Kino tariximizdə layiqli
iz qoyan böyük sənətkar
Kino tariximizdə layiqli iz qoyan, dərin məzmunlu yaradıcılığı ilə yaddaşlarda əbədiləşən sənətkarlarımızdan biri də tanınmış rejissor, Xalq artisti Muxtar Dadaşovdur. Muxtar Dadaşov ustad operator olmaqla yanaşı, həm də kinorejissor kimi fəaliyyət göstərib. Onun lentə aldığı sənədli filmlər tariximizin əsl kino salnaməsidir. Xalq artisti, kinorejissor, ssenarist, aktyor və operator Muxtar Dadaşovun anadan olmasının 107-ci ildönümü tamam olur.
O,
1913-cü il sentyabrın 11-də Bakıda
anadan olub. Hələ erkən yaşlarından
tale onun yolunu böyük sənət məbədindən salır.
Belə ki, Akademik Milli
Dram Teatrının səhnəsində
görkəmli dramaturq
Cəfər Cabbarlının
“Sevil” tamaşasında
Gündüz rolunu oynayır. Bu, onun həyatında yeni səhifələr açır. Qəlbində görkəmli sənət
ustaları ilə bir yerdə çalışmaq arzuları
baş qaldırır.
1929-cu ildə Gənc Tamaşaçılar
Teatrında rejissor assistenti kimi fəaliyyətə başlayır.
Eyni zamanda, tamaşalarda kiçik rollar oynayır. 1931-ci ildə kinostudiyada operator assistenti vəzifəsinə
düzəlir. Bir sıra
sənədli və bədii filmlərin lentə alınmasında iştirak edir.
1933-cü ildə ali operator təhsili almaq məqsədilə Moskvaya gedir. Orada da bir sıra
filmlərin çəkilişində
iştirak edir. Təhsilini başa vurduqdan sonra böyük ümidlərlə vətənə
dönür, kinostudiyada
operator işinə qayıdır.
1935-ci ildə “Rəqs edən bağalar” bədii filminin (Abdulla Şaiqin “Oyunçu bağa” hekayəsi əsasında)
quruluşçu operatoru
olur.
Dövrün mühüm ictimai-siyasi hadisələri onun lentə aldığı sənədli filmlərin əsas mövzusunu təşkil edib. “Ana yurdum,
Azərbaycan”, “Arazın
o tayında”, “Sabir”, “Kür”, “Səadət yolu ilə” və s. filmlərində vətənin əsrarəngiz
təbiəti, tarixi şəxsiyyətləri kino
dili ilə tərənnüm olunub.
O, kino haqqında danışanda deyərmiş:
“Kino həyatın aynasıdır.
Sabir demişkən, “düzü-düz,
əyrini-əyri” əks
etdirməyə qadir olan möcüzədir.
O, mənən saf, canını sənətə
fəda edən istedadlı və
professional şəxslərin əlində olmalıdır”.
Doğrudan da, o, kinoya qəlbən bağlı olub. Ekran əsərlərində fərdilik qabarıq şəkildə görsənib.
1953-cü ildə lentə aldığı
“Arazın o tayında”
filmində qaldırdığı
problem bütöv Azərbaycan
ideyasından güc alıb.
Muxtar Dadaşov 1945-ci ildə çəkilən “Arşın
mal alan” filmində operator köməkçisi
olub. Xalq artisti Leyla Bədirbəyli bu filmin çəkilişlərindən
söz düşəndə,
Muxtar Dadaşovu aktyorun daxili aləminə nüfuz etməyi bacaran sənətkar kimi xarakterizə etmişdi.
“Kəndlilər”, “Yeni
horizont”, “Vətən
oğlu”, “Sualtı qayıq T-9” bədii filmləri də onun operator kamerası vasitəsilə həyata vəsiqə alıb.
Quruluşçu rejissor kimi isə
debütü “Qanun naminə” bədii filmi olur. Muxtar Dadaşovun
“Bakıda küləklər
əsir” filmi müharibə mövzusunda
çəkilən dəyərli
ekran əsərlərindəndir.
O, müharibə mövzusunda
hələ 1943-cü ildə
“Bakı döyüşür”
adlı sənədli
film çəkmişdi. Sonra bu filmi genişləndirərək
“Bakı-42” adı ilə
lentə alır.
Ancaq istedadlı rejissor fantaziyasını bu filmdə də yekunlaşdırmır. Nəhayət, 1974-cü ildə “Bakıda küləklər əsir”
bədii filmini çəkərək istədiyinə
nail olur.
Muxtar Dadaşovun
yaradıcılığı Azərbaycan kinosunun
50 ildən artıq bir dövrünü
əhatə edir. Ekran
əsərləri dünyanın bir çox ölkələrində göstərilib.
Onun “Səadət yolu
ilə” filmi Moskvada Ümumittifaq festivalında qızıl medala, “Nəriman Nərimanov” filmi
Tiflis festivalında xüsusi
mükafata layiq görülüb. Sənətkarın gərgin
və yaradıcı əməyi dövlətimiz tərəfindən
yüksək qiymətləndirilib. O, Əməkdar incəsənət
xadimi, Xalq artisti fəxri adlarına və “Şöhrət”
ordeninə layiq görülüb.
Dövlət mükafatı laureatı olub. 1998-ci il mayın 7-də
vəfat edən sənətkar bu gün də sənətsevərlər tərəfindən
hörmət və məhəbbətlə yad
edilir. Çəkdiyi ekran
əsərləri xalqımızın milli-mənəvi dəyəri
kimi qorunub saxlanılır.
Hərbi And.- 2020.- 9 oktyabr.- S.20.