Doğum günü şəhid olan 20 Yanvar şəhidi
Yanvarın 19-dan 20-ə keçən gecə onun doğum günü idi. 1990-cı ilin həmin tarixi də 22 illik ömrün sonu, ölüm günü oldu.
Bu gün 20 Yanvar şəhidi Habil Əzizovun ölümündən 30 il ötür. Həmin qanlı gecədə Habil də həyatını faicəvi şəkildə itirənlərdən biri olub.
Habil Kommunar oğlu Əzizov 1968-ci il yanvar ayının 19-da Ağstafa rayonunun Vurğun qəsəbəsində anadan olub. Ailənin yeddi uşağından üçüncüsü idi. Dadaş Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutuna qəbul olub, bir il oxuyandan sonra hərbi xidmətə yollanıb. Hərbi xidmətini Riqa şəhərində başa vurub. Daha sonra ali məktəbdə təhsilini qiyabi davam etdirib. O həm də Ağstafada sovxoz idarəsində işləyirdi.
Hadisə vaxtı qış imtahan sessiyası dövrü olduğundan Bakıya gəlmişdi. Həmin günü ad günü idi. İmtahandan çıxıb əmisigilə gəlib. Orada əmisi ona ad günü süfrəsi açıb, ad gününü qeyd edirmişlər. Şəhərdə vəziyyətin qarışıq olduğunu bilməyən Habil bibisi oğlu Azərlə dostu Xanoğlanı ad gününə dəvət etmək üçün evlərinə gedib. Bu zaman Habilin və Azərin gözünə gur işıq düşüb. Həmin ərəfədə Azər qapağı açıq olan kanalizasiya quyusuna düşüb sağ qalıb. Habilin isə üzərindən tank keçib. Sifəti tanınmaz hala düşüb.
Habil yaşasaydı 52 yaşını qeyd edəcəkdi. Lakin sonuncu ad günündə adına açılan süfrədən nakam durub, geri qayıtmadı. Doğum günü həm də şəhid olduğu gün olub. Habil həmişə ailəsinə deyib ki, mən sizi ölümümlə dünyaya tanıtdıracam. Təhsilini başa vurub ölkəsi üçün vicdanlı və savadlı məmur olmaq istəyirdi.
Ordu.az-a danışan Habil Əzizovun anası Zinayə Əzizova oğlunun son sözlərini belə xatırlayır:
Zinayə Əzizova: “Habil buradan gedəndə dedi ki, ana imtahanları verib qayıdacam. Təhsilə çox üstünlük verirdi. Həm də gözəl gitara ifa edirdi. Həmişə də “Dünya sənin,dünya mənim, dünya heç kimin” mahnısını yanğı ilə ifa edirdi. Deyirdim, ay oğul, başqa ifa tanımırsanmı? O da deyirdi ki, ana, sən nə bilirsən bu mahnıda nələr deyilir.?! Habil əsgərlikdən gələndə mənə dedi ki, ana, mən təxris olan gün bir qaraçı mənə dedi ki, sən 22 yaşında öləcəksən. Mən də güldüm keçdim ki, olsun da onsuz da yaranan bir gün öləcək. Allah şərəfli ölüm qismət eləsin. Mən də dedim ay oğul Allah qorusun, inanma fala,falçıya. Amma elə də oldu. Oğlum Yanvarın iyirmisinə bilet almışdı ki, evə qayıtsın. Özü yox tabutu qayıtdı...”
- Habilin meyitini necə tanıdınız?
- Xəbəri eşidən kimi, rəhmətlik həyat yoldaşım Kommunar dərhal öz maşını ilə Bakıya getdi. Ona burdan gedəndə təzə köynək almışdım. Həmin köynəkdən və qolundakı saatdan tanıyıb yoldaşım. Habilin meyiti 133-cü meyit olub. Habil şəhid olanda üzərindən Sovet İttifaqı əskinasları ilə 21 manat pul, güzgü qol saatı və qatara bileti cibindən çıxıb. Bu gün ona məxsus əşyaların bir çoxu fərqli hərbi və oxuduğu ali məktəbin xatirə güşəsində saxlanılır.
Habil 20 yanvar
günü evə qayıtmalı idi. Hətta o qatara da bilet
alıb. Onun evə meyitinin
qayıtması isə
ailəsindəki xoş
günü də yasa çevirib. Qardaşının zənginə “məni
gözlə Etimad sabah gəlirəm” deyib. Amma bu zəng onun ailə ilə sonuncu danışığı olub.
Etimad Əzizov: “Habilə zəng
elədim ki, qardaş,
mənim nişanımdır gələrsən. Dedi, qardaş, bilet almışam ayın iyirmisinə,
gözləyin, gələcəm. Xonçalar
bəzəndi, hazır Habili gözləyirdik.
Sabahı əmim zəng elədi ki, Habil şəhid olub, tank üzərindən keçib.
Eləcə də xonçalarımıza qara
bağlandı. Habil sözünə bütöv çıxdı həmişəki
kimi. Yenə gəldi, amma
cansız. Bu gün
qardaşımın xatirəsini yaşatmaq
üçün adını oğluma vermişəm. Oğlum
da qardaşım oxuyan
ali məktəbdə oxuyur.
O da deyir ki, mən də əmim kimi
olacam. Nə deyim,
şərəfli yaşamaq ,ölmək
hər birimizin ən ali
arzusudur. Habilin təhsil
aldığı orta məktəb də onun adını daşıyır. Habil rayonumuzda Vurğun qəsəbə qəbirstanlığında
dəfn edilib.
Cümşüd Məmmədov
Hərbi And.- 2020.- 24 yanvar.- S.10