“Azərbaycan uşaq ədəbiyyatı
antologiyası”nın banisi Firidun
bəy Köçərli
Yanvarın 26-da “Azərbaycan uşaq ədəbiyyatı antologiyası”nın banisi Firidun bəy Köçərlinin doğum günüdür.
Firidun bəy Köçərli ədəbiyyat tarixçisi, nəzəriyyəçisi, tənqidçisi, tərcüməçi, mətbuat və teatr qurucusu, pedaqoq, maarifçi, böyük vətəndaş və milli duyğulara sahib bir fədai kimi adını tariximizə həkk etdirən tərəqqipərvər elm və ədəbiyyat xadimləri sırasında xüsusi yer tutan şəxsiyyətlərdən biridir.
XIX əsrin sonlarından başlayaraq Azərbaycan türklərinin etnik və mədəni-siyasi qüdrətini, milli varlığını bütün dünyaya tanıtmaq üçün fədakarlıqla fəaliyyətə başlayan ziyalı şəxsiyyətlər arasında Firidun bəy Köçərlinin bənzərsiz siması və böyük xidməti aydın görünür. Onun başladığı şərəfli işin ləyaqətli davamçılarından olan F.Hüseynov doğru deyir ki, XX yüzilliyin birinci rübündə realist bədii nəsr, dramaturgiya, inqilabi satira və publisistika sahəsində Cəlil Məmmədquluzadənin, yeni şeir aləmində Mirzə Ələkbər Sabirin, musiqi mədəniyyəti cəbhəsində Üzeyir Hacıbəylinin gördüyü iş ədəbiyyatşünaslıq elmində Firidun bəy Köçərlinin üzərinə düşmüşdür. O, böyük tənqidçi, Azərbaycan ədəbiyyat tarixçiliyinin banisi, bütün şüurlu ömrünü doğma xalqının maariflənməsi və mədəni-siyasi tərəqqisi yolunda şam kimi əridən ziyalı vətəndaşdır.
Firidun Əhməd bəy oğlu Köçərli 1863-cü il yanvarın 26-da Azərbaycanın dilbər guşələrindən olan Şuşa şəhərində savadlı bəy ailəsində anadan olmuşdur. Ədibin “Köçərli” kimi tanınmasının tarixi kökləri mövcuddur. Onun ulu babalarından olan Məhəmməd Cavanşir mahalın Köçərli kəndindən Şuşaya pənah gətirmiş, şəhərin şimal-qərbində yurd salmış və sonralar onun övladları Köçərli kimi tanınmışdır. Firidun bəyin uşaqlığı qışda Əyricə kəndində, yaz-yayda Şuşada keçmişdir. Atası onda şeirə-sənətə həvəs oyatmaq, ona fars dilini öyrətmək məqsədilə 1872-ci ildə Şuşada Mirzə Kərim Münşizadənin mədrəsəsinə qoyur. Firidun bəy dörd il bu mədrəsədə ibtidai təhsil alaraq, Sədinin “Gülüstan” və “Büstan” əsərlərini, Füzulinin “Leyli və Məcnun” məsnəvisini öyrənir. 1876-cı ildə atasının arzusu ilə doğma şəhərində fəaliyyət göstərən rus məktəbinə daxil olur. Həmin məktəbin üçüncü sinifində oxuyarkən Qoridə yerləşən Zaqafqaziya Müəllimlər Seminariyasının müəllimi, məşhur rus pedaqoqu A.O. Çernyayevskinin (1840-1897) Qafqaz şəhərlərini dolaşaraq Qori Müəllimlər Seminariyası üçün tələbələr cəm etdiyini görən F.Köçərlinin təhsilini daha da artırmağa marağı oyanır. 1879-cu ildə Qori Müəllimlər Seminariyasına oxumağa gedir.
1879-1885-ci illərdə Zaqafqaziya Müəllimlər Seminariyasında təhsil alan F.Köçərli əməksevərliyi və çalışqanlığı sayəsində qısa zaman kəsiyində rus dilini və rus ədəbiyyatını dərindən öyrənərək qabaqcıl tələbələrdən biri olur. Seminariyanı bitirəndən sonra pedaqoji fəaliyyətə İrəvan gimnaziyasında müəllim kimi başlamış (1885-1895), sonra Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsində müvəqqəti təlimatçı kimi (1910-1918) çalışmışdır. Pedaqoji sahədə müvəffəqiyyətlərinə görə dəfələrlə mükafatlandırılan Firidun bəy Köçərli “Kollecski sekretar”, “Titulyar sovetnik” və “Statski sovetnik” rütbələrinə layiq görülmüşdür.
Köçərlini İrəvanda təkcə pedaqoq kimi tanımırdılar. Firidun bəy 23 yaşında İrəvanda teatr tamaşası təşkil edir. Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah” komediyasının tamaşası İrəvan əhalisinin həyatında böyük mədəni hadisəyə çevrilir. 1918-ci ildə Firidun bəyin təşəbbüsü ilə seminariyanın Azərbaycan bölməsi Azərbaycanın Qazax şəhərinə köçürülmüşdür. Sonradan Qazaxda ilk uşaq evi açır. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının üzvü seçilir və İstiqlal bəyannaməsini imzalayır. 1919-cu il fevralın 1-də Müsavat partiyasının səyyar bürosunun Mərkəzi Komitəsinin təşəbbüsü ilə təşkil edilmiş Qazax şöbəsinə sədr seçilir. Sovet işğalına qədər o, Qazax Müəllimlər Seminariyasının müdiri vəzifəsində (1918-1920) işləmişdir.
Firiun bəy Köçərli ədəbi – ictimai fəaliyyətə İrəvan gimnaziyasında çalışdığı illərdən başlamış, ilk məqalələri bu dövrdə işıq üzü görmüşdür. Ensiklopedik biliyə malik görkəmli pedaqoq-alim Firidun bəyin fəaliyyət istiqamətlərinin hər biri ayrıca tədqiqatın predmetidir. Onun pedaqoji, ədəbiyyatşünaslıq sahələrində fədakar, yorulmaz fəaliyyəti, publisistik və epistolyar irsi Azərbaycanın elmi-mədəni inkişafında mühüm iz qoymuşdur. Ədəbiyyatşünaslıq fəaliyyəti ilə Azərbaycanda yeni tədqiqatçılıq məktəbinin əsasını yaratmışdır. Klassik və müasir Azərbaycan ədəbi fikri ilə yanaşı, rus ədəbiyyatı klassiklərinin həyat və yaradıcılığının tədqiqi F.Köçərlinin elmi araşdırmalarında əhəmiyyətli yer tutur.
Firidun bəy Köçərli Azərbaycan folklorşünaslığında da xüsusi xidmətləri olan şəxsiyyətlərdəndir. Mütəxəssislərin də təsdiqlədikləri kimi, folklorşünaslığın yaranması şifahi xalq ədəbiyyatının toplanması, sistemləşdirilib nəşr olunması ilə bilavasitə bağlıdır.
Şifahi xalq ədəbiyyatının növ və janr zənginliyini aşkarlayan görkəmli ədəbiyyatşünas onların unudulmaq təhlükəsini duyaraq folklor nümunələrimizi toplamağa başlamışdı. Onun 1908-ci ildə ölkəmizin müxtəlif bölgələrinin şifahi söz xəzinəsini əks etdirən “Balalara hədiyyə” kitabı işıq üzü görmüşdür. Bu kitab Azərbaycan folklorunun ilk antologiyası idi. Bu kitab indi də uşaqlar üçün maraqlı və əzizdir.
Dövrünün ədəbi hadisələrini diqqətlə izləyən Firidun bəy Köçərli ədəbiyyatda xəlqiliyin və demokratik meyllərin inkişaf etdirilməsi üçün ciddi səy göstərmiş, realizmin yorulmaz təbliğatçısı olmuşdur.
Firidun bəy Köçərli Azərbaycan ədəbiyyatşünaslığı tarixində ilk dəfə olaraq XX əsrə qədərki ədib və şairlərin böyük əksəriyyətini əhatə edən ədəbiyyat tarixini yazmağa təşəbbüs göstərmişdir. “Materiallar” da yüz iyirmi doqquz şairin ədəbi irsi və onlardan böyük bir qisminin ilk dəfə olaraq tərcümeyi-halı verilmiş, əsərləri haqqında orijinal fikirlər söylənmişdir.
Böyük yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayev Firidun bəy Köçərlinin xidmətlərini nəzərə alaraq demişdir ki, bir institutun görə bilmədiyi işi o, təkbaşına görmüşdür. Bu görkəmli maarifçi iyirmi ildən çox Qoridə, on il İrəvan gimnaziyasında, iki ilə yaxın Qazax seminariyasında azərbaycanlı gənclərin təlim-tərbiyəsi ilə məşğul olmuş və “Azərbaycan ədəbiyyatı” kimi çox sanballı elmi əsər yazmışdır.
Görkəmli ədəbiyyatşünasın dilə dair görüşlərində mətbuat dili məsələləri də mühüm yer tuturdu. O, M. F. Axundzadə və M.Şahtaxtinskidən sonra Azərbaycan mədəniyyətinin inkişafı naminə əlifba islahatı aparılması yolunda çalışan xadimlərdəndir. Azərbaycan dilini başqa dillərin zərərli təsirindən qorumaq üçün F. Köçərli, Y.V.Çəmənzəminli, Ü.Hacıbəyli, Ö.F.Nemanzadə və başqa mütərəqqi ziyalılardan ibarət cəbhə yaradıldı. Bu cəbhənin işi Azərbaycan ədəbi dilini canlı xalq dilinə getdikcə daha artıq yaxınlaşdırmaq, inkişaf etdirmək idi. Onlar dili millətin əvəzsiz sərvəti hesab edirdilər. F. Köçərli müasir ziyalılara və tələbələrinə Azərbaycan dilini yaxşı bilmək, onun canlı üslubunda yazıb yaratmaq üçün M.P. Vaqif, M.V.Vidadi, H.Zərdabi, S.Ə.Şirvani, A.Bakıxanov, Q.Zakir, M.F.Axundzadə kimi yazıçıların əsərlərini oxuyub öyrənməyi məsləhət görürdü.
Rus ədəbiyyatının Azərbaycanda yayılmasında və təbliğində Firidun bəy Köçərli bir çox müasirlərindən işinin ardıcıllığı ilə seçilirdi. Beləliklə, görkəmli ədəbiyyatşünas alim, tənqidçi və maarif xadimi Firidun bəy Köçərlinin elmi fəaliyyəti Azərbaycan tarixinin qiymətli səhifələrindən, onun “Azərbaycan ədəbiyyatı” monoqrafiyası isə milli ədəbiyyatşünaslığın yeni istiqamətində inkişafında böyük rol oynayan və özünün saysız-hesabsız müsbət, mütərəqqi cəhətləri ilə bu gün də əhəmiyyətini, təravətini itirməyən əsərlərdən biridir. Bu xidmətlərinə görə Firidun bəy 1899-cu ildə III dərəcəli “Müqəddəs Anna”, 1902-ci ildə isə II dərəcəli “Müqəddəs Stanislav” ordenləri ilə təltif edilmişdir.
Təəssüf ki, 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra başlanan faciə və məqsədli terror qurbanlarından biri də Firidun bəy Köçərli oldu. O, sovet hakimiyyətinin elə ilk aylarında repressiyaya məruz qaldı. Belə ki, 1920-ci ilin mayında Qazax kommunistləri Köçərlini və Müsavatın digər üzvlərini xalqa xəyanətdə, milli nifaq törətməkdə ittiham etdilər. Müsavatçı olduğu üçün ona “əksinqilabçı” və “millətçi” damğası vuraraq günahlandırırlar. Guya Azərbaycan Xalq Cümhuriyyəti dövründə F.Köçərli ona verilən səlahiyyətlərdən sui-istifadə edərək xalqı aldadıb, əhalini incidib, Kommunist Partiyasının üzvlərini təqib edib, yoxsul kəndlilərin torpaqlarını şallaq gücünə mənimsəyib, yerlərdə milli nifaq törədib. İttihamların hamısını rədd etməsinə baxmayaraq, Gəncə Fövqəladə Komissiyası Firidun bəyi ölüm cəzasına məhkum edib. 1920-ci ildə Gəncədə baş verən antisovet üsyanı zamanı XI Qızıl ordunun 20-ci diviziyasının hökmü əsasında mayın 24-də evinin qarşısında həbs edilib. Erməni Sarkis Danilyanın diktəsi ilə haqqında verilən saxta hökmə əsasən Firidun bəy Köçərli iyun 4-də 58 yaşında güllələnib. Xalq şairi Mirvarid Dilbazi bu hadisəni şeir dili ilə oxucusuna aşağıdakı şəkildə çatdırmışdır:
Başına tuşlanan düşmən xəncəri
Xalqının qəlbinə tuşlandı sənin.
Bu müdhiş ölümün acı xəbəri
Sağalmaz dərdidir bizim vətənin.
Azərbaycan xalqının ləyaqətli oğlu, böyük ziyalı, ədəbiyyatşünas-alim, maarifçi-demokrat Firidun bəy Köçərli ümumtürk mədəniyyətinin tərəqqi və çiçəklənməsinə xidmət göstərmiş, fəaliyyətinin bütün sahələrində türk xalqlarının, türk ədəbiyyatının və mədəniyyətinin ayrılmasına, təfriqə düşməsinə yox, birliyinə, möhkəmlənməsinə çalışmışdır. Bütün şüurlu həyatı boyu mətbuatla sıx əlaqədə olan Firidun bəyin yüzlərcə məqaləsi hələ sağlığında Bakı, Tiflis, Bağçasaray və Peterburqda çıxan qəzetlərdə nəşr olunmuş, bir neçə kitabı işıq üzü görmüşdür.
Ədibin xatirəsi Azərbaycan xalqı və dövləti tərəfindən əziz tutulur. Azərbaycan Respublikası Mərkəzi Komitəsinin 1967-ci il 12sentyabr tarixli Sərəncamına əsasən Firidun bəy Köçərlinin adı Respublika Uşaq Kitabxanasına verilib, onun kitabları nəşr etdirilib, haqqında çoxlu məqalə, kitab, dissertasiya yazılıb, ədəbi irsi araşdırılıb və tədqiq olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2013-cü il fevralın 14-də Firidun bəy Köçərlinin 150 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Bu münasibətlə “Balalara hədiyyə” kitabı yenidən çap olunub.
Firidun bəy Köçərli
adına Respublika Uşaq Kitabxanasının
elmi katibi Tünzalə Əzizova
Hərbi And.- 2020.- 31 yanvar.- S.18.