Öyrənmək ustad
olmaqda ümdə şərtdir
Tanınmış tarzən Qurban Pirimovun anadan olmasından 140 il ötür
Bu gün Azərbaycanın
Xalq artisti, tanınmış musiqiçi,
tarzən Qurban Pirimovun doğum günüdür.
AZƏRTAC xəbər verir ki, anadan
olmasının 140-cı ildönümü
tamam olan görkəmli sənətkarın
Azərbaycan musiqisi tarixində özünəməxsus
yeri var.
Qurban Pirimov
1880-ci ilin oktyabrında
Ağdamın Abdal Gülablı kəndində
anadan olub. O, məşhur
aşıq Valehin nəticəsidir. Q.Pirimov
on beş yaşında ikən müəllimi, müasir Azərbaycan tarının
yaradıcısı Sadıqcanın
xeyir-duası ilə Qarabağ toylarında seçilən xanəndələri
müşayiət edib.
Belə toyların birində xanəndə İslam Abdullayev Qurbanın tarda ifasını bəyənib və onu özünə tarzən götürüb.
1905-ci il gənc
tarzən üçün
uğurlu olub. Belə ki, Gəncə toylarının birində
Cabbar Qaryağdıoğlu
onun ifasını bəyənib və İslam Abdullayevin razılığı ilə
gənci özü ilə Bakıya gətirib. Məşhur xanəndələri müşayiət edən
tarzən onların arasında ən çox Xan Şuşinskiyə bağlanır.
Şuşinski xatirələrində
onu belə yad edir: “Mən
Qurban Pirimovu sonuncu dəfə 1965-ci il avqustun
10-da M.Maqomayev adına
Azərbaycan Dövlət
Filarmoniyasında çıxış
edərkən görmüşəm.
Konsertdə gənc ifaçılarla
bərabər, 85 yaşlı
qocaman tarzən də iştirak edirdi. O, “Rahab” ifa edirdi. Sənət yollarında
saç ağartmış
tarzən öz sədəfli tarını
sinəsinə, barmaqlarını
simlərə gənclik
ehtirası ilə toxundurduqca tellərdən
qopan xoş, ürəkoxşayan səda
dinləyicilərin ruhunu
oxşayırdı. Tarzən “Rahab”ı
23 dəqiqə çaldı.
Dinləyicilər hərarətli təbrik
sədaları altında
qocaman tarzəni üç dəfə səhnəyə dəvət
etdilər”. Bəli, onda
özünəməxsus çalğı
ştrixləri olub.
Bunlar onun öz tapıntısı,
ürəyinin hərarəti
idi. Q.Pirimovu tanıyanlar onun
həm də çox zarafatcıl bir insan olduğunu
xatırlayırlar. Həmişə zarafatla tarzənlərə
deyərmiş ki, birdən yolla gedəndə sizə daş atarlar, tez əllərinizi gizlədin. Bircə əllərinizi qoruyun.
Qurban Pirimov haqlı idi. Bizləri heyrətə salan,
möcüzələr yaradan
məhz həmin əllər idi. Həmin əllərin sehrindən süzülən musiqi hər kəsin qəlbini fəth edə bilirdi.
Tarzənlər bu gün böyük
sənətkarın yolunu
davam etdirərək öz sələflərini
unutmağa qoymurlar. Ancaq Qurban
Pirimovun öz sözləri ilə desək, “Öyrənmək
ustad olmaqda ümdə şərtdir.
Amma gərək hər bir ustadın öz barmaqları olsun”.
Sənətkarın yaradıcılığına sağlığında
yüksək qiymət
verilib. 1931-ci ildə Xalq artisti adına layiq görülüb. Ona verilən
ən böyük qiymət isə xalq məhəbbətidir.
70 ildən çox köksünə sıxıb
dilləndirdiyi tar Qurbansız
qalsa da, Azərbaycan tar sənəti
Qurbansız deyil və olmayacaq, ulu tarımız əbədən yaşayacaq.
Deyirlər ki, insanı özündən sonra üç amil yaşadır: əməlləri, əsərləri və övladları. Bu mənada Qurban Pirimov çox xoşbəxt insan olub ki, bu deyilən amillər onu bu günə qədər yaşadıb və bu yaşantı əbədidir. Sənətkar 1965-ci il avqustun 29-da dünyasını dəyişib. Amma o, ruhən ulu tardan ayrılmazdır. Çünki tar ifaçılığının tarixini Qurbansız təsəvvür etmək olmaz.
Xatırladaq ki, tarın
hazırlanması və tar
ifaçılıq sənəti 2012-ci ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs
üzrə Reprezentativ Siyahısına daxil edilib. Bu hadisə Prezident
İlham Əliyevin xalqımızın mədəniyyətinə
göstərdiyi yüksək qayğısı, həmçinin
Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin qorunması və
beynəlxalq səviyyədə təşviqi məqsədilə
Birinci vitse-prezident,
Heydər Əliyev Fondunun prezidenti
Mehriban Əliyevanın təşəbbüsləri
və dəstəyi ilə həyata keçirilən silsilə
tədbirlər nəticəsində mümkün
olub.
AZƏRTAC
Hərbi And.- 2020.- 23 oktyabr.- S.20.