Qurbanı qəbul olan oğul…
Hər ocaqda oğul övladı dünyaya gələndə
"Vətənə layiq
övlad olsun" deyirlər. Valideynlər oğullarının vətənə layiq olması üçün
çalışırlar. Oğul ata-anaları övladlarını
çox sevsələr
də, hər şeydən daha üstün bildikləri vətəni, torpağı
oğullarına bir sərdabə bilirlər.
Vətən qeyrətdi, namusdu.
Torpağı işğalda olmaq
hər kəsin alnının ləkəsi
deməkdi. Dünyaya göz
açan hər oğul o ləkəni təmizləmək iqtidarında
olmalıdı. Azərbaycan oğlu
elə yetişməlidir
ki, ayağının
səsindən düşmən
lərzəyə gəlsin.
Elə vətənə layiq o oğullar qəlblərdə
qələbə məşəlini
yandırdılar.
"Ana, məndən sənə oğul olmaz, mən vətənin oğluyam". Bu sözləri Ayxan anasına 8 Mart günü
demişdi. Bir ananın
oğlundan duya biləcəyi ən qürurlu və eyni zamanda qəlb
sızladan sözlər
idi bu sözlər.
Bir neçə ay sonra Ayxan vətənin oğlu oldu. Zülmətləri yaran Ay kimi Ayxan da illərdi
zülmətə qərq
olan torpaqlarda bir anda bərq
vurdu.
Məmmədov Ayxan Rəfail oğlu da Naxçıvanın
yetirdiyi qəhrəman
oğullardandı. 1998-ci il sentyabrın 14-də
Şərur rayonunun Xanlıqlar kəndində
dünyaya gəlmişdi.
Doğulduğu gün özü
ilə bərabərində
böyük xoşbəxtlik
də gətirmişdi.
Hər kəs bu xoşbəxtlikdən
öz nəsibini götürmüşdü. Şəlalə ana oğlunu
laylalarla oxşayardı.
O hər layla dedikdə qəribə bir duyğuya qapılardı. Rəfail kişinin isə
tək bir arzusu var idi.
Ayxan vətənə layiq övlad olsun. Oldu, həm də o qədər layiqli bir oğul oldu
ki, bütün nəsil və Azərbaycan xalqı onunla qürur duydu.
Ayxan
2004-cü ildə Şərur
rayon Xanlıqlar kəndi
Zülfüqar Hüseynov
adına tam orta məktəbdə təhsil almağa başlayıb. 2013-cü ildə
Heydər Əliyev adına Ali Hərbi
Liseyə daxil olub. Oranı bitirdikdən sonra
2016-cı ildə Azərbaycan
Ali Hərbi məktəbinə
daxil olub. Orada da 4 il təhsil aldıqdan sonra 2020-ci ildə leytenant hərbi rütbəsinə
layiq görülüb.
İyunun 20-də təyinatla Beyləqana göndərilib.
10 gün sonra
kəşfiyyat kurslarına
qatılıb və
20 günlük kursu müvəffəqiyyətlə başa vurub. Daha sonra Cəlilabada göndərilib. Elə 44 günlük
Vətən müharibəsinə
də Cəlilabadan yollanıb. Sonuncu dəfə 23 fevral
2020-ci ildə evlərindən,
sevdiklərindən ayrılan
Ayxan 9 ay həsrət
qaldıqlarına sarılmadan
döyüşə yollanıb.
Hər kəs Ayxanın həsrətini çəkirdi.
Ancaq bir nəfər vardı ki, Ayxanın hər anının ağrı-acısını
hiss edirdi. Çünki Ayxanı ürəyinə
bükmüşdü. Soyuq gecələrdə od-alov saçan atəşin içində Ayxanı xəyallarında sevdası
ilə isidirdi Sevda. Arzularının hər biri Ayxana uzanıb çatırdı. Barmağındakı
nişan üzüyü Ayxanın
nişanəsi idi. O qədər sevirdi ki, Allah yuxuda Ayxanın şəhid olacağını ayan etmişdi Sevdaya.
Oktyabrın 18-də Ayxan ailəsinə zəng edib. Hər kəslə
danışıb. Atasına "Ata, mənə qurban kəs" deyib. Ancaq qurbanı hansı səbəbə dediyini deməyib. Səhəri
tezdən atası oğlunun adına
qurban kəsib. Qurbanı kəsilən Ayxan bir daha
zəng etməyib ki, qurbanının kəsildiyini atası ona desin. Bəlkə illər
sonra vətən torpağı azad olunduğu üçün
qurban kəsilsin istədi. Bəlkə
də şəhadət
yoluna qədəm qoyduğu üçün...
Zəng etdiyi gündən cəmi 3 gün sonra - oktyabrın 21-i Cəbrayıl,
Füzuli istiqamətində
gedən döyüşlər
zamanı şəhid
olsa da, Ayxanın şəhid olduğu xəbəri oktyabrın 23-də yayılır.
Heç kimin çəsarəti çatmır
bu xəbəri şəhidin ailəsinə
desin. Min bəhanə
ilə qohum-qonşu şəhidin evinə axnaşır. Bu gəl-getlər artıq ailəyə acı gerçəkdən xəbər
verirdi. Ancaq onlar Ayxanın
yoxluğu barəsində
düşünmürdülər. Oktyabrın
24-ü Naxçıvanın səmasında bir təyyarə göründü.
O təyyarə ruhu göyə ucalan 12-i qəhrəmanın cismini
ana torpağına gətirdi. Bir-bir endirilən şəhidlər
cərgə ilə düzüldü. Hər bir
tabut bir məğrurluq nümunəsi
idi. Hər biri zəfərin
müjdəçisi idi.
Naxçıvan camaatı artıq
neçənci dəfə
idi cərgə ilə düzülən qəhrəman şəhidlərin
tabutlarının başında
pərvanə olurdu.
Hərəsi son dəfə öz
ata ocağına aparılan şəhidlərdən
biri olan Ayxan da ata
ocağına gətirildi.
Elə həmin gün də doğulub boya-başa çatdığı
Şərur rayon Xanlıqlar
kənd qəbirsanlığında
torpağa tapşırıldı.
Ayxanın özü ilə
bərabər sevgisi və arzuları da dəfn olundu.
Gedişi ilə Ayxansızlıq
adında dərin və sağalmaz yara vuruldu ürəklərə.
Ölkə başçısı İlham Əliyevin sərəncamı ilə
leytenant Məmmədov
Ayxan Rəfail oğlu şəhadətindən
sonra "Azərbaycan
bayrağı" ordeni
və "Vətən
uğrunda" medalı
ilə təltif edilib.
ŞƏHİD
AYXAN
Sən özün qurban oldun,
Vətənimə, elimə.
Bəs
"Mənə qurban
kəsin",
Neyçün gəldi dilinə?
Yoluna qurban dedin,
Yoxsa ki, torpaqlara?
Sən ucalıb bənzədin,
Azad olan dağlara.
Dağlar kimi vüqarlı,
Vətən tək əziz şəhid.
Adını büküb qəlbdə,
Saxlayırıq biz igid.
Ay kimi işıq saçdın,
Sən vətənimə Ayxan.
Əsil
vətən oğlu tək,
Vətənimə verdin can.
Manya
SƏXAVƏTQIZI
Hərbi And.- 2021.- 9
aprel.- S.17.