LƏLƏTƏPƏ FATEHİ
Aprel
savaşının qərhamanlarından olan şəhid Rasim
Məmmədovu böyük qürur hissi ilə anırıq…
Elə bil bu dünya sənsizliyə qərq olub. Hər yerdən
sənsizlik boylanır. Hər kəsin
gözlərindən sənsizlik tökülür.
Artıq 5 il ötməsinə baxmayaraq, bu
sənsizlik ilk günkü kimidir. Ürək sənsizliyin
ilk toxunuşunda necə titrəmişdisə hələ də
eyni titrəyir. Hələ bəzi xəyallar
ki, var bax ən çox onlar düçar olub sənsizliyə.
Səni sənsiz yaşadan xəyallar. Sanki bir nəfəs kimi yaxın olduğun xəyalların
qanadları bir anda qırılır və bir daş məzara
çırpılır. O an
bütün cahanı sən adlı sənsizlik
bürüyür Rasim…
Əslində sən doğulduğun gün 1977-ci ilin 20
mayında vətənə pənah olmuşdun. O zaman heç kim bunun fərqində olmasa da qısa müddət
sonra əqidənlə sən bunu aşkara
çıxardın. Fərqliliyinlə fərqləndin.
Bir az da ailənin qəhrəmanlarına bənzəyirdin.
Axı böyüdüyün ailə qəhrəmanlar
ailəsi idi. Atanın, əminin ürəyindəki
vətən eşqi ürəyinə, gözlərindəki
intiqam qığılcımı isə gözlərinə
sıçramışdı. 1983-1994-cü
illərdə Cəhri kənd orta məktəbində oxuyan
şagirdlər arasında vətənin işıqlı
sabahı olacağın heç kimə sirr deyildi. Çünki sən bir qəhrəman oğlu idin.
O qəhrəmanın isə düşməndən
alınacaq qisası var idi. Bir də düşmən
tapdağında olan torpaqlar. Bir qazi
oğlu vətən torpaqlarının düşmən
tapdağında olmağına razı olarmı? Xeyir!
Sən sonunu bildiyin yolu getməkdə qərarlı idin. Çünki
o yolun yolçusu olan atan Əbdül Məmmədov gözlərinin
önündə idi. Yaxşı bilirdin
ki, vətən yolun gedənlərin son dayanacağı ya
şəhadətdir ya da şəhadətin bir
addımlığından dönülən qazilik. Bu gerçəyi bilərəkdən 1996-cı ildə
Bakı Ali Birləşmiş Komandirlər Məktəbinə
addım atdın. 2000-ci ildə həmin məktəbi
tank qoşunları komandiri ixtisası üzrə bitirdikdən
sonra Müdafiə Nazirliyinin əmri ilə hərbi xidmətini
N saylı hərbi hissədə davam etdirdin. Sən artıq bir Leytenant Rasim Məmmədov idin.
Ancaq hələ gedəcək yolun uzun idi.
2000-ci ildən 2001-ci ilə qədər N
saylı hərbi hissədə “təlim taborunun
tuşlayıcı tağımının komandiri, 2001-ci ildən
2002-ci ilə qədər isə həmin hərbi hissədə
“təlim döyüş tankları” tağımının
komandiri vəzifələrində çalışdın.
2002-ci ildə Müdafiə Naziri Səfər
Əbiyevin əmri ilə baş leytenant rütbəsi
aldın. Həmin ildən 2005-ci ilə qədər
N saylı hərbi hissədə “tank” tağımının
komandiri vəzifəsində çalışdın.
Baş leytenant rütbəsi aldıqdan 3 il
sonra, 2005-ci ildə kapitan rütbəsi aldın və N
saylı hərbi hissədə Mexanikləşdirilmiş
bölük komandiri vəzifəsində
çalışdın. Ötən zamanla bərabər
bir hərbçi kimi püxtələşdin. Körpəlikdən könül verdiyin vətəninə
sevərək xidmət etməyin çətinliyi gözlərinə
görünmürdü. Axı sevənlər
sevdiyi uğrunda ölümə belə gedərlər. 2007-ci ildən 2010-cu ilə qədər
Motoatıcı Taborun Qərargah rəisinin Maddi Texniki Təminat
üzrə köməkçisi, 2010-cu ildən 2011-ci ilə
qədər isə həmin Motoatıcı Taborun rəisi vəzifəsində
çalışdın. Daha sonra bir
müddət digər hərbi hissənin Motoatıcı
Taborun Qərargah rəisi kimi xidmət etdin. 2011-ci ildə Müdafiə Naziri Səfər
Əbiyevin əmri ilə mayor rütbəsinə yüksəldin.
Ancaq yüksələcəyin ən
böyük rütbə hələ qabaqda idi. 2011-ci ildən
2012-ci ilə qədər N sayılı hərbi hissədə
Motoatıcı Taborun komandirinin müavini, 2012-ci ildən
2014-cü ilə qədər isə həmin hərbi hissədə
Motoatıcı Taborun komandiri vəzifəsində
çalışdıqdan sonra, 2014-cü ildən 2015-ci ilə
qədər həmin hərbi hissənin 2-ci Motoatıcı
Taborun komandiri kimi xidmət etdin.18 aprel 2015-ci ildən, şəhid
olduğun günə qədər isə N saylı hərbi
hissədə Motoatıcı Taborun komandiri vəzifəsində
çalışdın.
Ömrünün hər anından vətən boyda
ümid boylanırdı vətənə. İki əlli
tutduğun vətənin yolunda irəlilədikcə sevdiklərindən
uzağa düşürdün. Addım-addım
uzaqlaşırdın. Məsafələr
dərinləşir, kəskinləşirdi. Bəzən həsrətin sevənlərinin ürəyinə
toxunurdu. Ancaq bir gəlişinlə
qışdan sonra gələn bahar kimi çöhrələrə
gülüş bəxş edərdin, yazda qoxan torpaq kimi
qoxardın vətən oğlu. Nazilə
ana səndən övlad qoxusu duyardı, Qazi Əbdülsə
həsrət qaldığı torpaqların qoxusun. Bir gün o həsrətli torpaqların,
Qarabağın torpağını gətirəcəyin arzusu
ilə yaşayırdı səni sevənlər. Elə də oldu. Bir zaman sən
torpaq qoxurdun, indi isə torpaq sən qoxur. Qoxunu
duydum şəhid. Lələ təpə
torpağına hopan qanının qoxusunu…
Əbəs yerə Lələtəpə fatehi deyilmir sənə. Sən o
torpağı fəth edən qəhrəman kimi tarixin
yaddaşına həkk olunmasın Rasim Məmmədov.
2016 – cı ilin aprel ayında tarixin toz tutan səhifələrini
igidlər qan ilə yudular. Vətən
yollarına şəhidlər qan, şəhid anaları
göz yaşı çilədi. O yolların bir
çox yolçuları dönüşlərində azad
olan torpaqlarda ucalan bayraqların əksi düşən
tabutlarda döndülər. Sənin kimi…
Dönüşün duruşun kimi əsalətindən
xəbər verirdi. Zarafat deyil illərdən sonra düşmən
tapdağından torpaq azad etmək. Azadlığa
gedən yoldan bəhs olunan “Aprel zəfəri” adlı qəhrəmanlıq
dastanının ilk səhifəsini qanı ilə yazan şəhidlərdən
biri kimi tarixdə qaldın. Sən qalib
kimi döndün. Şanına
yaraşdı ucaltdığın bayraq. İllərdi
addım ata bilməyən atan bayraqlı tabutunun önündə
məğrur durdu. İllər öncə
Sədərəkdə məğrur duruşu ilə göz
oxşayan hərbçi indi şəhid atası kimi məğrur
duruşu ilə göz oxşadı. Ürəyindən
qopan o teli bəlli etmədi kimsəyə. Əslində həmin gün ruhu yaşamdan
ayrıldı cismi günlər sonra yaşamdan ayrılan
şəhid atasının.
Qardaşların
Aslan, Şahin və Etibar şəhadətinin alovu ilə
yanan ürəklərinə əmanətlərinin göz
yaşlarını çilədilər. Bu həsrətin
küləyi nə qədər sərt əssə də
qardaşlar bir-birinə tutunub ayaqda qalmağı
bacardılar. Axı onlar şəhid
qardaşlarıdır.O adı qürurla daşıdılar.
Həmin gün qanınla boyanan şanlı bayraq
övladlarının göz yaşları ilə islandı. Onlar
atasızlıq adında sonu görünməyən bir yola
ilk addım atdılar. Ürəyi sevginlə
döyünən yarın həmin gün sənsizliyə
düçar oldu.
Aprelin 4-dən 5-nə keçən gecə sanki
Naxçıvanın gözlərinin yuxusu ərşə
çəkilmişdi. Bütün naxçıvanlılar qəhrəmanının
gələn yollarına düzülmüşdü. Hər
kəs qalibiyyətin dərilən çiçəyinə
gözlərindən səhər jaləsi pay verməyə
çalışırdı. Vətəndaşlar
son dəfə sevgi seli ilə şəhidini son mənzilə
yola saldılar. Əslində isə 5 aprel
günü sənin cismin torpağa tapşırılsa da
adın ürəklərdə əbədi yazıldı.
Həsrətinə
atan kimi dözməyib cənnətinə tələsənlərdə
oldu, bu dünyada sənsizliyə qərq olanlar da…
Vətənə elə layiqli xidmət etdin ki, ilk
öncə əsgərlərin, zabitlərin, rəğbətini
qazandın.
Daha sonra xidmətin ölkə başçısı
İlham Əliyevin sərəncamı ilə “Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin 95 İlliyi”
yubiley medalı, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
90 illiyi (1918-2008)” yubiley medalı, “Qüsursuz xidmətə
görə” 3-cü dərəcəli medalı, “Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin 10 illiyi
(1991-2001)” yubiley medallarına layiq görüldün. Şəhadətə
ucaldığın gün ən ali mükafatı qazandın
və şəhadətindən sonra “Qüsursuz xidmətə
görə ” 2-ci dərəcəli
medalı və “Vətən uğrunda” medalına layiq
görüldün.
Şəhadət ən böyük arzun olsa da
Qarabağı tam azad etdikdən sonra şəhadətə
ucalmaq arzusunda idin. Ancaq sən Qarabağa gedən yoldakı ən
aşılmaz səddi aşdın və şəhid oldun.
Sayəndə 5 il öncə Lələ təpə
yüksəkliyinə sancılan bayraq hər əsintisində
Azərbaycan ordusunda qalibiyyət əzmini daha da
artırdı. Həmin o əzmin gücündən
2020-ci ildə zəfər doğdu. Azərbaycan ordusu sənin
və sənin kimi minlərlə oğulların
intiqamını alıb, Qarabağın vətən həsrətli
ürəyində bayraq ucaltdı.
ŞƏHİD RASİM
Sənin
məzarından vətənin əksi,
Görünür hər Günəş qürub edəndə.
Gecənin
sükutu susub dinləyir,
Susmuş rəsimlərin dilə gələndə.
Bu
susmuş daş məzar dil açıb deyir,
Vətənin qanayan yaralarından.
Sanki
anaları xəbərdar edir,
Yaralı
can verən balalarından.
Neçə
əsgərinin son nəfəsində,
Sonuncu kəlməsin duymusan şəhid?!
Sən də
son nəfəsi verdiyin zaman,
O son nəfəsinə
kim oldu şahid?
Sən Lələtəpəyə
sancdığın bayraq,
Zəfər sədasıyla hey dalğalanır.
Bu
günkü zəfərin qalib ordusu,
Bütün şəhidləri rəhmətlə
anır.
İlk zəfər
sevincin siz yaşatdınız,
Dərdi tükənməyən uca millətə.
Rasim,
öz ömrünü sən bəxş elədin,
Qəlbi dağlı olan bu məmləkətə.
Manya SƏXAVƏTQIZI
Hərbi And.- 2021.- 2 aprel.- S.15.