Vidadi Muradov: Qarabağ da, Qarabağ xalçası da Azərbaycanındır

 

Sentyabrın 27-də Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Bundan sonra Azərbaycan Silahlı Qüvvələri əks hücum əməliyyatına başlayıb. Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusunun apardığı uğurlu hərbi əməliyyatlar nəticəsində uzun illərdir, işğal altında olan bir sıra ərazilərimiz düşmən tapdağından azad edilib. Həmin ərazilərdə indi Azərbaycan bayrağı dalğalanır. Azərbaycan Ordusu qarşısında aciz qalan Ermənistan xaincəsinə mülki əhalimizi, mülki infrastruktur obyektlərimizi atəşə tutur. Düşmənin Tərtəri artilleriya atəşinə tutması nətcəsində “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin bu şəhərdəki xalça istehsalı emalatxanasına da ciddi ziyan dəyib. Həmin emalatxanada çalışan 78 nəfərdən 71-i qadınlardır. Ermənilərin məhz xalça emalatxanasına atəş açması bir daha onu göstərir ki, bu terrorçu dövlət Azərbaycanın mülki əhalisini, xüsusən də qadınları hədəf alır.

 

Bunu kütləvi informasiya vasitələrinə açıqlamasında “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri professor Vidadi Muradov deyib.

 

İdarə Heyətinin sədri bildirib ki, “Azərxalça”nın Tərtər filialında çalışanların əksəriyyəti məcburi köçkünlərdir və onlar Qarabağ xalçaları toxuyurlar. Uzun illərdir, Qarabağ kimi Qarabağ xalçalarına da iddia edən ermənilərin bu emalatxananı hədəf alması təsadüfi deyil.

 

Vidadi Muradov deyib: “Erməni vandalarının əksəriyyətini dağıtdığı abidələr, qədim yazılı mənbələr və digər təkzibolunmaz faktlar sübut edir ki, Qarabağ tarixi Azərbaycan torpağıdır. Əsrlərdir ki, burada toxunan xalçalar, bu xalçalarda öz əksini tapan naxışlar da göstərir ki, Qarabağ Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biridir. Qarabağda mövcud olan çoxsaylı sənət sahələri içərisində aparıcı yeri xalçaçılıq tutub. Burada toxunan hər bir xalça qarabağlı sənətkarların zəngin təxəyyülünün və istedadının bariz nümunəsidir. Azərbaycan xalçalarının Qarabağ qrupuna aid çoxsaylı orijinal xalça çeşnisində əsrlər boyu formalaşmış ənənələr öz əksini tapıb. Azərbaycanın digər xalça qruplarında olduğu kimi, Qarabağ xalçalarında da qədim türk damğaları vardır. Elə bir Qarabağ xalçası yoxdur ki, onda türk damğası olmasın”.

 

Vidadi Muradov bildirib ki, Azərbaycan xalçaçısı Azərbaycan xalçasını öz təfəkkürü, dünyagörüşü, mifologiyası ilə bağlı olan naxışlarla, ornamentlərlə toxuyub. Böyüklü-kiçikli bütün elementləri türklükdən qaynaqlanan, türk boylarının rəmzlərindən, işarələrindən ibarət olan Azərbaycan xalçasına ermənilərin qarşı iddiası cəfəngiyyatdan başqa bir şey deyildir. Zənnimcə, dünyamız qarşılıqlı elmi, mədəni, siyasi, iqtisadi mübadilə üzərində köklənibsə, ermənilər də tarixən bu mübadilədən "kifayət qədər" yararlandıqlarını, xalça toxumağı (və yalnız toxumağı!) Azərbayan türklərindən öyrəndiklərini artıq etiraf etməli, yersiz hədə-qorxulara, xalçalarımız üzərində əsassız "erməni xaçı", uydurmaArtsax” dövlətinin sərhədləri və bu kimi erməni simvolizmləri axtarışlarına son qoymalıdırlar.

 

İdarə Heyətinin sədri söyləyib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı qədim abidələrimiz, muzeylərimiz dağıdılıb, xalqımıza məxsus milli sərvətlər, o cümlədən xalçalar qarət edilib. Məcburi köçkünlər öz dədə-baba torpaqlarından didərgin salınarkən onlar qədim xalçalarını həmin ərazidən çıxara bilməyiblər. Talan edilmiş xalçalarımız sonra saxtalaşdırılaraq düşmən ölkənin sənət abidəsi kimi dünya ictimaiyyətinə təqdim olunub. Ermənilərin dünyada təqdim etdikləri, Ermənistan ərazisindəki muzeylərdə nümayiş etdirdikləri xalçaların hamısı Azərbaycan xalçalarıdır. O xalçaların çeşnilərinə baxanda görünür ki, onlar Qarabağda azərbaycanlılar tərəfindən toxunub. Azərbaycan dövlətinin xalçaçılıqla bağlı son illər həyata keçirdiyi tədbirlər ermənilərin bu saxtakarlığının da qarşısını alıb. İndi bütün dünya bilir ki, Qarabağ Azərbaycan torpağı olduğu kimi, burada toxunan xalçalar da xalqımıza məxsus qədim sənət nümunələridir.

 

"Azərxalça"nın ilk filialının məhz QarabağdaFüzuli rayonununda yaradılmasının heç də təsadüfi olmadığını bildirən Vidadi Muradov əlavə edib ki, bu, dövlətimizin xalçaçılığa həm də güclü ideoloji faktor kimi münasibətinin nəticəsidir: Prezident İlham Əliyevin diqqət və qayğısı ilə Füzulinin Horadiz şəhərində, Ağdamın Quzanlı qəsəbəsində, Cəbrayıldan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə xalça fabriklərinin yaradılması, bu emalatxanalarda Qarabağ xalçalarının yaşadılması tarixi torpaqlarımıza qayıdışın anonsu, növbəti mərhələsi idi. İşğal faktına tezliklə son qoyulduqdan sonra tarixi xalçaçılıq mərkəzi olan Qarabağda belə fabriklərin yaradılması davam etdiriləcəkdir. “Azərxalça”nın növbəti filialları Şuşada, Xankəndində, Xocavənddə, Laçında, Kəlbəcərdə açılacaqdır. Qarabağın tarixi xalçaçılıq məntəqlərindən biri də Xocalıdır. Xocalının Meşəli, Cəmilli, Kosalar, Başkənd, Yaloba, Cavadlar, Canhəsən yaşayış məntəqələrində orijinal Qarabağ xalçaları toxunub. Erməni vandalları Xocalıda 20-ci əsrin ən dəhşətli soyqırımını törədib, bu qədim şəhəri tamamilə dağıdıblar. Ermənilərin Xocalıya təcavüzü zamanı qədim tariximizdən xəbər verən xalçalarımız da məhv edilib. Dövlət başçısının müvafiq Sərəncamı ilə Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbəsində “Azərxalça”nın Xocalı filialı yaradılmalıdır. Ali Baş Komandanımızın iradəsi, xaqımızın birliyi, Ordumuzun əzmi sayəsində tezliklə Xocalı da işğaldan azad ediləcəkdir. Biz gələcəkdə “Azərxalça”nın Xocalı filialını məhz Xocalı şəhərinin özündə yaradacağıq. Biləsuvar rayonu ərazisində yaradılan Cəbrayıl filialını da dünən işğaldan azad olunan Cəbrayıl şəhərinə köçürəcəyik. Cəbrayıllı toxucular dədə-baba torpaqlarına qayıdacaqları, rayon mərkəzində xalça emalatxanasının yaradılacağı günü səbirsizliklə gözləyirlər. Azərbaycan Prezidentinin qayğısı ilə Cəbrayıl şəhəri və rayonun digər yaşayış məntəqələri tezliklə bərpa ediləcək, orada tikiləcək ilk obyektlərdən birixalça fabriki olacaqdır”.

 

İdarə Heyətinin sədri vaxtilə Ağdam şəhərində fəaliyyət göstərən xalça fabrikində çalışan, bu gün “Azərxalça”nın Quzanlı qəsəbəsindəki filialının toxucularının sözlərini, cəmiyyətimizə ismarıcını ictimaiyyətin diqqətinə çatdırıb: “Silahlı Qüvvələrimizin apardığı uğurlu əks hücum əməliyyatı işğaldakı bütün torpaqlarımızın, o cümlədən Ağdam şəhərinin tezliklə işğaldan azad ediləcəyinə qəti inam yaradıb. Mənfur düşmən dinc əhalini, bizim yaşadığımız Quzanlı qəsəbəsini atəşə tutsa da bizi heç vaxt qorxuda bilməzlər. Biz Ali Baş Komandanımıza və müzəffər ordumuza güvənirik. Bizim ən böyük arzumuz öz doğma torpaqlarımıza qayıtmaqdır. Əminik ki, çox keçmədən Ağdam şəhərində də müasir xalça fabriki yaradılacaq, biz bu müəssisəni Quzanlı sakinlərinə verərək, gedib Ağdamda işləyəcəyik”.

 

Vidadi Muradov Azərbaycan xalçaçılarının ən böyük arzularından birini dilə gətirib: “Azərbaycan xalçaçılarının ən böyük arzularından biritarixi şəhərimiz olan Şuşada Qarabağ xalçalarının sərgisinin və beynəlxalq xalça festivalının keçirilməsidir. İnanırıq ki, yaxın gələcəkdə biz bunu reallaşdıracağıq. Əminik ki, tezliklə ərazi bütövlüyümüz bərpa olunacaqdır. Bizə bu sevinciqüruru yaşadan Ali Baş Komandanımıza minnətdarıq. Cənab İlham Əliyev Azərbaycan tarixinin ən şərəfli səhifələrindən birini yazır. O, bir neçə əsrlik tarixi gedişi dəyişdirir, tarixi ədaləti bərpa edir, xalqımızın ən böyük arzusunu reallaşdırır. İlham Əliyev kimi Ali Baş Komandanı olan Ordu yenilməz, İlham Əliyev kimi Lideri, Prezidenti olan xalq, dövlət məğlubedilməzdir. Dövlət başçısının oktyabrın 4-də Azərbaycan xalqına müraciətində qeyd olunduğu kimi, biz haqq-ədalət tərəfindəyik. Biz tarixin ən şərəfli anlarını yaşayırıq. Biz haqlıyıq, biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır”.

 

Hərbi And.- 2020.- 9 oktyabr.- S.14.