Muğamları ilə qəlblərdə yaşayacaq böyük sənətkar - Xan Şuşinski

 

 

Bu gün Xan Şuşinskinin anım günüdür

 

 

 

Ömrünü xalq musiqisinin təbliğinə həsr edənləri xalq heç vaxt yaddan çıxarmır, unutmur. İllər ötdükcə bu qəbildən olan insanların xatirəsi daha böyük hörmət və ehtiramla yad olunur. Azərbaycan muğam sənətinin, klassik musiqi nümunələrinin gözəl bilicisi, orijinal, özünəməxsus ifa tərzi ilə seçilən, milli musiqi xəzinəmizin zənginləşməsində misilsiz xidmətləri olan Xan Şuşinski də belə sənətkardandır.

  Azərbaycan muğam sənətinin “Xan”ı adlandırılan İsfəndiyar Aslan oğlu Cavanşirin ölümündən 42 il ötür.

1901-ci il avqustun 20-də Şuşa şəhərində dünyaya göz açan sənətkar adını milli musiqi tariximizə böyük həriflərlə yazdırmağı bacarıb. Xan” ləqəbinin tarixçəsinə görə İsfəndiyar ustadı - Segah İslam kimi tanınan İslam Abdullayevlə birgə Ağdamın Novruzlu kəndində bir məclisdə imiş. Ev sahibi İslam Abdullayevin arzusu ilə qrammofonu qururonlar təbrizli Əbülhəsən xanın ifasında “Kürdü Şahnaz”ı dinləyirlər. Hamının heyranlıqla qulaq asdığı bu ifadan sonra Segah İslam gözlənilmədən üzünü İsfəndiyara tutaraq: “Bəlkə sən də bizim üçünKürdü Şahnaz”ı oxuyasan?” - deyir. İsfəndiyar 12-13 yaşından başlayaraq saatlarla Cabbar Qaryağdıoğlunun, Seyid Şuşinskinin, Əbülhəsən xanın vallarını dinləyib, onların ifasının ən incə məqamlarını belə olduğu kimi təqlid etməyə çalışsa da, birdən-birə, özü də Əbülhəsən xanın ifasından sonra oxumağa tərəddüd edir, lakin ustadının sözünü yerə salmır. “Kürdü Şahnaz”ı İsfəndiyar elə oxuyur ki, məclis əhli yerbəyerdən Əbülhəsən xanın adının birinci hissəsini ixtisara salıb, heyrətlə “Əsl xan elə bu imiş ki!” - deyir. Vəcdə gələn İslam Abdullayev isə “Bu gündən sənin adın oldu Xan Şuşinski”, – deyərək ona ustad xeyir-duasını verir.

 

Xan Şuşinski 1920-ci illərdə Bakıya gələrək öz ifaçılıq fəaliyyətini genişləndirib. O, muğamların mahir bilicisi və ifaçısı idi. Xanın repertuarında “Mahur-Hindi”, “Bayatı-Qacar”, “Qatar” muğamları, “Qarabağ şikəstəsi”, “Arazbarı”, “Heyratı” zərbi muğamları ilə yanaşı, xalq mahnıları və təsniflər böyük yer tutub. Xan Şuşinski xalq mahnılarını xüsusi bir şövqlə oxuyub, onları yeni çalarlarla zənginləşdirib.

 

Görkəmli xanəndənin bir sıra bəstələri də olub. Çox zaman xalq mahnıları kimi təqdim olunan “Qəmərim”, “Şuşanın dağları”, “Ay gözəl”, “Məndən gen gəzmə”, “Al yanağında”, “Dağlarda çiçək”, “Gözəl yarım”, “Ölürəm, a Ceyran bala” mahnılarının müəllifi əslində Xan Şuşinskidir. “Şuşanın dağları” mahnısının musiqisi ilə yanaşı, sözləri də onundur.

 

Xan Şuşinski Üzeyir Hacıbəylidən başqa heç bir bəstəkarın yaradıcılığına müraciət etməyib. Deyilənə görə, Üzeyir Hacıbəyli də xanəndənin ifasında mahnıları, xüsusilə “Qaragözü dinləməkdən zövq alırmış.

 

Görkəmli xanəndə 1979-cu il martın 18-də vəfat edib.

 

Azərbaycan musiqi tarixinin korifeyi Xan Şuşinskinin səsindən yadigar kimi cəmi 240 dəqiqəlik lent yazısı qalıb.

 

Qərinələr, əsrlər ötəcək, ancaq Xan əminin sənətinə olan sevgi heç vaxt azalmayacaq. Ona görə ki, bu sevginin mayasında, ruhunda Azərbaycanın heç vaxt təravətini itirməyən əbədi və əzəli muğamları dayanır. Onun yaratdığı ölməz sənət əsərləri Azərbaycan musiqisinin ən dəyərli inciləri kimi əsrlərboyu yaşayacaq, öz müəllifini hər zaman yaşadacaq, onu unudulmağa qoymayacaq.

 

Hərbi And.- 2021.- 23 aprel.- S.22.