər Əliyev əməli fəaliyyəti ilə bir daha sübut etdi ki, hərbi quruculuq kimi ümumxalq əhəmiyyətli bir məsələnin həlli də, ilk növbədə, ümumxalq yekdilliyindən və ümumxalq həmrəyliyindən asılıdır.
Dövlət quruculuğunun bütün sahələrində olduğu kimi, ordu quruculuğu sahəsində də incə siyasət yeridilməsində Heydər Əliyevin şəxsi keyfiyyətlərini qiymətləndirməmək olmaz. Heydər Əliyev Bakıya dəvət olunanda Azərbaycan Ordusunda ağır böhran mövcud idi. Bu böhranın xarakterik tərəfləri aşağıdakılardan ibarət idi:
- orduya dövlət rəhbərliyi təmin edilməmişdi;
- ordu quruculuğu ilə bağlı dövlətin aydın proqramı yox idi;
- dövlət və ordu bir-birindən ayrı düşmüşdü;
- ordu siyasi işlərə cəlb edilmişdi;
- ordu daxilində siyasi mənsubiyyətə və məqsədlərə görə parçalanma yaranmışdı;
- ordu daxilində xaos, özbaşınalıq, qanunsuzluqlar baş alıb gedirdi;
- sovet ordusundan miras qalmış hərbi əmlakın böyük bir hissəsi məhv edilmişdi;
- orduya çağırış işi özbaşına buraxılmışdı;
- ordunun döyüş qabiliyyəti zəruri tələblərə cavab vermirdi;
- orduya vahid komandanlıq təmin edilməmişdi.
Bu nöqsanların sayını artırmaq da olar. Başlıcası
isə ordu quruculuğu ilə bağlı cəmiyyət
daxilində son dərəcə bədbin bir əhval-ruhiyyə
var idi və bu da öz növbəsində ordunun
varlığına əks təsir göstərirdi. Ölkə daxilində güclənməkdə olan
qeyri-sabitlik isə bu sahədə ümidverici bir
addımın atıla biləcəyini şübhə
altına qoyurdu.
Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyev məhz belə bir şəraitdə xilaskarlıq
missiyasını öz üzərinə götürdü və
respublikanı addım-addım bu dərin böhrandan
çıxarmağa başladı və tarix
üçün kifayət qədər qısa bir zamandan sonra
Azərbaycanın hərbi təhlükəsizliyinin təmin
edilməsi üçün real qüvvələri
formalaşdıra bildi.
Onun səmərəli fəaliyyəti bir daha göstərdi
ki, təşəbbüskarlıq, ardıcıllıq, qətiyyət,
yorulmazlıq, prinsipiallıq ordu quruculuğuna rəhbərlik
edən dövlət rəhbərinin ayrılmaz xüsusiyyətləri
olmalıdır. Bu keyfiyyətlərin səmərəli
uzlaşdırılmasının özü də
mühüm əhəmiyyətə malikdir.
Azərbaycan Ordusunun formalaşdırılması sahəsində
Heydər Əliyevin tarixi fəaliyyyətinin ilk
addımları Naxçıvanda atıldı. Bu böyük
dövlət xadiminin muxtar respublikadakı qısa fəaliyyəti
bir daha göstərdi ki, məsqədyönlü, milli
maraqları qoruyan siyasət yeridilməsi, xalqın milli
maraqlar ətrafında birləşdirilməsi ən mürəkkəb
vəzifələri belə həyata keçirməyə
imkan verir. Heydər Əliyev parlaq zəkası
və bənzərsiz təşkilatçılıq qabiliyyəti
ilə həm Naxçıvanın erməni təcavüzündən
müdafiəsini, həm də burada milli hərbi hissənin
sağlam əsaslar üzərində formalaşmasını
təmin etdi və bununla da respublikanın iqtidarında olan
qüvvələrə də dövlətçilik nümunəsi
göstərdi.
Ordu
quruculuğunun səmərəliliyinə nail
olunmasının başlıca şərtlərindən birini
Heydər Əliyev xalqın qüvvəsinə arxalanmaqda,
xalqla vəhdətdə görürdü. O, xalqın
gücü qarşısında hər cür qüvvənin
sönük olduğunu təsdiq edir və öz fəaliyyətinə
də ən böyük dəstəyi xalqın etibarında və
etimadında görürdü. Ölkə həyatının
ən böyük problemlərinin həllində də o, məhz
xalqın gücünə arxalanırdı və ölkə
həyatının mürəkkəb anlarında da xalqı
ayağa qaldırmağı və milli mənafelər ətrafında
onu səfərbər etməyi bacarırdı.
Azərbaycanda ordu quruculuğunun yeni əsaslar üzərinə
qoyulmasının və qısa müddət ərzində
yeni ordunun formalaşdırılmasının başlıca
şərtlərindən biri də məhz Heydər Əliyev
tərəfindən bütün xalqın bu prosesə cəlb
edilməsi idi.
Ölkədə mövcud olan ən müxtəlif
mürəkkəbliklər arasından Heydər Əliyevin
müstəsna fəaliyyəti ilə respublikanın siyasi
böhran və girdabdan çıxarılması adi
baxışdan inanılması bir qədər çətin
olan bir möcüzəyə oxşayırsa, ordunun
böhrandan çıxarılması həmin möcüzənin
təkrarı idi. Bu sahədə mövcud
olan problemlər son dərəcə çoxşaxəli idi və
müəyyən hallarda qeyri-adekvat tədbirlərin həyata
keçirilməsi zərurəti də son dərəcə
aktual idi. Lakin bu problemlər də həll
edildi. Heydər Əliyev bu sahədə də bir
möcüzə yaratdı, Azərbaycan Ordusunu məhv
olmaqdan, dağılmaqdan xilas etdi, qısa müddət ərzində
güclü və təşkilatlanmış bir ordu
yaratdı, ordu quruculuğuna münasibətdə yeni bir
baxış formalaşdırdı və Azərbaycan Ordusunu
da Azərbaycanın müstəqilliyinin dəyərli
reallıqlarından birinə çevirdi.
Nəticədə, xalqın mübarizlik, dönməzlik
əzmi orduya da sirayət etdi, şəxsi heyətin mənəvi
əhval-ruhiyyəsi kifayət qədər
sağlamlaşdırıldı, yeni-yeni ehtiyat hissələr
təşkil edilərək cəbhəyə göndərildi,
döyüşçülərin və onların ailələrinin
sosial qayğı ilə əhatə edilməsində canlanma
yarandı.
Bütünlükdə,
Heydər Əliyev ordu quruculuğuna münasibətdə cəmiyyətdə
yeni bir təfəkkür formalaşdırdı, insanlarda
orduda xidmətə yeni bir münasibət yarandı, əvvəlki
dövrlərdə orduya olan etimadsızlıq, ordunın
ayrı-ayrı qruplarının fəaliyyətindən
doğan ehtiyatlılıq və nigarançılıq aradan
qaldırıldı, ordunun xalqın bir parçası
olmasının real anlamı cəmiyyətdə bərqərar
olundu. Heydər Əliyevin bu sahədəki
misilsiz fəaliyyəti xalqda orduya inamı geri qaytardı, xalq
da ordunu özünün bir parçası kimi qəbul etdi və
orduya qayğı ümummilli dəyər aldı, ordu da vahid
rəhbərlik altında birləşərək xalqın
iradəsini əks etdirdi və erməni təcavüzünə
qarşı mübarizəyə səfərbər oldu.
Ordu
quruculuğunda yeni bir mərhələnin
başlanğıcını isə Heydər Əliyevin radio
və televiziya ilə xalqa 2 noyabr 1993-cü il
müraciəti qoydu. Azərbaycan Respublikasının Prezidenti
seçilməsindən cəmi bir ay sonra edilmiş bu
müraciət bir tərəfdən sağlam ordu quruculuğunun əsaslarını
və bu istiqamətdə xalqın və dövlətin
qarşısında dayanan mühüm vəzifələri
müəyyənləşdirən konseptual bir sənəd
idisə, bir tərəfdən də Heydər Əliyevin xalqa
çağırışı idi. Bu
çağırış xalqın bütün təbəqələri
tərəfindən qəbul edildi və xalqın bütün
potensialı ordu quruculuğuna istiqamətləndirildi. Yəni, Heydər Əliyev böyük dövlətçilik
təfəkkürü ilə xalqın potensialını ordu
quruculuğu kimi mühüm bir sahəyə səfərbər
edə bildi. Heydər Əliyev respublika
ağsaqqallarına, ziyalılarına, mədəniyyət və
incəsənət xadimlərinə, dindarlara, iş
adamlarına müraciət edib onları orduya daha yaxından
kömək etməyə, əsgər və zabitlərin mübariz döyüş
ruhunda tərbiyə olunmasına yardım etməyə, orduda
baş verən qanunsuzluqların, başlıcası isə fərariliyin
qarşısının alınmasında qətiyyətli
mövqe tutmağa çağırdı. Heydər
Əliyev xüsusilə hərbi strukturlara yol tapmış
rüşvətxorluğa qarşı mübarizənin
gücləndirilməsinin zəruriliyini vurğuladı.
Bu baxımdan Ümummilli Lider orduya
çağırış-səfərbərlik işinin
düzgün təşkil edilməsinə böyük əhəmiyyət
verir, bu məsələni yalnız hərbi
komissarlıqların və hərbi strukturların deyil, eyni
zamanda, dövlət və hakimiyyət orqanlarını
qarşısında dayanan çox mühüm vəzifə
sayırdı.
İstər səfərbərlik işindəki, istərsə
də bütövlükdə ordu quruculuğundakı
nöqsanların aradan qaldırılmasında kadrların tərbiyələndirilməsi,
seçilməsi, yerləşdirilməsi Heydər Əliyevə
görə böyük əhəmiyyət kəsb edən məsələlərdən
biri idi. O, dəfələrlə
hərbi hissələrə səfər etdi, hərbi hissələrin
xidmət həyatı ilə yaxından tanış
oldu, əsgər və zabitlərin qayğıları ilə
maraqlandı. Heydər Əliyev peşəkarlıqla
bərabər, mənəviyyat saflığını, əqidə
bütövlüyünü, vəzifə borcuna sadiqliyi zabit
kadrlarının başlıca keyfiyyətləri hesab edir və
buna nail olunmasını da ordu quruculuğunun ümdə vəzifələrindən
biri sayırdı.
Atəşkəsin əldə edilməsindən sonra
ordu quruculuğuna diqqət heç də zəifləmədi. Əksinə,
Heydər Əliyev dinc fürsətin əldə edilməsini
ordu quruculuğunun sürətləndirilməsi
üçün münasib imkan kimi qiymətləndirdi. Böyük Öndər birmənalı şəkildə
bildirdi ki, Azərbaycanda ordu quruculuğu kampaniya xarakteri
daşımamalıdır. Ordu Azərbaycanın müstəqilliyinin
atributudur və ona görə bu proses davamlı bir prosesdir.
Atəşkəs dövründə ordu quruculuğunun
uğurlu aparılması üçün Heydər Əliyev
dövlətin strateji siyasətini müəyyənləşdirdi,
milli zabit kadrlarının hazırlanması üçün
mükəmməl bir hərbi təhsil sistemi
formalaşdırdı, ordunun maddi-texniki bazasının təkmilləşdirilməsi
daimi diqqət altına alındı.
Azərbaycan dövlətinin rəhbəri kimi Heydər Əliyevin müstəsna fəaliyyətinin təhlili göstərir ki, respublikanın hərbi təhlükəsizliyinin təmin edilməsində ölkənin xarici siyasətinin məzmunu böyük əhəmiyyət kəsb edir. Ona görə idi ki, xalqın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan ətrafında yaranmış informasiya blokadasının aradan qaldırılması, Azərbaycana qarşı hərbi təcavüzün cilovlanması və Azərbaycanın haqlı mövqeyinin dünya miqyasında dəstəklənməsi üçün Heydər Əliyev yeni xarici siyasət formalaşdırdı. Əvvəlki dövrlərdən fərqli olaraq izlənilən yeni xarici siyasət xalqın və dövlətin mənafeyinə tabe etdirildi, əsassız birtərəfliliyə son qoyuldu, bölgədə maraqları kəsişən böyük dövlətlərin maraqlarının yaxınlaşdırılmasına cəhd göstərildi, Ermənistanın təcavüzkarlığı barədə müfəssəl məlumatlar ən yüksək kürsülərdən dünya ictimaiyyətinə çatdırıldı. Bunun nəticəsi idi ki, dünyanın böyük dövlətlərində, nüfuzlu beynəlxalq təşkilatlarda Azərbaycanın haqlı mövqeyinə dəstək əməli xarakter aldı.
Azərbaycan Ordusunun hazırkı səviyyəsi ordu quruculuğu sahəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyənləşdirilən ordu quruculuğu siyasətinin tamamilə doğru olduğunu bir daha sübut edir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilən həmin siyasət indi Azərbaycan Ordusunun yalnız bölgədə deyil, bütünlükdə dünyanın ən müasir orduları arasında yer tutmasına imkan vermişdir. Təsadüfi deyil ki, Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycan Ordusu indi dünyanın ən güclü orduları sırasında özünə yer alıb və xalqımız şübhə etmir ki, məqamı yetişən anda bu ordu 2016-cı ilin aprelində, 2018-ci ilin mayında əldə etdiyi uğurları daha geniş miqyasda təkrarlayacaq və Azərbaycanın ərazi bütövlüyünü təmin edəcəkdir.
Mehman SÜLEYMANOV,
Silahlı Qüvvələrin Hərbi Akademiyasının professoru,
tarix üzrə elmlər doktoru, ehtiyatda olan
polkovnik
Hərbi And.- 2020.- 22 may.- S.12-13.