Vətən uğurunda
canını fəda edənlər ən ali
hörmətə layiqdirlər
Məhərrəm Məmmədovun
şəhadətindən 27 il ötür
Zaman ötür, fəsillər dəyişir, illər əsrlərə, əsrlər minilliklərə çevrilir. Bu illər ərzində bir çox tarixi hadisələr baş verir. Bəzi tarixi hadisələr müəyyən dövrdən sonra yaddan çıxır, unudulur. Lakin elə tarixi hadisələr də var ki, heç vaxt unudulmur. İllər ötsə, nəsillər bir-birini əvəz etsə belə, öz qanları ilə tarix yazan qəhrəman Vətən övladları heç vaxt unudulmurlar. Ən şərəfli zirvə - şəhidlik məqamına yüksələnlər daim qəlblərdə yaşayırlar. Vətən uğurunda canını fəda edənlər ən ali hörmətə layiqdirlər. Bu amal uğrunda ölümün gözünə dik baxaraq, canını Vətən uğrunda fəda edənlərdən biri də şəhid Məhərrəm Məmmədov idi.
AZƏRTAC yazıçı-publisist Kənan Hacının Məhərrəm Məmmədov haqqında yazısını oxuculara təqdim edir.
Kim bu cənnət vətənin uğruna olmaz ki fəda?
Şühəda fışqıracaq torpağı sıxsan, şühəda!
Canı, cananı, bütün varımı alsın da Xuda,
Etməsin tək vətənimdən məni dünyada cüda.
Mehmet Akif Ərsoy
“Bütün yollar Qarabağa aparır”. Bu ifadə çox işlənsə də bircə cümlənin enerjisi insanda yüzlərlə şeirin aşılaya bilməyəcəyi bir ruh yüksəkliyi yaradır. Sentyabr ayı olsa da hava çox bürkülüdür. Biz tanınmış vəkil, hüquqşünas, yazıçı Adəm Məmmədovla birlikdə Zərdab rayonuna gəlmişik. Gəlişimizin məqsədi onun atası, Qarabağ döyüşlərində şəhid olmuş Məhərrəm Məmmədovu tanıyan, onunla ünsiyyətdə olmuş insanlarla görüşüb onların xatirələrini dinləməkdir. Məhərrəm Məmmədov nadir şəxsiyyətlərdəndir ki, 90-cı illərin əvvəllərində Zərdab rayon Məhkəməsinin sədri işlədiyi dövrdə Qarabağda şiddətli döyüşlər gedərkən daim cəbhənin ön xəttində olub, Kəlbəcər döyüşlərində iştirak edib. Sonda Füzuli rayonuna erməni hücumları zamanı dinc əhalinin təhlükəsiz yerlərə köçürülməsini təmin edərkən Əhmədbəyli kəndinin yolayrıcında, Kültəpə deyilən yerdə düşmən tərəfin atdığı qrad mərmisinə tuş gəlib.
M.Məmmədov Cəbrayılın Böyük Mərcanlı kəndində doğulub. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Erkən yaşlarından Qarabağda və hakim kimi çalışdığı
Zərdab rayonunda böyük hörmət və nüfuz qazanıb. Şəhidlik
məqamına yetişdiyi
vaxtdan iyirmi yeddi il
ötsə də, bu gün Qarabağ
və Zərdab camaatı onu minnətdarlıqla xatırlayır.
Zərdab rayonunda işlədiyi
illərdə o, insanların
yaddaşında ədalətli
hakim kimi qalıb.
Zamanında onunla birlikdə
çalışmış insanlarla görüşdüm,
bu insanlar vaxtilə polis rəisi,
hakim, prokuror işləyib
və M.Məmmədovla
gündəlik təmasda
olublar. Onunla bağlı danışılan
xoş xatirələrdən
sonra bir daha əmin oldum ki, bu
insan dünyaya xeyirxahlıq etmək üçün gəlib.
Sadə Zərdab camaatı ilə görüşlərdə
M.Məmmədovun adı
çəkilən kimi
dərhal insanların
çöhrəsində bir
təəssüf hissi
közərir, onun erkən ölümünə
heyifsilənirlər, onun
haqqında doğma, əziz adamları kimi danışırlar, hələ də bu itki ilə
barışa bilmirlər.
O qədər maraqlı,
qeyri-adi əhvalatlar danışırlar ki, bu əhvalatların hər biri ayrılıqda
bir roman mövzusudur. Bir hakimin insan taleyinə
qarşı bu qədər həssaslıq
göstərməsi, cinayət
törətmiş adamın
içində mənəvi
hisləri oyatmaq metodu sözün əsl mənasında heyrətamizdir. Onun yaşadığı
evdən Məhkəmə
binasına qədər
yolu piyada keçib gəlirəm.
Danışırlar ki, o, həmişə
evdən işə piyada gəlirmiş və yol boyu
adamların dərd-sərilə
maraqlanır, məsləhətlər
verirmiş. Üzəri qağayılı,
suları durğun Kür çayının
sahilindən keçirəm.
M.Məmmədov Kürün sahilində
gərdiş edə-edə
verəcəyi qərarlar
haqda düşünürmüş.
O, hansısa səbəbdən
cinayət törətmiş
adama islah olunmaq üçün şans verirdi və verəcəyi qərarın ədalətli
olması onun üçün hər şeydən vacib idi. Bu, onun dəyişməz prinsipi idi. Heç bir qüvvə
onun verəcəyi qərarı dəyişmək
iqtidarında deyildi.
O, həmişə güclünün
deyil, zəifin yanında olub, ona arxa-dayaq olmağa çalışıb.
Haqlı cəza alan adam
da törətdiyi əməlin mahiyyətini
dərk edərək ondan razılıq edirdi. Onun tərbiyə metodu,
insanda insani hissi oyatmaq cəhdi
heyrətamiz idi.
Həsən bəy Zərdabi parkında mətbuatımızın
bünövrəsini qoymuş
ustadın heykəli ilə üz- üzə dayanmışam. Zərdabi əlini
çənəsinə dayayıb
dərin düşüncələrə
qərq olub. Zərdabi Moskvada təhsilini başa vurandan sonra ona təklif
etmişdilər ki, orda qalıb müəllimlik etsin.
Amma o, bu təklifdən imtina edib vətəninə
dönüb. Öz məmləkətində
uzun bir yola çıxıb.
O, millətin kasıb
balalarının təhsil
almasını təmin
etmək üçün
xeyriyyə cəmiyyəti
yaratmağı düşünürdü.
Azərbaycanı qarış-qarış gəzərək bütün
imkanlı, nüfuzlu bəyləri, mülkədarları
bu müqəddəs işə cəlb etmək istəyirdi.
Bu yolda çoxlu
məşəqqətlər çəkib. Həsən bəy
tək qalmışdı,
yığılan pul isə uşaqların uzun müddətli təhsili üçün
yetərli deyildi.
Hənifə xanım öz
ömür-gün yoldaşını
ruhdan düşməyə
qoymur, çiyin-çiyinə
verib öz evlərində imkansız
uşaqlara dərslər
keçirlər. Hənifə xanım uşaqlar üçün qış
geyimləri tikir, onları yedizdirib-içizdirir,
öz övladlarından
ayırmır. Həsən bəyin
sarsılmaz iradəsi,
millət sevgisi olmasaydı, başladığı
işlər də yarımçıq qalacaqdı.
Zərdabinin xeyirxah missiyası uğursuzluğa
düçar olsa da, “Əkinçi”nin toxumları səpilib. Bu gün
Zərdabda “Əkinçi”
qəzeti nəşr olunur, qəzetin baş redaktoru İsaməddin Əhmədovla
söhbətimiz Həsən
bəy Zərdabidən
başlayıb Məhərrəm
Məmmədova qədər
gəlib çıxır.
İsaməddin müəllim deyir
ki, Zərdabinin açdığı yoldan
çox insanlar keçib ki, onlar məmləkətimizin
işıqlı sabahlara
çıxması üçün
fədakarlıqlar ediblər,
ömürlərini şam
kimi əridiblər.
O insanlardan biri də M.Məmmədov idi. Onun dəyişməz
əxlaq prinsipi vardı: insanlara təmənnasız xidmət
etmək, onların xoşbəxtliyi naminə
öz şəxsi mənafeyini qurban vermək. Belə insanlar heç
vaxt unudulmur, onların yaxşılıqları
nəsildən-nəslə ötürülür, sağlam
cəmiyyətin qurulmasına
xidmət edir. Nəsillər dəyişir, amma
bu qəbil insanların əməlləri
xalqın yaddaşına
köçür.
***
...O zaman hələ Füzuli işğal olunmamışdı. M.Məmmədov hər həftə xidməti maşını
ilə Füzuliyə,
Cəbrayıla baş
çəkir, vətəni
qoruyan əsgərlərə
yardımlar aparırdı.
Əsgərlərlə görüşüb söhbətlər aparır,
onlarda ruh yüksəkliyi yaradaraq qələbəmizə inandırırdı.
Bu yardımların içində silah-sursatdan
tutmuş pal-paltara, ərzağa qədər əsgərə lazım olan bütün zəruri əşyalar olurdu. Dəfələrlə ona xəbərdarlıqlar
edilmişdi ki, “özünü təhlükəyə
atırsan, balaların
var, onları yetim qoya bilərsən,
mümkün qədər
özünü qoru”.
Hər dəfə də cavabı eyni olurdu: “O torpaqları balalarımız
üçün qorumalıyıq.
Torpaq dədə-babalarımızın bizə əmanətidir, hər birimiz canımız bahasına olsa da onu
qorumalıyıq. Orda döyüşənlərin
hər biri bizim qardaşımızdır,
oğlumuzdur. Biz onların yanında olmalıyıq”.
Zaman o zaman idi ki, topların
mərmisi kimlərinsə
eyvanına düşürdü,
kəndlər erməni
işğalçıları tərəfindən viran qoyulurdu, qəbir qazmağa da vaxt tapılmırdı, insanlar doğmalarını,
əzizlərini dəfn
etməyə macal tapmırdı, həyətlər,
bağçalar məzarıstana
çevrilirdi.
*****
Zərdabdan unudulmaz təəssüratlarla
ayrılırıq. Yolumuz Qarabağadır. Ağcabədini keçirik, Beyləqandan Füzuliyə yol görünür. Adəm Məmmədov
sükan arxasındadır
və onun daxilindəki təlatümlər
mənə də sirayət edir. M.Məmmədovun şəhid olduğu
yerə gedirik. Kültəpə deyilən
əraziyə...
Polkovnik-leytenant Asif Məmmədovla görüşürük. 90-cı illərin əvvəllərində
Füzuli rayon Polis İdarəsinin
rəis müavini vəzifəsində çalışıb.
Cəbrayılı, Füzulini ovcunun
içi kimi tanıyır. Məhərrəm
Məmmədovla yaxın
dost olublar. Bizi Əhmədbəyliyə, Kültəpə deyilən
yerə apardı.
Asif Məmmədov
bu yerlərdə şiddətli döyüşlər
gedən vaxtları xatırlayır. Əlini hündür təpələrə
tərəf uzadaraq “baxın, ən qızğın döyüşlər
bu yerlərdə gedirdi” - deyir. Nə qədər əzizsən, müqəddəssən,
ey Vətən torpağı! Canımızla, qanımızla düşmən
tapdağında qalan yurd yerlərini azad edəcəyik. Məhərrəm Məmmədovu
rahat kabinetində oturmağa qoymayan hiss məhz bu duyğu,
bu istək idi.
Görəsən, son dəfə bu yolu gələndə hansı hissləri keçirib, nələri düşünüb? Empatik duyğulara qapılıram,
onun həmin vaxtdakı emosional halını təsəvvür
etməyə, onunla ruhi bağlılıq qurmağa çalışıram.
İnanıram ki, ruhu bizi müşayiət edir.
Quru çaydan
keçib Birinci Mahmudluya dönən yolda maşını saxlayırıq. Kültəpə...
Mərminin düşdüyü
ərazi... İzaholunmaz hisslər keçirirəm.
Məhz bu yerdə, bu torpaqda Məhərrəm
Məmmədovun ruhu bədənindən ayrılıb,
son dəfə məhz
bu səmanı seyr edib, dağların
dəyişməz əzəmətini
öz ruhuna köçürüb. Yanıb külə
dönən maşının
içində anası
da varmış.
Bütövlükdə dörd
nəfər...
Adəm onların vurulduğu ərazidə addımlayır. Hiss edirəm ki, ürəyində atası ilə danışır. Sonra Cocuq Mərcanlıya getdik, ürəyimiz bir az toxtaq tapdı. Burada həyat qaynayır, insanların əhval-ruhiyyəsi yüksəkdir. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin sakini, Prezident İlham Əliyev tərəfindən birinci dərəcəli “Əmək” ordeninə layiq görülmüş Oqtay Həziyevin evində olduq. Yol kənarında iki yeniyetmə oğlan uşağı ilə rastlaşanda Adəm maşını saxlayıb onları sorğu-sual etdi. “Cocuq Mərcanlıdanıq” deyirlər. O uşaqların üzündə intiqam hissi gördüm. Onlar bəbir kimi hər an döyüşə atılmağa hazırdırlar. Qürur hissi keçirdik.
Axşam düşəndə Adəm atasının vurulduğu yeri bir də görmək istədiyini bildirdi. Gecənin qaranlığında maşın sürətlə Əhmədbəyliyə şütüyür. İstəyirəm soruşum ki... ürək eləmirəm. İçimizdə qövr edən qəhər burulğan kimidir. Gecənin zülmətini yaran maşın arxasınca sanki bir qəzəb şırımı açır.
Məhərrəm Məmmədovun uyuduğu məzardan bizi cəmi 5 kilometr məsafə ayırır. Amma biz o məsafəni adlayıb keçə bilmirik...
Lələtəpədə Azərbaycan bayrağı dalğalanır. And yerimiz, qürur mənbəyimiz! O tayda dağlarımız, kəndlərimiz görünür.
-Ən qısa zamanda o yerlərə qayıdacağıq! - deyirəm.
-Mütləq qayıdacağıq! - Adəm Məmmədov ötkəm səslə dillənir.
Maşınımız Bakıya istiqamət götürür. İçimdə yenilməz
bir inam hissi var: növbəti gəlişimizdə
birbaşa şəhidimiz, qəhrəmanımız
Məhərrəm Məmmədovun məzarını ziyarətə
gedəcəyik.
Hərbi And.- 2020.- 25 sentyabr.- S.15.