Dostumuz, igidimiz,
şəhidimiz İlqar...
Qış vaxtı zəhmətkeş,
əlləri qabarlı
bir valideyn, əyin-başı nazik olsa da, əlləri
donsa da, şaxtadan üzü göynəsə də, axşam balaları üçün nəsə
alıb gətirəndə
sevincindən yerə-göyə
sığmır. Amma yorğunluq onu
əldən salır,
canı qızışana
qədər sızıltılar
keçir bədənindən.
Müharibənin başlanması xəbərini
eşidəndə biz də
o vəziyyətdə idik. Sevincimizdən ağlayırdıq, amma bu ağlamağımızı
bəzən "sevinc
göz yaşları"
adlandıraraq özümüzü
aldadırdıq. Bu göz yaşlarının
içərisində sevincdən
əlavə, nigaranlıq,
qorxu, təlaş var idi. Biri qardaşından ötrü,
biri oğlundan, biri atasından, biri yaxın qohumundan ötrü gecə-gündüz fikir çəkirdi. Mən
və dostlarım isə gecə-gündüz
fikir çəkməyə
macal tapmadıq, nigaranlığımız bir
gün çəkdi,
amma kaş nigaranlığımız 44 gün
çəkəydi, biz də
təlatümlə müharibənin
gedişatını izləyəydik,
ürəkdən sevinib
hayqıra biləydik.
Amma yox, biz bircə gün içində elə dərin iztirab yaşadıq ki...
Sentyabrın 27-si səhər yuxudan ayılanda adətim üzrə telefonu yandırıb Feysbuka daxil olmaq istədim. Baxdım ki,
internet işləmir, amma
ana səhifədə
paylaşılanları görmək
olur. Bəlkə də neçə
illər idi, belə ürəkdən hönkürməmişdim, yığılıb
qalmışdı hər
şey. Dezinformasiya olsa
da, "Füzuli artıq bizdədir!" statusu məni hönkürtdü. Bəlkə ölüncə
yadımdan çıxmaz.
Amma bu hönkürtümün
içində İlqar
var idi. Axı İlqar təhlükəli sahədədir,
axı İlqarın gəlməyinə 3 ay qalıb,
axı onun ayağı hərdən şişir, ağrıyır,
birdən döyüş
vaxtı ağrıyar,
büdrəyər... Füzuli, torpaq,
Vətən, Vətənin
bütövlüyü fonunda
bir anlıq bu düşüncələr
kino lenti kimi beynimdən keçdi. Sentyabrın 28-i, gün batana
yaxın digər sinif yoldaşımız Aqşinə zəng elədim. Telefonda onun da səsi
durğun idi, mənim də, qorxa-qorxa danışırdıq:
- Aqşin, neçə gündü İlqar zəng edib eləmir, niyə əlaqə saxlamaq olmur ki?
- Mesajlaşıb evdəkilərlə...
Yəqin
bu yaxınlarda zəng edər.
- Nə xəbər olsa, mənə mütləq de.
- Dur gəl Yeni
Yasamala.
- Yox, vaxtım yoxdu, görüşərik
sabahda, birigündə.
- Di yaxşı, sağ ol.
Bu telefon zəngi
adi zənglərdən
deyildi, telefondan bir-birimizin ürək çırpıntılarını da eşidə bilirdik. Boğazımızın düyünü düz-əməlli danışmağa
imkan vermirdi.
Axşam işdən çıxıb
yoldaşlarla çay
içməyə getdik. Saat 10 radələrində
evə gəldim.
Hər gün 3-də yatan adamam, həmin gün saat 11-də başımı qoydum yastığa. Elə bil
hansısa xəbərdən,
hansısa zəngdən
sehirli bir qüvvə məni qaçırırdı. Mən o vaxt
həmin qüvvənin
qarşısında təzim
edərdim ki, o qüvvə mənə bu xəbəri almağı rəva görməzdi. "Kəklik", "Şanapipik"
əfsanəsindəki kimi,
"Tanrı məni quş elə, daşlara yoldaş elə..." harayı ilə, yanğısı ilə yox olmaq
istəyərdim. Təki, bu
xəbəri eşitməyəydim.
Saat 12-nin yarısı
digər sinif yoldaşımız Emindən
zəng gəldi. Yuxudan oyatmışdı
deyə çox acıqlı cavab verdim. Emin ağdamlıdı, Vətən həsrəti
nədi yaxşı bilir, özü də soyuqqanlı adamdı, çox nadir hallarda kövrəldiyini görərdim ya görməzdim. "Alo"
deyəndə gördüm
səsi əsir:
- Emin, nolub, bu,
nə vaxtın zəngidir?
- Nadir...
- De görək day...
- Ay
Nadir...
- Eşidirəm, Emin.
- İlqar getdi...
- Bilirsən sərt karantindi, 9-dan sonra küçəyə çıxmağa
icazə yoxdu, ona görə belə deyirsən. Zarafatlaşamağa başqa mövzu
tapmadız? Gecən
xeyrə!
Telefonu səssizə
qoyub başımı
balışa qoydum. Gördüm ki, gözümün yaşı balaşımın
bir üzün tamam isladıb, o biri tərəfini çevirdim. Təkcə
bir söz dedim: "Allah..!" Nitqimə ayrı
bir söz gətirə bilmədim.
Telefonu götürüb Aqşini
yığdım, Emin
deyənləri təkrar
elədi. Yenə
zarafat elədiklərini
zənn edib ağzıma gələni
dedim. Sonra ardınca Lətifi,
Xəyyamı yığdım,
gördüm ki, həmin sözləri deyirlər. İnana bilmədim...
Hövlnak, paltarımı geyinib aşağı düşdüm. 9-dan sonra icazə olmadığından, kimi
tutsalar, bölməyə
aparırdılar, bəzi
icazəli taksilər işləyirdi. Gördüm
ki, AzTU-nun yataqxanası ilə üzbəüz bir
"07" dayanıb:
- Qardaş, məni Yeni Yasamala apara
bilərsən? Sinif yoldaşım
əsgərlikdədi, ondan
nəsə xəbər
var deyəsən.
Mütləq getməliyəm.
- Otur gedək.
- Bəs polis saxlasa necə?
- Ona görə kim məni
saxlayır saxlasın,
mən səni, hara deyirsən, çatdıracam.
Sürücü cavan oğlan idi, onun bu
hərəkəti ürəyimin
ortasını oymuşdu,
hələ də yollarda gözüm onu gəzir...
Emingilin məhləsinə getdim,
5-6 oğlan dayanmışdı. Həəə, onda bildim ki,
bu xına o xınadan deyil. Uşaqlar mənə sarı gəlib qucaqladılar, qoşulduq bir-birimizə, elə ağladıq ki...
İlqarı Gəncəyə, öz doğma yurduna aparırdılar. Həmin gecə Eminin
atası bizə bir maşın tapdı. Səhər üzü saat
7-də düzəldik yola.
Qədim
Gəncədən incik
düşmüşdük elə bil. Axı biz bura belə gəlməli deyildik.
İlqarın həmişə fəxr elədiyi Gəncə axı bizi belə qarşılamamalı idi.
İlqarı gətirən
tibbi yardım maşını bizdən
10 dəqiqə əvvəl
həyətlərinə çatmışdı,
İlqar bizi həyətdə "qarşıladı",
axı o, hər şeyin qaydasınca olmağını sevirdi...
Biz həyətə girəndə
bir cümlə eşitdik və o cümlənin ağırlığı
o qədər çiynimizə
çöküb ki,
6-cı aydır, o yükün
altında özümüzü
sıxılıb-əzilən hiss edirik: "Yol verin, dostları gəlib, qoyun çıxsınlar yuxarı".
Bu söz deyilməyənə
qədər donub qalmışdıq. Bu cümlə sərt sillə oldu bizə, ayıldıq.
Heç
bir dağ görməyən, sakit təbiətli uşaqlar İlqarı görüb dil açdı. Bizim lal dilimiz haray
elədi. Elə haray
elədi ki, axşam qayıdanda səsimiz çıxmırdı.
İlahi,
o boy-buxun bu balaca tabuta necə
sığışa bilmişdi?!
İlqar
bayrağı üzərinə
örtüb uyuyurdu.
İlqarın gözlərinin eynisi
olan bir cüt gözə zillənmişdi gözlərimiz,
qardaşının, Tamerlanın
gözlərinə. Həm İlqara
ağlayırdıq, həm
bir-birimizin ağlamağına,
həm də Tamerlanın ağlamağına
ağlayırdıq. Biz
bu mənzərəni
görməyi haqq edəcək nə günah işlətmişdik
görəsən?!
İlqar bir İlqar idi ki... İnsan övladının üzündə, gözündə bir balaca eyib belə olmazmı? Yox idi onda. Boy-buxunu şümşad kimi idi. Heç nədən qorxmurdu, hər kəsin gözünün içinə dik baxmağı bacarırdı. Sanki şir ürəyi yemişdi. "Sonunu düşünən qəhrəman olmaz" deyirlər. İlqar da belə idi. 2012-ci ildə tanış olmuşduq, onda hələ ayrı-ayrı siniflərdə oxuyurduq. Həmin illərdə bir müddət İlqar üçün "poçtalyon" vəzifəsini də yerinə yetirirdim. Biz hələ məktub yazmaq ənənəsini itirməmişdik. Bu məktubların yazılıb çatdırılması prosesi bizi bir az da yaxınlaşdırdı. İlqar elə mehriban idi ki, az adam tapılardı ki, onunla münasibəti olmasın. Qızlar İlqarı çox sevirdi. Bir cüt göy gözlərinə hər şeyi qurban verməyə razı olanlar var idi. Hamıdan seçilirdi, hər kəsdən fərqlənirdi. Tale elə gətirdi ki, bir neçə il sonra yeni bir sinif yaradıldı və bizi ora yığdılar. Bu gün İlqarçün candan yanan dostları həmin sinifdə cəmləşdilər. Çox yox, 4-5 nəfər idik, bir-birimizə sıx bağlanmışdıq İlqarın xəbəri gələndə zəng elədiyim o insanlarla...
Hələ uşaq vaxtlarından əsl vətənpərvər idi İlqar. Əgər hansısa tədbirdə ayaq üstə bayrağı dalğalandırmaq lazım olurdusa, tez İlqar özünü qabağa atırdı. 2016-cı ilin Aprel döyüşlərində Mahir Quliyev şəhid olanda biz İlqarın nə vəziyyətə düşdüyünün şahidi olmuşduq. Mahirgilin məhləsində izdihamı görüb bir cümlə işlətdi: "Mən də şəhid olsam, bu qədər adam yığışacaq". Bu sözü qulaqardına vurduq, daha doğrusu, əqlimizə yaxın buraxmadıq. Zehnimizə yaxın buraxmaq istəmədiyimiz hadisə isə başımıza gəldi.
İlqar Vüqar oğlu Bürcəliyev 2020-ci il sentyabrın 27-də Talış döyüşləri zamanı şəhidlik zirvəsinə ucaldı. Qəhrəmanlıq salnaməmizdə öz şərəfli yerini tutdu, göstərdiyi şücaətə görə medallarla təltif olundu.
Martın 11-i İlqarın 20 yaşı tamam olurdu, yığışıb ziyarətinə getdik. Gəncənin Şəhidlər Xiyabanı büsbütün qırmızıya bürünmüşdü. Şəhid qəbirlərinin üstü gül-çiçəklə, səməni ilə bəzədilmişdi. İlqarın qara mərmərdən bizə zillənən gözlərinə baxdıqca dərdimiz-yaramız təzələnirdi. Əslində, heç köhnəlməmişdi ki...
Hamımız bir yana, Eminlə İlqarın münasibəti tamam başqa idi, evlərinə də ən çox o gedib-gələrdi. İlqarın atası Vüqar əmi dəfndən sonra Emini qucaqlayıb demişdi: "Məni yaddan çıxartma". Bu söz güllə olub ürəyimizə dəlmişdi sanki. Elə ona görə də qəbiristanlıqda Eminə baxanda daha artıq sızlayırdı ürəyim.
Bu gün İlqarın qoxusunu qardaşı Tamerlandan ala bilirik, bu mənada yeganə təsəllimiz də odur. Ancaq yenə də gözümüz hər yerdə İlqarı gəzir və bir gün qayıdacağına sanki qəribə bir gümanımız var. Gümansız-şübhəsiz əmin olduğumuz isə budur ki, vaxt yetişəndə İlqarla mütləq görüşəcəyik...
İlqar, əziz, unudulmaz dostumuz, nur simalı şəhidimiz! Çox
gənc olsan da, sən
yetkin bir insan ömrü, əsl qəhrəman
ömrü yaşadın. Ruhun
şad, məkanın cənnət olsun, şəhid qardaşım!
Nadir RZALI
Hərbi And.- 2021.- 9 aprel.- S.6.