Azərbaycan xalqının taleyində həlledici və ən dəyərli gün

 

Ulu öndər Heydər Əliyev Azərbaycan xalqı, Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi üçün böyük və zəngin bir irs qoyub. Dünyanın ən görkəmli liderləri ümummilli lider Heydər Əliyev siyasətinin qarşısında, sözün böyük anlamında, səcdə ediblər. Çünki ulu öndər təkcə Azərbaycan coğrafiyası daxilində deyil, bütün bəşəriyyət tərəfindən qəbul olunan böyük bir şəxsiyyətdir. Azərbaycan xalqının xoşbəxtliyi ondadır ki, onun ulu öndər Heydər Əliyev kimi böyük lideri var. Bu liderin böyüklüyü ondadır ki, Onun xalqının və millətinin xoşbəxtliyi üçün fədakarcasına görmüş olduğu işlərin əvəzi yoxdur.

 

15 iyun 1993-cü il Azərbaycan xalqının tarixinə ən əlamətdar bir tarixi hadisə kimi daxil olub. Çünki bu tarix Azərbaycanın xilasnicat tarixidir. Xalqın təkidli tələbi ilə hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev Azərbaycanın itirilmiş inamını özünə qaytardı, Azərbaycanın əsl müstəqilliyini təmin etdi. Ulu öndər həmişə qeyd edirdi ki, dövləti olmayan xalq ölümə məhkumdur. Biz azadlığımızın, müstəqilliyimizin yolunu gözləmişik, mübarizə aparmışıq, bu yolda minlərlə şəhid vermişik. Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq bir o qədər mürəkkəbdir. 1993-cü ilin əvəllərində artıq Azərbaycan müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdi. O zaman Azərbaycan son dərəcə ağır vəziyyətdə idi. AXC-Müsavat iqtidarının səriştəsizliyi üzündən hərc-mərclik, başıpozuqluq, hakimiyyət uğrunda didişmə dövlətin bütün sahələrinə sirayət etmişdi. Tarixi düşmənimiz ermənilər bir-birinin ardınca rayonlarımızı işğal edib, yüz minlərlə soydaşımızı öz vətənində qaçqına çevirmişdi. Azərbaycanı parçalamaqbir dövlət kimi məhv olmaq təhlükəsindən xilas etmək reallıqdan çox uzaq görünürdü. Bu zaman xalqın təkidli dəvətini qəbul edən ulu öndər Heydər Əliyev iyunun 9-da Bakıya gəldi. Bütün Azərbaycan xalqı bu gəlişi böyük ümid və sevinclə qarşıladı. Bununla da, daxilixarici düşmənlərimizin bütün planları iflasa uğradı. Xilaskarlıq missiyasını öz üzərinə götürən ümummilli liderimiz Heydər Əliyevin Gəncəyə səfəri vətəndaş müharibəsinin qarşısını aldı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Bu gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edildi, Onun qətiyyətlə, apardığı uğurlu daxilixarici siyasət sayəsində ölkəmiz xaosdan xilas oldu, sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək, böyük nailiyyətlər qazandı.

 

1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regiondadünyada Azərbaycanın nüfuzu daha da artır.

 

Azərbaycan ictimai fikrində xalqının və Vətəninin xilaskarı mücəssəməsinə çevrilən ulu öndər Heydər Əliyev çox az müddətdə vətəndaş sülhünə və həmrəyliyinə, yenicə müstəqillik əldə edən ölkənin başı üstünü alan bütün digər təhlükələrin qarşısının alınmasına nail oldu. Ümummilli liderin milli inkişaf konsepsiyası Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılması üçün aydın üfüqlər açdı. Bu konsepsiya spesifikliyi və unikallığı ilə fərqlənməklə Azərbaycan xalqının gələcək yaşam fəlsəfəsini, milli inkişaf prioritetlərini müəyyənləşdirir, demokratik dəyərləri özündə ehtiva edirdi. Beləliklə, insan hüquq və azadlıqlarının daha etibarlı qorunmasına xidmət edən islahatlar, habelə demokratikləşmə prosesinin sürətlənməsi fikri cəmiyyətdə getdikcə daha möhkəm əsaslarla intişar tapmağa başladı. Azərbaycanın inkişafuğur səmtini görən, duyan xalq bu yolun alternativsizliyinə qəti əmin oldu. Heydər Əliyevin qətiyyəti sayəsində siyasi anarxiya və eksperimentlərə son qoyuldu. Ölkədə cinayətkarlığın, özbaşınalığın qarşısı tam alındı, bütün qanunsuz silahlı dəstələr ləğv edildi. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı alındı. Bu bir daha təsdiq etdi ki, müstəqillik və Azərbaycanın suveren dövlət kimi mövcud olması tarixi zərurətdən irəli gələn hadisə idisə, Azərbaycanın müstəqilliyi, əbədiliyi və dönməzliyi ümummilli liderin adı və fəaliyyəti ilə bağlı olan müasir tariximizin inkaredilməz, pozulmaz səhifəsidir.

 

Heydər Əliyev o dövrdə Azərbaycanda baş alıb gedən böhranın, siyasi hakimiyyətsizliyin, vətəndaş qarşıdurması və digər xoşagəlməz halların qarşısını aldı, Azərbaycanı bir dövlət kimi məhv olmaqdan, dünya xəritəsindən silinməyin real təhlükəsindən xilas etdi. O vaxt ölkədə dövləti parçalamağa, xarici təcavüzün daha da gücləndirilməsinə yardım etməyə çalışan qüvvələr mövcud idi. Şimal bölgələrində “Sadval” adı altında yaradılan qruplaşmalar bir sıra maraqlı xarici dairələr tərəfindən maliyyələşdirilirdi. Təbii ki, burada bir sıra məqsədlər vardı. İlk növbədə tarixi Azərbaycan torpaqlarında yeni bir separatçı hərəkatın başlanması, silahlı qarşıdurmanın yaranması Azərbaycanın inkişafına maneə törədəcəkdi. Separatçı qüvvələri dəstəkləyən, onları maliyyə və silahla təmin edən həmin xarici qüvvələr isə ulu öndər Heydər Əliyevin siyasi bacarığına yaxından bələd idilər. Onlar bilirdilər ki, Azərbaycanda siyasi sabitliyin yaranması qısa müddət ərzində yeni inkişaf konsepsiyasının hazırlanmasına və Azərbaycanın qüdrətlənməsinə yol açacaq. Məhz bunun qarşısını almaq üçün onlar hər vasitədən istifadə edir, AXC-Müsavat hakimiyyətinin etnik ayrı-seçkiliyi özündə əks etdirən bəyanatlarından ustalıqla istifadə edirdilər.

 

Həmin dövrdə Azərbaycanın daxilində ən təhlükəli separatçı hərəkatlardan biri də ölkənin cənubunda yaranmışdı. 1993-cü il avqustun 7-də separatçı Əlikram Hümbətov Azərbaycanı parçalamaq məqsədilə qondarma “Talış-Muğan respublikasının” yarandığını “elan etdi”. Avqustun 7-də Bakıya nota göndərən separatçı rəsmi Bakının onunla hesablaşmasını tələb edirdi. Xatırladaq ki, qondarma respublikanın tərkibinə 7 rayonun adı daxil edilmişdi. Onun belə bir mövqedən çıxış etməsi respublikanın cənub bölgəsində yaşayan talışların əksəriyyətinin hiddətinə səbəb oldu. Əhalinin ayağa qalxdığını görən Ə.Hümbətov Cəlilabad, Lənkəran, Masallı, Lerik, Yardımlı, Astara rayonlarında kütləvi repressiyalar həyata keçirdi. Avqustun 23-də Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirən Ali Sovetin Sədri Heydər Əliyev Azərbaycan milli televiziyası ilə xalqa müraciət etdi. Müraciətdə bildirilirdi ki, Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar rayonlarında baş verən hadisələr qanuna, konstitusiyaya zidd hərəkətlərdir və onların çox ağır nəticələridir: “Həmin rayonlarda camaat artıq ayağa qalxmışdır. Adamlar Əlikram Hümbətovun bu çirkin hərəkətlərinə dözə bilmirlər”.

 

Bir qrup adamın elan etdiyi “dövlətin” ömrü cəmi 16 gün oldu. Avqustun 17-də Milli Məclis Lənkəran hadisələrinə siyasi qiymət verdi, bu hadisələrin Azərbaycanın dövlət müstəqilliyinə qarşı olduğunu ifşa etdi. Avqustun 23-də separatçılar xalqın və dövlətin gücü ilə məğlub edildi. Ə.Hümbətov qaçdı. “TMR” ləğv olundu. 1993-cü ilin yayında xeyli silahlı qüvvəni Lənkəran ərazisində yerləşdirən Ə.Hümbətov ona qarşı çıxanları amansızlıqla cəzalandırırdı. Əlində olan döyüş maşınlarını kəndlərə sürdürürdü ki, əhalidə bir xof yaransın. Bölgədə özünü hakimi-mütləq sayırdı. Prokuror, milis rəisi, idarə müdirlərini həbs etdirmişdi. İmkanlı adamlardan zorla pul və qiymətli metal əşyaları yığılırdı. O vaxt Əlikram Hümbətovun dəstəsinə qarşı mübarizə aparanlardan biri də mən olmuşam. Belə ki, o vaxt mən Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini - Kənd Təsərrüfatı və Ərzaq İdarəsinin rəisi vəzifəsində çalışırdım. Həmin vaxt rayon İcra Hakimiyyətinin başçısı olmadığından rayon rəhbərliyi vəzifəsini mən aparırdım. Əlikram Hümbətov isə ona tabe olmağımı, göstərişlərini yerinə yetirməyimi təkidlə tələb edirdi. Mən isə rayondakı vəziyyətlə bağlı gün ərzində bir neçə dəfə Arif Rəhimzadə ilə əlaqə saxlayıb onu məlumatlandırırdım. Əhali arasında Ə.Hümbətova qarşı mübarizə üçün birləşmək təbliğatını aparmağa başladıq. Əlikramın əlisilahlı qüvvələri rayon icra hakimiyyətinin binasını zəbt etdilər. Səhəri gün məni, Astara Rayon Milis Şöbəsinin rəisi İbrahim Quliyevi və Cəlilabad rayon prokuroru Mircavan Kazımovu Ə.Hümbətov həbs edərək özünün Lənkəranda yaratdığı hərbi komendaturaya saldırdı. Biz o zaman dövlətçiliyimiz və ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparmaqla yanaşı, canımızdan belə keçməyə hazır idik. Biz yaxşı başa düşürdük ki, Əlikramın dövlətə qarşı çıxması çox çəkə bilməz. Lənkərandakı kommendaturada ağır işgəncələr verilsə də ancaq mən və əqidə yoldaşlarım bu mübarizədən dönmədik.

 

Hətta ulu öndərimiz, Müstəqil Azərbaycanın banisi Heydər Əliyev televiziya ilə çıxışında bu məsələyə münasibət və qanunsuz həbs olunduğumu bildirdi. Və ulu öndərin göstərişi ilə həbsdən buraxıldım. Ancaq səhhətimdə ciddi problemlər yaranmışdı. Dörd aya yaxın Respublika Kliniki Xəstəxanasında müalicə olundum. Fəxr edirəm ki, dövlətçiliyimizin, suverenliyimizin qorunub saxlanılmasında azacıq da olsa əməyimiz var. Əgər həmin vaxt ulu öndər Heydər Əliyev hakimiyyətdə olmasaydı bugünkü Azərbaycandan söhbət gedə bilməzdi. Məhz ümummilli liderin uzaqgörən siyasəti sayəsində Azərbaycan parçalanmaqdan xilas oldu.

 

Bəli, həmin dövrdə cənubda silahlı separatizmə qalxan Ə.Hümbətov bir sıra hallarda xarici ölkələrin müəyyən dairələrinin nümayəndələri ilə də gizli görüşlər keçirirdi. Həmin xarici qüvvələrin Ə.Hümbətovdan öz maraqları üçün istifadə edərək Azərbaycana qarşı təzyiq kampaniyası aparmaq istəyirdilər. Amma Azərbaycanı parçalamaq istəyənlər öz arzularına çata bilmədilər. Separatçılarla yanaşı, onlara havadarlıq edənlər Azərbaycanda ulu öndər Heydər Əliyevin yaratdığı milli birliyə məğlub oldular. Xalq dövlətini yad mənafelərin ucuz oyunlarına qurban vermədi, öz rəhbərinin ətrafında sıx birləşdi. Televiziya ilə xalqa müraciətində Azərbaycanın vahid və bölünməz olduğunu bir daha bəyan edən ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda hər bir vətəndaşın qanun qarşısında eyni hüquqlara malik olduğunu söylədi: “Bizim Azərbaycan vahid Azərbaycandır. Onun vətəndaşlarının hamısı eyni hüquqlara malikdir. İndiyədək Azərbaycanda heç vaxt talış-azərbaycanlı, türksair söhbəti olmamışdır. Bu, süni surətdə ortaya atılmış şeydir. Onları bir-birindən ayırmaq olmaz. Bu, əti dırnaqdan ayırmağa bərabərdir. Ayrı-ayrı avantüristlərdən savayı buna heç kəs yol verməz. Bizim birliyimizi heç kəs poza bilməz, bizi bir-birimizdən heç kəs ayıra bilməz”.

 

Ulu öndərin istər Azərbaycan KP MK-nın birinci katibi olduğu, istərsə də ikinci dəfə, müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi dövrdə milli təhsilimizin və elmin inkişafına verdiyi töhfələrin canlı şahidiyəm. Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə respublikada təhsilin inkişafına xüsusi diqqət və həssaslıqla yanaşmış, gənclərimizin yüksək səviyyədə təhsil alması üçün əlindən gələn hər şeyi etmişdir. Onun gənclərimizin təkcə Azərbaycanda deyil, həm də keçmiş SSRİ-nin ayrı-ayrı şəhərlərində - Moskva, Leninqrad (indiki Sankt-Peterburq), Kiyev, Minsk kimi elm və mədəniyyət mərkəzlərində ali təhsil alması üçün etdiklərini bu gün də minnətdarlıq hissi ilə xatırlayıram. Keçmiş SSRİ dövründə Azərbaycan gənclərinin İttifaqın ən nüfuzlu ali təhsil ocaqlarını bitirdikdən sonra ölkəmizə qayıdıb iqtisadiyyatın müxtəlif sahələrində millətə fayda verməsi də daim ulu öndərin diqqətində olan məsələlərdən biri idi.

 

Heydər Əliyevin milli dövlətçilik irsini əzmlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasətin uğurları sayəsində ölkəmiz tarixinin ən qüdrətli mərhələsini yaşayır. Azərbaycan tarix boyu heç zaman indiki kimi güclü olmayıb. Bu da bir reallıqdır. Bu həm də Heydər Əliyev irsinə verilən dəyərdir. Belə bir dəyər üzərində formalaşdırılan yeni dövlətçilik ənənələridir. Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Bu əsər bu gün möhtərəm Prezident tərəfindən daha möhtəşəm, daha qürurlu inkişaf dövrünü yaşayır. Bütün sahələrdə davamlı hal alan yüksəliş, xalqın öz lideri ətrafında sıx səfərbər olması, müstəqilliyimizin həqiqətən də dönməz və davamlı hal alması ulu öndərin ruhuna böyük ehtiramımızın göstəricisidir!

 

Heydər Əliyevin şah əsəri - müstəqil Azərbaycan etibarlı əllərdədir. Xalqımız cənab İlham Əliyevin rəhbərliyi altında Heydər Əliyevin öyrətdiyi kimi, dövlətçilik ənənələrini, millət kimi mövcudluğunu, dövlət qurmaq haqqını, özünü idarə etmək bacarığını nümayiş etdirir.

 

Bu gün Azərbaycanın qazandığı bütün uğurlar Heydər Əliyev irsindən gəlir. Ölkəmizin əldə etdiyi hər bir nailiyyət Heydər Əliyev missiyasının davamıdır. Bu missiya davam edir və Azərbaycanı inkişafa, tərəqqiyə, intibaha, parlaq müqəddəs gələcəyə aparır.

 

Bir ziyalı olaraq əminliklə deyə bilərəm ki, şərəfli ömrünü Azərbaycana fəda etmiş dünya şöhrətli siyasətçi, xalqımızın ümummilli lideri Heydər Əliyevin adı dünyanın hər yerində daim dərin hörmətlə çəkiləcək, onun əziz və unudulmaz xatirəsi millətimiz tərəfindən əbədi olaraq xüsusi ehtiramla yad ediləcəkdir.

 

 

 

Güşat MƏMMƏDOV,

professor, ekologiya biologiya

elmləri üzrə fəlsəfə doktoru,

AMEA-nın Beynəlxalq

Eko-Energetika Akademiyasının

əməkdaşı.

 

Hərbi And.- 2020.- 11 sentyabr.- S.12-13.