Tariximizin qanla
yazılan səhifələri
Respublikamız yenidən müstəqilliyini qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edildi. Uzun illər gizli saxlanılan, üzərinə qadağalar qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır. Xalqımıza qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biri idi.
"Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları hələ ötən əsrin əvvəllərindən azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirməyə başladılar. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki tarixi Azərbaycan kəndlərini əhatə etdi. Bu qanlı hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədib, azərbaycanlıların mənfi obrazını yaradaraq, özlərinin avantürist torpaq iddialarını pərdələdilər.
Birinci Dünya müharibəsindən, Rusiyada baş vermiş 1917-ci ilin fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918-ci ilin martından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumilikdə Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Rusiyada baş vermiş Oktyabr inqilabının nəticəsində Stepan Şaumyanın başçılıq etdiyi bolşevik Bakı Soveti Bakı quberniyasında hakimiyyəti ələ keçirməyə nail oldu. Etnik erməni olan və Britaniya hökumətindən milyon qızıl rubl məbləğində ilkin yardım alan S.Şaumyan Bakıda azərbaycanlılara qarşı bolşeviklərlə erməni millətçilərinin əməkdaşlığını təmin etdi.
Bakıda qırğın törədilməsinə hələ 1918-ci ilin yanvarında cəhd edildi. Müsəlman korpusunun komandiri general Talışınskinin həbsi şəhərin türk-müsəlman əhalisində ciddi qəzəb doğurdu. Bundan istifadə edən ermənilər isə silahlı toqquşmaya cəhd göstərdilər. Lakin ermənilərin yanvarda qırğın törətmək planları baş tutmadı. Hələ general Talışınski Bakıya gəlməzdən bir neçə gün əvvəl bolşevik rəhbəri Lenin Bakı Sovetinin başçısı Şaumyana belə bir məzmunda teleqram göndərir: "Hörmətli yoldaş Şaumyan, məktubunuz üçün təşəkkür edirəm. Sizin düşünülmüş siyasətiniz bizə çox xoşdur və yaranmış vəziyyətdə siyasətinizin daha dərin və ehtiyatlı diplomatiya ilə birgə tətbiq edilməsini məqsədəuyğun sayır və nəticədə qələbə çalacağımıza əminik. Çətinliklər gözlənilməzdir, indiyədək biz yalnız imperialistlər arasında narazılıqlar və münaqişələr nəticəsində irəli getmişik. Bu konfliktləri işlətməyi öyrənin, hal-hazırda diplomatiyanı öyrətmək vacibdir. Bütün dostlara xoş arzular və salamlar."
Ermənilər öz məkrli niyyətlərini mart ayında həyata keçirə bildilər. Şaumyan Bakı Sovetinin iclasında bildirir ki, bu təşkilat Zaqafqaziyada vətəndaş müharibəsinin başlıca istehkamına çevrilməlidir. Toqquşmanın başlanması üçün bəhanə isə Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmmədin cənazəsinin "Evelina" gəmisində Lənkərandan Bakıya gətirilməsini təşkil edən 48 hərbçinin gəlişi oldu. Ermənilər şayiə yaydılar ki, guya bu zabitlər Muğandakı malakan kəndlərini dağıtmaq barədə göstəriş alıblar. Bunu bəhanə gətirən Şaumyan gəmidəki zabitlərin tərksilah olunması üçün göstəriş verdi. Buna etiraz edən yerli əhali isə küçələrə çıxıb zabitlərin tərksilah olunmasına etirazını bildirdi. Beləliklə, dinc əhaliyə qarşı soyqırımı başladı. Belə ki, təxminən 7 min erməni əsgəri müxtəlif cəbhələrdən Bakıya gətirilir. Bundan başqa "Qırmızı qvardiya" adı altında yaradılan 10-12 minlik ordunun da 70 faizi ermənilərdən ibarət idi. Qabaqcadan hazırlanan anlaşmaya əsasən, bolşevik-erməni koalisiyası cəbhə boyu hücuma keçir. 1918-ci il martın 30-da erməni kilsəsi yanında toplaşan daşnak dəstəsi müsəlmanlara ilk atəş açdı. Təpədən-dırnağadək silahlanmış erməni əsgərləri müsəlmanların evlərinə basqınlar edərək onları vəhşicəsinə öldürür, körpələrə və qocalara aman vermirdilər. Qadınlar daha ağır şəkildə öldürülürdülər. Arxiv materiallarına əsasən qulaqları, burunları kəsilən, orqanları parça-parça edilən 37 qadının meyiti tapılmışdı.
Xalqımızın görkəmli oğlu Nəriman Nərimanov erməni vəhşilərinin törətdikləri qətliamlar haqqında belə bəhs edirdi: "Bolşevik olan bir müsəlmana belə aman verilmədi. Müsəlmanlara qarşı hər cür cinayəti etdilər. Nəinki kişilər, hətta hamilə qadınlar da daşnaklardan canlarını qurtara bilmədilər."
31 mart səhər tezdən bolşevik-daşnak dəstələri azərbaycanlılar yaşayan "Kərpicxana", "Məmmədli" və başqa məhəllələrə hücum etdilər. Həmin məhəllələri havadan təyyarələr, dənizdən isə hərbi gəmilər bombalamağa başladı. Ermənilər rusları inandırmışdılar ki, guya İçəri şəhərdə azərbaycanlılar rusları qırıblar. Matroslar bunun yalan olduğunu biləndən sonra atəşi dayandırsalar da, artıq gec idi, alova bürünmüş məhəllələrdə ölənlərin sayı-hesabı yox idi. Erməni daşnak qüvvələri heç kimə rəhm etmirdilər, qarşılarına çıxan hər kəsi türk deyə dərhal qətlə yetirirdilər. Daşnaklar deyirdilər: "Biz heç bir bolşevik tanımırıq, təkcə müsəlman olmağın kifayətdir." Onlar evləri qarət edir, adamları yandırır, hamilə qadınları ağlasığmaz işgəncələrlə qətlə yetirirdilər. Ermənilər azərbaycanlılara məxsus məktəbləri, kitabxanaları, mədəniyyət ocaqlarının hamısını yandırırdılar. Hətta İçəri şəhərə hücum zamanı Bakının ən gözəl memarlıq abidələrindən olan "İsmailiyyə" binası yandırılır, "Açıq söz", "Kaspi", "Baku" qəzetlərinin redaksiyaları dağıdılır, "Təzə pir" məscidinin minarələri isə top atəşi ilə dəlik-deşik edilir.
Mart soyqırımı zamanı təkcə Bakıda 12 mindən çox adam qətlə yetirildi. Bolşevik-daşnak dəstələrinin bu vəhşilikləri ancaq Bakı ilə bitmir. Onlar Quba, Şamaxı, Kürdəmir, Salyan və Lənkəran qəzalarında soyqırımını davam etdirmişdilər.
Ermənilər bütün Azərbaycanı işğal etməyə cəhd göstərirdilər. Onlar bu dəfə Qarabağda yaşayan ermənilərlə birləşib Gəncəyə hücuma hazırlaşırdılar. Lakin 1918-ci ilin mayında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, Azərbaycanın ərazi bütövlüyü uğrunda ölüm-dirim mübarizəsinin başlanması işğalçıların bütün planlarını pozdu.
Mart hadisələri, əslində, bolşeviklərin daşnaklarla birlikdə həyata keçirdikləri milli qırğın idi. Bu qırğının əsas təşkilatçısı olan Şaumyan özü də 1918-ci il aprelin 13-də rəsmi məktubunda etiraf edirdi: "Biz süvari dəstəmizə birinci silahlı hücum cəhdindən bəhanə kimi istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik… Bizim altı min nəfərə yaxın silahlı qüvvəmiz var idi… "Daşnaksütyun"un da üç-dörd min nəfərlik milli hissələri var idi ki, bunlar da bizim ixtiyarımızda idi. Milli hissələrin inkişafı vətəndaş müharibəsinə qismən milli qırğın xarakteri vermişdi, lakin buna yol verməmək mümkün deyildir. Biz bilərəkdən buna yol verdik."
1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Lənkəran və digər ərazilərdə erməni faşistləri 50 min azərbaycanlını qətlə yetirib, 10 minlərlə insanı öz ata-baba yurdundan qovublar. Bu qətliamlar Azərbaycan xalqının tarixinə qara hərflərlə yazılıb.
Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirdi. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. 1919 və 1920-ci illərin martın 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edildi. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımına tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi.
Yetmiş ildən sonra yenidən öz müstəqilliyinə qovuşan
Azərbaycanda ermənilərin xalqımıza qarşı
törətdiyi 31 mart soyqırımı
faciəsinin araşdırılması və həqiqətlərin
dünyaya yayılması işi
ümummilli lider Heydər
Əliyevin təşəbbüsü ilə
başlanılıb. 1998-ci il
martın 26-da Ulu Öndərin
imzaladığı və böyük tarixi əhəmiyyət daşıyan "Azərbaycanlıların
soyqırımı haqqında" Fərmanla 1918-ci il martın 31-i "Azərbaycanlıların
Soyqırımı Günü" elan edildi. Bundan
sonra həmin tarixin
öyrənilməsi istiqamətində mühüm
işlər görüldü, çoxlu əsərlər yazıldı və
əcnəbi dillərə tərcümə olundu.
Son illər
bu sahədə aparılan
araşdırmalar sayəsində çoxlu
sayda yeni faktlar və sənədlər
toplanılıb. Quba şəhərində
tapılan kütləvi məzarlıq bu
faciənin qanlı epizodlarından biridir.
1918-ci ilin
aprel-may aylarında yalnız Quba qəzasında 167 kənd
tamamilə məhv edilib. Quba soyqırımı
məzarlığı 2007-ci il aprelin
1-də ərazidə tikinti
işləri aparılarkən
aşkar olunub. 2009-cu ildə Nazirlər
Kabinetinin sərəncamına
uyğun olaraq "Quba rayonunda kütləvi qətl qurbanlarının xatirəsinin
əbədiləşdirilməsinə dair tədbirlər planı" təsdiq edilib, aşkar olunmuş kütləvi məzarlığın yerləşdiyi
ərazidə monumental xatirə
kompleksinin ucaldılması
və abadlıq işlərinin aparılması
qərara alınıb.
Ərazidə yaradılmış
Quba Soyqırımı
Memorial Kompleksinin 2013-cü il sentyabrın
18-də açılışı olub. Aparılan tədqiqat zamanı müəyyən edilib ki, məzarlıqda azərbaycanlılarla bərabər,
Qubada yığcam halda yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələri də
amansızcasına qətlə
yetirilərək basdırılıb.
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev tərəfindən "1918-ci il
azərbaycanlıların soyqırımının
100 illiyi haqqında"
2018-ci il 18 yanvar tarixli Sərəncam imzalanıb.
Dövlət başçısı 31 Mart - Azərbaycanlıların Soyqırımı
Günü ilə əlaqədar xalqımıza
müraciətində deyirdi:
"Erməni ideoloqları
tərəfindən uydurulan
"Böyük Ermənistan"
dövləti yaratmaq üçün xalqımızın
tarixi kobud şəkildə saxtalaşdırılmış,
uydurma tezislər və yalançı faktlarla dünya ictimaiyyətini aldatmışlar.
Siyasi-ideoloji təxribat və
dezinformasiya sahəsində
çoxillik təcrübəsi
olan erməni millətçi ideoloqları
xalqımıza qarşı
daha incə və məkrli metodlarla təbliğat aparmışlar və bu gün də
bu avantürist siyasəti davam etdirirlər."
Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə
Vətən müharibəsində
qazanılan qələbə
və 10 noyabr bəyanatı ermənilərin
bir əsrdən çox davam edən ərazi iddiasına birdəfəlik
son qoydu, tarixi ədalət zəfər çaldı.
Lalə HÜSEYNOVA
Hərbi And.- 2021.- 2 aprel.- S.5.