Ölümsüz komandir, sübh görüşünün sirri, polkovnikin son arzusu

 

Polkovnik, Azərbaycan Silahlı Qüvvələrinin Ordu Korpusunun Komandir müavini - Qərargah rəisi, Vətən müharibəsinin şəhidi Babək Mətləb oğlu Səmidli 7 yanvar 1974-cü ildə Göyçay rayonunda anadan olub. 1993-cü ildə İstanbulda Quru Qoşunları Məktəbinə daxil olub və 1997-ci ildə oradan məzun olub.

 

2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq, Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər zamanı Babək Səmidli Ordu Korpusunun Əməliyyat bölməsinin rəisi kimi Tərtər rayonu istiqamətində gedən döyüşlərin idarə edilməsində yaxından iştirak edib.

 

Azərbaycan Ordusunun yaranmasının 100 illiyi münasibətilə Prezidenti İlham Əliyevin 25 iyun 2018-ci il tarixli Sərəncamına əsasən Babək Səmidli "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.

 

Ərəb turistlərlə bağlı YENİ AÇIQLAMA: "İnsanları çaşdırmağa ehtiyac yoxdur"

Ümrə ziyarətinə icazə verildi: TƏLƏBLƏR

Sabah Bakıya yağış, bu ərazilərə qar yağacaq - PROQNOZ

Babək Səmidli 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Onun rəhbərliyi altında Madagiz (Suqovuşan) qısa müddət ərzində işğaldan azad edilib.

 

2020-ci il noyabrın 23-də Babək Səmidli Suqovuşan ərazisində minaya düşərək, şəhid olub. Noyabrın 24-də Göyçay şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

 

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Babək Səmidli ölümündən sonra "Zəfər" ordeni, "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

 

Dörd güllə...

 

Onun ölüm xəbəri Vətən Müharibəsi başa çatandan sonra aldığımız ən ağır xəbər olmuşdu. İllərlə intizarında olduğumuz qələbə xəbərindən sonra Babək Səmidlinin minaya düşərək şəhid olması hər kəsi kədərə bürümüşdü. Möhkəm xarakteri, hərbçi qətiyyəti, vətəndaş ləyaqəti ilə torpaqlarımızın işğaldan azad olunması uğrunda amansız, qanlı-qadalı döyüşlərdən alnıaçıq, üzüağ, qəhrəman kimi çıxmağı, dillərə dastan olmağı bacarmışdı. Lakin bütün bunlar ona bir ömür bahasına başa gəlmişdi.

 

Hələ yeniyetməlik illərində Birinci Qarabağ müharibəsində döyüşən qardaşının ardınca qaçaraq ona çatmaq istəyən, onunla birgə döyüşə yollanmağı arzulayan Babək qardaşı tərəfindən evə göndərilsə də, illər sonra bu arzusunu yüksək səviyyədə reallaşdıra bilir. Ən böyük arzusu isə Qarabağın, işğalda qalan torpağımızın azad olunması olur.

 

O, bu günləri görür, arzusu gözündə qalmır. Uğrunda can verməyə hazır olduğu vətən yolunda şəhid olub, onun qoynunda uyuyur.

 

Şəhidimizin ailə üzvləri ilə görüşə yollanarkən bizi onun özündən böyük qardaşı Müşfiq Səmidli qarşılayır. O, yolboyu qardaşı haqqında danışır:

 

- Üç uşaq olmuşuq - mən, bacım və Babək. Babək sonbeşik idi. İçimizdə ən ərköyün uşaq olub. Bir az da səbirsiz idi. Amma çılğınlığı da vardı. Göyçayda Konserv zavodunda işləyib. Ora getməzdən əvvəl bir yerə dayana bilmirdi, deyirdi, mən nə isə bir işlə məşğul olmalıyam. Bir dəfə də gördüm, çantasını yığıb, evdən gedir. Dedim, a bala, hara gedirsən? Deyirdi, mən nə isə bir işlə məşğul olmalıyam. Bir yerdə dayanmırdı, hətta orta məktəbdə iki dəfə maşın qəzası eləyib, onu özü aradan qaldırmışdı. Bax beləcə, bir az üsyankar, ipə-sapa yatmazlığı vardı. Amma Babək həm də fərasətli insan idi. Fərasətli olmağı da hərb sahəsində özünü göstərdi. Cəld, çevik düşünməyi bacarırdı. Mən ona baxanda ləngəm, iş görməzdən əvvəl oturub yaxşı-yaxşı düşünərəm, amma o yox. Hər şeyi tez-tələsik, amma qaydasında edirdi. Özünü işə həsr etməsi, onun bizimlə vaxt keçirməsinə də mane olurdu. Ümumiyyətlə, mən qardaşımdan doya bilmədim. Bizim onunla yanbayan şəkillərimiz yoxdu. 2011-ci ildə Bakıda bir qohmumuzun toyunda xalamoğlu, mən və Babəklə birlikdə şəklimiz var. Ondan savayı qardaşımla birlikdə bir şəklimiz də yoxdu. Ona görə ki, bir yerdə ola bilməmişik.

 

Qardaş

 

- Babək özünü, həyatını elə-obaya, Qarabağın azad olunmasına həsr edən oğul idi. Bizim evdə, ailədə, nəsildə babalarım da hərbi xarakterli adamlar olublar. Onun hərbə marağı əslində məndən qaynaqlanıb. Mən özüm polis əməkdaşı, birinci Qarabağ müharibəsinin aktiv iştirakçısı olmuşam. 1992-ci ilin fevralında bizi Şuşaya aparırdılar. Həmin ərəfədə hamının valideynləri, yaxınları onları döyüşə yola salmağa gəlirdi. Amma mən icazə vermirdim. Yola düşəndə uşaqlar mənə dedilər ki, kimsə maşının ardınca qışqıra-qışqıra gəlir. Çevrilib baxanda gördüm Babək biz gedən maşının ardınca qaçır. Sürücüyə dedim, saxla maşını. Babəkə yaxınlaşdım. Bərk hirsləndiyim üçün ona dedim ki, mən axı demişdim, arxamca evdən heç kim gəlməsin, bu nə hərəkətdir. Dedi, qardaş yaxın dur, gəlməyəcəkdim, ağlıma bir şey gəldi, ona görə gəldim. Sonra cibindən dörd ədəd tapança patronu çıxarıb, mənə verdi. Hər dəfə mən evə gələndə patron darağımdan özü üçün götürübmüş. Dedi ki, bunları özüm üçün götürmüşdüm, indi sənə verirəm, birdən silahındakı patronlar qurtarsa, bunlardan istifadə et, düşmənə əsir düşüb eləsən, özünü vur. Belə oğul idi. Onun itkisi də elin, obanın itkisidir. Millətdən getdi Babək. İndi Babəkin xidmət göstərdiyi hərbi hissədən zəng vuranda deyirlər bizim atamız getdi. Bizi anlayan insan getdi. Babək aşağıdan, kasıbçılıqdan gedib çıxmışdı yuxarılara.

 

Buyur, bacım...

 

Babək evin sonbeşiyi olub, lakin həmişə hökmlü, sözü keçən olub. Ailədə qardaşı ilə məsafəli olsa da, bacısı Röksanə xanım deyir ki, onunla çox yaxın olub. Sirrini, sözünü onunla bölüşüb.

 

- Bacı kimi məni çox istəyib. Məndən kiçik də olsa, məktəbdə hamıdan qorumağa çalışıb. Qayğıkeşliyi, diribaşlığı vardı. Musiqini çox sevirdi, yaxşı piano çalırdı. Atam onu qarmon sinfinə qoymuşdu, amma getmədi. Pianonu özü öyrənmişdi, həvəskar idi. Amma inanın ki, hərbçi olmasaydı, mütləq peşəkar musiqiçi olardı. Hansı filmə baxırdısa, beş dəqiqə keçməmiş gedib o filmdəki mahnını pianoda ifa edirdi.

 

- Silah tutan əllərin musiqi də ifa etməsi həm qəribə, həm də təsirlidir.

 

- Doğrudur. Babək çox incə duyumu ruhu olan insan idi. Çox kövrək idi, amma yeri gələndə o qədər sərt olurdu ki. Adam onu tanıya bilmirdi. Haqsızlığa qəti dözümü yox idi. Harda haqq-ədalət vardısa, Babək orda idi. O şəhid olandan sonra xanım hərbçilər bizə gəlmişdilər. Deyirdilər ki, biz Babəki görəndə ona hərbi salam verirdik, o isə deyirdi ki, yox, siz xanımsınız, bunu etməsəniz də olar. Salam versəniz, kifayət edir. Bəlkə də indi dediklərim sizə qəribə gələr. Mən nə vaxt Babəkə zəng vururdumsa, ilk sözü bu olurdu: “buyur, bacım”. O, mənə bacı yox, bacım deyirdi. Hər bayramda, ad günümdə  özü gələ bilməsə də mənim gül dəstəmi, hədiyyəmi göndərirdi.

 

Bir dəfə isə ayağım bərk yanmışdı. Elə həmin məqamda da Babək bizə zəng vurdu. Deyəndə ki, ayağım yanıb, inanın, heç üstündən beş dəqiqə keçməmiş, həkim götürüb bizə gəldi. Bu qədər qısa vaxtda gəlməyinə məəttəl qalmışdım. Özü əziyyət çəksə də, başqasına zəhmət verməyi ağlından da keçməzdi. Onun həyatdakı yeganə amalı ancaq Qarabağın azad olunması idi.

 

Bəbək Səmidli hərb həyatına başladığı ilk illərdə öz qohumlarından olan Günel adlı xanımla tanış olur. Ailə qururlar, onların iki oğul övladı dünyaya gəlir.

 

Günel xanım deyir ki, Babək Səmidli həqiqətən də gözəl ailə başçısı, olduqca qayğıkeş insan olub.

 

- İnanın, Babək bir gün, bir saat vaxt tapan kimi evə gəlir, bizi, oğlanları mütləq harasa gəzməyə aparırdı. Qışda, qarda, yazda, yayda... bir sözlə, bütün fəsillərdə bizi mütləq harasa uzaqlara aparıb gəzdirməyə çalışardı. Babəkin işi ilə əlaqədar olaraq bizim xarici ölkələrə gedişimiz bir az çətin idi. Ancaq Azərbaycanın elə bir yeri yox idi ki, bizi gəzdirməsin. İmkan tapan kimi mütləq bizim yanımızda olmağa çalışırdı.

 

Vətən Müharibəsindən sonra Babək evə gələndə gördüm çox yorğundu. Namazı yerdən qıla bilmədi, oturulu qıldı. Soruşdum ki, haran ağrıyır? Mənə çox yorğun, düşkün halda baxıb dedi ki, Günel, ayaqlarım tökülür, bircə ayaqlarımın yorğunluğu çıxsa, elə bilərəm dünyanı mənə bağışlayıblar. Mən onu yaxşı başa düşürdüm. Çünki kabinetində oturmağa vaxt tapmamışdı.

 

Silah tutan əllər və musiqi...

 

Anası ilə yanaşı əyləşən, böyüklərin söhbətinizi diqqətlə, mətanətlə dinləyən Mətləb hərdənbir atasının divardan boylanan portretinə nəzər salır. Yəqin ki, atası ilə bağlı ən xoş, ən yaddaqalan anları xatırlayır. Sonuncu dəfə soyuq havada qardaşı ilə birgə dan yeri ağarmamış atasını cəbhəyə yola saldığı günə qayıdır. Onun üzündə, gözlərində kədər qarışıq qürur hissi yaranır. Mətləb kimin oğlu olduğunu, hansı yolun davamçısı olduğunu anlayıb duyur. Atası haqqında düşündüklərini dilə gətirir:

 

- İndi mənim on üç yaşım var. Sevinirəm ki, atamı görüb, onunla vaxt keçirə bilmişəm. O, mənim yaddaşımda həmişəlik həkk olunub. Atam çox mehriban adam idi. Bəzən olurdu ki, işdən əsəbi, yorğun gələrdi. Amma bizimlə mehriban olurdu. Ondan acı söz eşitdiyimi xatırlamıram. Dərslə bağlı danlayanda belə bunu gülərək edirdi. Qardaşım onun kimi hərbçi olmaq istəyirdi. Amma mən hələ müəyyən etməmişdim. Ona görə də mənə deyirdi ki, nəyə gücün, biliyin, həvəsin çatar, o sahəyə də gedərsən. Əsas odur ki, dərslərini yaxşı oxu. Atam tarixi, bir də musiqini çox sevirdi. Biz həftədə bir dəfə şənbə günü atamı görürdük. Evimizdə piano vardı. O, hər dəfə evə gələndə pianoda çalırdı, biz də onu telefona çəkirdik. Biz düşünmürdük atamız şəhid olar. Bunu sadəcə yadigar qalsın deyə çəkirdik. Həm də çox yaxşı ifa edirdi. Notla çalmırdı, nə eşidirsə, onu çalırdı.

 

- Atanla son görüşün yadında necə qalıb?

 

- Sonuncu dəfə gecə gəlmişdi evə. Şəhid olmazdan bir gün əvvəl icazə alıb gəlmişdi. Hamımızla görüşdü. Döyüşdə qarşılaşdığı hadisələrdən danışdı. Sonra bizi öpüb, yerimizə qoydu. Yatdıq, amma səhər beş olmamış qardaşımla yuxudan durduq. Gördük atam mətbəxdə yemək yeyir. Qardaşıma dedim ki, qaqa, gedək atamla görüşək. Görüşdük, hətta birgə səhər yeməyi də yedik. Gedəndə onu yola salmağa qoymadı. Eyvandan geri qaytardı ki, əyniniz nazikdi, gedin evə. Anam əlində Quran onu tək yola saldı. Ölümündən sonra mən onu yuxuda gördüm. Mənə deyirdi ki, gəlmişəm, Mətləb, dur qapını aç. Qapını açmağa gedəndə yuxudan ayıldım.

 

Məktəbdə heç kimə deməmişdim ki, belə bir kişinin oğluyam. Atam şəhid olandan sonra məni hamı tanıdı, bildilər ki, Babək Səmidlinin oğluyam. Təbii ki, münasibət dəyişdi. İndi hamı bizə atamın qəhrəmanlıqlarına görə hörmət edir, ehtiram göstərir.

 

Röksanə xanım qardaşının Vətən Müharibəsini həsrətlə gözlədiyini, Qarabağın azadlığı uğrunda canını belə fəda etməyə hazır olduğunu deyir. Babək Səmidlinin keçdiyi döyüş yolunu xatırlayır:

 

- İndi hərdən düşünürəm ki, bu 44 gündə mənim bir dəfə gedib onu görmək imkanım olmadı. Çünki müharibəyə yollananda “mənə zəng vurmayın, lazım olsa, mən sizi yığacam” - demişdi. Ermənilər Babəki məhv etməkdən ötrü neçə illərdi əlləşirdilər. Çünki Babək onlara çox od qoymuşdu.

 

İnam

 

Babəklə axırıncı görüşüm nənəmin yas mərasimində olmuşdu. Mən rayonda atamgildəydim. Hamımız Babəki gözləyirdik. Gələn kimi hal-əhval tuturduq, amma inanın ki, ona çox qıymırdıq. İstəyirdik evinə getsin, ailəsi ilə vaxt keçirsin. Həm də çox yorğun olurdu. O, on beş mindən çox şəxsi heyətin həm ideoloji, həm hərbi rəhbəri idi. Bilirdik ki, işi çətin idi. Ona görə də ona çox qıymırdıq. Ona görə həmişə deyirəm, indi də təkrar edirəm ki, heç qardaşımdan doymadım. İndi də özümə bağışlaya bilmirəm ki, müharibə vaxtı niyə mən ona zəng vurub onunla ürək dolusu danışmadım. Həm də bilirsiniz, mən ondan o qədər arxayın idim. Elə bilirdim ki, Babəkə heç vaxt heç nə olmaz. Elə bilirdim, Babək ölümsüzdü. Çünki o, Türkiyədə təhsilini başa vurub qayıdandan sonra o qədər təhlükəli, minalı ərazilərdə çalışmışdı, ona heç nə olmamışdı. Üç il minalı ərazidə iş aparıb, meşələrdə olub. Hətta əsir düşmək təhlükəsi yaşayıb. Həmişə də cibində bir güllə əlavə gəzdirirdi ki, birdən əsir düşsə, özünü vursun. Onda onun 26 yaşı vardı, uşaq idi. Uşaq deyirəm, amma o, mənim üçün həmişə uşaq olub. Yəni Babək çox bərkə-boşa düşmüş adam idi. Ona görə də mən ona nə isə olacağına inanmırdım. Babək namaz qılırdı, ibadət edirdi. Onunla döyüşənlər, işləyənlər deyirlər ki, Babək döyüşdən qabaq mütləq dəstəmaz alırmış. Mərmi yanına düşsə də, partlamırmış. Hətta belə bir zarafatyana məsəl də varmış ki, kim ölmək istəmirsə, döyüş vaxtı Babəkin yanında dayansın. Babək də deyirmiş ki, ona görə deyirəm ki, namaz qılın, oruc tutun, dua edin. Bütün bunlara görə mən onun ölümünə inanmırdım. Məni bu günə qədər yandıran onunla 44 gündə görüşə, danışa bilməməyimdir. Onunla müharibə bitəndən sonra oğlum bir dəfə danışdı.

 

Şəhid olmazdan bir gün əvvəl də Babək anamgilə gəlib, anamla, atamla görüşüb yenidən hərbi hissəyə qayıtmışdı. Bu da bir qismətdir. Anam namaz qılırmış, qalxmağa qoymayıb, onun alnından öpüb gedib. Anam indi də çox heyfsilənir. Deyir, bilsəydim ki, Babək qayıtmayacaq, namazdan qalxıb onu yola salardım son dəfə. Sonra gedib ailəsinin yanına. Heç vaxt olmayan işdir ki, onun oğlanları hər ikisi səhər çox erkən oyanıb, ataları gedənə qədər oturublar, hətta onu yola da salıblar. Yoldaşı Günel sonra mənə dedi ki, Babək maşına əyləşəndə şüşəni yendirib ona deyib ki, uşaqlarımdan doya bilmədim, əgər mənə nə isə olsa, ağlamayın. Bu, onun son sözləri olub (ağlayır).

 

Babək şəhid olan ərəfədə ürəyim bərk darıxırdı. Tez-tez Babəkin pianoda çaldığı mahnılara qulaq asırdım. Qəribə hislər keçirirdim. Noyabrın 23-də işə getdim, iclas vardı. Ordan çıxandan sonra xalam zəng vurdu mənə. Gördüm nə isə ağlamsınır. Soruşdu ki, uşaqdan, yəni Babəkdən xəbərim varmı. Dedim, elə dünən atamgilə gəlib, yaxşıdı. Heç nə demədi, sağollaşdı. Aradan bir az keçdi, bir də zəng vurdu, mənə dedi ki, rayona gedirəm, gəl səni də aparım. Birdən xalam hönkürüb ağlamağa başladı. Onda mən bildim ki, Babəkə nə isə olub. Amma inanmadım, qışqırdım ki, Babəkə heç nə ola bilməz. Xalam dedi ki, atangilə demə, Babək yaralıdı, gedək, rayona anangilə dəyək. Burdan düz Göyçaya qədər bütün yolboyu qışqırmışam ki, Babəkə heç nə ola bilməz. Qəbul edə bilmirdim. Anamgilə çatanda gördüm Babəkin tabutu evin ortasındadı. Başladım qışqırmağa, ağlaya bilmirdim. Halbuki mən heç vaxt qışqıran adam olmamışam. Onda gördüm ki, anam mənə işarə verir ki, özümü ələ alım.

 

İyirmi iki dəqiqə

 

Babək Səmidlinin itkisi, onun ailə üzvlərinin də dediyi kimi, təkcə bir ailədən, nəsildən olan itki deyildi. O, sözün əsl mənasında xalqdan, eldən, obadan getmişdi. Bəbək Səmidli ömrünün böyük hissəsini hərbə həsr etsə də, ailəsinin üzünü günlərlə görməsə də, özündən sonra haqqında maraqlı əhvalatlar, işıqlı xatirələr qoyub gedə bilmişdi. Həmin xatirələrin ən kədərlisi, ən tündü isə onun şəhid olması, əzizlərinin, doğmalarının yanına heç vaxt qayıda bilməməsi idi. Yəqin ki, bunları xatırladıqca, boğazına gələn qəhəri, gözünə sıxılan yaşı geri qaytarmağa çalışan Müşfiq bəy qardaşı ilə bağlı baş verən son qaysaqlı xatirələri yadına salır:

 

- 2016-cı ildə onun ad gününü təbrik etmişdim. Mənə cavab olaraq yazmışdı ki, qardaş, mən bu günə qədər nə əldə etmişəmsə, sənin sayəndə etmişəm. Ona görə ki, səni həmişə özümə nümunə bilmişəm, səndən çox şeylər öyrənmişəm. Biz bir-birimizi çox istəmişik. Bizim aramızda nə maddi, nə digər məsələlər keçə bilməyib.

 

Müharibə bitəndən sonra biz çox sevinmişdik ki, qardaşımız sağ-salamatdır. Amma o, ön cəbhədən çəkilmədi. Atama zəng vurub demişdi ki, şəhid olan əsgərlərimin cənazələrini ailələrinə təhvil verəndən sonra icazə alıb gəlib sənin yanında on gün qalacam. Amma olmadı...

 

Onunla sonuncu görüşüm noyabrın 15-də oldu. Rayona nənəmin ilinə getmişdim, səhəri gün yığışırdım ki, Bakıya qayıdım. Babək mənə zəng vurdu ki getmə, gəl hərbi hissəyə, səni görmək istəyirəm. Mən də elə şəxsi maşınıma oturub, onun yanına getdim. Yanında iyirmi iki dəqiqə oldum. Ona o qədər zənglər gəldi, o qədər adam gəldi ki, heç danışmağımıza imkan olmadı. Onu bir dəfə möhkəm qucaqladım, dedi, ay qardaş, qabırğalarımı sındırdın. Gülüşdük. Dedim, nə vaxt biz bircə saat oturub dərdləşə biləcəyik. Dedi, darıxma, gələn yay sizi Şuşaya aparacam. Şuşa alınanda, yadıma gəlir, ilk təbrik etdiyim adam da Babək oldu. Mənə dedi, qardaş, Şuşa adına layiq şəkildə işğaldan azad olundu. Nə isə, beləcə söhbətləşdik, sağollaşdıq. Ayın 23-də qardaşım şəhid oldu.

 

- Onun şəhid olma xəbərini necə bildiniz?

 

- Ailədə Babəkin həlak olmasını ilk bilən adam mən oldum. Korpus komandiri, general-mayor Hikmət Həsənov birinci mənə zəng vurdu. Dedi, atanı yığa bilmədim, amma sən üsullu şəkildə ona de, Babək şəhid olub. Tutuldum qaldım. Bilmədim nə cavab verim. Sözün açığı, özümü itirdim. Onunla nə danışdığım, ona hansı sualları verdiyimi unutmuşam, bircə o sözüm yadımda qalıb ki, ona dedim, zarafat etmirsiniz? Görün hansı vəziyyətdə olmuşam ki, general-mayora belə sual vermişəm. Bir neçə dəfə dedi ki, Müşfiq, səninlə danışan general-mayor Hikmət Həsənovdur. Mənim müavinim, Babək Səmidli şəhid olub. Vəssalam. Ondan sonra Tərtər rayon xəstəxanasına yollandım. Maşınıma təkcə əyləşdim, yola düşdüm. Yolboyu bütün iş yoldaşlarım, dostlarım xəbəri eşidən kimi mənə zəng vurdular, dedilər, dayan gələk, birgə gedək, maşını tək sürmə. Onları dinləmədim, amma səhv etdim, çünki maşını çox sürətlə sürürdüm. Yolboyu mənə 377 zəng olmuşdu. Mən də o zənglərin hamısına cavab verə-verə, ağlaya-ağlaya getmişəm. Ona ağlamaq da demək olmaz. Qışqırmışam, bağırmışam. Nə bilim...

 

Son rica...

 

Mən rayona çatanda onu artıq evimizə gətirmişdilər. Babək alnından, bir də ayağından yaralanmışdı. Mən onun üzünü görə bilməsəm də, qaynı açdırıb baxmışdı. Biz atamdan çox qorxurduq, amma bizim hamımızdan güclü atam oldu. İçində nə çəksə də, Babəkin ölümünü mətanətlə qarşıladı. Sizə deyim ki, Babək də öz ölümünü bilirdi. Bizə deyirdi ki, mən nə vaxtsa şəhid olsam, arxamca ağlayıb, məni hörmətsiz etməyin. Hətta şəhid olmazdan əvvəl də dəfələrlə öz dostlarına deyib ki, birdən şəhid olsam, məni mütləq islami qaydada yuyub, kəfənləyib, sonra dəfn edin. Onlar da onun dediyinə əməl etmişdilər. Qardaşımı tərtəmiz yuyub, kəfənləyib göndərmişdilər (kövrəlir).

 

Böyük hərb adamının, vətən təəssübkeşinin ailə üzvləri ilə sağollaşmaq vaxtı çatanda hiss edirəm ki, ürəklərində hələ deyilməmiş çox sözləri, xatirələri qaldı. Babəkin şərəfli adının təsəllisi isə onlar üçün sığınacaq, daldalanacaq ən rahat yer idi.

 

Məni qapıya qədər yola salan Mətləb qəfildən aradakı sükutu pozur:

 

- Samirə xanım, indi mənim də, ailəmizin də tək təsəllisi odur ki, atam özünün də, bizim də adımızı göylərə ucaltdı. Mən həmişə fəxr etmişəm onunla, amma indi daha da fəxr edirəm. Atam ölümü ilə də bizə ad qoydu, yol açıb, getdi...

 

 

Samirə Əşrəf

 

Hərbi And.- 2021.- 23 aprel.- S.18-19.