Dağlıq Qarabağ
münaqişəsi niyə həll edilmir?
1988-ci ilin fevralında SSRİ tərkibində milli zəmində qarşıdurma kimi baş qaldıran və 1991-ci ilin sonlarında Sovet İttifaqının iflası nəticəsində dövlətlərarası (beynəlxalq) münaqişəyə transformasiya edilən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi otuz ildən artıqdır ki, öz həllini tapmır. 1992-ci ilin martından bu münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupu amorf təşkilat kimi xarakterizə edilir.
Bu illər ərzində məlum münaqişənin həllinə mane olan əsas səbəbləri aşağıdakı formada qruplaşdırmaq olar:
Bu münaqişə «identiklilərinin mübarizəsi» kimi xarakterizə edilir. Dərin tarixi köklərə malik olan bu cür münaqişələr sosial statuslar uğrunda aparılır və onların nizamlanması olduqca çətin və uzunsürən bir prosesdir. Belə münaqişələrdə qarşıduran tərəflərin bütün maddi və mənəvi resursları səfərbər edilir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq və regional təhlükəsizliyə ciddi təsiri onun transmilli cinayətlərlə (silah alveri, narkotiklərin becərilməsi və yayılması, terrorçu təşkilatlarla iş birliyi və s.) əlaqəsi fonunda nəzərə çarpır. Belə demək mümkündürsə, düçar olduğumuz münaqişənin «kriminallaşması» prosesi baş verib. Bu gün cinayətkar qruplar münaqişəli zonalarda özlərini komfortlu hiss etməklə yanaşı, rahat şəkildə çirkli bizneslə məşğul olurlar. Nizamlanmayan münaqişələr cinayətkar şəbəkələrin (narkomafiyanın, silah və insan orqanı alverçilərinin) fəaliyyət coğrafiyasına (sxeminə) daxil olur. Münaqişənin kölgə iqtisadiyyatı və çirkli bizneslə əlaqəsi onun gəlir mənbəyi kimi qorunub-saxlanılmasında maraqlı qüvvələrin rolunu və müqavimətini artırır.
Müasir dövrdə daxili münaqişələrin əksər tipləri: etnik, vətəndaş, ərazi-status və s. nəhəng geosiyasi oyunların tərkib hissəsi və onun realizə aləti qismində çıxış edir. Çox zaman süni yolla yaradılmış və idarəolunan münaqişələr vasitəsilə böyük dövlətlər strateji regionlara yol açır, zəngin enerji resursları mənbəyinə çıxış əldə edir və arzuolunmaz rejimləri devirmək üçün istifadə edirlər. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində siyasi hakimiyyət dəyişikliyi, enerji resurslarının şaxələndirilməsi və daşınması prosesinə maneələr dəfələrlə özünü büruzə verib və bu gün də diqqəti cəlb etməkdədir
Azərbaycanın Dağlıq Qarabağ bölgəsində baş qaldırmış erməni separatizmi SSRİ-nin süqutundan sonra dövlətlərarası (beynəlxalq) münaqişəyə transformasiya edilməklə regional və beynəlxalq təhlükəsizliyi ciddi təhdid edən ciddi geosiyasi qarşıdurmadır. Adətən xarici maraqların toqquşması səbəbindən münaqişələrin həlli yubanır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində isə nə qədər qəribə olsa da xarici aktorların (Azərbaycan və Türkiyə istisna, Rusiya, İran, ABŞ, Avropa İttifaqı, hətta qonşu Gürcüstan da) maraqlarının üst-üstə düşməsi (maraqların simmetriyası) nəticəsində münaqişənin nizmlanması dalana dirənib. Bu münaqişə Rusiyanın I Protr tərəfindən təməli qoyulmuş “Şərq siyasəti”nin realizə mexnizmlərindən biri hesab edilir. ABŞ-ın isə regionda ciddi maraqlarının olmasına baxmayaraq, onları “həyati əhəmiyyətli” hesab etmək olmaz. İrana regionda güclü Ermənistanın və ya güclü Azərbaycanın olması maraqlı deyil. Ermənistanın Dağlıq Qarabağın ilhaqını legitimləşdirməsinə tərəfdar olmaq İranın müsəlman aləmində nüfuzuna kölgə sala bilər. Azərbaycanın isə öz ərazi bütövlüyünü təmin etməsi İranın dövlət səhədlərinin gec-tez təftişi məsələsini ortaya çıxara bilər. ABŞ-ın da bu münaqişədə aparıcı münsifə çevrilməsi onun milli bütövlüyünü ciddi təhdid edə bilər.
Avropa İttifaqının maraqları Azərbaycanın enerji resursları hesabına köhnə qitənin enerji təhlükəsizliyini təmin etmək və bu prosesi Rusiya ilə toqquşmadan həyata keçirməkdən ibarətdir. Daha dəqiq desək, Rusiya ilə əməkdaşlıq kontekstində Azərbaycan neftinin ixrac marşrutunu şaxələndirməyə nail olmaq və münaqişənin həllini Rusiyanın öhdəsinə buraxmaqdır.
Gürcüstana gəlincə isə, məhz bu münaqişənin mövcudluğu sahəsində Azərbaycanın beynəlxalq neft-qaz (BTC, BTƏ, TANAP-TAP) və nəqliyyat-kommunikasiya (BTQ) lahiyələrində əsas tranzit ölkəyə çevrilmiş, büdcəsinə gəlir gətirmişdir, Qərbə inteqrasiyasını gücləndirmiş, Rusiyanın qaz şantajlarından xilas ola bilmişdir.
Qafqaz üzrə Almaniyalı mütəxəssis Uve Halbaxın belə bir fikri ilə tam şərikəm ki, “Qarabağ münaqişəsində Rusiyanın mövqeyi ABŞ və ya Fransa kimi digər Qərb oyunçularının mövqeyindən o qədər də fərqlənmir. Burada biz Gürcüstan və Ukraynadan fərqli olaraq, Rusiya ilə Qərb arasında kəskin geosiyasi rəqabəti görmürük”. Müəllifin sözlərinə qüvvət olaraq, deyə bilərəm ki, sanki münaqişənin tənzimlənməsi prosesində həmsədr dövlətlər və maraqlı qüvvələr arasında “centlmen sazişi” imzalanıb. Həmin qüvvələr Cənubi Qafqazın geosiyasi nizamına ciddi təsir göstərmək iqtidarında olan Azərbaycan neftinin istismarı və daşınması, həmçinin münaqişənin nizamlanması proseslərində bərabər təmsil olunmaqla, sanki geosiyasi kondominium şəklində regionda öz maraqlarının sabitliyinin təmin olunması barədə şifahi öhdəlik götürüblər.
Məhz bu səbədən, Rusiyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində tutduğu mövqedən, ABŞ, Aİ və Gürcüstan ölkəmizin zəngin enerji resurslarından müxtəlif formalarda faydalanır, İran öz milli bütövlüyünə zəmanət alır.
Türkiyə də ölkəmizin enerji resurslarından faydalansa da, digər iştirakçılardan fərqli olaraq, Azərbaycanın milli maraqlarını etibarlı şəkildə qoruyur, ərazi bütövlüyünün təmin edilməsi istiqamətində ciddi addımlar atır, Ermənistanın işğalçılıq siyasətinə və onun xarici havadarlarının geosiyasi planlarına qarşı “sanitar kordonu” funksiyasını yerinə yetirir. Qardaş ölkənin İyul hadisələri və ondan sonra ölkəmizə möhtəşəm dəstəyi Cənubi Qafqazda türk amili ilə hesablaşmağın zamanı çatdığını demək olar.
Münaqişənin nizamlanmasında ciddi əngələ çevrilmiş səbəblərdən biri də ATƏT-in Minsk Qrupudur. Bu qrup münaqişənin nizamlanmamasında mövqeləri üst-üstə düşən həmsədrlərin klubu hesab edilir. Yeganə təşkilatdır ki, hələ “soyuq müharibə” dövründə ideoloji düşmənləri – Qərblə Şərqi bir araya gətirə bilmişdir. Məhz bu səbəbdən bu gün də yeganə təşkilatdır ki, Rusiya və ABŞ bir arada fəaliyyət göstərir. Münaqişənin MDB-yə verilməsi Azərbaycanın maraqlarına cavab vermir. Onun NATO çərçivəsində nizamlanması isə qeyri-mümkündür. Bu dövlətlər NATO-nun üzvü deyil, digər tərəfdən də Rusiya postsovet məkanına NATO-nu buraxan deyil. Heç sonuncu da postsovet məkanında Rusiya ilə qarşıdurmaya getməkdə maraqlı deyil. Ona görə də ATƏT çarəsiz olsa da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində öz passiv rolunu davam etdirmək məcburiyyətindədir. Beynəlxalq hüququn imperativ normaları – ərazi bütövlüyü və öz müqəddəratını təyin etmə arasında kolliziya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə mane olan daha bir səbəbdir. Bu gün öz müqəddəratını təyin etmə hüququnun terrorizm, separatizm, etnik təmizləmə və soyqırımı kimi bəşəri cinayətlərlə əlaqələndirilməsi qlobal və regional təhlükəsizliyə, o cümlədən çoxmillətli dövlətlərə ciddi təhdid edir. Maraqlı dövlətlərin öz geosiyasi maraqlarını gerçəkləşdirmək naminə separatçı qüvvələri dəstəkləməsi, iğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyətlərdən əldə edilmiş gəlirlərin bölüşdürülməsində pay sahibi olması və s. neqativ əməllər öz müqəddəratını təyin etmə hüququna qarşı beynəlxalq miqyasda sərt profilaktik tədbirlərin görülməsinə mane olur, dövlətlərin suverenliyinin və bütövlüyünün pozulmasına rəvac verir. Monte Melkonyan kimi beynəlxalq terrorçunun milli qəhrəman kimi təqdim edilməsi, Xocalıda və işğal edilmiş ərazilərimizdə azərbaycanlara qarşı etnik təmizləmə və soyqırımı aparılması və həmin əməllərin cəzasız qalması ikili standartların təntənəsi, beynəlxalq hüquq institutunun iflası hesab edilir.
Zəfər Nəcəfov,
Silahlı Qüvvələrin Hərbi
Akademiyasının Milli Təhlükəsizlik
və Humanitar Elmlər kafedrasının baş müəllimi, beynəlxalq münasibətlər
üzrə mütəxəssis
Hərbi And.- 2020.- 9 oktyabr.- S.15.