Şuşa Azərbaycan xalqının
ürəyidir
Sadəcə,
xəritəni açın və baxın. Mən heç nə
demirəm, özünüz baxın. Ağdərəni, Xocavəndi,
Ağdamı, Əsgəranı, Xankəndini və
Laçını işğaldan azad etmədən
bütün bunların mərkəzində “gizlənmiş”
Şuşanın azad edilməsi, sadəcə, heyrətamizdir!
Bu, inanılmazdır! Mənə etiraz edin, deyin ki, “bu, belə
deyil”.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Şuşa şəhərinin işğaldan azad edilməsi hərb elminə və bütün bəşəriyyətin hərb tarixinə qızıl səhifə kimi daxil olacaq.
Şuşa “Qafqazın Yerusəlimi”dir. Onun qala divarları “Göz yaşı divarı”dır. Yuxarı Gövhər ağa məscidi “Qafqazın əl-Əqsası”, onun Məkkəsi və Kəbəsidir.
İngilislər üçün Vestminister abbatlığı, amerikalılar üçün Azadlıq heykəli, ruslar üçün Sergiyev Posad, avstriyalılar üçün Zalsburq, fransızlar üçün Versal, çinlilər üçün “Forbidden City”, katoliklər üçün Vatikan nədirsə, azərbaycanlılar üçün Şuşa da o deməkdir. Şuşa Azərbaycanın mənəvi mədəniyyət mərkəzi, onun döyünən qəlbidir. Bu, Azərbaycan xalqının genetik kodunun saxlandığı mücrüdür. Bu mücrü yoxdursa, xalq da yoxdur.
Bunlarla bərabər, Şuşanı həm də həmin diyarda yetişmiş bəstəkarların, müğənnilərin, aşıqların sayına görə “Azərbaycanın konservatoriyası” adlandırırlar.
İndi yəqin ki, erməni sosial şəbəkə qruplarında deyirlər: “Amma əvəzində görün sizinkilərin neçəsini orada qoymuşuq”. Vallah, gülməlidir. Qulaq asın, ey bədbəxtlər, yəni doğrudanmı siz hələ də düşünürsünüz ki, azərbaycanlılar öz oğurlanmış ürəyinin qaytarılması naminə nəyisə əsirgəyərdilər?
Azərbaycanlılardan ötrü Şuşanın nə demək olduğunu anlamaq üçün cəmi iki gün bundan əvvəl erməni mənbələrində yayılmış xəbərləri oxumaq kifayətdir, amma əvvəlcə həqiqətən yenilməz olan bu şəhər-qalanın harada yerləşməsi barədə təsəvvürünüz olmalıdır (arayış üçün: Şuşa üç tərəfdən hündürlüyü bəlkə də bir neçə yüz metr olan sal qayalarla, dördüncü tərəfdən yaxşı atəşə tutula bilən çoxsəviyyəli serpantin ilə əhatə olunmuş vadidə yerləşir).
Həmin mənbələr yazırlar: “Onlar (Azərbaycan döyüşçüləri) çiskin yağışa baxmayaraq yaş qayaya dırmaşır, biz isə onları pulemyotlarla güllələyirdik. Onlar yerə düşür, sonra başqaları dırmaşır, biz onları da biçirdik. Daha sonra cəsədlərin üstü ilə yeni-yeni əsgərlər gəlir və yuxarı dırmaşırdı”.
Bilirsiniz, bu, gəlişigözəl bir əfsanə deyil, erməni jurnalistlər özləri şəhər-qalanı müdafiə etmiş və müdafiə edən ermənilərin sözlərinə istinadla yazdıqlarıdır. Şuşa azərbaycanlılar üçün “Qalipoli” olub. Orada vadidə 28 il yarım bundan əvvəl millətimizin oğurlanmış ləyaqəti gizlədilmişdi, onu xilas etmək lazım idi.
İndi qoy bircə nəfər tapılsın ki, Azərbaycan döyüşçüsünün “qorxaq” və ya “motivasiyasız” olmasını dilinə gətirsin. Hə, gəlin hansısa sizin mifik, miskin təbliğat maşını tərəfindən uydurulmuş “suriyalılar”, “iraqlılar”, “uyğurlar”, “mücahidlər”, “cihadçılar”, “marslılar” barədə nağıllar danışın. Yeri gəlmişkən, həmin maşın İrəvandan daha çox Aram Qabrielyan, Qayane Baqdasaryan, Marqarita Simonyan, Andranik Miqranyan, Sergey Kulginyan, Tiqran Keosayan, Qarik Martirosyan, Semyon Baqdasarov, Roman Babayan və onlara satılmış Konstantin Zatulin, Vladimir Solovyov, Semyon Peqov, Vitali Tretyakov, Yevgeni Satanovski, Vladimir Zaxarov, Vladimir Kazimirov kimilərin rəhbərliyi və iştirakı ilə Moskva telestudiya və redaksiyalarında fəaliyyət göstərir. Gəlin, öz həyatı üçün “alver edib” 2000 dollar qazananlar barədə danışın.
Bütün bunlar sizin kimi hər şeyi udmağa hazır olan yaramazlar üçündür. Bunun bir səbəbi də odur ki, sizin “yenilməzliyiniz” və qarşı tərəfin qorxaqlığı barədə otuz ildən bəri yaydığınız miflərdən sonra etiraf etmək o qədər də asan olmur ki, siz həmin sürüşkən sal qayada bir başqasına deyil, məhz Azərbaycan döyüşçüsünə güllə atırdınız, amma onlar sizi darmadağın etdilər. Bu hadisə Qarabağın o yerində oldu ki, orada nə “Bayraqdar” vardı, nə artilleriya, nə də zirehli texnika. Bəlkə də heç vaxt bu yerlərdə olmamış, amma millətin illər öncə oğurlanmış ləyaqətinin harada gizlədildiyini bilən, qayaya dırmaşan sadə azərbaycanlı gənclərin (onların çoxu o vaxt hələ doğulmamışdı) yalın əlləri və ağır bel çantaları vardı.
İndi siz bu həqiqəti qəbul etməlisiniz.
Əsrlərboyu dözməlisiniz. İndi “Solovyovla axşamlar” bu həqiqəti gizlətməkdə sizə kömək etməyəcək. Nə qədər desəniz ki, siz “döyüşkən xalq”, rəqibiniz isə “alverçi xalq”dır, həmin o xalq sizə heç vaxt qalib gələ bilməyəcək (Sarkis Saturyan, güman edirəm ki, indi bu sətirləri oxuyursan). Nə qədər desəniz ki, siz “döyüşkən xalq”, rəqibiniz isə “alverçi xalq”dır,
Hündürlüyü yüz metr olan, şüşə kimi hamar sal qayalara dırmaşanlar sizin özəlləşdirdiyiniz telestudiyalarda lağa qoyduğunuz “bazar alverçiləri” idi və onlar sizin “qorxubilməz və məğlubedilməz fidainləri” qovurdular. İti qovan kimi!
İndi bu acı həqiqətlə yaşayın!
“Dağlarda toy” əməliyyatından (08.05.1992) “Dağlarda boşanma” əməliyyatına qədər (08.11.2020) düz 28 il 6 ay keçib. Bu, 899510400 saniyə, mənim 1124388000 ağrılı ürək döyüntüm deməkdir. Daha heç vaxt bircə saniyə də olmayacaq!
Mənim doğma Şuşam, öz evinə qayıtmağın mübarək! Sən mənim ürəyimsən və milyonlarla həmvətənimin ürəyisən!
Vüqar Seyidov
Hərbi And.- 2020.- 13 noyabr. - S.14.