Şəhid atası: Oğlumla fəxr edirəm

 

Doğma yurdumuz olan Kəlbəcərin ermənilərdən təmizlənəcəyi günü səbirsizliklə gözləyirik. Düz 27 ildir ki, o yerlərin həsrəti ilə yaşamışıq. Çox şükürlər olsun ki, qayıdışımıza sayılı günlər qalıb. Bunun üçün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarıq. Məhz onun rəhbərliyi ilə Silahlı Qüvvələrimiz az vaxtda, cəmi 44 gündə düşməni diz çökdürdü.

 

"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, hazırda İsmayıllıda məcburi köçkün kimi yaşayan Kəlbəcərin Zivel kənd sakini Aydın Abdullayev söyləyib. Artıq ailədə yurda qayıdışla əlaqədar hazırlıq işlərinin görüldüyünü deyən Aydın Kəlbəcəri boşaldan ermənilərin vəhşiliyindən ağızdolusu danışdı: “Çıxarkən hər şeyi aparırlar. Bu, öz yerində. Dəhşətlisi odur ki, özlərinə məxsus olmayan evləri yandırırlar. Bəs, meşələrə od vurmaq deməkdir!? Əslində, bütün bunlar erməni millətinə xas olan xüsusiyyətlərdir”.

 

Aydın Abdullayev Kəlbəcərin işğalından sonra ailəsi ilə birlikdə İsmayıllının Quşencə kəndinə gəlib. Sentyabrın 27-də torpaqlarımızın azadlığı uğrunda başlanan Vətən müharibəsinin ilk günündən Quşencədə doğulub boya-başa çatan oğlu Həsən döyüşlərdə iştirak edib Murovdağ ətrafında gedən döyüşlərdə şəhid olub.Oğlum Həsən vətənpərvər idi. Ağlı kəsəndən, “qoy əsgər olum, ermənilərə qan udduracağam, kəndimizi onlardan alacağamdeyirdi. İndi onunla fəxr edirəm”, - deyə şəhid atası söyləyib.

 

Hərbi And.- 2020.- 27 noyabr.- S.15.