Nəcəfov qardaşları - qalib, qazi, şəhid
44 günlük müharibə ərəfəsində gözümüzü ekranlardan yığmadıq, saytları, qəzetləri davamlı izlədik. Gündəlik xəbərlərdən hali olmaq üçün bəzən gecəni səhərə qədər yatmadıq. Müharibənin gətirdiyi ağrı-acıya rəğmən qələbəmizə inandıq, bu inamla yaşadıq. Ali Baş Komandanın qətiyyətli mövqeyi, xalq-ordu birliyi qələbəyə gedən yolları hər gün daha da yaxınlaşdırırdı. Gələn şəhid xəbərləri insanları ruhdan salmadı. Şəhid varsa, torpaq da var, Vətən də, Şəhidlərə ölüm yoxdur Vətəndə! - şüarı ilə insanlar şəhidini qarşılayıb böyük ehtiramla əbədiyyətə yola saldılar: alqışlarla, fəxarətlə. Ailələrin qəhrəmanını hansı əhvalla qarşılayıb yola salmalarını müşahidə etdikcə bir daha əmin oldum ki, bu xalqın qürurunu, birliyini, əzmini sındırmaq olmaz. Bu xalq ruhən qalibdir və zəfər onun haqqıdır.
17.11.2020... Efirdə bir atanın çıxışı diqqətimi cəlb etdi, sona qədər izlədim. Şəhid leytenant Yaqub Nəcəfovun dəfnindəki mənzərə bu idi: zabitin qürurlu çıxışı, bayrağı öpüb şəhid atasına təqdim etməsi, atanın reaksiyası, ananın mətanətli duruşu.
Alqış sədaları altında bayraq şəhidin atası Məhəmməd Nəcəfova təqdim olunur. Bayrağı öpərək bağrına basan ata danışır: "30 ilə yaxın idi ki, torpaqlarımız işğal altında idi. Qəhrəman ordumuzun sayəsində işğala son qoyuldu. Rəşadətli ordumuzun tərkibində mənim 3 oğlum iştirak edib. Döyüşlərdə iştirak edən övladlarımdan baş leytenant İsmayıl Nəcəfov yanımdadır, İbrahim Nəcəfov yaralıdır, Bakıda hospitalda müalicə alır, Yaqub balamız isə şərəfli yol keçərək şəhadətə ucaldı. Kim idi Yaqub? İlk təhsilini Culfa şəhər 1 nömrəli tam orta məktəbdə alıb. Heydər Əliyev adına Hərbi Liseyin məzunu olub. Bakıda ali hərbi təhsilini bitirdikdən sonra xidmətə başlayıb. Zəngilanın, Qubadlının, Füzulinin, ən sonda Şuşanın azad olunmasında iştirak edib. Eşq olsun, Azərbaycan Ordusuna!" Atanın çıxışı alqışlarla qarşılanır. 3 qəhrəman oğul böyüdən atanın çıxışı qədər ananın mətanətli duruşu da qürurvericidir. Bu hər hansısa bir əsərdən epizod deyil, bunlar günümüzün insanları idi: vətənpərvər, məğrur, birlik nümayiş etdirən insanlar. Dövlətinə sonsuz inam və sevgi bəsləyən xalqın nümayəndələri. Min bir əziyyətlə övlad böyüdən və onu Vətənə qurban verən Azərbaycan qadınının mərdanə duruşu, atanın qürurlu çıxışı, əslində, hər bir Azərbaycan qadınının və kişisinin ümumiləşdirilmiş obrazı idi. Silah, sursat, texnika öz yerində. Xalqın əzmkarlığı, ordusunun, Ali Baş Komandanının ətrafında sıx birləşməsi qələbənin həlledici məqamlarından idi…
Bu ailə ilə yaxından tanış olmaq üçün yolumu Culfa şəhərindən salıram. Zənnim məni yanıltmamışdı. Məhəmməd müəllim haqlı olaraq oğulları ilə fəxr edir. Kiçik oğlu Yaqubun yoxluğu onu bir ata olaraq sarsıtsa da, oğlu haqqında hər kəsə qürurla bəhs edir. O, qardaşlarının yolunu davam etdirmək üçün bu yolu seçdi. Özündən böyük olan əkiz qardaşları İbrahimlə İsmayıl Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseydə oxuyanda Yaqub da qardaşlarını görməyə gedər, onların geyindiyi forma ilə qürurlanardı. Bəlkə də o zaman kiçik Yaqub üçün bu peşə çox gözəl və mətin bir görkəm verən formadan ibarət idi. Yaşa dolduqca, Vətən, torpaq anlayışına sahib oldu. Vətənin oğlu olmaq istədi, qardaşlarının açdığı cığırla irəlilədi. Vətənpərvərliyi, biliyi, nizam-intizamı ilə müəllim və zabitlərinin ürəyində yer tutdu.
Hərb peşəsi Yaqubun həyat amalına çevrilmişdi. O artıq seçdiyi peşənin məsuliyyətini dərk edir, bu yolun çətinliklərini yaxşı anlayırdı. Vətən torpaqlarının darda olduğunu bilən Yaqub seçdiyi peşənin peşəkarı olmaq yolunda addımlar atır, torpaqların işğaldan azad edilməsində pay sahibi olmaq istəyirdi.
27 sentyabr 2020... Müharibənin ön sıralarında Nəcəfov qardaşları da olur. Leytenant Yaqub Nəcəfovun Zəngilandan başlayan döyüş yolu Şuşaya qədər davam edir. Ölümün gözünə dik baxan və Şuşanın azad edilməsində pay sahibi olan Yaqub döyüşlər zamanı şəhadətə qovuşur. Bu zaman İbrahim hospitalda, İsmayıl isə əldə silah Vətənin müdafiəsində idi. Döyüş yolu keçən və döyüşün nə olduğunu yaxşı bilən hər iki qardaş öz iradələri, əzmləri ilə atalarına dayaq olurlar.
Hərb peşəsi çətin, çətin
olduğu qədər də şərəflidir.
Bu peşənin fərqi bir
də ondadır ki, ölümün
gözünə dik baxırsan. Heç nə səni qorxutmur. Bir amalın, bir sevgin var,
adı Vətən! O
amal uğrunda şirin canını fəda etməyə hazırsan və buna qadirsən! Təki Vətən sağ olsun!
Ölümündən sonra leytenant Yaqub Nəcəfov "Vətən
uğrunda", "Cəsur
döyüşçü", "Şuşanın azad olunmasına görə"
medalları ilə təltif olunur.
Nəcəfovlar ailəsi şəhidini əbədiyyət
yolçusu etdikdən sonra
qazisini - İbrahimi
qarşılayır. İbrahim indi sol gözünün
nurunu o müqəddəs
torpaqlardan alır - Ağdamdan,
Kəlbəcərdən, Laçından, Zəngilandan, Şuşadan alır. O nurun adı Vətəndir, o sevginin adı Vətəndir, o and yerinin
adı Vətəndir.
İbrahim də, əkiz
qardaşı İsmayıl
da sevərək seçdikləri şərəfli
peşəyə sadiq
qalaraq öz vəzifə borclarını
layiqincə yerinə yetirdilər. Baş leytenant
İsmayıl Nəcəfov
Ağdərə istiqamətində
gedən döyüşlərdə
şücaət göstərdi.
"Hərbi xidmətdə fərqlənməyə
görə" 3-cü dərəcəli
medalla təltif olundu. Elə baş leytenant
İbrahim Nəcəfovun
da şücaəti qarşılıqsız qalmadı.
O, "Cəsur döyüşçü"
və "Ağdamın
azad olunmasına görə" medallarına
layiq görüldü.
İsmayıl hazırda xidmətini
davam etdirir. Vətən müharibəsi iştirakçısı
İbrahimin isə müalicəsi davam edir.
Bu igidlərin valideynləri Məhəmməd müəllim
və Xuraman xanım ən ali peşənin
daşıyıcılarıdır - müəllimdirlər. Əsl müəllim
odur ki, ilk növbədə öz övladlarını Vətənə,
millətə layiqli şəkildə tərbiyə
edir, böyüdür.
Min bir əziyyətlə
böyütdükləri övladlarının
hər üçünü
Vətənin müdafiəsinə
hazırlamaq böyük
cəsarət, vətənpərvərlik
istər. Bunu Nəcəfovlar
ailəsi öz əməli fəaliyyəti
ilə sübut etdi.
Xuraman xanım: Onlar mənə güclü olmağı öyrətdilər.
Yaqubun şəhid xəbərini mənə
atası verdi
və dedi ki, güclü ol, iradəli ol. Ana üçün bundan ağır hiss ola bilməz.
Bu xəbəri alanda ilk düşündüyüm
bu oldu ki,
mən ayaqüstə
qalmalıyam. Yaqubumu layiqli
şəkildə qarşılamalıyam.
İbrahim xəstəxanadadır. Mən güclü olmalıyam ki, İbrahim də məndən güc alsın. İsmayıl hiss etməsin
anası yıxılıb.
Bir nüansı da qeyd edim
ki, bu övladlar
tək mənim deyil, xalqın övladlarıdır, elin
övladlarıdır. Mən qürur
hissi keçirirəm
ki, torpaqlarımız
işğaldan azad edilib. Biz bir yumruq kimi birləşməklə
bu qələbəyə
nail olduq.
Məhəmməd müəllim kiçik
övladını itirən
şəhid anasına,
həyat yoldaşına
belə dəstəkdir:
"Bilirəm, bir ana üçün övlad itkisi daha ağırdır. Amma Xuraman, biz onları bu amalla böyütdük. Başqa cür ola da bilməzdi. İndi bizim də bu Vətən torpaqlarının azad olunmasında payımız
var. Yaqub boyda, İsmayıl boyda, İbrahim boyda. İsmayılla İbrahim yenə
bu Vətənin keşiyində dayanacaqlar.
Ruhiyyə
RƏSULOVA, Naxçıvan Televiziyasının baş redaktoru
Hərbi And.- 2021.- 16 aprel.- S.19.