Murovdağda şəhid olan
19 yaşlı qəhrəman
On doqquz yaşlı
Nurağa Tağıyev
Vətən müharibəsinin
14-cü günü Murovdağ
istiqamətində gedən
döyüşlərdə şəhidlik zirvəsinə
ucalıb.
Milli.Az
AZƏRTAC-a istinadən bildirir
ki, şəhid Nurağa Davud oğlu Tağıyev
2001-ci il aprelin 20-də Xaçmaz şəhərində dünyaya
göz açıb. Ailənin sonbeşiyi, evin tək oğul övladı idi. Nurağa orta məktəbdə təhsilini bitirdikdən sonra hərbi xidmətə yollanıb.
Cəsur
əsgər Vətən
müharibəsinin ilk günündən
döyüşlərə qatılıb. Murovdağ istiqamətindəki
döyüş mövqelərinin
düşməndən azad
olunmasında fəal iştirak edib.
"2019-cu ilin aprel
ayında hərbi xidmətə yola saldıq. Goranboyda xidmət edirdi.
İdmana həvəsi vardı.
Cüdo ilə məşğul olub. Mehriban, hamı ilə
dil tapan uşaq idi. Hərbi xidməti başa vurduqdan sonra hüquq mühafizə orqanlarında işləmək
arzusunda idi. Sentyabrın
27-də danışanda bildirdi
ki, döyüşlərə
qatılıb. Telefonla danışanda
ürəkli, mərdi-mərdanə
danışırdı. Deyirdi, "Hər şey yaxşıdır. Ermənilər dovşan kimi qaçırlar. Məndən arxayın olun". Oktyabrın
10-da səhər saatlarında
sonuncu dəfə danışdıq. Günorta isə
şəhid olması
xəbərini aldıq",
- deyə Nurağanın
atası Davud Tağıyev söyləyib.
Qəhrəman döyüşçü oktyabrın
10-u Murovdağ istiqamətində
döyüşlərdə ağır yaralanıb. Yanında mərmi
partlaması nəticəsində
yaralanan Nurağa hospitala çatdırılanadək
şəhidlik zirvəsinə
ucalıb.
Şəhidin anası Yeganə Tağıyeva deyib: "Nurağa cəsur, ağıllı oğul idi. Müharibə vaxtı telefonla danışırdıq. Mənə deyirdi ki, ana ağlama. Hətta bir dəfə telefonla danışanda güclü atəş səsləri gəldi. Narahat olduq. Nurağa gülə-gülə dedi ki, narahat olmayın atan bizik. Bizi çox arxayın etmişdi. Bilirdik müharibənin içindədir. Amma elə danışırdı ki, elə bil heç döyüşlərdə deyil. Çox arzuları vardı. Bacısının övladı dünyaya gəlmişdi. Onu görmək istəyirdi. Sonuncu dəfə şəhid olan günü səhər danışmışdıq. Nurağa özündən muğayat ol, dedim... Oğlumla fəxr edirəm! Şəhid anası olmaq çox şərəflidir".
Nurağa Tağıyevin
xatirəsini əbədiləşdirmək məqsədilə
yaşadığı küçəyə şəhidin
adı verilib. Qəhrəman döyüşçü ölümündən
sonra "Vətən uğrunda"
medalı ilə təltif olunub.
Hərbi And.- 2021.- 23 aprel.- S.15.